Ümumi məlumat

  • Yaradılıb 14.01.2014 13:56
  • Yenilənib 14.01.2014 13:58
  • Nəşr edilib 14.01.2014 13:56

Azərbaycanda sahibkarlığın inkişaf tarixi

 

Azərbaycanda sahibkarlıq fəaliyyəti qədim tarixə malik olmaqla böyük inkişaf yolu keçmişdir. XIX əsrin sonu, XX əsrin əvvəllərində bu qədim fəaliyyət növü sürətli və böyük inkişaf dövrü keçmişdir. Ölkəmizin malik olduğu müxtəlif təbii sərvətlər həm xarici iş adamlarının ölkəyə gəlməsinə, həm də yerli sahibkarlığın inkişafına əvəzsiz şərait yaratmışdır.
Azərbaycan ən qiymətli sərvətlərdən olan neft ölkəsidir. Hələ XIX əsrdə Azərbaycanda neft hasilatı üzrə dünyada böyük nüfuza malik sahibkarlar (milyonçular) yetişmişdir. Həmin milyonçuların ölkəmizin iqtisadi inkişafında, xüsusilə neft hasilatı və emalı sənayesinin inkişafında əhəmiyətli rolu olmuşdur. Dövrünün böyük nüfuz sahibləri olan bu insanlar ölkədə binalar, məktəblər, teatrlar, xəstəxanalar tikdirmiş, əhalinin böyük hissəsini işlə təmin etmişlər. Bu baxımdan Hacı Zeynalabdin Tağıyevin, Musa Nağıyevin, Murtuza Muxtarovun, Şəmsi Əsədullayevin, Seyid Mirbabayevin, Səlimovun, Mirzəyevin, Mantaşovun və onlarla başqalarının adları sahibkarlıqla məşğul olanlara əsl nümunə və həyat məktəbi olmalıdır. XX əsrin əvvəllərində xarici kapitalın ölkəyə axını sahibkarlıq fəaliyyətinin daha da inkişafına səbəb oldu. Neft sənayesi ilə məşğul olan 167 müəssisənin 29%-i milli kapitala, 71%-i isə xarici kapitala məxsus idi. Bakı fəhlələrinin 44%-dən çoxu azərbaycanlılardan, qalan hissəsi gəlmələrdən ibarət olub. 1901-ci ildə dünya neft hasilatının yarıdan çoxu Azərbaycan neft sənayesinə məxsus olub. Ölkəmizdə istehsal edilən sənaye məhsullarının 70-80%-i neftin payına düşürdü. Sənaye istehsalı tamamilə Bakıda yerləşmişdi. Təsadüfü deyildir ki, Bakı şəhərində 1912-ci ildə 462, 1915-ci ildə 549 sənaye müəssisəsi fəaliyyət göstərirdi. 1910-cu ildə təkcə neftçıxarma ilə 177 böyük firma məşğul idi.
Xarici iş adamlarının Azərbaycana marağı getdikcə artır, xarici sərmayənin ölkəyə axını davam edirdi. İngiltərədən Henri Deterdinqin rəhbərliyi ilə “Royal Döyçe Şell”, Amerikadan Jon Rokfellerin “Standart oyl”, Fransadan Rotşildin “Xəzər-Qara dəniz” və “Mazut”, İsveçrədən “Nobel qardaşları”nın sindikatları Bakıda yeni neft mədənlərində işə başlamışdılar. Xarici sərmayəçilərin Azərbaycan iqtisadiyyatına yönəltdiyi 213 milyon manat kapitalın 8%-i Almaniyaya, 30,5%-i Fransaya, 53,3%-i İngiltərəyə məxsus idi. Ayrı-ayrı ölkələrdən gəlmiş milyonçular fərqli sahələrə sərmayə qoymaqla müxtəlif sahələrin inkişafına