2017

  • Yaradılıb 11.05.2017 17:29
  • Yenilənib 09.02.2018 17:25
  • Nəşr edilib 10.05.2017 17:29

2017-ci ildə Azərbaycan Respublikasinin

sosial-iqtisadi inkişafina dair

Arayiş

 

Prezident İlham Əliyevin rəhbərliyi ilə son illər ərzində ölkəmizdə iqtisadiyyatın davamlı və rəqabətqabiliyyətli inkişafı istiqamətində çoxşaxəli iqtisadi islahatlar həyata keçirilmiş, o cümlədən regionların sosial-iqtisadi inkişafının təmin edilməsi, iqtisadiyyatın diversifikasiyası, qeyri-neft ixracının artırılması üzrə kompleks tədbirlər görülmüş, dövlət-sahibkar münasibətlərinin inkişaf etdirilməsi, biznes və investisiya mühitinin yaxşılaşdırılması, qeyri-neft sektorunun stimullaşdırılması, o cümlədən özəl sektora təşviq mexanizmlərinin tətbiqi, aqrar sektora dövlət qayğısının artırılması, kiçik və orta sahibkarlığın dəstəklənməsi məsələləri diqqət mərkəzində saxlanılmışdır.

2017-ci il dərin iqtisadi islahatlar və sabitləşmə ili olmuş, ölkədə makroiqtisadi sabitlik təmin edilmiş, ölkə iqtisadiyyatı yeni inkişaf mərhələsinə qədəm qoymuşdur. Respublikada biznes mühitinin əlverişliyinin artırılması istiqamətində kompleks tədbirlər davam etdirilmiş, sahibkarlığın inkişafı istiqamətində səylər gücləndirilmiş, iqtisadiyyatın diversifikasiyası və regionların sosial–iqtisadi inkişafı istiqamətində kompleks tədbirlər görülmüşdür.

Hesabat ilində, Azərbaycan Respublikası Prezidentinin 6 dekabr 2016-cı il tarixli müvafiq Fərmanı ilə təsdiq edilmiş Milli iqtisadiyyat və iqtisadiyyatın 11 əsas sektorları üzrə strateji yol xəritələri  çərçivəsində, fiskal dayanıqlılığın gücləndirilməsi və davamlı monetar siyasətin qəbul edilməsi, özəlləşdirmə və dövlət mülkiyyətində olan müəssisələrlə bağlı islahatların həyata keçirilməsi, insan kapitalının və əlverişli biznes mühitinin inkişaf etdirilməsi, kiçik və orta sahibkarlıq fəaliyyəti üçün biznes mühitinin və tənzimləyici bazanın yaxşılaşdırılması, KOS subyektlərinin maliyyə resurslarına sərfəli və səmərəli çıxışının təmin edilməsi, xarici bazarlara çıxış imkanlarının artırılması, innovasiyaların təşviqi, rəqabətədavamlı sektorun yaradılması, kənd təsərrüfatı məhsulları istehsalçılarının istehsal vasitələrinə, daxili və xarici bazarlara çıxışının asanlaşdırılması, daxili bazarda idxalı əvəzləyən zəruri ərzaq məhsullarının istehsalının artırılması, qida təhlükəsizliyinin gücləndirilməsi, kənd yerlərində məşğulluq imkanlarının artırılması, Azərbaycan üzərindən ticarət həcminin artırılması üçün əlverişli mühitin yaradılması, tranzit ticarətindən daha yüksək dəyərin əldə edilməsi və digər istiqamətlər üzrə  müəyyən edilmiş tədbirlərin icrası uğurla davam etdirilmişdir.

Görülmüş işlərin nəticəsində ölkədə 2017-ci ildə ÜDM real ifadədə 0.1% artaraq cari qiymətlərlə 70.1 milyard manat olmuşdur. Adambaşına düşən ÜDM-in həcmi 7205.0 manat təşkil etmişdir.

2017-ci ildə ÜDM-in qeyri-neft sektoru real ifadədə 2.7% artmışdır. Qeyd edək ki, 2016-cı ilə nisbətən 2017-ci ildə qeyri-neft sənayesi 3.8%, rabitə sahəsi 6.6%, turistlərin yerləşdirilməsi və ictimai iaşə sahəsi 5.9%, ticarət sahəsi 2.5%, kənd təsərrüfatı 4.2%, nəqliyyat və anbar təsərrüfatı 8.5% artmışdır.

