İqtisadi təşkilatlarla əməkdaşlıq

  • Yaradılıb 01.10.2012 11:25
  • Yenilənib 06.02.2018 14:10
  • Nəşr edilib 01.10.2012 11:25

BMT-nin qurum və təşkilatları

 

Azərbaycan Respublikası 2 mart 1992-ci ildən Birləşmiş Millətlər Təşkilatının üzvüdür. Bu illər ərzində ölkəmiz BMT-nin müxtəlif ixtisaslaşmış qurumlarının fəaliyyətində yaxından iştirak etmiş, təşkilatın Baş Assambleyasından ekspertlər səviyyədə işçi qurumlarına qədər geniş təmsil olunmuşdur. Azərbaycan Respublikası 2011-ci ildə 2 il müddətinə BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilmişdir. İqtisadi əlaqələrin inkişafı və Azərbaycanın BMT-nin qurumlarına inteqrasiyası baxımından Birləşmiş Millətlər Sənaye və İnkişaf Təşkilatını, Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramını və BMT-nin Mərkəzi Asiya iqtisadiyyatları üçün Xüsusi Proqramını (SPECA) qeyd etmək olar.

 

Birləşmiş Millətlərin Sənaye İnkişafı Təşkilatı (UNİDO)

 

Ümumi məlumat. Birləşmiş Millətlərin Sənaye İnkişafı Təşkilatı (UNİDO) BMT-nin Baş Assambleyası tərəfindən 1966-cı ildə yaradılmışdır. UNİDO yarandığı gündən hökumətlərlə, biznes assosiasiyaları və özəl şirkətlərlə sənaye məsələləri ilə bağlı problemləri həll etməklə məşğuldur. 1986-cı ilin yanvarın 1-də sənayenin inkişafına və əməkdaşlığa kömək etmək məqsədilə UNİDO BMT-nin ixtisaslaşdırılmış qurumuna çevrilmişdir. Hal-hazırda bu təşkilata 172 dövlət daxildir.

Məqsədi: İnkişaf etməkdə olan və keçid dövrü yaşayan ölkələrdə sənayenin inkişafını dəstəkləmək, rəqabətə davamlı sənaye istehsalını inkişaf etdirmək, beynəlxalq sənaye ortaqlıqlarının meydana gəlməsinə kömək etmək, ictimai cəhətdən ədalətli və ekologiyaya zərər vurmayan sənaye inkişafını gücləndirmək.

Azərbaycanla əməkdaşlıq: Azərbaycan Respublikası 1993-cü ildən Birləşmiş Millətlərin Sənaye İnkişafı Təşkilatının üzvüdür. Təşkilat çərçivəsində Azərbaycan 2000-ci ildə "Sənaye inkişafı sahəsində əməkdaşlıq haqqında Memorandum" imzalamışdır. 2005-ci ildə Azərbaycan ilə Təşkilat arasında "2005-2010-cu illər üzrə Əməkdaşlıq haqqında Çərçivə Proqramı" imzalanmışdır. Təşkilat tərəfindən Azərbaycanda bir sıra sahələrdə, o cümlədən enerji səmərəliliyinin artırılması, milli sənaye statistik proqramların inkişafı, kiçik və orta sahibkarlığın dəstəklənməsi, ətraf mühitin yaxşılaşdırılması və s. sahələrdə müxtəlif layihələr həyata keçirilir. 2010-cu ilin iyul ayında təşkilatın Baş Direktoru Kandeh Yumkella Azərbaycana səfər etmişdir.

17-18 aprel 2012-ci il tarixlərində Azərbaycanda UNİDO təşkilatçılığı ilə sənaye parkları üzrə regional konfransı keçirilmişdir.

2014-cü ilin 26-27 noyabr tarixlərində Bakıda sənaye ili çərçivəsində görüləcək işlərin ümumi yekunu olaraq, “XXI əsrdə sənaye siyasətinin əsas trendləri, müasir yanaşma və təcrübələr” mövzusunda beynəlxalq konfrans keçirilmişdir. Konfrans çərçivəsində UNİDO ilə əməkdaşlığa dair 2014-2018-ci illər üzrə Çərçivə Proqramı nazir Şahin Mustafayev və UNİDO-nun Biznes, investisiya və texnologiya xidmətləri bölməsinin direktoru Mohamed Lamine Dhaoui tərəfindən imzalanmışdır. Hazırda UNİDO İqtisadiyyat Nazirliyi ilə birlikdə “Yeni İpək Yolu İqtisadi Kəmərində əhatəli və davamlı sənaye inkişafının sürətləndirilməsi: Azərbaycanda, Tacikistanda, Türkmənistanda və Özbəkistanda sənaye parklarının potensialından istifadə” regional layihəsi həyata keçirilir.

27 noyabr-1 dekabr 2017-ci il tarixlərində Vyana şəhərində BMT-nin Sənaye İnkişafı Təşkilatının (UNİDO) 17-ci sessiyası keçirilmişdir. Tədbirdə nazir müavini iştirak etmişdir.

 

Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün BMT-nin Xüsusi Proqramı (SPECA)

 

Ümumi məlumat. BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramı (SPECA) keçid dövrünü yaşayan Mərkəzi Asiya ölkələri ilə BMT-nin birgə tədbiridir. Proqramın əsas məqsədləri və fəaliyyət istiqamətləri 26 mart 1998-ci ildə qəbul olunmuş Daşkənd Bəyannaməsində öz əksini tapmışdır.