zəmin yaradırdılar. Alman sərmayəçiləri dəmir yolu çəkilişinə, kredit işinə, qiymətli kağızlar (istiqrazlar, səhmlər və s.) alış-verişinə can atırdılarsa, fransız və ingilis sahibkarları mis və neft sənayesinə üstünlük verirdilər. Bakı Azərbaycanın iri sənaye və ticarət mərkəzinə çevrilmişdi. Şəhər və ətraf kəndlərin 400 mindən çox əhalisinə 5000-dən artıq ticarət müəssisəsi xidmət göstərirdi. Bakı təkcə Azərbaycan şəhərləri ilə deyil, Zaqafqaziyanın və Rusiyanın, digər xarici ölkələrin ticarət mərkəzləri ilə geniş idxal-ixrac əlaqələrinə malik idi.
XIX əsrin sonu, XX əsrin əvvəllərində sahibkarlığın inkişafına görə Bakı artıq böyük nüfuza malik iri sənaye mərkəzinə çevrilmişdi. Bu dövrdə kapitalın və istehsalın mərkəzləşməsi və təmərküzləşməsi prosesi xeyli sürətlənmişdi.
Sənayenin sürətli inkişafı Azərbaycanda bank fəaliyyətinin də inkişafına şərait yaratdı. Artıq 1913-cü ildə Bakıda 15 iri bank fəaliyyət göstərirdi. Bunlar idxal-ixrac əməliyyatlarında, kreditləşmədə mühüm rol oynayırdılar.
O dövrdə Azərbaycanda aqrar sahənin inkişafı da sürətlənmiş, iri fermer təsərrüfatları yaranmışdı.
Azərbaycanın kənd təsərrüfatı sektorunda o vaxt inkişaf edən əsas sahə pambıqçılıq olub. 1914-cü ilin statistikasına görə, Azərbaycanda yığılan pambıq Zaqafqaziyada istehsal edilən pambığın 70%-ni təşkil edib. Kənd təsərrüfatındakı inkişaf təbii olaraq sənayenin ayrı-ayrı sahələrinin inkişafına təkan verirdi. H.Z.Tağıyevin “Qafqaz” Səhmdar Cəmiyyətinə məxsus, tikintisi 1 milyon qızıl pula başa gəlmiş tikiş fabriki də iri sənaye müəssisəsi kimi pambıqçılıqla sıx bağlı idi. Təkcə Avropa ölkələrindən fabriki təchiz etməkdən ötrü 2500 ədəd maşın gətirilmişdi. Bu fabrik o dövrdə Rusiya, Orta Asiya və İran müsəlmanları arasında böyük nüfuz qazanmışdı. Fabrikin pambığa olan ehtiyacı ildən-ilə artırdı. Təkcə 1901-1910-cu illərdə burada emal olunan pambıq 5,3 dəfədən çox artmışdı. Hazır məhsul əsasən, Orta Asiya və İran bazarlarında realizə edilirdi.
Qeyd edildiyi kimi, Bakı bir sıra şəhərlərlə böyük ticarət əlaqələri yaratmışdı. Təkcə Rusiyanın müxtəlif yerlərinə pambıq, şərab, qoz ağacı, ipək, yun, qoz-fındıq, xam və ya aşınmış dəri, xəz, balıq məhsulları (o cümlədən kürü), çini və şüşə qablar və s. aparılırdı.
