Çıxışlar və müsahibələr

  • Yaradılıb 26.12.2016 06:29
  • Yenilənib 26.12.2016 06:32
  • Nəşr edilib 26.12.2016 06:29

Dayanıqlı inkişafın təminatçısı

 

Dövlət müstəqilliyini bərpa etdikdən sonra qısa dövr ərzində Azərbaycan üzləşdiyi çox ciddi çətinliklərə baxmayaraq, böyük inkişaf yolu keçmiş, sabit və təhlükəsiz, müasir, demokratik, hüquqi və dünyəvi ölkə, etibarlı tərəfdaş olaraq dünyada nüfuz qazanmışdır. Müasir dövlətimizin banisi Heydər Əliyevin müstəqil Azərbaycan dövlətçiliyinin ictimai-siyasi və sosial-iqtisadi əsaslarının formalaşdırılması və inkişafı strategiyası yeni dövrün lideri Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir, ulu öndərin ideyaları reallığa çevrilərək ölkəmizin hərtərəfli inkişafında, qazanılan nailiyyətlərdə öz tarixi təsdiqini tapır. Bütün bu uğurların əldə olunmasında, heç şübhəsiz ki, Prezident İlham Əliyevin uzaqgörən siyasəti, yüksək intellektual səviyyəsi, analitik zəkası, ictimai-siyasi proseslərdə, dövlət idarəçiliyi və xarici siyasətdə zəngin təcrübəsi və böyük məharəti həlledici rol oynayır. Təsadüfi deyil ki, 2003-cü ildə Azərbaycanı qüdrətli dövlətə çevirəcəyini bəyan edən Prezident İlham Əliyevin apardığı siyasət nəticəsində ölkəmiz regionun siyasi-iqtisadi və mədəni mərkəzi, qlobal enerji və nəqliyyat layihələrinin təşəbbüskarı və fəal iştirakçısı, dünya miqyasında mühüm enerji təminatçılarından biri, mötəbər beynəlxalq tədbirlər məkanı kimi tanınmış, kosmosa peyk çıxaran dövlətlər sırasına qoşulmuş, bir neçə il öncə dünyanın əksər ölkələrinin dəstəyini qazanaraq BMT Təhlükəsizlik Şurasına üzv seçilmişdir. Bu siyasətin bir sıra strateji istiqamətlərini vurğulamaq istərdim.

Güclü iqtisadi potensiala yönəlmiş siyasət
Prezident İlham Əliyevin sosial-iqtisadi inkişaf strategiyası hər bir sahənin inkişafı üçün konkret hədəf və məqsədlərin, onlara nail olunma yollarının dəqiq müəyyən edilməsini şərtləndirir. Bu strategiyanın əsas hədəfi olan vətəndaşların həyat səviyyəsinin davamlı olaraq yüksəldilməsi məqsədilə iqtisadiyyatın şaxələndirilməsi, rəqabət qabiliyyətinin artırılması, sahibkarlığın inkişaf etdirilməsi, müasir müəssisələrin açılması, yeni bazarlara çıxış imkanlarının genişləndirilməsi və digər istiqamətlər üzrə sistemli tədbirlər həyata keçirilmiş, bunun nəticəsində 2003-2015-ci illərdə ümumi daxili məhsul (ÜDM) 3,7 dəfə, o cümlədən qeyri-neft ÜDM-i 3,3 dəfə, neft ÜDM-i isə 4,2 dəfə artmış, qeyri-neft sektorunun ÜDM-də payı 2003-cü ildə 62,2 faizdən 2015-ci ildə 69,3 faizədək yüksəlmiş, özəl sektorun ÜDM-də xüsusi çəkisi 81,2 faizə çatmış, ölkə iqtisadiyyatına 206,7 milyard ABŞ dolları həcmində investisiya cəlb olunmuş, 1,1 milyonu daimi olmaqla ümumilikdə 1,5 milyon yeni iş yeri yaradılmış, yoxsulluğun səviyyəsi 9,1 dəfə azalaraq 4,9%-ə, işsizlik səviyyəsi isə 5%-ə enmişdir.
Bununla yanaşı, min kilometrlərlə müasir səviyyəli yollar və yol qovşaqları tikilmiş, dəmir yolları, hava limanları, elektrik stansiyaları, su anbarları və digər infrastruktur obyektləri istifadəyə verilmişdir ki, bütün bunlar ölkənin iqtisadi qüdrətinin artmasına öz töhfəsini verir.
Son illərdə dünyada baş verən mürəkkəb geosiyasi və iqtisadi proseslər, xam neftin qiymətinin kəskin şəkildə enməsi, əsas ticarət tərəfdaşlarımızın milli valyutalarının devalvasiyası və digər neqativ amillər Azərbaycan iqtisadiyyatına öz təsirini göstərmiş və ölkənin gəlirlərini azaltmışdır. Buna baxmayaraq, əvvəlki illərdə yaradılmış potensial və yeni iqtisadi şəraitə uyğun institusional, pul-kredit, maliyyə və s. istiqamətlərdə aparılan köklü islahatlar, biznes və investisiya mühitinin davamlı olaraq yaxşılaşdırılması, sahibkarlığın inkişafı istiqamətində görülmüş tədbirlər bu neqativ təsirlərin minimuma endirilməsinə imkan yaratmış, sosial proqramların icrası davam etdirilmişdir.
Təsadüfi deyil ki, 138 ölkəni əhatə edən 2016-2017-cı illər üzrə "Qlobal Rəqabətlik Hesabatı"nda Azərbaycan aparılan islahatlar nəticəsində ötənilki hesabatla müqayisədə mövqeyini 3 pillə yaxşılaşdıraraq 40-cı pillədən 37-ci pilləyə yüksəlmiş, MDB məkanında əvvəlki illərdə olduğu kimi, liderliyini qoruyub saxlamışdır.

