Xəbərlər

  • Yaradılıb 16.03.2018 16:53
  • Yenilənib 16.03.2018 16:53
  • Nəşr edilib 16.03.2018 16:50

Azərbaycan-Rumıniya iqtisadi əlaqələrinin genişləndirilməsinə dair müzakirələr aparılıb

 

İqtisadiyyat naziri, Azərbaycan Respublikası Hökuməti və Rumıniya Hökuməti arasında elmi-texniki əməkdaşlıq və ticarət-iqtisadi əlaqələr üzrə Müştərək Komissiyanın həmsədri Şahin Mustafayev 6-cı Qlobal Bakı Forumunda iştirak etmək üçün ölkəmizdə səfərdə olan Rumıniyanın Baş nazirinin müavini Ana Birçall ilə görüşüb.

Görüşdə Şahin Mustafayev Azərbaycan və Rumıniya arasında müxtəlif sahələrdə əlaqələrin uğurla inkişaf etdiyini, əməkdaşlığın genişlənməsində qarşılıqlı səfərlərin önəmini vurğulayıb, Azərbaycan və Rumıniya arasında 2009-cu ildə strateji tərəfdaşlığa dair Bəyannamə imzalandığını qeyd edib. Bildirilib ki, Azərbaycan-Rumıniya əməkdaşlığının inkişafı məqsədilə bir sıra birgə qurumlar - parlamentlərarası əlaqələr üzrə dostluq qrupları və Müştərək Komissiya fəaliyyət göstərir. Ölkələrimiz arasında əlaqələrin inkişafında Azərbaycan Respublikası Hökuməti və Rumıniya Hökuməti arasında elmi-texniki əməkdaşlıq və ticarət-iqtisadi əlaqələr üzrə Müştərək Komissiyanın fəaliyyətini qeyd edən Şahin Mustafayev komissiyanın növbəti iclasının keçirilməsinə dair fikirlərini bölüşüb. Ölkəmizin Rumıniya ilə əlaqələrin genişləndirilməsində maraqlı olduğunu qeyd edən Şahin Mustafayev enerji, sənaye, nəqliyyat-tranzit, ticarət, turizm, kənd təsərrüfatı, İKT sahələrində əməkdaşlıq perspektivlərini vurğulayıb. Diqqətə çatdırılıb ki, ölkələrimiz arasında 2017-ci ildə ticarət dövriyyəsi 69% artıb və Azərbaycan qeyri-neft sektorunda əlaqələrin inkişafında maraqlıdır. Rumıniya şirkətləri ölkəmizdə yaradılan sənaye parklarında investor qismində iştirak edə, Azərbaycanın nəqliyyat-tranzit infrastrukturundan (Bakı-Tbilisi-Qars, Beynəlxalq Dəniz Limanı, Cənub-Qərb marşrutu) istifadə oluna bilər. Nazir Şahin Mustafayev Azərbaycanın nəqliyyat-tranzit potensialının digər ölkələrin diqqət mərkəzində olduğunu və bu istiqamətdə müxtəlif təşviqedici tədbirlərin keçirildiyini vurğulayıb. Limanlararası əməkdaşlığın mümkünlüyünü qeyd edən iqtisadiyyat naziri bu ilin mayında Bakıda bu sahədə beynəlxalq tədbirin keçiriləcəyini və Rumıniyanın iştirakının da əhəmiyyətli olacağını diqqətə çatdırıb.

Rumıniyanın Baş nazirinin müavini Ana Birçall ölkəmizə səfəri çərçivəsində Azərbaycan Respublikasının Prezidenti tərəfindən qəbul edilməsini və aparılan müzakirələri yüksək qiymətləndirib, nəqliyyat, enerji, tranzit sahələrində əlaqələrin genişləndirilməsi üçün böyük imkanların olduğunu vurğulayıb. Ana Birçall Rumıniyanın Cənub Qaz Dəhlizinə maraq göstərdiyini diqqətə çatdırıb.

Görüşdə Azərbaycan Respublikası Hökuməti və Rumıniya Hökuməti arasında elmi-texniki əməkdaşlıq və ticarət-iqtisadi əlaqələr üzrə Müştərək Komissiyanın növbəti iclasının, iş adamlarının iştirakı ilə biznes forumun keçirilməsinə və qarşılıqlı maraq doğuran digər məsələlərə dair fikir mübadiləsi aparılıb.

← Geriyə