Azərbaycanın sahibkarlıq tarixində ipəkçiliyin inkişafı da mühüm yer tutur. XIX əsrin sonlarında bu sahənin tərəqqisi yolunda böyük addımlar atılıb. O dövrdə Zaqatala, Füzuli, Naxçıvan, Ordubad, Şuşa, Şəki şəhərlərində, qəza mərkəzlərində və onlara yaxın yerlərdə 400-dən çox iri və xırda ipəksalma (baramanın açılması), ipəkburma (baramanın eşilməsi) müəssisəsi fəaliyyət göstərirdi. Azərbaycanda ipəkçiliyin geniş vüsət alması, ipək istehsalının artması inkişaf etmiş baramaçılığa əsaslanırdı. Eyni zamanda, tut plantasiyalarının çoxluğu da bu inkişafı sürətləndirən mühüm amil idi. Azərbaycan ipəyi dünyada məşhurlaşmışdı. Dünya bazarlarında bu məhsul adı ilə tanınırdı. Elə buna görə idi ki, o dövrdə Zaqafqaziyada mövcud olan 120 ipək emalı fabrikinin 114-ü, hasil olunan baramanın 50%-dən çoxu, istehsal edilən ipəyin 2/3 hissəsindən çoxu Azərbaycanın payına düşürdü.
Aqrar sahədə üzüm istehsalı da mühüm yer tuturdu. Məhz yeyinti sənayesinin əsas sahələrindən olan şərabçılıq, spirt və konyak istehsalı geniş vüsət almışdı. Azərbaycan o dövrdə üzüm və şərab istehsalına görə də ön sıralarda idi. 1901-ci ildə Zaqafqaziyadakı üzüm bağlarının 30%-i, 1913-cü ildə 33,2%-i Azərbaycana məxsus olub. Müvafiq illərdə istehsal olunan üzüm məhsulunun 44,8%-i və 27,5%-i ölkəmizin payına düşürdü. XX əsrin əvvəllərində Azərbaycanda 1300-dən artıq irili-xırdalı ilkin şərab emalı, araq, konyak zavodları fəaliyyət göstərirdi.
Azərbaycan həm də biyan kökü emalının ¾ hissəsi xüsusi qablarda xarici ölkələrə (Amerika, İngiltərə və s.) ixrac edilirdi. Biyan kökü əczaçılıqda, rəngləmədə, şirniyyat sənayesində istifadə olunurdu.
Sahibkarlığın o dövr üçün geniş inkişaf etmiş sahələrindən biri də balıqçılıq idi ki, əsasən peşələrə görə bölünmüşdü: torçular, ovçular, avarçılar, təmirçilər, daşıyıcılar, duzlayıcılar və s. Bu əmək bölgüsünün öz sahibləri və öz icraçıları vardı. Bütün vətəgələr mükəmməl texnika ilə təchiz edilmişdi və onlar bütövlükdə iri şirkətlərin, səhmdar cəmiyyətlərin nəzarəti altında birləşdirilmişdi. Təsadüfi deyildir ki, Azərbaycanın daha iri sahibkarlıq fəaliyyətinə aid sindikat tipli 4 balıqçılıq firması dünya bazarına ixrac edilən və valyuta ilə satılan ağ balıq kürüsünün 45%-ni verirdi. Dövlət xəzinəsinə ildə orta hesabla 2 milyon manatdan çox vəsait təkcə balıqçılıq sənayesindən daxil olurdu. Balıqçılıq sənayesinə aid məşhur şirkətlər Tağıyevə, Piralovlara, Zeynalovlara, Mailovlara və başqalarına məxsus idi. Bir sözlə, Azərbaycanın balıq sənayesi mənfəət baxımından neft və şərab istehsalından sonra 3-cü yeri tuturdu.
Azərbaycan digər faydalı qazıntılardan olan mis istehsalına görə də şöhrət qazanmışdı. XIX əsrin sonlarına yaxın Rusiyada istehsal olunan misin 34,6%-i Azərbaycana məxsus olub. Gədəbəyin mis yataqları ilə zəngin olan Qalakənd kəndi “Azərbaycanın Uralı” adlandırılırdı.

