Xəbərlər

  • Yaradılıb 07.02.2018 15:24
  • Yenilənib 07.02.2018 17:10
  • Nəşr edilib 07.02.2018 15:20

Alman-Azərbaycan Xarici Ticarət Palatasının icraçı direktoru İqtisadiyyat Nazirliyində olub

 

Alman-Azərbaycan Xarici Ticarət Palatasının icraçı direktoru Tobias Baumann ilə görüşdə İqtisadiyyat Nazirliyinin Aparat rəhbəri Ayaz Əliyev Azərbaycan-Almaniya əməkdaşlığının müxtəlif sahələrdə uğurla inkişaf etdiyini vurğulayıb. Qeyd edilib ki, Azərbaycanda xidmət, nəqliyyat, ticarət, sənaye, tikinti, rabitə, bank və sığorta sahələrində 200-dən çox Almaniya şirkəti fəaliyyət göstərir. Almaniya tərəfindən Azərbaycan iqtisadiyyatına 556 mln. dollar investisiya qoyulub. Bundan başqa, ölkəmizdə həyata keçirilən layihələrdə Almaniya şirkətləri podratçı kimi də iştirak edirlər. İki ölkə arasında iqtisadi əlaqələrin inkiafında 2011-ci ildə yaradılılan Ticarət və İnvestisiyalar üzrə Yüksək Səviyyəli İşçi Qrupun rolu əhəmiyyətlidir. Aparat rəhbəri diqqətə çatdırıb ki, Azərbaycanın biznes dairələri Almaniyada keçirilən müxtəlif formatlı tədbirlərdə - biznes forumlar, işgüzar görüşlər, sərgilərdə iştirak etməklə iqtisadi əməkdaşlığın genişlənməsinə töhfələr verir. Bu tədbirlərin davamı olaraq, Azərbaycan şirkətləri 7-9 fevral tarixlərində Berlin şəhərində keçirilən «Fruit Logistica 2018» beynəlxalq meyvə-tərəvəz sərgisində iştirak edir, öz məhsullarını nümayiş etdirirlər.

Alman-Azərbaycan Xarici Ticarət Palatasının icraçı direktoru Tobias Baumann Alman-Azərbaycan Xarici Ticarət Palatasının fəaliyyəti barədə məlumat verib və Palatanın əlaqələrin inkişafında rolunu vurğulayıb. Tobias Baumann Alman İqtisadiyyatının Şərq Komitəsinin sədri Volfqanq Büxelenin 2018-ci ilin 12-14 fevral tarixlərində Azərbaycana nəzərdə tutulan səfərinin, keçiriləcək ikitərəfli görüşlərin iqtisadi əlaqələrin genişlənməsində əhəmiyyətli olacağını qeyd edib.

Görüşdə Tobias Baumann Azərbaycanın regionları ilə tanışlıq, burada fəaliyyət göstərən müəssisələrlə alman şirkətləri arasında əlaqələrin yaradılması barədə fikirlərini bildirib.

Təklif müsbət qarşılanıb və müvafiq dəstəyin göstəriləcəyi bildirilib. 

← Geriyə