Proqramın iştirakçıları. BMT-nin Avropa üçün İqtisadi Komissiyası (UNECE), BMT-nin Asiya və Sakit Okean üzrə İqtisadi və Sosial Komissiyası (UNESCAP), Azərbaycan, Qazaxıstan, Tacikistan, Qırğızıstan, Türkmənistan, Özbəkistan və Əfqanıstan.

Proqramın məqsədləri. Region ölkələrinin inteqrasiyasının dəstəklənməsi və dünya iqtisadiyyatına qoşulmalarının təşviqi, prioritetlərin maliyyələşdirilməsinə daxili və xarici resursların cəlb olunması, region ölkələrində BMT-nin Avropa üçün İqtisadi Komissiyasının, Asiya və Sakit Okean regionu üçün İqtisadi və Sosial Komissiyasının standart və normalarının daha fəal tətbiq olunması.

SPECA və Azərbaycan. Azərbaycan 28-29 noyabr 2002-ci ildə Bişkek şəhərində keçirilmiş Regional Məşvərət Komitəsinin 4-cü sessiyasında Proqrama üzv qəbul edilmişdir. 2006-cı ildə Bakıda Proqramın İdarəetmə Şurasının 1-ci iclası və Biznes-Forum keçirilmişdir. 2007-ci ildə Xarici İşlər və İqtisadi İnkişaf Nazirlikləri tərəfindən irəli sürülmüş Ticarətə Yardım mexanizminə qoşulmaq təşəbbüsü üzrə 1-2 dekabr 2010-cu il tarixlərində Bakı şəhərində Nazirlər Görüşü keçirilmişdir.

2012-ci ilin 26-28 noyabr tarixlərində Taylandın Banqkok şəhərində SPECA-nın İdarəetmə Şurasının 7-ci iclası, o cümlədən Ticarət üzrə Layihə İşçi Qrupunun 7-ci sessiyası və İqtisadi Forum keçirilmişdir.

2013-cü ilin 8-11 iyul tarixlərində İsveçrənin Cenevrə şəhərində SPECA-ya üzv dövlətlərin ticarətə yardım layihəsi barədə tədbir keçirilmişdir. Tədbirdə milli inkişaf fəaliyyət planına baxılmış və 2014-cü il üçün daha təkmilləşmiş formasının hazırlanacağına dair müzakirələr aparılmışdır.

19-22 noyabr 2013-cü il tarixlərində Almatı şəhərində "SPECA həftəsi" çərçivəsində Rəhbər Şuranın 8-ci sessiyasının və SPECA-nın 2013-cü il iqtisadi Forumu keçirilmişdir.

2014-cü ilin 10-12 fevral tarixlərində Ticarət Komitəsinin 6-cı sessiyası, 12-14 fevral tarixlərində isə Cenevrə şəhərində İqtisadi Əməkdaşlıq və İnteqrasiya Komitəsinin 8-ci sessiyası keçirilmişdir.

2015-ci ilin 10-12 noyabr tarixlərində Tacikistanın Düşənbə şəhərində keçirilmiş SPECA-nın İqtisadi Forumu və İdarəetmə Şurasının iclasında iqtisadiyyat və sənaye nazirinin müavininin rəhbərliyi ilə nümayəndə heyətinin iştirakı təmin olunmuşdur.

2016-cı ildə SPECA-ya Azərbaycan sədrlik etmişdir. Sədrlik dövründə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin və BMT-nin Avropa üçün İqtisadi Komissiyasının həmsədrliyi ilə 22-23 noyabr tarixlərində Gəncə şəhərində SPECA-nın İqtisadi Forumu və İdarəetmə Şurasının 11-ci iclası təşkil edilmişdir.

2017-ci ilin birinci yarımilliyi ərzində SPECA Katibliyi Azərbaycan tərəfinə sorğu göndərərək 2016-cı ildə ölkəmizdə keçirilmiş tədbirlərdən razı qaldıqlarını və Azərbaycanın 2017-ci ildə də SPECA-ya sədrlik etməsini xahiş etmişdir.

5-6 dekabr 2017-ci il tarixlərində Tacikistanın Düşənbə şəhərində keçirilmiş BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramının (SPECA) İqtisadi Forumu və SPECA İdarəetmə Şurasının 12-ci sessiyasında İqtisadiyyat Nazirliyinin nümayəndələri iştirak etmişdirlər.

 

BMT-nin Davamlı İnkişaf üzrə Konfransı

 

Ümumi məlumat. BMT-nin Avropa üzrə İqtisadi Komissiyası (UNECE) tərəfindən 2012-ci ilin 20-22 iyun tarixlərində Rio-de-Janeyroda BMT-nin Davamlı İnkişaf üzrə Konfransının keçirilmişdir. Konfransla əlaqədar BMT üzv ölkələri Konfransın "Rio+20" yekun sənədində öz inkişaf ehtiyaclarını müəyyənləşdirən, onların həlli üçün əməkdaşlıq prioritetlərini, Minilliyin İnkişaf Məqsədlərinə uyğun olaraq ölkələrin əldə etdiyi sosial-iqtisadi inkişafı əks etdirən "Tərəqqi Hesabatı" tərtib edilmişdir.

