Xəbərlər

  • Yaradılıb 04.05.2018 18:26
  • Yenilənib 04.05.2018 18:26
  • Nəşr edilib 04.05.2018 18:25

Azərbaycan və Qətər arasında investisiya qoyuluşu sahəsində əməkdaşlığın genişləndirilməsi müzakirə edilib

 

Mayın 4-də Bakı Biznes Mərkəzində Qətər Əmirliyinin “Barva Bank”ının sədri Şeyx Mohamedin Hamad Al-Taninin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.

İqtisadiyyat nazirinin müavini Niyazi Səfərov Azərbaycan ilə Qətər Əmirliyi arasında əlaqələrin dostluq və qardaşlıq münasibətlərinə əsaslandığını, yüksək səviyyəli qarşılıqlı rəsmi səfərlərin əməkdaşlığın genişlənməsində mühüm əhəmiyyətini vurğulayıb. Görüşdə Azərbaycan iqtisadiyyatı barədə məlumat verilib, Azərbaycanın Qətər Əmirliyi ilə uğurlu əməkdaşlıq etdiyi, birgə biznes forumların, işgüzar görüşlərin təşkil olunduğu qeyd edilib. Ötən il Qətərə Azərbaycanın ixrac missiyası təşkil edilib və bir sıra razılaşmalar əldə olunub. Azərbaycanda yaradılmış güclü iqtisadi potensial, əlverişli biznes və investisiya mühiti, sahibkarlara göstərilən dövlət dəstəyi mexanizmləri ölkəmizin investisiya cəlbediciliyini daha da artırır və investorlar, eləcə də Qətər sərmayəçiləri üçün geniş imkanlar açır.

Qətər nümayəndə heyətinin rəhbəri, “Barva Bank”ın sədri Şeyx Mohamedin Hamad Al-Tani Qətər iqtisadiyyatı barədə məlumat verib, qarşılıqlı investisiya qoyuluşu istiqamətləri barədə fikirlərini bölüşüb.

Görüşdə iqtisadiyyatın müxtəlif sahələri üzrə əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə edilib.

← Geriyə