2016

  • Yaradılıb 19.10.2016 12:48
  • Yenilənib 24.01.2017 12:43
  • Nəşr edilib 19.10.2016 12:48

2016-cı ildə aqrar sahənin inkişafı


2016-cı ildə kənd təsərrüfatının ümumi məhsulunun faktiki qiymətlərlə dəyəri 5632,1 milyon manat təşkil etmişdir ki, onun da 3055,2 milyon manatı heyvandarlıq, 2576,9 milyon manatı isə bitkiçilik məhsullarının payına düşür. Keçən ilin müvafiq dövrü ilə müqayisədə kənd təsərrüfatı məhsulu istehsalı 2,6 faiz, o cümlədən heyvandarlıq məhsulları üzrə 2,8 faiz, bitkiçilik məhsulları üzrə isə 2,5 faiz artmışdır.
2016-cı il ərzində əsas kapitala yönəldilmiş ümumi vəsaitin 252,4 milyon manatı kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahəsinə sərf edilmişdir.
Bitkiçilik. İlkin məlumatlara görə, 2016-cı ildə 961,8 min hektar payızlıq və yazlıq dənli və dənli paxlalı bitkilərin sahəsi (qarğıdalısız) biçilib döyülmüş və hər hektardan orta hesabla 29,5 sentner olmaqla 2841,2 min ton (keçən il 2785,3 min ton) məhsul götürülmüşdür.
Bundan başqa, hesabat dövründə 35,7 min hektar dən üçün qarğıdalı sahəsindən 223,9 min ton (9,8 min ton çox) məhsul toplanmış, hektarın orta məhsuldarlığı əvvəlki ilin müvafiq dövrünə nisbətən 2,0 sentner artaraq 61,2 sentnerə yüksəlmişdir. Qarğıdalı dəni də nəzərə alınmaqla taxıl istehsalının ümumi həcmi keçən ilə nisbətən 2,2 faiz və yaxud 65,7 min ton artaraq 3065,1 min tona çatmışdır. Orta hesabla hər hektardan əldə edilmiş məhsul 30,7 sentner təşkil etmişdir.
Dənli və dənli paxlalıların tərkibində payızlıq və yazlıq buğda əsas yer tutur. İstehsal olunmuş taxıl məhsulunun 60,5 faizini (1854,0 min ton) buğda, 7,3 faizini (223,9 min ton) dən üçün qarğıdalı təşkil etmişdir. Keçən il əkin sahələrinin genişləndirilməsi nəticəsində çəltik istehsalı 1,9 dəfə və ya 2,7 min ton artaraq 5,6 min tona yüksəlmişdir.
2016-cı ildə 902,4 min ton kartof, 1269,3 min ton tərəvəz, 464,6 min ton bostan məhsulları toplanmışdır. Eyni zamanda, hektarın orta məhsuldarlığı kartof üzrə 4 sentner, bostan məhsulları üzrə 2 sentner artmış və uyğun olaraq 140 və 176 sentner olmuşdur.
2016-cı ildə tütün istehsalında artım müşahidə olunmuşdur. Belə ki, əkin sahəsinin genişlənməsi tütün yarpağı istehsalının artmasına səbəb olmuş və qurudulmuş çəkidə 3598,2 ton tütün yarpağı yığılmaqla, keçən ilki səviyyəni 3,8 faiz üstələmişdir.
2017-ci ilin yanvarın 1-i vəziyyətinə 17,1 min ton dən üçün günəbaxan istehsal edilmişdir.
2016-cı il dekabr ayının 26-sı vəziyyətinə 87,2 min ton pambıq tədarük müəssisələrinə təhvil verilmişdir.
Ölkədə keçən il 7061 hektar sahədə emal üçün şəkər çuğunduru əkini aparılmış və həmin sahədən hər hektardan 461 sentner olmaqla ilkin çəkidə 321,3 min ton məhsul götürülmüşdür. Şəkər çuğundurunun istehsalı 135,2 min ton, hektarın orta məhsuldarlığı isə 81 sentner artmışdır.
2016-cı ildə 883,7 min ton meyvə və giləmeyvə, 134,5 min ton üzüm məhsulu yığılmışdır. Bundan başqa, yaşıl çay yarpağı istehsalı keçən ilin müvafiq dövrünə nisbətən 436,7 ton artaraq 1015,7 tona çatmışdır.
Heyvandarlıq. 2016-cı ildə quş əti də daxil olmaqla diri çəkidə 523,8 min ton ət, 2009,9 min ton süd, 1609,8 milyon ədəd yumurta və 16,7 min ton yun istehsal edilmişdir. Ət istehsalı 2015-ci illə müqayisədə 8,2 min ton və ya 1,6 faiz, süd istehsalı 85,4 min ton və ya 4,4 faiz, yumurta istehsalı 56,9 milyon ədəd və ya 3,7 faiz artmışdır.
İlkin məlumatlara görə 2017-ci il yanvarın 1-i vəziyyətinə ölkə üzrə 2700,1 min baş iribuynuzlu mal-qara, o cümlədən 1298,3 min baş inək və camış, 8612,9 min baş qoyun və keçi və 4693 baş donuz mövcud olmuşdur.
Ötən il quşçuluq fabriklərində diri çəkidə 71,2 min ton quş əti və 668,4 milyon ədəd yumurta istehsal olunmuşdur. Ümumilikdə fabriklər üzrə cəmi quşların sayı 9757,9 min baş olmuş, hər yumurtlayan toyuqdan orta hesabla 191 ədəd yumurta alınmışdır.

 

← Geriyə