2017

  • Yaradılıb 11.05.2017 17:36
  • Yenilənib 03.11.2017 17:25
  • Nəşr edilib 10.05.2017 17:40

2017-ci ilin yanvar-sentyabr ayları ərzində Azərbaycan Respublikasında qeyri-neft sektorunun inkişafı

 

2017-ci ilin yanvar-sentyabr ayları ərzində iqtisadiyyatın qeyri-neft sektorunda 31327.2 milyon manatlıq əlavə dəyər yaradılmış və ümumilikdə onun 56.5%-i sosial və digər xidmətlər, ticarət, nəqliyyat vasitələrinin təmiri və tikinti sahələrinin payına düşmüşdür.

 

Qrafik 1. Qeyri-neft sektorunda yaradılmış əlavə dəyərin sahələr üzrə bölgüsü

2017-ci ilin yanvar-sentyabr aylarında ölkə iqtisadiyyatının qeyri-neft sektorunda yaradılan əlavə dəyər əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2.5% artmışdır. Qeyri-neft sektorunda yaradılan əlavə dəyərin ÜDM-də xüsusi çəkisi 62.6% təşkil etmişdir. Qeyri-neft sektorunun alt sahələri üzrə ÜDM-ə ən çox müsbət töhfə verən sahələr nəqliyyat və anbar təsərrüfatı, ticarət və nəqliyyat vasitələrinin təmiri sahələri olmuşdur.

Qeyri-neft sektorunun bütün sahələrində yaradılmış əlavə dəyərin artım tempi əvvəlki ilin müvafiq dövrünə nisbətən yüksək olmuşdur. 2016-cı ilin müvafiq dövrünə nisbətən kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahəsində 2.8%, tikinti sahəsində 1.5%, ticarət və nəqliyyat vasitələrinin təmiri sahəsində 2.1%, nəqliyyat və anbar təsərrüfatı sahəsində 5.8%, turistlərin yerləşdirilməsi və ictimai iaşə sahəsində 3.2%, informasiya və rabitə sahəsində 6.2%, sosial və digər xidmətlər sahəsində 1% artım qeydə alınmışdır.

2017-ci ilin yanvar-sentyabr ayları ərzində qeyri-neft sənayesində yaradılan əlavə dəyərin həcmi əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 3.7% artaraq 2170.3 milyon manata çatmışdır. Hesabat dövründə yaradılmış ÜDM-də qeyri-neft sənayesinin xüsusi çəkisi 4.3%, qeyri-neft sektorunda yaradılmış əlavə dəyərdə qeyri-neft sənayesinin xüsusi çəkisi 6.9%, sənayedə yaradılan əlavə dəyərdə qeyri-neft sənayesinin payı 10.8% təşkil etmişdir.

Qeyri-neft sənayesində yaradılan əlavə dəyərin strukturunda mədənçıxarma sənayesinin xüsusi çəkisi 3.5%, emal sənayesinin xüsusi çəkisi 69.9%, elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatının xüsusi çəkisi 22.6%, su təchizatı, tullantıların təmizlənməsinin xüsusi çəkisi isə 4.0% təşkil etmişdir (Qrafik 2).

 

Qrafik 2. Qeyri-neft sənayesində yaradılmış əlavə dəyərin strukturu

2017-ci ilin yanvar-sentyabr aylarında qeyri-neft sənayesində 6704.2 milyon manatlıq məhsul istehsal edilmiş və əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə məhsul istehsalı 3.1% artmışdır. Hesabat dövründə qeyri-neft sənayesinin artımına ən çox müsbət töhfə verən qeyri-neft emal sahələri rezin və plastik kütlə məmulatlarının istehsalı, kimya sənayesi və tikinti materiallarının istehsalı sahələri olmuşdur.

Qeyri-neft sənayesinin məhsul istehsalında mədənçıxarma sənayesinin payı 222.7 milyon manat, emal sənayesinin payı 4997.6 milyon manat, elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatının payı 1261.5 milyon manat, su təchizatı, tullantıların təmizlənməsinin payı isə 222.4 milyon manat təşkil etmişdir (Qrafik 3).

 

Qrafik 3. Qeyri-neft sənayesinin ümumi buraxılışının strukturu

2017-ci ilin yanvar-sentyabr ayları ərzində məhsul istehsalı qeyri-neft emal sənayesinin əksər bölmələrində, o cümlədən qida məhsulları istehsalında (0.7%), tikinti materiallarının istehsalında (29.3%), kimya sənayesində (18.1%), rezin və plastik kütlə materiallarının istehsalında (85.2%), maşın və avadanlıqların istehsalında (27.7%), toxuculuq sənayesində (73.8%), elektrik avadanlıqları istehsalında (65.7%), kompüter, elektron və optik məhsulların istehsalında (35.0%), mebel istehsalında (16.6%), geyim istehsalında (37.9%) və s. sahələrdə artmışdır.

2017-ci ilin yanvar-sentyabr ayları ərzində iqtisadiyyatda əsas kapitala qoyulmuş cəmi investisiyaların 41.7%-i və ya 4623.0 milyon manatı qeyri-neft sektoruna yönləndirilmişdir. Əsas kapitala qoyulmuş investisiyaların 7.5%-i, qeyri-neft sektoruna yönləndirilən investisiyaların isə 18.1%-i və ya 834.3 milyon manatı qeyri-neft sənayesi bölməsinin inkişafında istifadə edilmişdir (Qrafik 4).

 

Qrafik 4. Əsas kapitala yönləndirilmiş investisiyaların strukturu

2017-ci ilin yanvar-sentyabr aylarında Pirallahı rayonunda “Pirallahı” Günəş Elektrik Stansiyası, Balaxanı Sənaye Parkı, Yevlax şəhərində Varvara balıqartırma və balıqyetişdirmə zavodu, Lənkəran şəhərində Çəltik zavodu, “Xəzər Palace” otel kompleksi, Balakən rayonunda Balakən Su Elektrik Stansiyası, Cəlilabad rayonunda dənli və paxlalı bitkilərin təmizlənməsi və qablaşdırılması müəssisəsi, Gədəbəy rayonunda limonad zavodu, 35/10 kV-luq “Gədəbəy” elektrik yarımstansiyası, Göygöl rayonunda “Çiçəkli” Su Elektrik Stansiyası, Qax rayonunda 110/35/10 kV-luq elektrik yarımstansiyası, Neftçala rayonunda Neftçala Sənaye Məhəlləsi, 110/35/6 kV-luq “Neftçala” yarımstansiyası, Saatlı rayonunda 110/35/10 kV-luq “Sarıcalar” elektrik yarımstansiyası, Salyan rayonunda 110/35/10 kV-luq “Qaraqaşlı” yarımstansiyası, “Şəmkir Aqroparkı”nın Logistika Mərkəzi, “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin Şəmkir filialı, Zaqatala rayonunda “Bəhmətli” elektrik yarımstansiyası və s. obyektlər istifadəyə verilmişdir.

 

← Geriyə