 

Azərbaycanda sahibkarlığın inkişaf mərhələləri və onların səciyyəvi xüsusiyyətləri

Müstəqillik qazandıqdan sonrakı dövrdə Azərbaycanda sahibkarlığın inkişafını şərti olaraq aşağıdakı mərhələlərə bölmək olar:
1993-cü ilə qədər olan mərhələ. İqtisadi islahatların sistem halında, müəyyən ardıcıllıqla və bir-birini tamamlama şərti ilə həyata keçirilməsi iqtisadi dirçəlişin təmin edilməsinin mühüm şərtdir. Radikal iqtisadi dəyişikliklər mərhələsində həyata keçirilən iqtisadi tədbirlərin hər birinin ümumi iqtisadi inkişafda yerinin düzgün dərk edilməsi və onların reallaşdırılmasında ardıcıllığın gözlənilməsi köklü islahatların nəticəsinə əhəmiyyətli dərəcədə təsir edən əsas məsələlərdəndir. Azərbaycan reallığına gəldikdə isə, müstəqilliyimizin ilk illərində bu baxımdan vəziyyətin qənaətbəxş olmaması ilk baxışda aydınlaşır. İstər nəzəri, istərsə də respublika iqtisadiyyatında yaranmış vəziyyətin tələbləri baxımından sahibkarlığın maddi əsasını formalaşdıran özəlləşdirmə, xüsusilə də qiymətlərin liberallaşdırılmasını qabaqlamalı idi.

 

 

 