Düşünülmüş neft strategiyası - iqtisadi inkişafın əsası
Azərbaycanın davamlı iqtisadi inkişafında ulu öndər Heydər Əliyevin müəllifi olduğu neft strategiyası həlledici önəm kəsb edir. Məhz neft strategiyasının uğurla reallaşdırılması iqtisadiyyatın digər sahələrinin inkişafında lokomotiv rolunu oynamışdır. Enerji sahəsində qlobal əhəmiyyətli beynəlxalq layihələrin icra olunması ölkəmizin iqtisadi imkanlarını artırmaqla yanaşı, həm də regional və beynəlxalq əməkdaşlığın genişləndirilməsinə xidmət edir.
Bu baxımdan 2006-2007-ci illərdə nəinki regionun, hətta Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayan Bakı-Tbilisi-Ceyhan və Bakı-Tbilisi-Ərzurum neft-qaz kəmərləri istifadəyə verilmiş, 2014-cü ildə "Cənub qaz dəhlizi"nin, 2015-ci ildə isə TANAP-ın təməli qoyulmuşdur.
Azərbaycanın təşəbbüsü və liderliyi ilə icra olunan "Cənub qaz dəhlizi" layihəsinin əhəmiyyətini xüsusi qeyd etmək lazımdır. Bu layihə "Şahdəniz" qaz-kondensat yatağının tammiqyaslı işlənməsi və hasil olunacaq Azərbaycan qaz ehtiyatlarının müvafiq infrastruktur vasitəsilə Avropa bazarlarına çatdırılmasını nəzərdə tutur. Layihə Avropanın enerji təhlükəsizliyinin möhkəmləndirilməsinə öz dəyərli töhfəsini verəcək. Artıq "Cənub qaz dəhlizi" layihəsi çərçivəsində "Şahdəniz" qaz-kondensat yatağının tammiqyaslı işlənməsi üzrə işlərin 87 faizi, Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsi üzrə işlərin 72 faizi, Transanadolu Boru Kəmərinin inşası üzrə işlərin 60 faizi, Transadriatik Boru Kəmərinin inşası üzrə işlərin 30 faizi icra edilmişdir. Hazırda inşaat işləri davam etdirilir.