Davamlı İnkişaf üzrə Konfrans 1992-ci və 2002-ci illərdə müvafiq olaraq Rio-de-Janeyro və Yohannesburq şəhərlərində keçirilmiş, konfranslarda 178 iştirakçı ölkədən 100-dən çox dövlət və hökumət başçıları iştirak etmişdir. Konfransın əsas məqsədi davamlı inkişaf üçün yeni siyasi öhdəliyin təmini, davamlı inkişaf üzrə keçirilmiş əsas sammitlərin qərarlarının icrasındakı boşluqların və bu günədək əldə edilmiş uğur və tərəqqinin dəyərləndirilməsi, eləcə də qarşıda duran yeni vəzifələrin araşdırılması olmuşdur. Konfrans yoxsulluğun aradan qaldırılması və davamlı inkişaf kontekstində ölkələrin əməkdaşlıq imkanlarına, BMT sistemi təşkilatlarının rolu və töhfəsini qiymətləndirməklə BMT üzv dövlətləri tərəfindən götürülmüş öhdəliklərin icrasında əldə olunmuş tərəqqiyə həsr olunmuşdur.

Azərbaycanın Konfransda iştirakı. 20-22 iyun 2012-ci il tarixlərində keçirilmiş Konfransda Azərbaycan Respublikasını Baş nazirin birinci müavininin rəhbərlik etdiyi nümayəndə heyəti təmsil etmişdir.

2013-cü il 6-8 noyabr tarixlərində UNECE və BMT-nin İnkişaf Proqramının (UNDP) birgə təşkilatçılığı ilə 2015-ci ildən sonrakı Əsas İnkişaf Məsələləri üzrə Regional Məsləhətləşmə tədbiri keçirilmişdir.

12-14 fevral 2014-cü il tarixində Cenevrə şəhərində UNECE-nin İqtisadi əməkdaşlıq və inteqrasiya Komitəsinin 6-cı sessiyası keçirilmişdir.

14-16 aprel 2015-ci il tarixlərində Cenevrədə UNECE-nin “Dəyişiklik dövründə davamlı inkişaf üzrə fəaliyyətə hazırlıq” mövzusunda 66-cı sessiyası keçirilmişdir. İclasda İqtisadiyyat və Sənaye Nazirliyinin əməkdaşı iştirak etmişdir.

 

BMT-nin Asiya və Sakit okean üzrə İqtisadi və Sosial Komissiyası (UNESCAP)

 

Ümumi məlumat. Komissiya 1947-ci ildə yaradılmışdır. Azərbaycan 31 iyul 1992-ci ildən üzvüdür. 53 üzv və 9 assosiativ üzvü var. Təşkilatın İcraçı Katibi Pakistanlı Şamsad Axtardır. Təşkilatın məqsədi üzv ölkələr arasında iqtisadi əməkdaşlığın təşviqi, nəticələrə yönəlmiş layihələrin həyata keçirilməsi, texniki yardımların göstərilməsi və potensialın gücləndirilməsindən ibarətdir.

Azərbaycanla əməkdaşlıq. Azərbaycan Respublikası mütəmadi olaraq, UNESCAP-ın Asiya və Sakit okean üzrə İqtisadi və Sosial İcmalını hazırlayaraq təşkilata təqdim edir.

6-8 iyul 2010-cu il tarixlərində Bakıda“CAREC” regionunda vahid pəncərənin həyata keçirilməsi seminarı keçirilmişdir.

9 iyul 2010-cu il tarixində Bakıda Vahid pəncərə və biznes prosesinin təhlili üzrə potensialın yaradılması seminarı keçirilmişdir.

24-25 noyabr 2011-ci il tarixlərində Bakıda Mərkəzi Asiyada daşqınların riskinin azaldılması və kəskin hava tədbirləri üçün əməkdaşlıq və məlumat bölgüsü üzrə regional seminarı olmuşdur.

3-4 dekabr 2013-cü il tarixlərində Bakıda Asiya informasiya super magistralı və regional bağlantı üzrə mütəxəssis məsləhətləşməsi keçirilmişdir.

10-11 noyabr 2015-ci il tarixlərində Bakıda UNESCAP-ın “Regiondakı ölkələr üzrə infrastruktur boşluqlarının bağlanılması üçün maliyyə əməkdaşlığının gücləndirilməsi” üzrə İşçi Qrupunda İqtisadiyyat Nazirliyinin əməkdaşının iştirakı olmuşdur.

2-3 fevral 2016-cı il tarixlərində BMT-nin baş katibinin müavini, UNESCAP Baş Katibi Şamşad Axtarın rəhbərlik etdiyi nümayəndə heyətinin Azərbaycana səfəri olmuşdur.

5-19 may 2016-cı il tarixlərində Tailand Krallığının Banqkok şəhərində keçirilmiş BMT-nin Asiya və Sakit Okean regionu üzrə İqtisadi və Sosial Komissiyasının 72-ci sessiyasının tədbirlərində iqtisadiyyat nazirinin müavini iştirak etmişdir.

26-30 sentyabr 2016-cı tarixlərində Qazaxıstan Respublikasının Almatı şəhərində keçirilmiş UNESCAP-ın 2-ci sub-regional seminarında İqtisadiyyat Nazirliyinin əməkdaşı iştirak etmişdir.

2017-ci ilin 15-19 may tarixlərində Taylandın Banqkok şəhərində UNESCAP-ın 73-cü sessiyası keçirilmişdir. Tədbirdə ölkəmizi iqtisadiyyat nazirinin müavini Sevinc Həsənova təmsil etmişdir.

