2017

  • Yaradılıb 11.05.2017 17:40
  • Yenilənib 03.11.2017 17:30
  • Nəşr edilib 10.05.2017 17:40

2017-ci ilin yanvar-sentyabr ayları ərzində Azərbaycan Respublikasında aqrar sektorun inkişafı

 

2017-ci ilin yanvar-sentyabr aylarında kənd təsərrüfatının ümumi məhsulunun faktiki qiymətlərlə dəyəri 5295,6 milyon manat təşkil etmişdir ki, onun da 2589,2 milyon manatı heyvandarlıq, 2706,4 milyon manatı isə bitkiçilik məhsullarının payına düşür. Keçən ilin müvafiq dövrü ilə müqayisədə kənd təsərrüfatının ümumi məhsulu 2,8 faiz, o cümlədən heyvandarlıq məhsulları üzrə 3 faiz, bitkiçilik məhsulları üzrə 2,6 faiz artmışdır.

Cari ilin yanvar-sentyabr aylarında əsas kapitala yönəldilmiş ümumi vəsaitin 211,5 milyon manatı kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahəsinə sərf edilmişdir.

Bitkiçilik. Ölkədə dənli və dənli paxlalıların yığımı əsasən başa çatmışdır. Oktyabrın 1-i vəziyyətinə dənli və dənli paxlalı bitkilərin (qarğıdalısız) əkin sahəsinin 99,7 faizi, yaxud 938,2 min hektarı biçilib və həmin sahələrdən 2683,8 min ton taxıl məhsulu götürülmüşdür. Hər hektardan orta hesabla 28,6 sentner məhsul yığılmışdır.

Bundan başqa, yığılacaq dən üçün qarğıdalı sahəsinin 79,4 faizindən, yaxud 28,6 min hektarından 178,7 min ton məhsul toplanmış, hər hektardan orta hesabla 62,4 sentner qarğıdalı dəni götürülmüşdür.

Qarğıdalı dəni nəzərə alınmaqla ölkə üzrə taxıl istehsalı 2862,5 min ton olmuşdur.

Respublikada digər bitkiçilik məhsullarının yığımı davam edir. 2017-ci il oktyabrın 1-i vəziyyətinə sahələrdən 862,5 min ton kartof, 434,0 min ton bostan məhsulları toplanmışdır. Hektarın orta məhsuldarlığı kartof üzrə 8 sentner, bostan məhsulları üzrə 11 sentner artmış və uyğun olaraq 149 və 186 sentnerə çatmışdır. 

Eyni zamanda, hesabat dövründə tarlalardan 1220,6 min ton (6,1 faiz çox) tərəvəz yığılmış, orta məhsuldarlıq 22 sentner artaraq 182 sentner təşkil etmişdir.

2017-ci ildə 136,4 min hektar sahədə pambıq, 14,9 min hektar sahədə dən üçün günəbaxan, 14,1 min hektar sahədə şəkər çuğunduru və 3,2 min hektar sahədə tütün əkilmişdir. Oktyabrın 1-i vəziyyətinə həmin sahələrdən 54,5 min ton və ya keçən ilin müvafiq dövrünə nisbətən 4,5 dəfə çox pambıq, 29,8 min ton (74,6 faiz çox) dən üçün günəbaxan, 173,4 min ton (2,9 dəfə çox) şəkər çuğunduru və 3,7 min ton (19,3 faiz çox) tütün yarpağı yığılmışdır.

Hesabat dövrünə 553,3 min ton və ya keçən ilin müvafiq dövrünə nisbətən 2,7 faiz çox meyvə və giləmeyvə, 109,6 min ton və ya 11,0 faiz çox üzüm toplanmışdır.

Bundan əlavə, oktyabrın 1-i vəziyyətinə çay plantasiyalarından 574,7 ton yaşıl çay yarpağı yığılmışdır.

 Təsərrüfatlarda 2018-ci ilin məhsulu üçün müvafiq işlər görülür. Cari ilin payızlıq əkinləri üçün 438,2 min hektar sahədə şum qaldırılmışdır. Gələn ilin məhsulu üçün 16,8 min hektar sahədə dən üçün payızlıqlar səpilmişdir. Ümumi əkinin 7,1 min hektarı və ya 42,5 faizi buğda, 8,5 min hektarı və ya 50,4 faizi arpa əkinləridir.

Heyvandarlıq. Keçən ilin müvafiq dövrü ilə müqayisədə 2017-ci ilin doqquz ayı ərzində ölkə üzrə diri çəkidə ət istehsalı 3,4 faiz artaraq 353,1 min ton, süd istehsalı 1,2 faiz artaraq 1523,3 min ton, yumurta istehsalı 7,3 faiz artaraq 1303,2 milyon ədəd olmuşdur.

Bundan başqa, cari ilin yanvar-sentyabr aylarında ölkədə 15,7 min ton yun və 245,2 ton yaş barama istehsal olunmuşdur. 

Oktyabrın 1-i vəziyyətinə təsərrüfatlarda 2702,6 min baş iribuynuzlu mal-qara, o cümlədən 1298,7 min baş inək və camış, 8667,3 min baş qoyun və keçi, 4,8 min baş donuz mövcud olmuşdur.

Cari ilin yanvar-sentyabr aylarında quşçuluq müəssisələrində diri çəkidə 57,4 min ton (15,7 faiz çox) quş əti və 568,4 milyon ədəd (14,2 faiz çox) yumurta istehsal edilmişdir. Ümumilikdə fabriklər üzrə quşların sayı 12,6 milyon baş olmuş, hər yumurtlayan toyuqdan orta hesabla 145 ədəd yumurta alınmışdır.

← Geriyə