Lakin bir sıra obyektiv (rubl məkanında olan digər dövlətlərin bu prosesə başlaması) və subyektiv (respublikanın milli valyutaya keçid vaxtında hazır olmaması, iqtisadi sərhədlərin təşəkkülündəki ləngimələr) səbəblər ölkəni iqtisadiyyatda dövlət mülkiyyətinin inhisarı şəraitində qiymətlərin sərbəstləşdirilməsi prosesinə başlamaq məcburiyyəti qarşısında qoydu. Beləliklə də, bazar iqtisadiyyatına keçid üzrə mühüm strateji tədbir – özəlləşdirmə fiskal məqsədlərə münasibətdə arxa plana keçirildi. Yaranmış vəziyyətdə real maliyyə sabitliyinin yalnız istehsal fəaliyyətinin aktivləşdirilməsi və bu əsasda dövriyyədəki pul kütləsinin təminatının artırılması vasitəsilə mümkünlüyü nəzərə alınarsa, həyata keçirilmiş taktiki addımın heç bir real nəticə verməyəcəyi aşkar idi.
Qiymətlərin liberallaşdırılmasından sonra ölkə iqtisadiyyatında yaranmış vəziyyət islahatların özəyini təşkil edən özəlləşdirmə prosesini, bu əsasda sahibkarlığın inkişafı və rəqabət mühitinin formalaşmasını zəruri etmişdir. 1993-cü ilə kimi həmin proseslərin ləngidilməsi tənəzzülün daha da sürətlənməsinə, iqtisadiyyatın dağılmasına ciddi təsir göstərmiş, xeyli vəsait itkisinə səbəb olmuşdur. Beləliklə, özəlləşdirmənin gecikdirilməsi, ölkədə tənəzzülün aradan qaldırılmasını və makro-iqtisadi sabitliyin təmin edilməsini daha da çətinləşdirmişdir.
1993 - 2002-ci illər. Bu mərhələni də şərti olaraq 2 dövrə bölmək olar. Birinci dövr 1993-1996-cı illəri əhatə etməklə ölkədə makroiqtisadi sabitliyin bərqərar olmasına istiqamətlənmiş tədbirlərin həyata keçirilməsi ilə xarakterizə oluna bilər. Heydər Əliyevin rəhbərliyi ilə aparılmış məqsədyönlü siyasət, həyata keçirilmiş sistemli tədbirlər nəticəsində ölkədə siyasi və makroiqtisadi sabitliyə nail olundu ki, bu da iqtisadi islahatların həyata keçirilməsi üçün möhkəm əsas formalaşdırdı. Bu dövrdə sahibkarlığın təşəkkülü və inkişafı istiqamətində müəyyən tədbirlər həyata keçirilsə də, əsaslı dönüşə 1996-cı ildən etibarən nail olundu. Azərbaycanın iqtisadi islahatlar və inkişaf modelinin həyat qabiliyyətli və səmərəli olmasının ən yaxşı sübutu son illərdə ölkəmizdə sosial-iqtisadi inkişaf sahəsində əldə olunmuş nailiyyətlərdir. Belə ki, bu model üzrə həyata keçirilən siyasət çox tez bir zamanda ölkə iqtisadiyyatında əsaslı keyfiyyət dəyişikliklərinin baş verməsinə səbəb olmuşdur: inflyasiya cilovlanmış, büdcə kəsiri ÜDM-nin 1-2%-i səviyyəsinə endirilmişdir. Bu dəyişikliklər nəticəsində dərin iqtisadi böhran keçirən ölkədə makroiqtisadi sabitliyə nail olunmuş və dinamik iqtisadi inkişafı təmin etmək mümkün olmuşdur. Belə ki, 1996-cı ildə ÜDM-nin artım sürəti 1,3%, 1997-ci ildə 5,8%, 1998-2004-cü illərdə isə orta hesabla 10% təşkil etmişdir.
Respublikamızın iqtisadi inkişafının özünəməxsus xüsusiyyətlərinə əsaslanaraq aşağıdakı istiqamətlərdə uğurlu iqtisadi siyasət həyata keçirilmişdir:
Respublikanın potensialı nəzərə alınaraq uğurlu neft strategiyası işlənib hazırlanmış və müvəffəqiyyətlə həyata keçirilir. Bu isə öz növbəsində, neft sektorunun inkişafı ilə bağlı yardımçı sahələrin inkişafına təkan vermiş və həmin sahələrdə yerli sahibkarların mövqeləri möhkəmlənmişdir.
Neft sektorunun inkişafından əldə edilmiş gəlirlər hesabına ölkəmizin dünya bazarında üstünlük əldə edə biləcəyi ənənəvi qeyri-neft sektoru sahələrinin inkişafı istiqamətində uğurlar əldə edilmişdir.
Ölkənin yerləşdiyi mühüm strateji mövqedən yararlanaraq uğurlu beynəlxalq iqtisadi layihələrin reallaşdırılmasına başlanmışdır.
