Ümumi məlumat

  • Yaradılıb 18.11.2014 12:37
  • Yenilənib 11.03.2015 13:25
  • Nəşr edilib 18.11.2014 12:37

2014-cü ildə Azərbaycanda sahibkarlığın inkişafı dinamikası

 

Ölkənin sahibkarlıq sektorunun inkişafı göstəricilərinin dinamikası həyata keçirilən iqtisadi islahatların uğurlu nəticələrinin əyani təsdiqidir. Həyata keçirilmiş məqsədyönlü tədbirlər nəticəsində ölkə iqtisadiyyatında və onun əsasını təşkil edən sahibkarlığın inkişafı sahəsində müşahidə edilən pozitiv meyllər özünü göstərməkdə davam edir. 2014-cü il ərzində 2013-cü illə müqayisədə ÜDM-in həcmi 2,8 faiz artaraq 59 milyard manata çatmışdır.
Ölkədə biznes mühitinin yaxşılaşdırılması, biznesə başlama prosedurlarının sadələşdirilməsi, sağlam rəqabətin təmin edilməsi, sahibkarlığa dövlət dəstəyinin gücləndirilməsi, sahibkarların maarifləndirilməsi, qanunvericilik bazasının təkmilləşdirilməsi və digər tədbirlər nəticəsində Ümumi Daxili Məhsulun həcmində özəl sektorun payı 81,9 faiz təşkil etmişdir (qrafik 1).

 

Qrafik 1. ÜDM-də özəl sektorun payı, %-lə.

sid-2014-1

 

Aqrar sektor, sənaye, ticarət, mehmanxana və iaşə xidməti, tikinti, nəqliyyat, rabitə kimi istehsal və xidmət sahələrində qeyri-dövlət bölməsinin payı 70,0-99,8 faiz arasında dəyişir. Məşğulluğun 73,4 faizi özəl sektor tərəfindən təmin edilir. İqtisadiyyatın qeyri-neft sahələrində əlavə dəyər 7,0 faiz artmış, qeyri-neft sektorunun ümumi daxili məhsulda payı 61,0 faizə çatmışdır.
2014-cü ildə özəl bölmədə istehsalın həcmi sənaye məhsulunun 79,5 faizini təşkil etmiş, sənayenin ümumi istehsalının 92,4 faizi malların (əmtəələrin) istehsalı, 7,6 faizi isə xidmətlərin göstərilməsi hesabına yaradılmışdır.
Ölkədə sahibkarlıq subyektlərinin sayı 614423 vahid olmaqla, onların 37,2 faizi Bakı şəhərində, 62,8 faizi regionlarda qeydiyyatdan keçmişdir. Sahibkarların ümumi bölgüsünə görə onların 15,4 faizini hüquqi şəxslər, 84,6 faizini isə fiziki şəxslər təşkil edir (qrafik 2).

 

Qrafik 2. Sahibkarlıq subyektlərinin bölgüsü

sid-2014-2

 

 

Müəssisələrin inkişafı dinamikası


2014-cü il ərzində müəssisə və təşkilatların sayı 9 faiz artaraq, 2015-ci ilin 1 yanvar tarixinə 94563 vahid olmuşdur. 2014-cü il ərzində 9130 yeni hüquqi şəxs qeydiyyata alınmışdır . Bu dövrdə qeydiyyatda olan müəssisə və təşkilatların 26,3 faizi "Ticarət; nəqliyyat vasitələrinin təmiri", 15,8 faizi "Digər sahələrdə xidmətlərin göstərilməsi", 10,8 faizi "Tikinti", 9,8 faizi "Kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq", 6,3 faizi "Peşə, elmi və texniki fəaliyyət", 5,9 faizi "Emal sənayesi", 3,6 faizi "İnzibati və yardımçı xidmətlərin göstərilməsi", 3,2 faizi "Təhsil", 2,3 faizi "İnformasiya və rabitə" və qalanları isə digər bölmələrin payına düşür.
2014-cü ildə müəssisələr əsasən Bakıda (9,4 faiz), Quba-Xaçmaz (12,5 faiz), Abşeron (11,6 faiz), Dağlıq-Şirvan (16,8 faiz), Şəki-Zaqatala (11,9 faiz), Lənkəran (11,5 faiz), Aran (8,5 faiz) və Gəncə-Qazax (9,7 faiz) iqtisadi rayonlarında qeydiyyata alınmışdır.
2014-cü il ərzində qeydiyyata alınan yeni hüquqi şəxsin 1607-si dövlət mülkiyyətinə, 7-si bələdiyyə və 7516-sı xüsusi mülkiyyətə aid olmuşdur. Xüsusi mülkiyyətli müəssisələrin 533-ü tam xarici investisiyalı, 147-si isə birgə müəssisələrə aiddir.
2015-ci ilin 1 yanvar tarixinə qeydiyyata alınmış 94563 hüquqi şəxsin 10540-ı dövlət mülkiyyətinə, 82370-i xüsusi mülkiyyətə, (o cümlədən xüsusi mülkiyyətli müəssisələrin 5429-u tam xarici investisiyalı, 1754-ü isə birgə müəssisələrə aiddir), 1653-ü bələdiyyə mülkiyyətinə mənsub olmuşdur.
Statistik vahidlərin Dövlət reyestrində qeydiyyatdan keçmiş tam xarici investisiyalı və birgə müəssisələr əsasən Türkiyə (30,4 faiz), Böyük Britaniya (8,6 faiz), Rusiya (6,5 faiz), İran (5,1 faiz), ABŞ (3,7 faiz), Almaniya (1,9 faiz) və digər ölkələrin (43,7 faiz) sahibkarları tərəfindən yaradılmışdır. (qrafik 3).