Sürətli sənayeləşmə müasir dövrün tələbidir
Yeni mərhələdə ölkənin iqtisadi inkişafının dayanıqlığının təmin olunmasında, dünya iqtisadiyyatında cərəyan edən böhran meyillərinin mənfi təsirlərinin qarşısının alınmasında Prezident
İlham Əliyevin iqtisadiyyatın şaxələndirilməsi siyasəti həlledici rol oynayır. Bu siyasətin ən mühüm istiqamətlərindən biri sənayeləşmə və qeyri-neft sənayesinin inkişafı ilə bağlı görülən kompleks tədbirlərdir. Son illərdə ölkədə sənayeləşmə templəri yüksəlmiş, sənayenin regional strukturunun təkmilləşdirilməsi əsas prioritetlərdən birinə çevrilmişdir.
Sənayeləşmə sahəsində əsas istiqamətlərdən biri ən yeni texnologiyaların tətbiqidir. Metallurgiya, maşınqayırma, kimya, inşaat materiallarının istehsalı, qida və digər ənənəvi sənaye sahələri genişlənməklə bərabər, yeni sənaye sahələri yaradılıb. Belə ki, ilk süni peykin orbitə buraxılması ilə kosmik sənayenin əsası qoyulub. Qısa zaman ərzində müdafiə sənayesi artıq ordumuzu müasir silahlarla təchiz etməklə yanaşı, onun məhsulları beynəlxalq sərgilərdə də uğurla nümayiş etdirilir və inkişaf etmiş xarici ölkələrə satılır. Alternativ və bərpa olunan enerji sahəsində bir sıra müəssisələr fəaliyyətə başlayıb, yeni perspektivli layihələr həyata keçirilməkdədir. Gəmiqayırma zavodunun fəaliyyətə başlaması ilə sənayenin tamamilə yeni sahəsinin əsası qoyulmuş və istehsal profilinə görə bu müəssisənin regionda analoqu yoxdur.
Təkcə son illərdə müasir texnologiyalara əsaslanan gips, iri qabaritli transformatorlar, müasir tikinti materialları, metal konstruksiyalar, Bakı, Qazax və Naxçıvanda sement, bərk məişət tullantılarının yandırılması və çeşidlənməsi zavodları kimi mühüm istehsal əhəmiyyəti olan iri sənaye müəssisələri yaradılmışdır. Yeni sənaye müəssisələrinin fəaliyyətə başlaması nəticəsində bir sıra tikinti məhsulları üzrə idxaldan asılılıq azalmış, tələbatın yerli istehsal hesabına ödənilməsi təmin edilmişdir. Bununla yanaşı, metallurgiya və kimya sənayesi sahəsində yeni texnologiyalara əsaslanan zavodlar açılmışdır. Ənənəvi sahələrin inkişafi məqsədilə "Azərxalça" ASC tərəfindən 10 rayonda xalça sexlərinin tikintisinə başlanılmış və gələn ilin birinci yarısında başa çatdırılacaqdır. Bunun nəticəsində 1600 yeni iş yeri yaradılacaqdır.
Yeni dövrün tələblərinə uyğun olaraq innovativ istehsalın genişləndirilməsi vacib amildir. Təsadüfi deyil ki, dövlət başçısı tərəfindən 2014-cü il Azərbaycanda "Sənaye ili" elan edilmişdir. Hazırda uğurla həyata keçirilən "Azərbaycan Respublikasında sənayenin inkişafına dair 2015-2020-ci illər üçün Dövlət Proqramı"nın əsas istiqamətlərindən biri də sənaye və texnologiyalar parklarının fəaliyyətinin gücləndirilməsi, sənaye zonalarının yaradılmasıdır. Dövlət başçısının müvafiq fərman və sərəncamları ilə yaradılmış Sumqayıt Kimya Sənaye, Balaxanı Sənaye və Qaradağ Sənaye parkları artıq fəaliyyət göstərir. Mingəçevir və Pirallahı Sənaye parklarının təşkili üçün işlər aparılır. Sənaye parklarında və zonalarında rezidentlər üçün stimullaşdırıcı tədbirlər həyata keçirilir.
Ümumilikdə sənaye parklarına rezidentlər tərəfindən bu vaxta qədər 553 milyon ABŞ dolları məbləğində investisiya yatırılmış və 3000-dən çox iş yeri yaradılmışdır. Növbəti mərhələdə isə 1,5 milyard ABŞ dollarına yaxın investisiyanın qoyulması və 4000-ə yaxın yeni iş yerinin yaradılması nəzərdə tutulur.
Neftçala Sənaye Zonasında artıq ümumi sahəsi 7800 kvadratmetr olan 8 istehsal təyinatlı modullaşdırılmış blok, 1200 kvadratmetr olan inzibati bina, texniki binalar, bütün zəruri infrastruktur sahibkarların istifadəsinə verilmişdir. Masallı Sənaye Zonasına isə sahibkarlar tərəfindən artıq ümumi dəyəri 30 milyon manatdan çox olan 33 layihə təklifi təqdim olunmuşdur. Hazırda İqtisadiyyat Nazirliyi tərəfindən Ağstafa və Gəncədə yerli potensiala əsaslanan sənaye zonalarının yaradılması imkanları araşdırılır və bu işlər yaxın zamanda yekunlaşdırılacaq.