 

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası


Ümumi məlumat. 16 sentyabr 2010-cu il tarixində Türkdilli ölkələrin dövlət başçılarının İstanbulda keçirilən 10-cu zirvə toplantısında Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) yaradılması haqqında qərar qəbul edilmişdir. 2011-ci ildə Türkdilli Dövlətlərin Biznes Şurası yaradılmışdır. Biznes Şurasında Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) tərəfindən təmsil edilir.

Üzv ölkələr. Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan. Məqsədi. Şura eyni dildə danışan və oxşar mədəni mühitdə yaşayan xalqların birliyinin gücləndirilməsi, siyasi və ticari-iqtisadi əlaqələrin möhkəmləndirilməsi üçün yeni regional ümumtürk birliyinin yaranması məqsədi daşıyır.

Azərbaycanla əməkdaşlıq. 2011-ci ilin oktyabr ayında Qazaxıstanda TDƏŞ Zirvə Toplantısı və İqtisadiyyat nazirlərinin ilk görüşü keçirilmiş, TDƏŞ-in I Zirvə Toplantısının yekun sənədi - Almatı Bəyannaməsi imzalanmışdır. Sənəd türkdilli dövlətlərin bir sıra beynəlxalq və regional məsələlər üzrə razılaşdırılmış mövqeyini, iqtisadi və mədəni-humanitar sahələrdə əməkdaşlıq istiqamətlərini müəyyənləşdirmişdir. Hər iki görüş nəticəsində türkdilli ölkələr arasında investisiya şəraitinin yaxşılaşdırılması, iqtisadi sahədə əməkdaşlığın dərinləşdirilməsi, nəqliyyat dəhlizlərinin daha da inkişaf etdirilməsi, sahibkarlığın gücləndirilməsi sahələrində İşçi Qruplarının yaradılması qərara alınmışdır. Hər il mütəmadi olaraq ildə iki dəfə TDƏŞ-in iqtisadiyyat üzrə İşçi Qruplarının iclasları və ildə bir dəfə üzv dövlətlərin iqtisadiyyat nazirlərinin görüşü keçirilir.

İclaslarda üzv ölkələr arasında iqtisadi münasibətlərin təkmilləşdirilməsi və inkişafı yolları barədə təkliflərin və üzv ölkələrin iqtisadi sahədə üzləşdiyi problemlərin müzakirəsi aparılır.

2014-cü ilin 19 iyun tarixində İssuk-Kulda İşçi Qruplarının növbəti iclası və 20 iyun tarixində iqtisadiyyat nazirlərinin növbəti görüşü keçirilmişdir.

2014-cü ilin 4-5 iyun tarixlərində Türkiyənin Bodrum şəhərində TDƏŞ-in üçüncü Zirvə Toplantısı keçirilmişdir. Hazırda TDƏŞ-in üzv dövlətləri arasında sahibkarlığın inkişafı, investisiya sahəsində təcrübə mübadiləsi və investisiya statistikası üzrə Anlaşma Memorandumlarının imzalanması üçün danışıqlar aparılır.

2014-cü ilin 19 fevral tarixində İstanbulda TDƏŞ-in üzv dövlətlərinin Biznes Forumu keçirilmişdir.

24-25 oktyabr 2014-cü il tarixlərində Naxçıvanda “İqtisadi inteqrasiya imkanları və meydana çıxan çətinliklər” mövzusunda TDƏŞ-in Biznes Şurasının 3-cü görüşü və 3-cü Biznes Forumu keçirilmişdir.

28-29 sentyabr 2015-ci il tarixlərində Qazaxıstanın Astana şəhərində Türk Şurasının işçi qruplarının və iqtisadiyyat nazirlərinin növbəti iclası keçirilmişdir. İqtisadiyyat nazirlərinin görüşü zamanı “Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının üzv dövlətləri arasında investisiya statistikası sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”, “Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının üzv dövlətləri arasında investisiya mühiti üzrə təcrübə mübadiləsi imkanlarının tədqiq edilməsi haqqında Anlaşma Memorandumu” və “Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının üzv dövlətlərinin kiçik və orta ölçülü müəssisələr üzrə hökumət orqanları arasında Anlaşma Memorandumu”  imzalanmışdır.

TDƏŞ-in işçi qruplarının və iqtisadiyyat nazirlərinin növbəti iclasları 20-21 dekabr 2016-cı il tarixlərində Bakıda keçirilmişdir.

29-30 noyabr 2017-ci il tarixlərində İstanbulda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının iqtisadiyyat nazirlərinin 7-ci görüşü və görüşə hazırlıq məqsədilə iqtisadiyyat üzrə İşçi Qrupunun 9-cu iclası keçirilmişdir. Tədbirdə iqtisadiyyat nazirinin rəhbərliyi ilə nümayəndə heyəti iştirak etmişdir.

 

İslam Əməkdaşlıq Təşkilatı

 

Təşkilat haqqında ümumi məlumat. İslam Konfransı Təşkilatı (hazırda İslam Əməkdaşlıq Təşkilatı - İƏT) 1969-cu il sentyabr ayında Mərakeşdə müsəlman ölkələrinin Dövlət və Hökumət Başçılarının Zirvə Toplantısında yaradılmışdır. İƏT Birləşmiş Millətlər Təşkilatı ilə sıx əməkdaşlıq edir, 1975-ci ildən etibarən BMT yanında müşahidəçi statusu almışdır.

