Mənzil-kommunal

  • Yaradılıb 21.04.2016 06:40
  • Yenilənib 21.04.2016 06:43
  • Nəşr edilib 21.04.2016 06:40

Fərdi yaşayış evinin tikintisi


Bildiririk ki, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 74-cü maddəsinə əsasən sözügedən Məcəllənin 79-cu maddəsində qeyd olunan (tikintisinə icazə tələb olunmayan tikinti obyektləri) və 80-ci maddəsində nəzərdə tutulmuş (tikintisi ilə bağlı məlumatlandırma icraatı tələb olunan) tikinti obyektləri istisna olmaqla, digər obyektlərin tikintisinə icazə tələb olunur.
Məcəllənin 75-ci maddəsinə əsasən, barəsində icazə tələb olunan tikinti şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə zidd olmadığı təqdirdə, müvafiq yerli icra hakimiyyəti orqanı tərəfindən tikintiyə icazə verilməlidir.
Sifarişçi tikintiyə icazə almaq üçün yerli icra hakimiyyəti orqanına ərizə ilə müraciət edir*. Ərizəyə aşağıdakı sənədlər əlavə olunur:
- torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənədin surəti;
- tikinti layihəsi;
- sifarişçi hüquqi şəxs olduqda, hüquqi şəxslərin dövlət reyestrindən çıxarışın surəti.
Yerli icra hakimiyyəti orqanı tikintiyə dair ərizəyə aidiyyəti qurumlar və müvafiq ekspertiza müəssisəsi tərəfindən daxil olmuş rəylər nəzərə alınmaqla, həmin ərazi üzrə müfəssəl plan olduqda 1 ay müddətində, belə plan olmadıqda və ya onun müddəti bitdikdə 3 ay müddətində baxır və tikintiyə icazə verilməsi və ya icazə verilməsindən imtina edilməsi barədə qərar qəbul edir. Tikintiyə icazə verildiyi halda, bu barədə qərarın surəti və tikinti işlərinə başlanılması üçün əsas olan xüsusi nişan ərizəçiyə eyni vaxtda təqdim olunur. Tikintiyə icazədə tikintiyə başlanılması üçün əlavə şərtlər nəzərdə tutulduqda, xüsusi nişan həmin əlavə şərtlərin yerinə yetirilməsindən sonra ərizəçiyə təqdim olunur. Tikintiyə icazə barədə qərarın əsli və tikinti layihəsinin bir nüsxəsi müvafiq icra hakimiyyəti orqanında saxlanılır. Bu qayda barəsində məlumatlandırma icraatının aparıldığı obyektlərin tikinti layihəsinə də şamil edilir.
Bununla yanaşı, Məcəllənin 80-ci maddəsinə uyğun olaraq mərtəbələrinin sayı 3-dən, hündürlüyü 12 metrdən və aşırımlarının uzunluğu 6 metrdən çox olmayan yaşayış evlərinin tikintisi ilə bağlı məlumatlandırma icraatı həyata keçirilir və onların tikintisi üçün tikinti layihəsinin yalnız memarlıq-planlaşdırma bölməsinin hazırlanması tələb olunur. Həmçinin, Məcəllənin 80.2-ci maddəsində göstərilmişdir ki, barəsində məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektlərinin tikintisinə icazənin alınması tələb olunmur. Sifarişçi tikintiyə başlamazdan əvvəl tikinti niyyəti barədə müvafiq yerli icra hakimiyyəti orqanına məlumat verir* və tikinti obyektlərinin layihəsinin memarlıq-planlaşdırma bölməsini qanunvericilikdə nəzərdə tutulmuş tələblərə uyğunluğunun yoxlanılması üçün həmin orqana təqdim edir.
Müvafiq yerli icra hakimiyyəti orqanı tərəfindən 1 ay müddətində layihəyə dair irad sifarişçiyə təqdim edilmədikdə, sifarişçi tikinti işlərinə başlaya bilər.