Aqrar sahədə intensiv inkişafa aparan islahatlar
Kənd təsərrüfatı sahəsində həyata keçirilən siyasət aqrar-sənaye kompleksinin köklü şəkildə yenidən qurulmasına yönəlmişdir. Bu sahənin vergilərdən azad edilməsi, subsidiyaların, güzəştli kreditlərin verilməsi və digər dövlət dəstəyi mexanizmlərinin tətbiqi, dövlət investisiyaları hesabına Taxtakörpü və Şəmkirçay su anbarları, Yuxarı Mil kanalı kimi nəhəng layihələrin və digər iri suvarma infrastrukturu layihələrinin həyata keçirilməsi, aqrotexniki xidmət işlərinin yerinə yetirilməsinin keyfiyyətini yüksəltmək üçün "Aqrolizinq" Səhmdar Cəmiyyətinin fəaliyyətə başlaması və s. tədbirlər bu sahənin inkişafına təkan vermişdir.
2004-2015-ci illərdə kənd təsərrüfatı istehsalçılarına 934,9 milyon manat subsidiya verilmiş, kənd təsərrüfatına verilmiş güzəştli kreditin həcmi 1,35 milyard manat təşkil etmişdir. Dövlət başçısı tərəfindən ənənəvi sahələrin, o cümlədən pambıqçılığın, ipəkçiliyin və tütünçülüyün inkişaf etdirilməsi istiqamətində verilmiş tapşırıqlara uyğun olaraq 2016-cı ildə 50 min hektardan artıq sahədə pambıq əkini həyata keçirilmiş, 84,5 min ton pambıq tədarük olunmuşdur. Bu, 2015-ci ilin müvafiq göstəricisi ilə müqayisədə 2,4 dəfə çoxdur. Bu sahənin dirçəldilməsi büdcəyə əlavə vəsaitlər qazandırmaqla yanaşı, yeni iş yerlərinin yaradılması deməkdir. Dövlət başçısının qeyd etdiyi kimi, pambıqçılığın inkişafı iqtisadi məsələlərin həlli ilə yanaşı, eyni zamanda sosial məsələdir.
Aqrar sahədə həyata keçirilən mühüm tədbirlərdən biri də ölkənin 20 rayonunda 120 min hektaradək ərazidə əlavə 27 aqroparkın yaradılmasının təşviq olunmasıdır. Bu aqroparklarda müxtəlif istehsal, emal və infrastruktur müəssisələrinin yaradılması nəzərdə tutulur. Yeni yaradılmış təsərrüfatlarda müasir aqrotexniki xidmətlər tətbiq olunmaqla yüksək məhsuldarlıq əldə olunur ki, bu, ərzaq təhlükəsizliyinin daha da möhkəmləndirilməsində xüsusilə əhəmiyyətlidir. Bu istiqamətdə davam etdirilən tədbirlər regionlarda ixracyönümlü və rəqabətədavamlı məhsul istehsalının artmasına, sahibkarlığın inkişafına, əhalinin məşğulluq səviyyəsinin yüksəlməsinə əhəmiyyətli töhfə verəcəkdir.

Regionların yeni mənzərəsi
Dövlətin iqtisadi siyasətində Azərbaycanın hər bir bölgəsini sürətli və tarazlı inkişaf etdirmək əsas istiqamətlərdən biridir. Regionların sosial-iqtisadi inkişafını şərtləndirən dövlət proqramları bu baxımdan xüsusi qeyd edilməlidir. Belə ki, regionların, habelə Bakı şəhərinin qəsəbələrinin sosial-iqtisadi inkişafı dövlət proqramları rayon və qəsəbələrin iqtisadi potensialının əhəmiyyətli dərəcədə artmasına, infrastruktur təminatının, kommunal xidmətlərin keyfiyyətinin daha da yaxşılaşmasına, müasir müəssisələrin açılmasına, ümumən qeyri-neft sektorunun inkişafının sürətlənməsinə səbəb olmuş, Azərbaycanı bütün bölgələrində dinamik tərəqqi yaşanan ölkəyə çevirmişdir. Hazırda ən ucqar yaşayış məntəqələrinin belə dayanıqlı elektrik enerjisi, qaz, içməli su ilə təmin olunması ilə bağlı işlər görülür, rahat yollar, müasir təhsil, səhiyyə, mədəniyyət, idman obyektləri istifadəyə verilir. Bu dövlət proqramlarının uğurlu icrası sayəsində regionların inkişafına, əhalinin yeni iş yerləri ilə təmin olunmasına, yoxsulluğun və işsizliyin minimuma endirilməsinə nail olunmuşdur.
Hazırda "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı" icra olunur. Proqram paytaxt və regionların paralel inkişafında yeni mərhələ kimi qiymətləndirilir. Bu proqramın reallaşdırılması nəticəsində bölgələrdə sənayeləşmə yeni mərhələyə qədəm qoyacaq, infrastruktur tamamilə yenilənəcək, ən əsası isə, əhalinin rifahı və məşğulluq səviyyəsi xeyli yüksələcəkdir.