Üzv ölkələr. Əfqanıstan, Albaniya, Azərbaycan, Əlcəzair, Bəhreyn, Banqladeş, Benin, Bruney, Burkina-Faso, Kamerun, Çad, Komor Adaları, Cibuti, Misir, Qabon, Qambiya, Qvineya, Qvineya-Bissau, Kot Divuar, Qana, İndoneziya, İran, İraq, İordaniya, Qazaxıstan, Küveyt, Qırğızıstan, Livan, Liviya, Malayziya, Maldivlər, Mali, Mavritaniya, Mərakeş, Mozambik, Niger, Nigeriya, Oman, Pakistan, Fələstin, Qatar, Səudiyyə Ərəbistanı, Seneqal, Syerra Leone, Somali, Sudan, Surinam, Suriya, Tacikistan, Toqo, Tunis, Türkiyə, Türkmənistan, Uqanda, Birləşmiş Ərəb Əmirlikləri, Özbəkistan, Yəmən.

Məqsədi. Təşkilatın əsas məqsədləri üzv dövlətlər arasında islam həmrəyliyinin möhkəmləndirilməsi, onlar arasında elm, mədəniyyət, sosial, iqtisadi və başqa sahələrdəki əməkdaşlığın dəstəklənməsi və digər beynəlxalq təşkilatlarda məşvərətlərin həyata keçirilməsi, irqi ayrı-seçkiliyin və hər hansı formada müstəmləkəçiliyin ləğvinin dəstəklənməsi, ədalət əsasında beynəlxalq sülhün və təhlükəsizliyin təmin edilməsi, işğal edilmiş müqəddəs yerlərin azad edilməsi və toxunulmazlığının təmin edilməsi, Fələstin xalqının hüquqlarının bərpa edilməsi və ərazisinin azad edilməsi yolundakı mübarizənin dəstəklənməsi, üzv dövlətlərin digər ölkələrlə əməkdaşlığına və qarşılıqlı anlaşmasına şəraitinin yaradılmasından ibarətdir.

Azərbaycan ilə əməkdaşlıq. Dövlətimiz öz müstəqilliyini bərpa etdikdən sonra keçmiş sovet respublikalarından ilk olaraq İƏT-ə üzv olmaq barədə müraciət etmiş və 1991-ci ilin dekabrında üzv seçilmişdir. İƏT istər zirvə konfranslarında, istərsə də Xarici İşlər Nazirləri Konfranslarında Ermənistanın təcavüzünü pisləmiş və Azərbaycanın siyasi marağına uyğun qətnamələr qəbul etmişdir. Ölkəmizə zəruri yardımın göstərilməsi məqsədilə İƏT çərçivəsində Azərbaycan Respublikasına İqtisadi Yardım haqqında bir neçə Qətnamə qəbul edilmişdir. 2006-cı ilin iyun ayında Təşkilatın Xarici İşlər Nazirləri 33-cü Konfransı Bakıda keçirilmişdir. 2010-cu ildə İƏT-in qurumu olan İslam İnkişaf Bankının Müdirlər Şurasının 35-ci toplantısı Bakıda keçirilmişdir.

21-24 noyabr 2016-cı il tarixlərində Türkiyənin İstanbul şəhərində COMCEC-in “İƏT üzv dövlətlərində İslam Maliyyələşdirilməsi Strategiyasının inkişaf etdirilməsi” mövzusunda 32-ci sessiyası keçirilmişdir. Tədbirlərdə iqtisadiyyat nazirinin müavininin rəhbərliyi ilə nümayəndə heyətinin iştirakı təmin olunmuşdur.

 

İqtisadi Əməkdaşlıq Təşkilatı

 

Təşkilat haqqında ümumi məlumat. İqtisadi Əməkdaşlıq Təşkilatı, beynəlxalq təşkilat kimi 1985-ci ildə Türkiyə, İran və Pakistan arasında iqtisadi, texniki və mədəni əməkdaşlığı möhkəmləndirmək üçün yaradılmışdır. 1992-ci ildə daha 7 dövlət təşkilatın üzvü olmuşdur.

Üzv ölkələr. Azərbaycan, Əfqanıstan, İran, Qazaxıstan, Qırğızıstan, Pakistan, Tacikistan, Türkiyə, Türkmənistan, Özbəkistan.

Məqsədi. Təşkilatın əsas məqsədləri davamlı iqtisadi artıma nail olunması, üzv dövlətlərin davamlı iqtisadi inkişafının təmin edilməsi, ticarətin liberallaşdırılması və region daxili ticarətin təşviqi, üzv dövlətlərin iqtisadiyyatının dünya iqtisadiyyatına tədricən inteqrasiyası, nəqliyyat və kommunikasiya sisteminin inkişaf etdirilməsi, iqtisadiyyatın liberallaşdırılması, İƏT regionunun maddi sərvətlərinin səmərəli istifadəsindən ibarətdir.

Azərbaycan ilə əməkdaşlıq. Azərbaycan İƏT daxilində iqtisadiyyatın liberallaşdırılması proseslərində fəal iştirak edir. Belə ki, üzv dövlətlər arasında iqtisadi əməkdaşlığın gücləndirilməsi və regiondaxili ticarətin artırılması məqsədilə Azərbaycan 10 müxtəlif saziş, o cümlədən "İƏT üzv dövlətləri arasında Ticarət Əməkdaşlığına dair Çərçivə Saziş", "İƏT regionunda Tranzit Nəqliyyatı haqqında Saziş", "İƏT regionunda investisiyaların təşviqi və qorunması haqqında Saziş" imzalanmışdır.