Eyni zamanda, Şəhərsalma və Tikinti Məcəlləsinin 48-ci maddəsinə əsasən tikintisinə icazə tələb olunan tikinti obyektlərinin, habelə məlumatlandırma icraatı qaydasında tikilməsi nəzərdə tutulan yaşayış evlərinin layihələri layihəçi tərəfindən hazırlanır. Yalnız Azərbaycan Respublikasında qeydiyyatdan keçmiş və layihələndirmə fəaliyyəti ilə məşğul olmaq üçün xüsusi razılıq (lisenziya) almış hüquqi və ya fiziki şəxslər layihəçi ola bilərlər. Layihəçi sifarişçi ilə bağladığı müqaviləyə və sifarişçinin layihə tapşırığına uyğun fəaliyyət göstərir.
Məcəlllənin 79-cu maddəsində isə, tikintisinə icazə tələb olunmayan tikinti obyektlərinin siyahısı qeyd olunmuşdur. Mülkiyyətdə, icarədə və ya istifadədə olan torpaq sahəsində aşağıdakı tikinti obyektlərinin tikintisinə icazə tələb olunmur:
1. hündürlüyü ən çoxu 5 metr, sahəsi 100 kvadratmetr olan bir mərtəbəli yardımçı tikililərin, kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq fəaliyyəti ilə bağlı obyektlərin;
2. xüsusi mülkiyyətdə olan torpaq sahələrində həcmi ən çoxu 60 kubmetr və dərinliyi ən çoxu 5 metr olan quyuların, yeraltı su və çirkab su anbarlarının (rezervuarların), habelə həcmi ən çoxu 200 kubmetr olan hovuzların;
3. hündürlüyü ən çoxu 2 metr 20 santimetr olan və qonşu torpaq sahəsi ilə sərhəddə və ya küçə boyunca hasarların (təbii və süni daşdan olan hasarlar da daxil olmaqla);
4. hündürlüyü ən çoxu 8 metr olan enerji və ya işıqlandırma dirəklərinin, antena qüllələrinin və ya tutumu ən çoxu 10 kubmetr olan su çənləri qüllələrinin;
5. kiçik memarlıq formalarının (köşklər, örtüklər və buna bənzər digər obyektlərin), açıq idman və ya oyun meydançalarının, açıq avtomobil dayanacaqlarının;
6. tutumu 100 nəfərə qədər olan müvəqqəti tikililərin;
7. fasadının mövcud qabaritləri dəyişdirilmədən təmir edilən tikinti obyektlərinin;
8. təmir edilən yol və ya mühəndis-kommunikasiya təminatı xətlərinin;
9. bu Məcəllənin 70.2-ci maddəsinin** tələblərinə əməl edilməklə, yaşayış evlərinin həyətyanı sahələrində hündürlüyü ən çoxu 3 metr və sahəsi ən çoxu 100 kvadratmetr olan yardımçı tikililərin;
10. hündürlüyü ən çoxu 3 metr və sahəsi ən çoxu 300 kvadratmetr olan istixanaların və oranjereyaların.
Bununla yanaşı, siyahının 1, 2 və 9-cu bəndlərində nəzərdə tutulan ölçülərin hədlərini keçən obyektlərin tikintisinə məlumatlandırma icraatı şamil olunur.
* Müvafiq yerli icra hakimiyyəti orqanına icazə üçün müraciət edilərkən, eyni zamanda tikinti niyyəti barədə
sözügedən orqana məlumat verilərkən, "Poçt haqqında" Azərbaycan Respublikası Qanununun 1.0.10-cu maddəsində qeyd olunan sifarişli poçt göndərişi xidmətindən istifadə edilməsi tövsiyyə olunur.

** Şəhərsalma və Tikinti Məcəlləsi
70.2. Obyektlər arasında mövcud olan boş ərazilərdə (sahələrdə) aşağıdakılara yol verilir:
70.2.1. oyun meydançalarının və velosipedlər üçün dayanacaq yerlərinin təşkil edilməsi;
70.2.2. hündürlüyü torpaq səviyyəsindən 50 santimetrdən çox olmayan açıq terrasların təşkil edilməsi;
70.2.3. əlillər üçün pandusların təşkil edilməsi;
70.2.4. tikintisinə icazə tələb olunmayan obyektlərin tikintisi.

Qeyd: Daha ətraflı məlumatı buradan əldə edə bilərsiniz.  http://e-qanun.az/code/22
                                                                                   http://www.arxkom.gov.az/

 

← Geriyə