İqtisadi və dövlət idarəetmə aparatında aparılan struktur islahatları ölkədə iqtisadiyyatın bütün sahələrinin, o cümlədən sahibkarlıq sektorunun inkişafına güclü təkan vermişdir. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 30 aprel 2001-ci il tarixli Fərmanı ilə İqtisadi İnkişaf Nazirliyinin yaradılması sahibkarlığın inkişafına dövlət köməyi və onun dövlət tənzimlənməsi tədbirlərinin vahid qurumda birləşdirilməsinin və idarə edilməsinin əsasını qoymuş və sahibkarlığın inkişafını ümumi iqtisadi inkişafın tərkib hissəsinə çevirmişdir. Bu illər ərzində sahibkarlığın inkişafına əlverişli şəraitin yaradılması məqsədilə Azərbaycan Respublikasında sahibkarlığın hüquqi bazası dünya təcrübəsinə uyğun olaraq təkmilləşdirilmişdir. Azərbaycan Respublikasının Konstitusiyasında bazar münasibətləri əsasında iqtisadiyyatın inkişafına şəraitin yaradılması, sahibkarlığa təminat verilməsi, rəqabət mexanizminin formalaşması və inkişafı, həmçinin rəqabətin qorunması ilə bağlı müddəalar öz əksini tapmışdır. Sahibkarlığın inkişafının zəruri hüquqi mühitinin formalaşdırılması istiqamətində qəbul edilmiş Azərbaycan Respublikasının qanunları və digər qanunvericilik aktları sahibkarlığın bir sistem halında hüquqi bazasını təşkil etmişdir.
Özəlləşdirmənin həyata keçirilməsinin zəruri hüquqi bazası formalaşmışdır. Bu baxımdan, prosesin hüquqi təminatında baza rolunu oynayan Azərbaycan Respublikasında dövlət mülkiyyətinin özəlləşdirilməsinin dövlət proqramlarının qəbulu xüsusi əhəmiyyət kəsb etmişdir. Sahibkarlığın inkişafı sahəsində qəbul olunmuş dövlət proqramlarının bu sahənin inkişafında xüsusi rolu olmuş, kiçik və orta sahibkarlığın inkişafı üzrə dövlət tədbirlərini Azərbaycan dövlətinin iqtisadi siyasətinin prioritet istiqamətlərindən birinə çevirmişdir. Bu dövlət proqramları çərçivəsində iqtisadiyyatın və sahibkarlığın tənzimlənməsi sahəsində mühüm tədbirlər həyata keçirilmiş, sahibkarlara dövlət maliyyə köməyi sistemi formalaşdırılmışdır. Sahibkarlıq infrastrukturunun formalaşdırılması istiqamətində əhəmiyyətli addımlar atılmış, sahibkarlara zəruri texniki yardım (məsləhət, informasiya və s. xidmətlər) göstərən strukturlar formalaşmışdır. Sahibkarlar üçün vergi yükünün azaldılması istiqamətində dövlət səviyyəsində müəyyən addımlar atılmışdır. Belə ki, mənfəət və əlavə dəyər vergisi dərəcələri, məcburi sığorta haqqı aşağı salınmış, kiçik sahibkarlıq subyektlərinin bir qisminə vahid vergi tətbiq edilməyə başlanılmışdır.
2002-ci ildən sonrakı mərhələ. 2002-ci il sahibkarlığın inkişafı sahəsində Azərbaycan Respublikası Prezidenti cənab Heydər Əliyevin yerli və xarici iş adamları ilə aprel - may aylarında keçirilmiş görüşləri ilə əlamətdar olmuşdur. Sahibkarlara dövlət qayğısının ən yüksək səviyyədə bir daha təsdiqi olan bu görüşlər və onların nəticəsi olaraq ölkədə sahibkarlıq mühitinin daha da yaxşılaşdırılması məqsədilə avqust-sentyabr aylarında imzalanmış bir sıra mühüm Fərman və Sərəncamlar ölkədə sahibkarlığın inkişafında yeni mərhələnin əsasını qoymuşdur.
Bu mərhələdə ölkə iqtisadiyyatının yenidən qurulması sahəsində qarşıda duran vəzifələrin yerinə yetirilməsi sahibkarlığın inkişafının sürətləndirilməsini, bu sektorun ölkənin sosial-iqtisadi problemlərinin həllində rolunun gücləndirilməsini, onun fəaliyyətinin ölkə iqtisadiyyatının inkişafı tələblərinə daha da uyğunlaşdırılmasını, bu istiqamətdə dövlət dəstəyi tədbirlərinin çərçivəsinin genişləndirilməsi və onların ünvanlılığının daha da artırılmasını, regionlarda sahibkarlığın inkişafı sahəsində mövcud potensialın reallaşdırılmasını tələb edir.
“Azərbaycanda kiçik və orta sahibkarlığın inkişafının Dövlət Proqramı (2002-2005-ci illər)” bu istiqamətdə həyata keçirilən dövlət tədbirlərinin sistemliliyinin təmin edilməsində mühüm rol oynayaraq ölkədə sahibkarlığın inkişafına böyük təkan vermişdir.