Hal-hazırda İqtisadi Əməkdaşlıq Təşkilatında Baş Katib vəzifəsini Halil İbrahim Akça həyata keçirir.

2013-cü ilin 26 noyabr tarixində İran İslam Respublikasının Tehran şəhərində Nazirlər Şurasının 21-ci iclası keçirilmişdir. İclasda İƏT-in Bakıda Tədqqiat Mərkəzinin yaradılması haqqında yekun qərar qəbul edilmiş və Mərkəzin Əsasnaməsi təsdiq olunmuşdur. Hazırda Tədqiqat Mərkəzinin fəaliyyətə başlaması ilə bağlı dövlətdaxili prosedurlar həyata keçirilir.

2014-cü ilin oktyabrın 1-də İƏT üzv ölkələrin İqtisadi Beyin Mərkəzlərinin 2-ci Bakı Forumu və "Enerji, Regional İnteqrasiya və Sosial-İqtisadi İnkişaf" mövzusunda 2-ci Beynəlxalq Konfrans baş tutmuşdur.

26-27 noyabr 2016-cı il tarixində İqtisadi Əməkdaşlıq Təşkilatının Baş Katibi Halil İbrahim Akçanın rəhbərlik etdiyi nümayəndə heyətinin Bakıya səfəri olmuşdur.

5-8 dekabr 2016-cı il tarixlərində İran İslam Respublikasının Tehran şəhərində keçirilmiş İqtisadi Əməkdaşlıq Təşkilatının Regional Planlaşdırma Şurasının 27-ci iclasında Azərbaycan nümayəndə heyətinin tərkibində İqtisadiyyat Nazirliyinin nümayəndəsi iştirak etmişdir.

1 mart 2017-ci il tarixində Pakistan İslam Respublikasının İslamabad şəhərində İƏT-in 13-cü Zirvə görüşü keçirilmişdir. Zirvə görüşündə Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında nümayəndə heyətinin tərkibində iqtisadiyyat naziri Şahin Mustafayev iştirak etmişdir.

11-14 dekabr 2017-ci il tarixlərində Pakistan İslam Respublikasının paytaxtı İslamabad şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının Regional Planlaşdırma Şurasının 28-ci iclasında Azərbaycan nümayəndə heyətinin tərkibində İqtisadiyyat Nazirliyinin nümayəndələri iştirak etmişdir.

ECOBANK. İƏT-in Ticarət və İnkişaf Bankı 2008-ci ildə fəaliyyətə başlamışdır və onun əsas məqsədi İƏT ölkələrinin daxili regional ticarətini genişləndirmək və iqtisadi inkişafını sürətləndirmək üçün maliyyə vəsaitlərinin təşkil və təmin olunmasıdır. Bankın əsas prioritetləri infrastruktur, istehsal, daşımalar, telekommunikasiya və energetika sahələrində layihələrdir. 2012-ci il 28 sentyabr tarixində Bankın Nizamnaməsi Azərbaycan Respublikası tərəfindən imzalanmış, 15 fevral 2013-cü il tarixində Milli Məclis tərəfindən ratifikasiya olunmuşdur.

 

 

İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD)

 

Təşkilat haqqında ümumi məlumat. 1961-ci ildə yaradılmışdır. Baş Qərargahı Paris şəhərində yerləşir. Hal-hazırda təşkilatın Baş Katibi cənab Angel Curriadır.

Üzv ölkələr. 35 üzv dövlətdən (Avstraliya, Kanada, İsrail, Yaponiya, Koreya, Meksika, Yeni Zenlandiya, Türkiyə, ABŞ və əksər Avropa İttifaqı ölkələri) ibarətdir.

Məqsədi. Üzv dövlətlərdə maliyyə sabitliyini qorumaq şərti ilə davamlı iqtisadi artım, məşğulluq və həyat şəraitini artırmaqla dünya iqtisadiyyatının inkişafına yardım etmək.

