Sahibkarlığa dəstək

  • Yaradılıb 17.04.2015 12:26
  • Yenilənib 17.04.2015 12:26
  • Nəşr edilib 17.04.2015 12:26

Biznes inkubatorlar

 

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilən sosial-iqtisadi siyasət nəticəsində ölkəmizdə davamlı və dayanıqlı iqtisadi inkişaf, makroiqtisadi sabitlik təmin edilmiş, əlverişli biznes və investisiya mühiti yaradılmış, sahibkarlıq fəaliyyəti genişləndirilmişdir. Bu gün iqtisadiyyatın diversifikasiyası, qeyri-neft sektorunun inkişafı prioritet istiqamətlərdəndir və bu sahədə özəl sektor xüsusi rol oynayır. Dövlət başçısının "Ölkəmizin inkişafı sahibkarlığın inkişafından asılıdır" strateji xəttinə uyğun olaraq, Azərbaycanda innovativ sahibkarlığın stimullaşdırılması üçün özəl bölməyə xüsusi diqqət göstərilir, müxtəlif istiqamətlər üzrə dövlət dəstəyi tədbirləri davam etdirilir. Bu siyasətə uyğun olaraq, ölkəmizdə investisiya mühitinin daha da yaxşılaşdırılması, sahibkarlıq fəaliyyətinin genişləndirilməsi üçün müvafiq innovasiya strukturlarının - innovasiya mərkəzlərinin, biznes inkubatorların, sənaye və texnoloji parkların yaradılması nəzərdə tutulur və artıq bu sahədə əhəmiyyətli işlər görülmüşdür.
Azərbaycanda biznes inkubatorların yaradılması istiqamətində də tədbirlər həyata keçirilməkdədir. Belə ki, gənclərin məşğulluğunun təmin edilməsi, onların sahibkarlıq fəaliyyətinə cəlb edilməsinin təşviq olunmasına dair Azərbaycan Respublikasının Prezidentinin müvafiq tapşırıqlarını və müxtəlif dövlət proqramlarında biznes inkubatorların yaradılmasına dair müəyyən olunmuş tədbirlərin icrasını təmin etmək məqsədilə İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən 2013-cü ildən "Azərbaycan gənclərinin sahibkarlıq fəaliyyətində iştirakının dəstəklənməsi layihəsi"nin icrasına başlanılmışdır. Layihə çərçivəsində təşəbbüskar gənclər üçün biznes inkubatorların yaradılması da nəzərdə tutulmuşdur. Biznes inkubatorların yaradılması ilə ölkəmizdə sahibkarlığa göstərilən dövlət dəstəyi, biznes və investisiya mühitinin daha da yaxşılaşdırılması tədbirləri davam etdiriləcək, innovativ və perspektivli biznes sahələrinin inkişafına, eləcə də gənclərin məşğulluq səviyyəsinin artırılmasına nail olunacaqdır.
Biznes inkubator – yeni fəaliyyətə başlayan sahibkarlıq subyektlərinin, o cümlədən gənclərin səmərəli sahibkarlıq fəaliyyətini təmin etmək məqsədilə onlara kompleks texniki-təşkilati və inzibati-təsərrüfat xidmətləri göstərən resurs mərkəzidir. İlk biznes inkubatorlar ötən əsrin 50-ci illərində ABŞ-da meydana gəlib. Hazırda biznes inkubatorlar bütün dünyada mövcuddur və müvəffəqiyyətlə fəaliyyət göstərir. Ümumiyyətlə, biznes inkubatorlarda sahibkarlıq fəaliyyətinə yeni başlayanlara müxtəlif xidmətlər göstərilir və hər bir inkubatorda bu xidmətlərin sayı fərqli olur. Biznes inkubatorlarda göstərilən başlıca xidmətlər əsasən, ofisin zəruri avadanlıqlarla təmin olunması, mühasibat uçotunun, kargüzarlığın aparılması, biznesin irəliləməsi strategiyasının hazırlanmasında məsləhətlər, sərmayə axtarışı, biznesin aparılması və bu sahədə uğura nail olunması üçün müxtəlif təlimlərin, seminarların keçirilməsi və digər xidmətlərdir.
Azərbaycanda da biznes inkubatorun yaradılması istiqamətində ilk addım atılmışdır. Belə ki, 10 sentyabr 2014-cü il tarixində Xaçmaz rayonunda Quba-Xaçmaz Regional İnkişaf Mərkəzində biznes inkubator fəaliyyətə başlamışdır. Biznes inkubatorun yaradılmasının əsas məqsədi Quba-Xaçmaz iqtisadi rayonunda gənclərin sahibkarlıq təşəbbüsünün dəstəklənməsi, yeni biznes və məşğulluq imkanlarının yaradılması, sahibkarlara göstərilən dövlət dəstəyinin gücləndirilməsidir.
Biznes inkubatorda ilkin olaraq 20 gənc turizm, istehsal, kənd təsərrüfatı və xidmət sahələrində sahibkar kimi hazırlanması üçün seçilmişdir. Biznes inkubatorun fəaliyyəti üçün Quba-Xaçmaz Regional İnkişaf Mərkəzinin 2 mərtəbəsində 500 kv. metrə yaxın sahə ayrılmış və müasir tələblərə cavab verən ofis avadanlıqları ilə təchiz olunmuşdur. Burada gənclərə sahibkarlıq fəaliyyətinə başlamaq üçün nəzəri və praktik məlumatlar veriləcək, biznesin planlaşdırılması və idarə edilməsi, investisiya layihələrinin və biznes planların hazırlanması, marketinq araşdırmalarının aparılması, sərgilərin təşkili, potensial biznes tərəfdaşlarla əlaqələrin qurulması və digər məsləhət xidmətləri göstəriləcəkdir. Sonda verilmiş biliklərin gənclər tərəfindən mənimsənilməsi səviyyəsinin öyrənilməsi üçün monitorinqlərin keçirilməsi, nəticələrin təhlili və qiymətləndirilməsi planlaşdırılır.
Bu layihənin davamı olaraq, Balaxanı Sənaye Parkında, Sumqayıt Kimya Sənaye Parkında, Aran Regional İnkişaf Mərkəzində və s. biznes inkubatorların yaradılması nəzərdə tutulmuşdur.

← Geriyə