2018

  • Yaradılıb 01.05.2018 15:16
  • Yenilənib 01.05.2018 15:16
  • Nəşr edilib 01.05.2018 15:15

2018-ci ilin yanvar-mart aylarında Azərbaycan Respublikasının sosial-iqtisadi inkişafına dair məlumat

 

Ümumilikdə son illər ərzində Prezident İlham Əliyevin rəhbərliyi ilə, iqtisadiyyatın diversifikasiyasının sürətləndirilməsi, regionların sosial-iqtisadi inkişafının təmin edilməsi, qeyri-neft ixracının artırılması üzrə kompleks tədbirlər görülmüş, biznes və investisiya mühitinin yaxşılaşdırılması, dövlət-sahibkar münasibətlərinin inkişaf etdirilməsi, qeyri-neft sektorunun stimullaşdırılması, o cümlədən özəl sektora təşviq mexanizmlərinin tətbiqi, aqrar sektora dövlət qayğısının artırılması, kiçik və orta sahibkarlığın dəstəklənməsi diqqət mərkəzində saxlanılmışdır.

Ölkənin mövcud sosial iqtisadi vəziyyətinin təhlili göstərir ki, həyata keçirilən davamlı islahatlar nəticəsində yaradılan güclü iqtisadi potensial iqtisadiyyatın dayanıqlığını artırmış və ölkədə makroiqtisadi sabitlik təmin edilmişdir.

Hesabat dövründə, Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərmanı ilə təsdiq edilmiş Milli iqtisadiyyat və iqtisadiyyatın 11 əsas sektorları üzrə strateji yol xəritələri, konsepsiyalar və digər dövlət proqramları çərçivəsində müəyyən edilmiş tədbirlərin icrası uğurla davam etdirilmişdir.

Görülmüş işlərin nəticəsində ölkədə iqtisadi artımın dayanıqlılığı daha da güclənmiş və 2018-ci ilin yanvar-mart aylarında ÜDM real ifadədə 2.3% artaraq cari qiymətlərlə 17.2 milyard manat olmuşdur. Adambaşına düşən ÜDM-in həcmi 1755.7 manat təşkil etmişdir.

2018-ci ilin yanvar-mart aylarında ÜDM-in qeyri-neft sektoru real ifadədə 2.9% artmışdır (2017-ci ilin yanvar-mart aylarında 2.4% artmışdır). Qeyd edək ki, 2017-ci ilin yanvar-mart aylarına nisbətən 2018-ci ilin yanvar-mart aylarında qeyri-neft sənayesi 12.3%, informasiya və rabitə sahəsi 13.2%, turistlərin yerləşdirilməsi və ictimai iaşə sahəsi 7.1%, ticarət sahəsi 2.6%, kənd təsərrüfatı 4.2%, nəqliyyat və anbar təsərrüfatı 12.5% artmışdır.

Neft-qaz sektoru üzrə 2018-ci ilin yanvar-mart aylarında 2017-ci ilin yanvar-mart aylarına nisbətən 1.5%  artım qeydə alınmışdır. Bu sektorun ÜDM-də xüsusi çəkisi 44.9% olmuşdur.

2018-ci ilin yanvar-mart aylarında ölkədə iqtisadiyyatın və sosial sahələrin inkişafına bütün maliyyə mənbələri hesabına 2869.2 mln. manat əsas kapitala investisiya yönəldilmişdir. Əsas kapitala qoyulmuş vəsaitin 51.7%-ni daxili investisiyalar, 48.3%-ni isə xarici investisiyalar təşkil etmişdir. 2018-ci ilin yanvar-mart aylarında əsas kapitala yönəldilmiş ümumi investisiyaların 1456.2 milyon manatı (50.8%-i) qeyri-neft bölməsinin, 1413.0 milyon manatı (49.2%-i) isə neft bölməsinin inkişafında istifadə edilmişdir.

Azərbaycanda qeyri-neft sektorunun inkişafı ilə bağlı həyata keçirilən islahatlar, neft ixrac edən ölkələrin neft təklifini məhdudlaşdıran razılaşmaların əldə edilməsi və uzadılması ilə aşağı neft qiymətlərinin tədricən yüksəlməsi ölkə iqtisadiyyatına müsbət təsir göstərmişdir. İxrac gəlirlərinin əhəmiyyətli dərəcədə artması, qeyri-neft ixracının genişləndirilməsi və idxalın əvəzlənməsi istiqamətində həyata keçirilən islahatlar nəticəsində milli valyutanın sabitləşməsi təmin edilmişdir.

Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin məlumatlarına əsasən, 2018-ci ilin yanvar-fevral aylarında xarici ticarət dövriyyəsi 4.4 mlrd. ABŞ dolları, o cümlədən, ixrac 3.0 mlrd. ABŞ dolları, idxal isə 1.4 mlrd. ABŞ dolları olmaqla 1.6 mlrd. ABŞ dolları həcmində müsbət ticarət saldosu yaranmışdır. Bu dövr ərzində qeyri-neft ixracı əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 37.3% artmışdır.

2018-ci ilin 1 mart tarixinə əhalinin banklardakı əmanətləri 7750.3 milyon manat təşkil etmişdir (2017-ci ilin mart ayının 1-nə əhalinin banklardakı əmanətləri 7101.8 mln. manat olmuşdur). Milli valyutada olan depozitlər illik müqayisədə 14.7% artmışdır.

 

Qrafik 1. Əhalinin əmanətləri, dövrün sonuna, mln. AZN

2018-ci ilin yanvar-mart aylarında əhaliyə istehlak bazarında satılmış əmtəələrin və göstərilmiş xidmətlərin ümumi həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 2.5% artaraq 10798.3 mln. manata bərabər olmuşdur. 2017-ci ilin yanvar-mart ayları ilə müqayisədə əmtəə dövriyyəsi 2.6%, əhaliyə göstərilən pullu xidmətlərin həcmi isə 1.7% artmışdır. 2018-ci ilin yanvar-mart aylarında ölkə sakinləri ticarət şəbəkəsindən 4.3 milyard  manatlıq ərzaq məhsulları və 4.2 milyard  manatlıq qeyri-ərzaq malları almış və bu göstəricilərin həcmi ötən ilin eyni dövrünə nəzərən müvafiq olaraq 2.0% və 3.3% artmışdır.

2018-ci ilin yanvar-fevral aylarında  ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq əmək haqları 2017-ci  ilin eyni dövrü  ilə müqayisədə 2.2% artaraq 510.8 manat təşkil etmişdir. 2018-ci ilin yanvar-mart aylarında əhalinin hər nəfərinə düşən nominal gəlirləri isə 8.8%  artaraq 1280.5 manata çatmışdır.

← Geriyə