Biznes və investisiya mühitinin yaxşılaşdırılması
Prezident İlham Əliyevin müəyyən etdiyi inkişaf strategiyasında biznes və investisiya mühitinin davamlı olaraq yaxşılaşdırılması, sahibkarlığın inkişafı prioritet istiqamətlərdəndir. Dövlət başçısının "Ölkəmizin inkişafı sahibkarlığın inkişafından asılıdır" kursuna uyğun olaraq bu istiqamətdə sistemli və ardıcıl tədbirlər həyata keçirilmiş, qanunvericilik bazasının təkmilləşdirilməsi, inzibati prosedurların sadələşdirilməsi, vergi yükünün azaldılması, sahibkarlığa dövlət dəstəyinin genişləndirilməsi ilə bağlı mühüm işlər görülmüşdür.
Ötən 13 ildə 43 mindən çox sahibkarın iştirakı ilə 320-yə yaxın işgüzar forum keçirilmiş, Sahibkarlığa Kömək Milli Fondu tərəfindən 32 mindən çox sahibkarlıq subyektinin ümumi dəyəri 4 milyard manat olan layihələrinin icrasına 1,9 milyard manatdan çox güzəştli kredit verilmişdir. Bu dövrdə müasir texnologiyalara əsaslanan 420-dən çox, o cümlədən 23 cins heyvandarlıq, 44 quşçuluq, 15 iri taxılçılıq, 60 müasir istixana, 23 intensiv bağçılıq, tingçilik, çayçılıq və 16 üzümçülük təsərrüfatları, 10 süd, 9 ət və 16 meyvə-tərəvəz emalı zavodu, 51 logistik mərkəz, 23 taxıl anbarı kompleksi, 29 çörək zavodu, 25 tikinti materialları və 9 yüngül sənaye məhsullarının istehsalı və 70-dən çox digər istehsal və emal müəssisələrinin yaradılmasına 1,2 milyard manat güzəştli kredit verilmişdir. Son 13 ildə güzəştli kreditlər hesabına maliyyələşdirilmiş layihələr 143 minə yaxın yeni iş yerinin açılmasına imkan yaratmışdır.
Görülən işlər nəticəsində Azərbaycanda güclü özəl sektor formalaşmış, müasir texnologiyalara əsaslanan minlərlə müəssisə açılmış, sahibkarlarımız xarici ölkələrdə uğurla fəaliyyət göstərməyə başlamışlar.
2015-ci il noyabr ayının 1-dən sahibkarlıq sahəsində aparılan yoxlamalar 2 il müddətinə dayandırılmış, sahibkarların hüquqlarının daha etibarlı müdafiəsi məqsədilə apelyasiya şuraları yaradılmış, ixracın və investisiyaların təşviqi mexanizmləri formalaşdırılmış, idxal-ixrac əməliyyatları sahəsində mütərəqqi mexanizmlər (yaşıl dəhliz, elektron bəyanetmə və s.) tətbiq edilmiş, dövlət satınalmalarında yerli malların xeyrinə güzəştlər müəyyən olunmuş, kənd təsərrüfatının ənənəvi sahələrinin (pambıqçılıq, tütünçülük, ipəkçilik) inkişafı üçün subsidiyalar nəzərdə tutulmuş, kiçik sahibkarlığın, o cümlədən ailə təsərrüfatlarının dəstəklənməsi məqsədilə Ailə Biznesinə Asan Dəstək ("ABAD") mərkəzlərinin yaradılması qərara alınmışdır.
Qeyd etmək lazımdır ki, "Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında" qanunun tətbiqindən sonra vergi yoxlamaları istisna olmaqla, cəmi 68 yoxlama keçirilmişdir. Müqayisə üçün bildirim ki, ötən ilin müvafiq dövrü ərzində yoxlamaların sayı 67 mindən çox olmuşdur. Həmçinin bu dövrdə aparılan vergi yoxlamalarının sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 3 dəfə azalmışdır.
Lisenziya və icazələr sahəsində aparılmış islahatlara əsasən lisenziya tələb olunan fəaliyyət növlərinin sayı 59-dan 37-yə, icazələrin sayı isə təqribən 4 dəfə azaldılaraq 86-ya endirilmiş, indiyə kimi verilmiş qüvvədə olan müddətli lisenziyalar və yeni verilən lisenziyalar müddətsiz olmuş, lisenziyanın verilməsinə görə ödənilən dövlət rüsumunun məbləğləri təxminən 2 dəfə, regionlar üzrə 4 dəfə azaldılmış, lisenziya verilməsi üçün tələb olunan prosedurlar sadələşdirilmişdir. Dövlət qurumları tərəfindən 550-yə yaxın xidmətin elektron qaydada göstərilməsinə başlanmışdır.
Prezident İlham Əliyevin 18 yanvar 2016-cı il tarixli "İnvestisiyaların təşviqi ilə bağlı əlavə tədbirlər haqqında" fərmanı ölkəyə daha çox xarici sərmayələrin cəlb edilməsi, sənaye istehsalının artırılması kimi mühüm məqsədləri özündə ehtiva edir. Bu fərman əsasında sahibkarlara investisiyanın təşviqi sənədi və təsdiqedici sənəd verilir. Bu sənədləri alan sahibkarlar Vergi Məcəlləsində və "Gömrük tarifi haqqında" qanunda nəzərdə tutulmuş güzəştlərdən yararlanmaq imkanı əldə edir, mənfəət və gəlir vergisinin 50%-ni, əmlak və torpaq vergisini, idxal etdikləri texnika, texnoloji avadanlıq və qurğular üzrə ƏDV və idxal rüsumlarını 7 il müddətində ödəməkdən azad olunurlar.
2016-cı ilin may ayından indiyədək 84 layihəyə investisiya təşviqi, 56 layihəyə isə 212 təsdiqedici sənəd verilmişdir ki, bu layihələrin reallaşdırılması nəticəsində yerli istehsala 1 milyard manatdan çox investisiya yatırılacaq və 7 minə yaxın iş yeri açılacaqdır. Bu sənədlər sahibkarlara 8 milyon ABŞ dollarından çox güzəşt əldə etmək imkanı yaradır.
Sahibkarlıq fəaliyyətinin dövlət tənzimlənməsinin təkmilləşdirilməsi və əlverişli biznes mühitinin formalaşdırılması istiqamətində aparılan islahatlar nüfuzlu beynəlxalq reytinq agentlikləri tərəfindən də yüksək qiymətləndirlir. Məsələn, Dünya Bankı tərəfindən dərc edilən "Doing Business" hesabatında 2009-cu ildə Azərbaycan ən islahatçı ölkə, 2016-cı ildə isə dünyada 3 və daha çox islahat aparan 29 ölkədən biri olmuşdur. Bütün bunlar isə qeyri-neft sektoruna investisiyaların artırılmasına, yeni iş yerlərinin açılmasına əlverişli zəmin yaratmaqla yanaşı, sahibkarlığın inkişafı üçün geniş imkanlar açır.