 


Sahibkarlığın inkişafının Heydər Əliyev modelinin təməl prinsipləri

Heydər Əliyev tərəfindən müəyyən edilmiş və onun rəhbərliyi ilə uğurla həyata keçirilmiş sahibkarlığın inkişafı strategiyasının aşağıdakı mühüm məqamları nəinki ölkəmizin inkişafında müstəsna rol oynamış, hətta bir model olaraq keçid iqtisadiyyatı ölkələrinin iqtisadi inkişafı baxımından nümunə kimi qəbul edilə bilər:

- Sahibkarlığın inkişafına yönəldilmiş tədbirlərin sistemliliyinin təmini. Sahibkarlığın inkişafı problemlərinin bir-biri ilə əlaqədar olması, onların həllinin müəyyən bir sistemin daxilində reallaşmasını zəruri edir. Belə ki, müəyyən bir istiqamətdə sahibkarların problemlərinin həllinə nail olmaqla ölkədə işgüzar fəaliyyətin əlverişli mühitini təmin etmək mümkün deyil. Dünya iqtisadi təcrübəsi göstərir ki, sahibkarlığın zəruri iqtisadi mühitinin formalaşmasına yönəldilmiş tədbirlərin xüsusi sistem çərçivəsində reallaşması məqsədəuyğundur. Bu qarşıya qoyulmuş strateji məqsədə çatmağı təmin edir.
Ölkəmizdə sahibkarlığın inkişafı üzrə qəbul edilmiş Dövlət Proqramları bu sahənin inkişafı istiqamətində həyata keçirilən tədbirlərin sistemliliyini təmin etmiş, bu tədbirləri vahid strategiyanın həyata keçirilməsinə yönəltmişdir. Sahibkarlığın dövlət müdafiəsinin bu və ya digər variantının seçilməsi ölkənin inkişaf səviyyəsi, hazırkı sosial-iqtisadi şərait, inkişafın müasir mərhələsində qarşıya qoyulmuş vəzifələr və digər amillərin təsiri ilə şərtlənir. Bu amillərin təsiri nəzərə alınaraq, ölkəmizdə sahibkarlığın müdafiəsi və inkişafı dövlət sistemi daxilində əlaqələndirilmiş, Azərbaycan modeli yaradılmışdır.

- Ölkəmizdə dövlət-sahibkar münasibətlərini tənzimləyən əsas prinsiplər müəyyənləşdirilmişdir. Dövlətin uzunmüddətli iqtisadi siyasətinin başlıca istiqamətləri və prinsipləri əsasında sahibkarlığın inkişafı keyfiyyətcə yeni təsərrüfatçılıq münasibətləri sisteminin formalaşmasına əsaslanır. Göstərilən prinsiplər dövlətin sahibkarlığın inkişafında üzərinə götürdüyü öhdəlikləri və sahibkarın cəmiyyətə münasibətdə məsuliyyətinin əsas müddəalarını formalaşdırmışdır. Bu meyarlar dövlətin xüsusi mülkiyyətin və şəxsiyyət azadlığının toxunulmazlığının əsas dəyərlərə çevrilməsinə şərait yaradan sosial-iqtisadi mühitin yaradılmasına təminatı, eyni zamanda sahibkarın dövlətə münasibətdə özünün sosial və hüquqi məsuliyyətini dərk edərək onlardan irəli gələn vəzifələrin yerinə yetirilməsini nəzərdə tutur.

- Dövlət-sahibkar münasibətlərinin institusionallaşdırılması. Ölkədə sahibkarlığın davamlı inkişafının təmin edilməsi bu məqsədlə dövlətlə sahibkarlar arasında tərəfdaşlığın institusional təşkilini zərurətə çevirmişdir. Sahibkarlar artıq mövcud problemlərin həllində iştirak edir. Bu baxımdan yaradılmış mexanizmlər (Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu, Sahibkarlar Şurası, Biznes Tədris Mərkəzləri və s.) dövlət-sahibkar münasibətlərinin sivil müstəvidə inkişafında əhəmiyyətli rol oynamaqdadır.
Heydər Əliyevin sahibkarlığın inkişafı modelinin mühüm səciyyəvi xüsusiyyətlərindən biri həmin model çərçivəsində davamlı inkişaf üçün əsaslı zəminin formalaşmasıdır.
Hazırda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə bu strateji xətt uğurla davam etdirilir. Dövlət-sahibkar münasibətlərinin inkişaf etdirilməsi, biznes mühitinə dair qanunvericiliyin və inzibati prosedurların təkmilləşdirilməsi, regionlarda sahibkarlığın inkişafına dövlət dəstəyi mexanizmlərinin səmərəliliyinin artırılması, sahibkarların maarifləndirilməsi və onların işgüzar əlaqələrinin inkişafı istiqamətində davam etdirilən məqsədyönlü tədbirlər nəticəsində ölkə iqtisadiyyatında özəl sektorun payı 80%-dən çoxdur, məşğul əhalinin isə təqribən 70%-i bu sektorda cəmləşmişdir.
 

 

← Geriyə