Qan yaddaşımız

  • Yaradılıb 04.10.2012 13:30
  • Yenilənib 04.10.2012 13:30
  • Nəşr edilib 04.10.2012 13:30

20 Yanvar faciəsi

 

Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuş 1990-cı ilin 20 Yanvarında ölkəmizə qarşı ərazi iddiaları irəli sürən Ermənistanın təcavüzkar hərəkətlərindən və keçmiş SSR rəhbərliyinin onlara havadarlığından hiddətlənən, Bakının küçələrinə və meydanlarına çıxaraq buna öz qəti etirazını bildirən geniş xalq kütlələrinə qarşı sovet ordusunun döyüş hissələrinin yeridilməsi Azərbaycanda misli görünməmiş faciəyə gətirib çıxardı. Həmin faciəli günlərdə öz ölkəsinin, xalqının azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutan mərd Vətən övladları canlarından keçərək şəhidlik zirvəsinə ucaldılar.

Böyük itkilərlə, günahsız insanların qətli ilə nəticələnən 20 Yanvar faciəsi Mixail Qorbaçov başda olmaqla cinayətkar imperiya rəhbərliyinin Azərbaycana qarşı xəyanətkar siyasətinə dözməyən, öz azadlığına, müstəqilliyinə can atan xalqımızın həm də mübarizliyini, əyilməzliyini, məğrurluğunu nümayiş etdirdi.

20 Yanvar tarixində keçmiş sovet dövlətinin hərb maşınının Azərbaycan xalqına qarşı həyata keçirdiyi qətlllər insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri kimi bəşər tarixində qara səhifə olaraq qalacaqdır. Milli azadlığı, ölkəsinin ərazi bütövlüyü uğrunda mübarizəyə qalxmış dinc əhaliyə divan tutulması, kütləvi terror nəticəsində yüzlərlə günahsız insanın qətlə yetirilməsi və yaralanması totalitar sovet rejiminin süqutu ərəfəsində onun cinayətkar mahiyyətini bütün dünyaya bir daha nümayiş etdirdi

Sovet Ordusunun böyük kontingentinin, xüsusi təyinatlı bölmələrin və daxili qoşunların Bakıya yeridilməsi xüsusi qəddarlıq və görünməmiş vəhşiliklə müşayiət edildi Bakıya yeridilmiş qoşun kontingentinə, - bəzi məlumata görə, onun sayı 60 min nəfərə çatırdı, - "doyüş tapşırığını" yerinə yetirmək üçün möhkəm psixoloji hazırlıq keçmişdilər.

1990-cı il yanvarın 19-da Mixail Qorbaçov SSR Konstitusiyasının 119-cu, Azərbaycan SSR Konstitusiyasının 71-ci maddələrini kobud şəkildə pozaraq, yanvarın 20-dən Bakıda fövqəladə vəziyyət elan edilməsi haqqında fərman imzaladı.

SSRİ Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliklərinin və Dövlət Təhlükəsizlik Komitəsinin həyata keçirdiyi "Udar" adlı əməliyyatda xüsusi təyinatlı "ALFA" və SSR DTK-nın "A" təxribat qrupları əsas rol oynayırdı. Sovet qoşunlarının təcavüzü nəticəsində Bakıda 134 mülki vətəndaş öldürülmüş, 600-dən çox adam yaralanmışdı. Öldürülənlər arasında beş millətin nümayəndələri, 20-dən çox qadın, uşaq var idi.

SSRİ DTK-nın "Alfa" qrupu yanvarın 19-da saat 19.27-də Azərbaycan televiziyasının enerji blokunu partlatdı, respublikada televiziya verilişləri dayandırıldı. Gecə isə qoşun fövqəladə vəziyyət elan edilməsindən xəbərsiz olan şəhərə daxil oldu və əhaliyə divan tutmağa başladı. Bakıda fövqəladə vəziyyətin elan olunması haqqında məlumat isə əhaliyə yalnız yanvarın 20-də səhər saat 7-də respublika radiosu ilə çatdırıldı. Həmin vaxt öldürülənlərin sayı 100 nəfərə çatmışdı. Halbuki, Qorbaçovun Azərbaycana ezam etdiyi yüksək vəzifəli emissarlar həyasızcasına bəyan edirdilər ki, Bakıda fövqəladə vəziyyət elan olunmayacaqdır. Bax, əli yüzlərlə insanın qanına batmış, sonralar Nobel sülh mükafatı (?!) almış Mixail Qorbaçov başda olmaqla sovet imperiyası rəhbərliyinin rəzil siması bu idi...

"Qara Yanvar"ın indiyədək özündə saxladığı sirlər çoxdur. 100 cildlik istintaq materialının 69 cildi Bakıdan Moskvaya, keçmiş SSRİ Prokurorluğuna aparılıb və bir daha geri qaytarılmayıb. Azərbaycan xalqının məruz qaldığı bu təcavüz indiyədək bəşəriyyət əleyhinə cinayət kimi beynəlxalq müstəvidə layiq olduğu təsnifatı almayıb. Bu hadisələrə emosiya, kədər, yaxud mübarizlik səlnaməsi kimi pafoslu münasibətlə bərabər, bir qədər də soyuqqanlı olub, o hadisələrin gerçək mahiyyətini dünya birliyinin, çeşidli beynəlxalq təşkilatların önünə qoymaq barədə düşünməli, 20 Yanvara beynəlxalq-hüquqi qiymətin verilməsinə çalışmalıyıq.

1990-cı ilin yanvar qırğını nə qədər faciəli olsa da, Azərbaycan xalqının iradəsini, milli azadlıq uğrunda mübarizə əzmini qıra bilmədi. Həmin müdhiş gecədə həlak olan vətən oğulları Azərbaycanın tarixinə parlaq səhifə yazdılar, xalqın milli azadlığı, müstəqilliyi üçün yol açdılar...

Heydər Əliyev 1990-cı ilin 20 yanvarında sovet qoşunlarının Bakıda törətdiyi qanlı faciə ilə əlaqədar ertəsi gün Azərbaycanın Moskvadakı nümayəndəliyində bəyanatla çıxış edərək, Azərbaycan xalqına qarşı törədilmiş cinayətin təşkilatçıları və icraçılarının cəzalandırılmasını tələb etmişdir.

Azərbaycan dövlət müstəqilliyini əldə etdikdən sonrakı ilk illərdə başları hakimiyyət uğrunda mübarizəyə qarışmış respublika rəhbərləri 20 Yanvar qırğınına siyasi-hüquqi qiymət verilməsi və cinayətkarların müəyyən edilməsi istiqamətində məqsədyönlü iş aparmadılar. Yalnız 1994-cü ildə Qanlı Yanvar hadisələrinə tam siyasi-hüquqi qiymət verildi, faciənin günahkarlarının adları açıq şəkildə bəyan edildi.

← Geriyə