Tranzit potensialının artırılmasının iqtisadiyyatın şaxələndirilməsində rolu
Əlverişli coğrafi mövqeyi olan Azərbaycanın tranzit potensialının reallaşdırılması Prezident İlham Əliyevin iqtisadi diversifikasiya siyasətində mühüm yer tutur. Bu məqsədlə Rusiya Federasiyası, Gürcüstan, İran İslam Respublikası ilə dövlət sərhədinədək magistral avtomobil yollarının tikintisi layihələri icra olunmuş və ya olunmaqdadır, Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksinin birinci mərhələsi, 7 hava limanı istifadəyə verilmiş, çoxsaylı digər infrastruktur layihələri həyata keçirilmişdir.
Cənab Prezidentin təşəbbüsü və prinsipial mövqeyi sayəsində tikilən və əhəmiyyətinə görə "Dəmir İpək yolu" adlandırılan Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi gələn il başa çatacaqdır. Bu layihənin reallaşması Asiya və Avropa dəmir yollarının inteqrasiyasına öz töhfəsini verəcək və Çindən Avropaya yüklərin çatdırılması 12-15 gün ərzində mümkün olacaq. İlkin mərhələdə yeni dəmir yolu xətti üzrə il ərzində 5 milyon ton yük və 1 milyon sərnişin daşınması planlaşdırılır. Ümumiyyətlə, Azərbaycan Çinlə Avropa arasında olan yükdaşımaların Transxəzər Beynəxlaq Nəqliyyat Marşrutu vasitəsilə həyata keçirilməsinə xüsusi önəm verir. Qeyd edək ki, 2015-ci ilin noyabr ayında Çinin Lyanyunqan vilayətindən yola düşən konteyner qatarı Çin-Qazaxıstan-Azərbaycan-Gürcüstan-Türkiyə marşrutu ilə hərəkət edərək 15 gün ərzində İstanbula çatmışdır. Halbuki ənənəvi okean daşımaları vasitəsilə Çindən Türkiyə istiqamətindəki yükdaşımalara 25-30 gün sərf olunur.
Azərbaycan həmçinin Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin inkişafında da aktiv fəaliyyət göstərən ölkələrdəndir. Məhz bu baxımdan Astara çayı üzərində dəmir yolu körpüsünün tikintisi, eləcə də Azərbaycan və İran sərhədində dəmir yolu məntəqələrinin birləşməsi üzrə nəzərdə tutulan inşaat işləri ölkəmiz tərəfindən sürətlə icra edilmişdir. Qeyri-neft sektorunun inkişafına əhəmiyyətli töhfə verəcək istiqamətlərdən biri kimi ölkə ərazisindən tranzit yükdaşımaların həcmi artırılır. Tranzit Yükdaşımalar üzrə Koordinasiya Şurasının yaradılması, tranzit yüklərin daşınmasında "bir pəncərə" prinsipinin tətbiqi, iritonnajlı yük avtomobillərinin keçid prosedurlarının sadələşdirilməsi, gediş-gəliş xərclərinin təqribən 40 faizədək aşağı salınması nəticəsində 2016-cı ilin 9 ayında ölkə ərazisindən 16 minə yaxın yük avtomobili keçib ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 2,3 dəfə çoxdur.

