Sahibkarlığa dəstək

  • Yaradılıb 25.09.2012 07:52
  • Yenilənib 14.01.2014 13:37
  • Nəşr edilib 25.09.2012 07:52

Sahibkarlığın güzəştli maliyyələşmə mexanizmi

 

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla həyata keçirilən iqtisadi inkişaf siyasətinin başlıca istiqamətlərindən biri özəl sektorun hərtərəfli dəstəklənməsi, onun daha da genişlənməsi üçün əlverişli mühitin yaradılması, bu sahədə müxtəlif yardım və təşviq mexanizmlərinin tətbiq edilməsidir. Sahibkarlığın, xüsusilə kiçik sahibkarlığın inkişafına və əhalinin işgüzarlıq fəaliyyətinin artırılmasına maliyyə dəstəyinin verilməsi məqsədilə İqtisadi İnkişaf Nazirliyinin nəzdində Sahibkarlığa Kömək Milli Fondu yaradılmışdır. Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 13 oktyabr tarixli Fərmanı ilə "Azərbaycan Respublikası Sahibkarlığa Kömək Milli Fondunun vəsaitlərinin istifadəsi Qaydaları" daha da təkmilləşdirilmişdir. Belə ki, "Azərbaycan Respublikası Sahibkarlığa Kömək Milli Fondunun vəsaitlərinin istifadəsi mexanizminin təkmilləşdirilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 13 oktyabr tarixli Fərmanı ilə sahibkarlıq subyektlərinə Fondun vəsaitlərindən verilə biləcəyi kiçik həcmli kreditlərin həddi 50 min manata, orta həcmli kreditlərin həddi 500 min manata, böyük həcmli kreditlərin həddi isə 10 milyon manatadək artırılmışdır. Həmin Fərmanla kiçik, orta və böyük həcmli kreditlərin müddətləri müvafiq olaraq 3 (üç), 5 (beş) və 10 (on) il, kreditlərdən istifadə üzrə güzəşt müddəti, kreditin istifadə müddətinin ilk 1/2 dövrünün əhatə ediləcəyi müəyyən edilmişdir.

Azərbaycan iqtisadiyyatının inkişafının prioritetləri və mərhələlər üzrə həlli tələb olunan vəzifələri və sahibkarlığa dövlət dəstəyinin gücləndirilməsini rəhbər tutaraq Sahibkarlığa Kömək Milli Fondunun fəaliyyətinin genişləndirilməsinin təmin edilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin müvafiq fərmanları əsasında 2002, 2004, 2005, 2006, 2009 və 2011-ci illərdə Fondun statusu və vəsaitlərinin istifadə edilməsi Qaydalarının təkmilləşdirilməsi nəticəsində güzəştli kredit vəsaitlərinin daha məqsədli layihələr üzrə yerləşdirilməsinə və sahibkarlıq subyektlərinin bu kreditlərdən səmərəli istifadə etməsinə əlverişli şərait yaradılmışdır.

Kiçik və orta sahibkarların maliyyə vəsaitlərinə olan tələbatının ödənilməsinin real mənbəyi kimi sahibkarlığa dövlət maliyyə yardımı mexanizmi formalaşdırılmışdır ki, bu da əsas etibarilə Sahibkarlığa Kömək Milli Fondunun vəsaiti hesabına güzəştli maliyyələşmə mexanizmlərinin tətbiqi ilə səciyyələnir. Fondun vəsaiti hesabına regionlarda istehsal və emal sahələrinin inkişaf etdirilməsi istiqamətində, həmçinin turizmin inkişafına yönəldilən kreditlərin həcmində hər il nisbi artımı müşahidə olunur. Qeyd edilənlərin reallaşdırılması üçün Sahibkarlığa Kömək Milli Fondunun əsas vəzifələri aşağıdakılardan ibarətdir:

  • Azərbaycan Respublikasının sosial-iqtisadi inkişafının prioritet istiqamətləri üzrə sahibkarlıq subyektlərinin investisiya layihələrini qanunvericiliyə uyğun maliyyələşdirmək;
  • maliyyə bazarlarından ehtiyatlarının cəlb olunması üçün tədbirlər görmək, və uyğun kredit mənbələrini formalaşdırmaq;
  • sahibkarlıq subyektlərinin maliyyələşdirilməsi üçün verilmiş vəsaitlərin səmərəli və təyinatı üzrə istifadəsinə nəzarət etmək və bu məqsədlə monitorinqlərin keçirilməsi qaydalarını müəyyənləşdirmək;
  • maliyyələşdiriləcək investisiya layihələrinin ekspertizasını həyata keçirmək, sahibkarlığın inkişafına yönəldilmiş dövlət proqramlarından irəli gələn investisiya layihələrinin maliyyələşdirilməsinə üstünlük vermək;
  • güzəştli kreditlərin alınması üçün investisiya layihələrinin tərtib olunmasına dair minimal tələbləri və investisiya layihələrinin qiymətləndirilmə meyarlarını müəyyən etmək;
  • sahibkarlıq subyektlərinə zəruri olan hüquqi, iqtisadi və digər məlumatların toplanmasına və yayılmasına, bazar konyunkturunun öyrənilməsinə, sahibkarlıq fəaliyyəti ilə bağlı proqramların və investisiya layihələrinin işlənib hazırlanmasına kömək etmək;
  • sahibkarlıq subyektləri üçün kadrların hazırlanmasına və onların ixtisaslarının artırılmasına dəstək vermək;
  • sahibkarlıq subyektlərinin xarici iqtisadi fəaliyyətinin genişləndirilməsinə yardım etmək;
  • ölkədə sahibkarlığın bazar infrastrukturlarının formalaşmasına və inkişafına kömək göstərmək;
  • sahibkarlıq subyektləri üçün zəruri elmi-texniki biliklərin və yeniliklərin təbliğinə kömək etmək.

Sahibkarlığa Kömək Milli Fondunun fəaliyyəti haqqında daha ətraflı məlumatı Fondun www.anfes.gov.az internet səhifəsindən əldə edə bilərsiniz.

 

 

← Geriyə