Neft-qaz sektoru üzrə 2017-ci ildə 2016-cı ilə nisbətən 5.0%  azalma qeydə alınmışdır. Bu sektorun ÜDM-də xüsusi çəkisi 37.2% olmuşdur.

2017-ci ildə ölkədə iqtisadiyyatın və sosial sahələrin inkişafına bütün maliyyə mənbələri hesabına 15550.8 mln. manat əsas kapitala investisiya yönəldilmişdir. Əsas kapitala qoyulmuş vəsaitin 44.6%-ni daxili investisiyalar, 55.4%-ni isə xarici investisiyalar təşkil etmişdir. 2017-ci ildə əsas kapitala yönəldilmiş ümumi investisiyaların 7102.2 milyon manatı (45.7%-i) qeyri-neft bölməsinin, 8448.6 milyon manatı (54.3%-i) isə neft bölməsinin inkişafında istifadə edilmişdir.

Dünya iqtisadiyyatında 2016-cı ilin ikinci yarımilindən başlayaraq iqtisadi artım templərində müşahidə olunan sürətlənmənin 2017-ci ildə də davam etməsi və neft ixrac edən ölkələrin neft təklifini məhdudlaşdıran razılaşmalar əldə etməsi ilə aşağı neft qiymətlərinin tədricən yüksəlməsi, ölkədə qeyri-neft sektorunun inkişafı ilə bağlı həyata keçirilən islahatlar Azərbaycan iqtisadiyyatına müsbət təsir göstərmişdir. İxrac gəlirlərinin əhəmiyyətli dərəcədə artması, qeyri-neft ixracının genişləndirilməsi və idxalın əvəzlənməsi istiqamətində həyata keçirilən islahatlar nəticəsində milli valyutada sabitləşmə müşahidə olunmuşdur.

Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin məlumatlarına əsasən, 2017-ci ilin yanvar-noyabr aylarında xarici ticarət dövriyyəsi 21.8 mlrd. ABŞ dolları, o cümlədən, ixrac 14.0 mlrd. ABŞ dolları, idxal isə 7.8 mlrd. ABŞ dolları olmaqla 6.2 mlrd. ABŞ dolları həcmində müsbət ticarət saldosu yaranmışdır. Bu dövr ərzində qeyri-neft ixracı əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 24,1%, o cümlədən kənd təsərrüfatı və emalı məhsulları ixracı 28,3%, sənaye məhsulları ixracı isə 20,5% artmışdır.

Qlobal iqtisadiyyatda baş verən proseslər region ölkələrində olduğu kimi Azərbaycanda da ən çox bank sektoruna təsir göstərmişdir. Bununla əlaqədar ölkədə maliyyə sabitliyini qorumaq, bank sisteminin dayanıqlığını təmin etmək, əmanətçilərin bank sisteminə etibarını gücləndirmək məqsədilə illik faiz dərəcəsi xarici valyutada 3%-dək və milli valyutada 15%-dək olan əmanətlərin tam şəkildə sığortalanması həyata keçirilir.

2017-ci ildə əhaliyə istehlak bazarında satılmış əmtəələrin və göstərilmiş xidmətlərin ümumi həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 2.2% artaraq 45305.9 mln. manata bərabər olmuşdur. 2016-cı  illə müqayisədə əmtəə dövriyyəsi 2.5%, əhaliyə göstərilən pullu xidmətlərin həcmi isə 1.2% artmışdır. 2017-ci ildə ölkə sakinləri ticarət şəbəkəsindən 17.9 milyard  manatlıq ərzaq məhsulları və 17.4 milyard  manatlıq qeyri-ərzaq malları almış və bu göstəricilərin həcmi ötən ilin eyni dövrünə nəzərən müvafiq olaraq 1.9% və 3.1% artmışdır.

2017-ci ilin yanvar-noyabr aylarında  ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq əmək haqları 2016-cı  ilin eyni dövrü  ilə müqayisədə 6.2% artaraq 525.0 manat təşkil etmişdir. 2017-ci ildə əhalinin hər nəfərinə düşən nominal gəlirləri isə 7.2%  artaraq 5050.5 manata çatmışdır.

← Geriyə