Beynəlxalq iqtisadi əməkdaşlığın əsas istiqaməti: qeyri-neft ixracının artırılması
Ölkədə istehsal olunan yerli mənşəli məhsulların ixracatının genişləndirilməsi, rəqabətədavamlı və ixrac potensiallı məhsullar bazasının zənginləşməsi istiqamətində Prezident İlham Əliyev tərəfindən "islahatlar paketi" çərçivəsində 5 oktyabr 2016-cı il tarixində "Made in Azerbaijan" brendinin xarici bazarlarda genişmiqyaslı təşviqi məqsədilə imzalanan fərman mühüm əhəmiyyət kəsb edir. "Xarici ölkələrə ixrac missiyalarının təşkilinə, xarici bazarların araşdırılması və marketinq fəaliyyətinə, "Made in Azerbaijan" brendinin xarici bazarlarda təşviqinə, yerli şirkətlərin ixracla bağlı xarici ölkələrdə sertifikat və patent almasına, ixracla əlaqəli tədqiqat-inkişaf proqram və layihələrinə çəkilən xərclərin dövlət büdcəsi hesabına ödənilən hissəsinin müəyyənləşdirilməsi və ödənilmə mexanizminin tənzimlənməsi Qaydası"nda əks olunan dəstək mexanizmləri ilkin istehsal prosesindən başlayaraq məhsulun ixracının reallaşdırılmasına qədər bütün fazaları əhatə edir. Fərmanın icrası istiqamətində artıq Çin Xalq Respublikasının Honkonq Xüsusi İnzibati Ərazisi və Quancou şəhərinə, eləcə də Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərinə ilk ixrac missiyaları təşkil edilib. Növbəti ixrac missiyası 2017-ci ilin fevralında Pakistan və Əfqanıstana təşkil ediləcəkdir.
Bununla yanaşı, yerli məhsulların xarici bazarlara çıxarılması prosesinin daha da asanlaşdırılması üçün Azərbaycanın xarici ölkələrdəki ilk logistika mərkəzi Qazaxıstanın Aktau şəhərində yaradılmış, digər yerlərdə də mərkəzlərin təşkil edilməsi işləri davam etdiriləcəkdir. Digər tərəfdən, daxili bazarın qorunması məqsədilə özünütəminetmə səviyyəsi və yerli istehsal potensialı yüksək olan malların, o cümlədən bir sıra kənd təsərrüfatı və emalı məhsulları, inşaat materiallarının idxalına tətbiq olunan gömrük rüsumları artırılmışdır. Eyni zamanda yerli istehsala zərər vuran dempinqli və subsidiyalaşdırılan idxala qarşı yeni qəbul olunmuş "Antidempinq, kompensasiya və mühafizə tədbirləri haqqında" qanuna əsasən tədbirlər görüləcəkdir.