OECD və Azərbaycan. OECD-nin hər il Parisdə keçirilən  və əsas məqsədi OECD çərçivəsində Şərq Tərəfdaşlığı və Mərkəzi Asiya ölkələri ilə əməkdaşlığın genişləndirilməsi, inkişafın bir çox sahələrində ölkələrlə əlaqələrin artırılmasından ibarət olan “Avrasiya həftəsi” adlı tədbirində İqtisadiyyat Nazirliyi tərəfindən mütəmadi olaraq iştirak təmin edilir. Tədbir çərçivəsində keçirilən Biznes Forum, İdarəetmə Şurasının iclaslarında Azərbaycan tərəfindən təqdimatla çıxış edilir. Avrasiya Həftəsinin əsas tərkib hissəsini Avrasiya Rəqabətqabiliyyətlilik Proqramı təşkil edir. Tədbir çərçivəsində təqdim edilən digər ölkələrin təhlil icmallarına dair hesabatlar dəyərləndirildikdən sonra Avrasiya Rəqabətqabiliyyətlilik Proqramı çərçivəsində ölkəmiz üçün 2017-2018-ci illərdə “Azərbaycanda kiçik və orta sahibkarlığın rəqabətqabiliyyətliliyinin artırılması islahatlarının və iqtisadi diversifikasiyanın dəstəklənməsi” mövzusunda təhlil icmalının həyata keçirilməsi razılaşdırılmışdır. 21-24 noyabr 2016-cı il tarixlərində Paris şəhərində keçirilmiş Avrasiya Həftəsində iqtisadiyyat nazirinin müavini iştirak etmiş və müvafiq təhlil icmalı ilə bağlı müzakirələr aparılmışdır. Təhlil icmalının həyata keçirilməsi proseslərinə başlamaq məqsədilə 26-27 aprel və 7 sentyabr 2017-ci il tarixlərində OECD nümayəndə heyətinin Bakıya səfərləri baş tutmuşdur. Səfərlərin əsas məqsədi adıçəkilən təhlil icmalına dair dövlət və özəl sektor nümayəndələrinin iştirakı ilə seminarın keçirilməsi və bu təhlil icmalının tətbiqi ilə bağlı OECD-nin dəstəyinin müzakirə edilməsi olmuşdur. 23-25 oktyabr 2017-ci il tarixlərində Almatı şəhərində keçirilən Avrasiya Həftəsində İqtisadiyyat Nazirliyinin nümayəndələri iştirak etmişdir. Sözügedən təhlil icmalının əsas məqsədi 3 komponentdə öz əksini tapır ki, bu komponentlərdən biri yeni qəbul edilmiş “Azərbaycan Respublikasında kiçik və orta sahibkarlıq səviyyəsində istehlak mallarının istehsalına dair Strateji Yol Xəritəsi”icrasına dəstək göstərməkdən ibarətdir. Bununla əlaqədar, təhlil icmalı ilə əlaqədar strateji hədəf kimi müəyyən edilmiş istiqamətlər üzrə beynəlxalq təcrübəyə dair biliklərin bölüşməsi, bu sahədə OECD-yə üzv ölkələrin həyata keçirdikləri islahatlarla bağlı məlumatların təqdim olunması məqsədilə İqtisadiyyat Nazirliyi və OECD-nin birgə təşkilatçılığı ilə 7 dekabr 2017-ci il tarixində nazir müavini Sahib Məmmədovun sədrliyi ilə "Azərbaycanın KOS Yol xəritəsinin həyata keçirilməsinə və monitorinqinə dəstək" layihəsinin 1-ci iclası keçirilmişdir.

 

 

Demokratiya və İqtisadi İnkişaf üzrə Təşkilat (GUAM)


Təşkilat 2006-cı il 23 may tarixində yaradılmışdır. Təşkilatın əsas məqsədləri demokratik dəyərlərin tanınması, qanunun aliliyinin və insan hüquqlarının, davamlı inkişafın təmin olunması, ümumi təhlükəsizlik mühitinin yaradılması üçün Avropaya inteqrasiyanın dərinləşməsi, həmçinin iqtisadi və humanitar əməkdaşlığın genişləndirilməsidir.

"Ticarət və nəql etməyə yardım və azad ticarət zonasının fəaliyyəti haqqında" sənəd layihəsinin yerinə yetirilməsi GUAM çərçivəsində ən prioritet fəaliyyət istiqamətlərindən hesab olunur. Bu sənədin icrasının nəticələri 2007-ci ilin 18-19 iyun tarixlərində Bakıda keçirilmiş GUAM-ın Zirvə Toplantısında müzakirə olunmuşdur.

17-18 noyabr 2016-cı il tarixlərində Kiyevdə GUAM-ın İqtisadiyyat və ticarət üzrə işçi qrupunun növbəti iclası keçirilmişdir.

27 mart 2017-ci il tarixində Kiyevdə keçirilmiş GUAM-ın Hökumət Başçılarının növbəti görüşü çərçivəsində GUAM-ın iştirakçı dövlətləri arasında azad ticarət zonasının yaradılması haqqında 20 iyul 2002-ci il tarixli Sazişin Razılığa gələn Tərəflərinin fəaliyyətini əlaqələndirən İşçi Orqanın yaradılması və fəaliyyəti Qaydasının təsdiqlənməsi haqqında Protokol imzalanmışdır. Sözügedən Protokol Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə təsdiq olunmuşdur.

 

 

Müstəqil Dövlətlər Birliyi


Təşkilat haqqında ümumi məlumat. Müstəqil Dövlətlər Birliyi Belarus SSR, Rusiya SFSR və Ukrayna SSR rəhbərləri tərəfindən 1991-ci il 8 dekabr tarixində "Müstəqil Dövlətlər Birliyinin yaradılması haqqında Saziş"in imzalanması vasitəsilə təsis edilmişdir. Preambula və 14 maddədən ibarət sənəd SSRİ-nin beynəlxalq hüquq və geosiyasi reallığın subyekti kimi ləğv olunmasını bəyan edirdi. Lakin millətlərin tarixi birliyini, onların arasında əlaqələri, ikitərəfli sazişləri nəzərə alaraq tərəflər Müstəqil Dövlətlər Birliyinin yaradılması haqqında razılığa gəlmişlər. 1991-ci il 21 dekabr tarixində Azərbaycan, Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Moldova, Rusiya, Tacikistan, Türkmənistan, Özbəkistan və Ukraynanın rəhbərləri Alma-Ata Bəyannaməsini imzalamışdır. Bəyannamə SSRİ-nin ləğv olunaraq, MDB-nin yaradılmasını qeyd edir, həmçinin MDB-nin məqsəd və prinsiplərini özündə əks etdirirdi. Təşkilati mərhələ 1993-cü ilin 22 yanvar tarixində Minsk şəhərində təşkilatın başlıca sənədi olan Müstəqil Dövlətlər Birliyinin Əsasnaməsinin qəbul edilməsi ilə başa çatmışdır.

