2017

  • Yaradılıb 11.05.2017 17:42
  • Yenilənib 03.11.2017 17:27
  • Nəşr edilib 10.05.2017 17:42

2017-ci ilin yanvar-sentyabr ayları ərzində Azərbaycan Respublikasında sosial sahənin inkişafı

 

Əhalinin gəlirləri. İlkin məlumatlara görə, 2017-ci ilin yanvar-sentyabr aylarında ölkə əhalisinin nominal gəlirləri əvvəlki ilin eyni dövrü ilə müqayisədə nominal ifadədə 8 faiz artaraq 36247 milyon manata çatmışdır. Əhalinin hər nəfərinə düşən gəlirlər orta hesabla 3728 manat və ya ayda 414.2 manat təşkil edərək 6.9 faiz artmışdır.

Bu dövr ərzində gəlirlərin 85.8 faizi son istehlak xərclərinə, 8.5 faizi vergilər, sosial sığorta və könüllü üzvlük haqlarının, 1.8 faizi kreditlər üzrə faizlərin ödənilməsinə sərf edilmiş, 3.9 faizi isə yığıma yönəldilmişdir.

Bütün icbari və könüllü ödənişlər edildikdən sonra əhalinin sərəncamında 33157.3  milyon manatlıq (onun hər nəfərə düşən həcmi 3410.2 manat) və ya əvvəlki ilin müvafiq dövrünə nisbətən 6.7 faiz çox vəsait qalmışdır.

Əmək haqqı. 2017-ci ilin yanvar-avqust aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əmək haqqı 2016-cı ilin müvafiq dövrünə nisbətən 7.4 faiz artaraq 524.7 manat təşkil etmişdir. Əmək haqqı neft sektorunda 3083,4 manat, qeyri-neft sektorunda 464,5 manat təşkil etmişdir. Dövlət müəssisələrində çalışan işçilərin əmək haqları 391,8 manat, özəl müəssisələrdə çalışan işçilərin əmək haqları isə 711,8 manat olmuşdur.

Mədənçıxarma sənayesində, maliyyə və sığorta fəaliyyəti, tikinti, informasiya və rabitə, eləcə də peşə, elmi və texniki fəaliyyət sahələrində orta aylıq nominal əmək haqqı ölkə üzrə orta göstəricidən yüksək olmuşdur.

Demoqrafik vəziyyət. Ölkə əhalisinin sayı ilin əvvəlindən 57 269 nəfər və ya 0.6 faiz artaraq 2017-ci il sentyabr ayının 1-i vəziyyətinə 9 867 250 nəfərə çatmışdır. Əhalinin bir kvadrat kilometrə olan sıxlığı 114 nəfər olmuşdur.

Ölkə əhalisinin ümumi sayından 53 faizi şəhər, 47 faizi kənd sakinləridir, 49,9 faizini kişilər, 50,1 faizi isə qadınlar təşkil edir.

Cari ilin yeddi ayı ərzində ölkədə 95 395 doğulan körpə qeydə alınmış və bu göstərici əhalinin hər 1000 nəfərinə 14,7 təşkil etmişdir. Doğulan körpələrin 53 faizi oğlan, 47 faizi isə qız uşaqlarından ibarət olmuşdur.

Məşğulluq və işsizlik. 2017-ci il oktyabrın 1-i vəziyyətinə ilkin məlumatlara əsasən iqtisadi fəal əhalinin sayı 5071,6 min nəfər olmuş, onlardan 4821,2 min nəfərini məşğul olan əhali təşkil etmişdir.

Cari il sentyabrın 1-i vəziyyətinə muzdla işləyənlərin sayı 1526,3  min nəfər, o cümlədən iqtisadiyyatın dövlət sektorunda 875,8 min nəfər, qeyri-dövlət sektorunda isə 650,5  min nəfər təşkil etmişdir. İqtisadiyyatın neft sektorunda 34,3 min nəfər, qeyri neft sektorunda isə 1492,0 min nəfər çalışmışdır.

Müəssisə və təşkilatlarda muzdla çalışan işçilərin 23,5 faizi məhsul istehsalı sahələrində, o cümlədən 7,5 faizi tikintidə, 6,8 faizi emal sənayesində, 3,2 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahələrində, 2,2 faizi mədənçıxarma sənayesində, 1,7 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 2,1 faizi su təchizatı, tullantıların təmizlənməsi və emalı sahələrində məşğul olmuşdur.

2017-ci ilin yanvar-avqust aylarında bir işçiyə düşən orta aylıq işlənmiş iş saatlarının miqdarı 151,7 saat təşkil etmişdir.

2017-ci il sentyabr ayının 1-i vəziyyətinə məşğulluq xidməti orqanları tərəfindən ölkə üzrə rəsmi işsiz statusu verilmiş şəxslərin sayı 36,8 min nəfər olmuş, onların 37,2 faizini qadınlar təşkil etmişdir. İşsizliyə görə müavinətin orta məbləği 258,5 manat olmuşdur. 

← Geriyə