 

Qrafik 3. 100 faiz xarici investisiyalı və birgə müəssisələrin ölkələr üzrə payı, faizlə

sid-2014-3

 

Ölkənin iqtisadi və sosial sahələrinin inkişafı üçün 2014-cü ildə bütün maliyyə mənbələrindən əsas kapitala 17615,8 milyon manat vəsait yönəldilmiş, onun 75,4 faizi tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf edilmişdir. Əvvəlki illə müqayisədə tikinti-quraşdırma işlərinə sərf edilmiş vəsaitin həcmi 11,8 faiz artmışdır. Ümumi sərmayənin 48,2 faizi dövlət, 51,8 faizi isə qeyri-dövlət sektorunun payına düşmüşdür.
Daxili mənbələrdən əsas kapitala yönəldilmiş vəsaitin həcmi ümumi sərmayənin 72,3 faizini təşkil etmiş, onun 63,4 faizi dövlət bölməsinin payına düşmüşdür.
2014-cü ildə xarici mənbələrdən əsas kapitala 4880,4 milyon manat investisiya yönəldilmişdir. Xarici ölkələr və beynəlxalq təşkilatlar tərəfindən əsas kapitala yönəldilmiş vəsaitin 4484,2 milyon manatı (91,9 faizi) Böyük Britaniya, Norveç, Türkiyə, ABŞ, Fransa, İran, Rusiya və Yaponiya sərmayədarlarına məxsus olmuşdur. (qrafik 4).

 

Qrafik 4. Əsas kapitala yönəldilmiş investisiyanın xarici ölkələr üzrə strukturu.

sid-2014-4

 

Kiçik müəssisələrin inkişaf dinamikası.


Bazar münasibətlərinin tələblərinə uyğun olaraq ölkə iqtisadiyyatında kiçik sahibkarlığın inkişafı prosesi davam etmişdir. Ölkədə fəaliyyət göstərən kiçik müəssisələrin sayı və strukturu "Kiçik sahibkarlığa dövlət köməyi haqqında" Azərbaycan Respublikası Qanunu və "İqtisadi fəaliyyət növləri üzrə kiçik sahibkarlıq subyektlərinin müəyyənləşdirilməsi meyarlarının hədlərinin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ilə müəyyənləşdirilmiş işçilərin sayı və illik dövriyyə meyarına görə müəyyən edilir. 2015-ci il 1 yanvar tarixinə ölkədə fəaliyyət göstərən müəssisələrin 75119 vahidi kiçik müəssisələr olmuşdur .
2015-ci il yanvarın 1-i vəziyyətinə ölkə üzrə müəssisələrin ümumi sayının 79,4 faizini kiçik müəssisələr təşkil etmiş və onların əsas hissəsi ticarət (31,8 faiz), tikinti (12,7 faiz), digər sahələrdə xidmətlərin göstərilməsi (12,2 faiz) və kənd təsərrüfatı (11,8 faiz) bölmələrində yaradılmışdır.
Kiçik müəssisələrin 56,6 faizi Bakıda, 13,2 faizi Aran, 6,8 faizi Abşeron, 6,1 faizi Gəncə-Qazax, 5,8 faizi Lənkəran, qalanları isə digər iqtisadi rayonlarda yaradılmışdır.

