Dərman vasitələri

  • Yaradılıb 07.08.2015 05:21
  • Yenilənib 07.08.2015 05:39
  • Nəşr edilib 07.08.2015 05:21

Azərbaycan Respublikası iqtisadiyyat və
sənaye nazirinin "6" avqust 2015-ci il
tarixli F-80 nömrəli əmri ilə təsdiq
edilmişdir.

 

Dərman vasitələrinin qiymətlərinin qablaşdırmanın üzərində mətbəə qaydasında çap edilməsi mümkün olmadıqda, qiymətlərin göstərilməsinin digər üsulları

 

1. Bu Üsullar Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 3 iyun tarixli 209 nömrəli Qərarı ilə təsdiq edilmiş "Dövlət qeydiyyatına alınmış dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi və həmin qiymətlərə nəzarətin həyata keçirilməsi Qaydası"nın 6.2-ci bəndinə əsasən hazırlanmışdır və qiymətləri Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası (bundan sonra - Şura) tərəfindən tənzimlənmiş dövlət qeydiyyatına alınmış dərman vasitələrinin (bundan sonra – dərman vasitəsi) qiymətlərinin onların qablaşdırmalarının üzərində mətbəə qaydasında çap edilməsi mümkün olmadıqda, qiymətlərin göstərilməsinin digər üsullarını müəyyən edir.
2. Dərman vasitəsinin qiymətinin qablaşdırmanın üzərində mətbəə qaydasında çap edilməsi mümkün olmadıqda, qablaşdırmanın üzərində pərakəndə satış qiyməti (bundan sonra – qiymət) aşağıdakı üsullardan biri ilə göstərilir:
2.1. sənaye printeri vasitəsilə çap olunmaqla;
2.2. qiymət kağızı yapışdırmaqla;
2.3. ştamp vasitəsilə vurmaqla.
3. Bu Üsulların 2-ci hissəsində göstərilən üsullarla dərman vasitəsinin qiyməti onun dövlət qeydiyyatına alınması zamanı müəyyən edilən qablaşdırmasının üzərində istehsalçı və ya onun səlahiyyətli nümayəndəsi, habelə dərman vasitəsinin qiymətində dəyişiklik baş verdikdə onun mülkiyyətçisi tərəfindən göstərilir.
4. Qiymət dərman vasitəsinin üzərinə topdansatış əczaçılıq müəssisəsinə mədaxil edilməzdən əvvəl vurulur.
5. Aptek təşkilatı topdansatış əczaçılıq müəssisəsindən dərman vasitəsi mədaxil edərkən onun üzərindəki qiymətin Şura tərəfindən təsdiq edilmiş qiymətə uyğun olub-olmadığını yoxlayır.
6. Qiyməti Şura tərəfindən təsdiqlənmiş, lakin üzərində mətbəə qaydasında və ya bu Üsullarla göstərilməyən, habelə təsdiqlənmiş qiymətdən fərqli qiymət göstərilmiş dərman vasitəsi aptek təşkilatına satış üçün mədaxil olunmur.
7. Dərman vasitəsinin Şura tərəfindən təsdiq edilmiş qiymətində dəyişiklik baş verdikdə, dərman vasitəsinin üzərində yeni qiymətin göstərilməsi bu Üsulların 2-ci hissəsində nəzərdə tutulmuş üsullarla dərman vasitəsinin mülkiyyətçisi tərəfindən təmin edilir.
8. Dərman vasitəsinin üzərində yeni qiymətin əvvəlki qiymətin üzərinə vurulmasına yol verilmir və əvvəlki qiymətin üzərindən xətt çəkilir.
9. Dərman vasitəsinin qablaşdırmasının üzərinə qiymət sənaye printeri vasitəsilə çap olunduqda aşağıdakı tələblərə əməl edilir:
9.1. qiymət manat ifadəsində rəqəmlə göstərilir, manat və qəpik göstəricisinin arasında nöqtə (".") işarəsi qoyulur (məsələn X.XX; XXX.XX);
9.2. qiymətdə rəqəmlərin və hərflərin yazılmasında hündürlüyü 0,4-0,7 sm, eni 0,2-0,3 sm ölçüdə şriftlərdən istifadə olunur;
9.3. qara rəngli, su, spirt və ya digər məhlulla silinməyən boyadan istifadə olunur.
10. Dərman vasitəsinin qablaşdırmasının üzərinə qiymət kağızı yapışdırıldıqda aşağıdakı tələblərə əməl edilir:
10.1. qiymət manat ifadəsində rəqəmlə göstərilir, manat və qəpik göstəricisinin arasında nöqtə ( ".") işarəsi qoyulur (məsələn X.XX; XXX.XX);
10.2. qiymət kağızının rəngi ağ, yazıların rəngi qara olur;
10.3. qiymətin kağızının eni 0,9-1,2 sm, uzunluğu 2,0-2,5 sm ölçüsündə olur;
10.4. rəqəmlərin yazılmasında hündürlüyü 0,4-0,7 sm, eni 0,2-0,3 sm ölçüdə şriftlərdən istifadə olunur.
11. Dərman vasitəsinin qablaşdırmasının üzərinə ştamp vasitəsilə qiymət vurulduqda aşağıdakı tələblərə əməl edilir:
11.1. qiymət manat ifadəsində rəqəmlə göstərilir, manat və qəpik göstəricisinin arasında nöqtə (".") və ya defis ("-") işarəsi qoyulur (məsələn X-XX; XX-XX; X.XX; XX.XX);
11.2. qara və ya tünd göy rəngli, su, spirt və ya digər məhlulla silinməyən mürəkkəbdən istifadə olunur;
11.3 rəqəmlərin yazılmasında hündürlüyü 0,4-0,7 sm, eni 0,2-0,3 sm ölçüdə şriftlərdən istifadə olunur;
11.4. bu üsulla qiymət şüşə qablaşdırmanın üzərinə və silinə biləcək səthlərə vurulmur.
12. Dərman vasitəsinin üzərində bu Üsulların 2-ci hissəsində nəzərdə tutulmuş üsullarla qiymət göstərilən zaman, qiymətin aydın oxunması təmin edilir və dərman vasitəsinin istehsal və son istifadə tarixlərinin üzərinin örtülməsinə, eləcə də istehlakçı tərəfindən dərman vasitəsi barədə məlumatların oxunmasının vizual məhdudlaşdırılmasına yol verilmir.

 

← Geriyə