İqtisadi strategiyanın başlıca məqsədi - insan amili
Prezident İlham Əliyev tərəifndən aparılan islahatların, qəbul olunan bütün dövlət proqramlarının, icra olunan layihələrin əsas hədəfi məhz vətəndaşların həyat səviyyəsinin yüksəldilməsidir. Prezidentin rəhbərliyi ilə görülmüş genişmiqyaslı işlər, qəbul edilmiş dövlət proqramlarının uğurlu icrası ölkədə yoxsulluq səviyyəsinin ciddi şəkildə - 4,9 faizədək azaldılmasına səbəb olmuşdur.
Görülmüş işlərin nəticəsidir ki, son 13 ildə ölkədə minimum əməkhaqqının məbləği 11,7 dəfə, orta aylıq pensiyalar 10 dəfədən çox artmışdır. Qeyd olunan dövrdə əhalinin orta aylıq əməkhaqqı 6 dəfədən çox artaraq 466,9 manata çatdırılmışdır. 2016-cı ilin yanvar-noyabr ayları ərzində isə orta aylıq əməkhaqqı 490,5 manat təşkil etmişdir. Qeyd edilməlidir ki, 2017-ci il üçün ehtiyac meyarının həddi 10,5% artırılaraq 105 manatdan 116 manata çatdırılmışdır. Gələn il üçün yaşayış minumumu isə 155 manat proqnozlaşdırılır.
Əhalinin sosial müdafiəsi, sosial layihələrin reallaşdırılması, yeni sosial obyektlərin tikintisi istiqamətində əhəmiyyətli işlər görülmüşdür. Ötən 13 ildə 600-dən çox səhiyyə müəssisəsi, 3 minə yaxın məktəb tikilmiş və ya əsaslı təmir olunmuş, orta təhsil müəssisələrinin yarıdan çoxu yenilənmişdir. Gəlirlərin azalmasına baxmayaraq, dövlət başçısının tapşırığına uyğun olaraq sosial layihələrin icrası davam etdirilir.
Xüsusilə qeyd edilməlidir ki, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü və dəstəyi ilə həyata keçirilən layihələr səhiyyədən təhsilə, mədəniyyətdən mənəvi irsə, ədəbiyyatdan digər sosial sferalara qədər mühüm sahələri əhatə edir və Azərbaycanda sosial sahənin, bütünlükdə iqtisadiyyatın inkişafına mühüm töhfələrdir.

Qlobal iqtisadi çağırışlara konseptual yanaşma: strateji yol xəritələri
Ölkəmizdə aparılan ardıcıl iqtisadi islahatlar qlobal iqtisadi çağırışlara konseptual yanaşmalarla daha da təkmilləşdirilməkdədir. Bu baxımdan Prezident İlham Əliyevin müvafiq fərmanı ilə təsdiq edilmiş milli iqtisadiyyat və iqtisadiyyatın 11 əsas sektoru üzrə strateji yol xəritələri xüsusilə önəmlidir. Xarici ekspertlərin və məsləhətçi beyin mərkəzlərinin iştirakı, beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq çərçivəsində hazırlanmış strateji yol xəritələri 2016-2020-ci illər üçün iqtisadi inkişaf strategiyasını, 2025-ci ilədək olan dövr üçün uzunmüddətli və 2025-ci ildən sonrakı dövrə hədəf baxışı əhatə edir.
Strateji yol xəritələri iqtisadi islahatlara uyğun kompleks tədbirlərin həyata keçirilməsini, iqtisadi inkişafın keyfiyyətcə yeni modelinin formalaşdırılmasını təmin edəcək. Sənədin məqsədi Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi və rəqabətqabiliyyətliyinin gücləndirilməsi, neftdən asılılığın aradan qaldırılması, qeyri-neft sektorunun və keyfiyyətli ixrac məhsullarının artırılması, əhalinin məşğulluq səviyyəsinin və rifahının daha da yüksəldilməsidir. Sənəddə qeyd edilən iqtisadi sahələr kənd təsərrüfatından tutmuş sənayeyə qədər bütün sferaları, həmçinin insan kapitalının inkişafı, biznes mühitinin daha da yaxşılaşdırılması kimi əsas istiqamətləri əhatə edir. Sənəddə görüləcək hər bir işin nəticələri dəqiq meyarlarla ölçüləcək. Bu isə, öz növbəsində, həmin işlərin effektivliyinin və icraçıların məsuliyyətinin dəfələrlə artmasına stimul yaradır.
"Dünyamızın transformasiyası: 2030-cu ilədək dayanıqlı inkişaf sahəsində Gündəlik"dən irəli gələn öhdəliklərlə bağlı dövlət orqanlarının üzərinə düşən vəzifələrin icrasının əlaqələndirilməsi məqsədilə dövlət başçısının müvafiq fərmanı ilə Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurası yaradılmışdır.
Beləliklə, Prezident İlham Əliyevin "Əsl siyasət konkret, real iş görməkdən ibarətdir" prinsipinin uğurlu nəticələri Azərbaycanın qarşıdakı illərdə də dayanıqlı inkişafı üçün möhkəm zəmin yaradır, yeni iqtisadi şəraitdə sistemli islahatların böyük əzm və qətiyyətlə həyata keçirilməsi Azərbaycanı qarşıya qoyulmuş hədəfə - dünyanın ən inkişaf etmiş ölkələrindən birinə çevrilmək məqsədinə doğru inamla aparır.

 

Şahin MUSTAFAYEV,
Azərbaycan Respublikasının iqtisadiyyat naziri

 

http://www.azerbaijan-news.az/index.php?mod=3&id=112738

 

← Geriyə