2018

  • Yaradılıb 15.05.2018 12:11
  • Yenilənib 15.05.2018 12:11
  • Nəşr edilib 15.05.2018 12:10

2018-ci ilin birinci rübü üzrə Azərbaycanda sosial sektorun inkişafı barədə

 

Əhalinin gəlirləri. 2018-ci ilin yanvar-mart aylarında ölkə əhalisinin nominal gəlirləri əvvəlki ilin müvafiq dövrünə nisbətən 9,8 faiz artaraq 12533,3 milyon manat olmuş və ya əhalinin hər nəfərinə orta hesabla 1280,5 manat təşkil etmişdir.

Bütün icbari və könüllü ödənişlər edildikdən sonra əhalinin sərəncamında 11582,2 milyon manatlıq və ya əvvəlki ilin eyni dövründəkindən 10,2 faiz çox vəsait qalmışdır.

Əmək haqqı. 2018-ci ilin yanvar-fevral aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əmək haqqı 2017-ci ilin müvafiq dövrünə nisbətən 2,2 faiz artaraq 510,8 manat təşkil etmişdir. Əmək haqqı neft sektorunda 2877,8 manat, qeyri-neft sektorunda 456,1 manat təşkil etmişdir. Dövlət müəssisələrində çalışan işçilərin əmək haqları 393,8 manat, özəl müəssisələrdə isə 674,6 manat olmuşdur.

Mədənçıxarma sənayesində, maliyyə və sığorta fəaliyyəti, peşə, elmi və texniki fəaliyyət, informasiya və rabitə, tikinti, eləcə də nəqliyyat və anbar təsərrüfatı sahələrində orta aylıq nominal əmək haqqı ölkə üzrə orta göstəricidən yüksək olmuşdur.

Demoqrafik vəziyyət. Ölkə əhalisinin sayı ilin əvvəlindən 13387 nəfər artaraq 2018-ci il mart ayının 1-i vəziyyətinə ölkə əhalinin sayı 9911472 nəfərə çatmışdır. Əhalinin bir kvadrat kilometrə olan sıxlığı 114 nəfər olmuşdur.

Ölkə əhalisinin ümumi sayından 52,9 faizi şəhər, 47,1 faizi kənd sakinləridir, 49,9 faizini kişilər, 50,1 faizi isə qadınlar təşkil edir. Hazırda hər 1000 kişiyə 1004 nəfər qadın düşür. 

Doğulan körpələrin 52,7 faizi oğlan, 47,3 faizi isə qız uşaqlarıdır.  

Məşğulluq və işsizlik. 2018-ci il aprelin 1-i vəziyyətinə ilkin məlumatlara əsasən iqtisadi fəal əhalinin sayı 5075,9 min nəfər olmuş, onlardan 4823,4 min nəfərini məşğul olan əhali təşkil etmişdir.

Cari il martın 1-i vəziyyətinə muzdla işləyənlərin sayı 1516,5  min nəfər, o cümlədən iqtisadiyyatın dövlət sektorunda 887,9 min nəfər, qeyri-dövlət sektorunda isə 628,6  min nəfər təşkil etmişdir. İqtisadiyyatın neft sektorunda 33,5 min nəfər, qeyri neft sektorunda isə 1483,0 min nəfər çalışmışdır.

Müəssisə və təşkilatlarda muzdla çalışan işçilərin 22,4 faizi məhsul istehsalı sahələrində, o cümlədən 6,0 faizi tikintidə, 6,6 faizi emal sənayesində, 3,2 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahələrində, 2,2 faizi mədənçıxarma sənayesində, 1,8 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 2,6 faizi su təchizatı, tullantıların təmizlənməsi və emalı sahələrində məşğul olmuşdur.

2018-ci ilin yanvar-fevral aylarında bir işçiyə düşən orta aylıq işlənmiş iş saatlarının miqdarı 152,3 saat təşkil etmişdir.

2018-ci il aprel ayının 1-i vəziyyətinə məşğulluq xidməti orqanları tərəfindən ölkə üzrə rəsmi işsiz statusu verilmiş şəxslərin sayı 37,3 min nəfər olmuş, onların 36,6 faizini qadınlar təşkil etmişdir. İşsizlik müavinətinin orta məbləği 360,0 manat olmuşdur.

← Geriyə