 

Fiziki şəxslərin inkişaf dinamikası

Hesabat dövründə fiziki şəxslərin sayı dinamik şəkildə artmaqda davam etmişdir. 2015-ci ilin 1 yanvar tarixinə hüquqi şəxs yaratmadan fərdi sahibkarlıq formasında fəaliyyət göstərən fiziki şəxslərin sayı 12,5 faiz artaraq 519860 vahidə çatmışdır.
Hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin əsas hissəsi Bakıda (34,3 faiz), o cümlədən Aran (19,7 faiz), Gəncə-Qazax (12,7 faiz) və Lənkəran (7,5 faiz) iqtisadi rayonlarında qeydiyyata alınmışdır. (cədvəl 9).
Hesabat dövründə fərdi sahibkarların çox hissəsi "Ticarət; nəqliyyat vasitələrinin təmiri" (36,8 faiz), "Kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq" (16,2 faiz), "Nəqliyyat və anbar təsərrüfatı" (13,5 faiz) və "Digər sahələrdə xidmətlərin göstərilməsi" (13,3 faiz) bölmələrində qeydiyyatdan keçmişdir.
Hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin 81,0 faizini kişilər, 19,0 faizini isə qadınlar təşkil etmişdir. Sahibkar qadınların 39,4 faizi Bakıda, 16,3 faizi Aran, 15,0 faizi Gəncə-Qazax, qalanları isə digər iqtisadi rayonlarda qeydiyyatdan keçmişlər.
2014-cü ildə pərakəndə əmtəə dövriyyəsinin həcmi 22,0 milyard manat olmaqla əvvəlki illə müqayisədə 10,0 faiz artmışdır.
İstehlak mallarının 99,8 faizi özəl təsərrüfat subyektlərində, o cümlədən 11,5 faizi hüquqi şəxs statuslu müəssisələrdə, 52,5 faizi fərdi sahibkarlara məxsus ticarət subyektlərində, 35,8 faizi əmtəə bazarlarında satılmışdır. Özəl bölmə üzrə pərakəndə əmtəə dövriyyəsinin həcmi 2013-cü ilin səviyyəsini 10,0 faiz üstələmiş, bu bölmə üzrə real artımın 65,7 faizi fərdi sahibkarların ticarət fəaliyyəti sayəsində yaranmışdır.
2014-cü ildə elektron ticarət şəbəkəsində istehlakçılara 6,4 milyon manatlıq və ya əvvəlki illə müqayisədə 2,4 dəfə çox istehlak malları satılmışdır. Elektron ticarət dövriyyəsinin 94,6 faizini təşkil edən qeyri-ərzaq mallarının satışı əvvəlki ilin səviyyəsini 2,5 dəfə üstələyərək 6,1 milyon manata bərabər olmuşdur. Elektron ticarəti üzrə istehlak mallarının satışının 91,3 faizi hüquqi şəxslərin, 8,7 faizi isə fərdi sahibkarların ticarət subyektləri tərəfindən həyata keçirilmişdir.
Dövlət Gömrük Komitəsindən verilən məlumata əsasən, 2014-cü il ərzində Azərbaycan Respublikası 150 ölkə ilə ticarət sahəsində qarşılıqlı əməkdaşlıq etmişdir.
2014-cü il ərzində bir çox sahibkarlıq subyektləri, o cümlədən Bakı şəhərində "Norm" sement zavodu, Sumqayıt şəhərində "Azərsun Sənaye Parkı"nın nəzdində kağız və karton istehsalat kombinatı, Yağ fabriki, Mis emalı zavodu, Gəncə şəhərində "DET-AL Alüminium" MMC-nin Metaltökmə və fasiləsiz yayma, Təzyiqlə emal və boyama zavodları, Ağdaş rayonunda Gilan Yem və Ağdaş meyvə emalı zavodları, İsmayıllı, Lənkəran və Şəmkir rayonlarında çörək zavodları, Qəbələ rayonunda "Tufan" Dağ-Xizək Yay-Qış İstirahət Kompleksinin birinci mərhələsi, "Qafqaz Yengicə Termal Hotel və SPA" otel kompleksi, Naftalan şəhərində "Qarabağ SPA and Resort" otel kompleksi, Lənkəran rayonunda Çörək istehsalı zavodu, Füzuli rayonunda Tikiş fabriki, Şamaxı rayonunda "Şamaxı Palace Platinum By Rixos" oteli kompleksi və s. obyektlər istifadəyə verilmişdir.

 

 

 

 

← Geriyə