Üzv ölkələr. Azərbaycan, Özbəkistan, Türkmənistan, Tacikistan, Rusiya, Moldova, Qırğızıstan, Qazaxıstan, Belorus, Ermənistan, Ukrayna.

Məqsədi. Keçmiş SSRİ ölkələri arasında dövlətlərarası münasibətlərin qorunub saxlanılması məqsədilə yaradılmış bu təşkilat çərçivəsində əməkdaşlıq daha çox üzv dövlətlər arasında iqtisadi inteqrasiyanın istiqamətlərinin müəyyənləşdirilməsinə yönəlmişdir.

Azərbaycan ilə əməkdaşlıq. Azərbaycan Respublikası tərəfindən bütün MDB ölkələri (Ermənistandan başqa) ilə azad ticarət rejimi yaradılmış, sərbəst sərmayə üçün hüquqi baza tərtib olunmuşdur. Azərbaycan MDB-nin 2020-ci ilə qədər dövr üçün İqtisadi inkişaf strategiyasının həyata keçirilməsində iştirak edir, Tədbirlər Planına uyğun olaraq hər ilin yekunu barədə müvafiq hesabat MDB-nin İcraiyyə Komitəsinə təqdim edilir. Həmçinin, Azərbaycan barədə müvafiq məlumatlar mütəmadi olaraq “MDB iştirakçı dövlətlərinin işgüzar mühiti, investorlara verilən imtiyazlar, azad iqtisadi zonalar, sənaye və elmi-texniki parklar haqqında İcmal”a daxil edilir. Ölkənin ticarət siyasəti barədə icmalları mütəmadi olaraq hazırlanır, son icmal 2017-ci ildə hazırlanaraq MDB-nin rəsmi internet səhifəsində yerləşdirilmişdir.

 

Şanxay Əməkdaşlıq Təşkilatı

 

Ümumi məlumat. Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) 2001-ci il iyunun 15-də Şanxayda 5 ölkənin ( Rusiya, Çin, Qazaxıstan, Özbəkistan, Tacikistan və Qırğızıstan) prezidentlərinin birgə görüşü zamanı yaradılmış, daimi əsaslarla fəaliyyət göstərən regional beynəlxalq birlikdir.

Üzv ölkələr. Rusiya, Qazaxıstan, Qırğızıstan, Çin, Tacikistan, Hindistan, Pakistan və Özbəkistandır. Əfqanıstan, İran, Monqolustan və Belarus müşahidəçi statusuna malikdir, Azərbaycan, Türkiyə, Kambociya, Nepal, Ermənistan və Şri-Lanka “dialoq üzrə tərəfdaş”dır. 

Məqsədi. ŞƏT-in məqsədləri iştirakçı dövlətlər arasında mehriban qonşuluq və dostluq, qarşılıqlı etimadın güclənməsi, müxtəlif sahələrdə effektiv əməkdaşlığın təşviqi, regionda sülhün, sabitliyin və təhlükəsizliyin təmin edilməsi üçün birgə səylərin dəstəklənməsidir.

Azərbaycan ilə əməkdaşlıq. 10 iyul 2015-ci il tarixində ŞƏT üzv dövlətlərinin başçıları Şurasının iclasında Azərbaycan Respublikasına ŞƏT-də dialoq üzrə tərəfdaş statusunun verilməsi barədə qərar qəbul edilmişdir. İyulun 13-də Nazirlər Kabinetinin müşavirəsində prezident Cənab İlham Əliyev bu faktı rəsmi şəkildə təsdiqləmişdir. Bununla bağlı, sözügedən statusun verilməsinə dair Memorandum layihəsi Azərbaycan Respublikasına təqdim edilmişdir.

16 sentyabr 2015-ci il tarixində Çinin Sian şəhərində ŞƏT xarici  ticarət və xarici iqtisadi əlaqələr üzrə məsul nazirlərinin 14-cü toplantısında iqtisadiyyat və sənaye nazirinin müavini Sahib Məmmədov iştirak etmişdir.

14 mart 2016-cı il tarixində Pekin şəhərində ölkəmizlə ŞƏT arasında ümumi əməkdaşlıq istiqamətlərini nizamlayan “Azərbaycan Respublikasına Şanxay Əməkdaşlıq Təşkilatının dialoq üzrə tərəfdaşı statusunun verilməsi haqqında Memorandum” imzalanmışdır.

Hal-hazırda ŞƏT-in Bank Birliyi ilə əməkdaşlığın qurulması üzrə işlər görülməkdədir. 2005-ci ildə yaradılmış bu strukturun əsas məqsədi ŞƏT üzv dövlətləri tərəfindən dəstək verilmiş layihələrin maliyyələşdirilmə mexanizminin təşkil olunmasıdır. Bu məqsədlə ŞƏT məkanında aparıcı iqtisadi qurumlar ilə əməkdaşlıq, investisiya layihələrin maliyyələşdirilməsi, təcrübə mübadiləsi, kadr hazırlığı və digər istiqamətlər müəyyənləşdirilib.      

← Geriyə