Çıxışlar və müsahibələr

  • Yaradılıb 20.05.2017 16:05
  • Yenilənib 25.05.2017 06:55
  • Nəşr edilib 17.04.2017 06:55

İqtisadiyyat naziri Şahin MUSTAFAYEV çıxış edərək dedi:
-Möhtərəm cənab Prezident.
Hörmətli müşavirə iştirakçıları.
Son illər dünya iqtisadiyyatında davam edən neqativ proseslərdən qaynaqlanan amillərin, xüsusilə Azərbaycanın ənənəvi əsas ixrac məhsulu olan neftin qiymətinin kəskin enməsinin iqtisadiyyata təsirini neytrallaşdırmaq, ölkənin davamlı inkişafını təmin etmək məqsədilə Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən hərtərəfli islahatların mühüm istiqamətlərindən biri də qeyri-neft məhsulları ixracının artırılması, yeni bazarlara çıxışının təmin olunmasıdır.
Təsadüfi deyil ki, Sizin tərəfinizdən təsdiq edilmiş milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsində hədəf indikatorlardan biri kimi adambaşına qeyri-neft ixracının 2025-ci ildə ən azı 450 ABŞ dollarına çatdırılması müəyyənləşdirilmişdir. Bu, azı üç dəfədən çox artım deməkdir. Sözsüz ki, bu vəzifənin uğurla yerinə yetirilməsi üçün ölkə iqtisadiyyatı güclü və rəqabətqabiliyyətli qeyri-neft sektoruna malik olmalıdır.
Cənab Prezident, Sizin təşəbbüsünüz və rəhbərliyinizlə aparılan islahatların əsas məqsədi məhz qeyri-neft sektorunun inkişafı olub və onların uğurlu icrası sayəsində bu sahədə dönüş əldə edilib. Ötən müddət ərzində dövlət investisiyaları hesabına rəqabətqabiliyyətli məhsul istehsalının əsas şərtləri olan etibarlı elektrik enerjisi, qaz, su, suvarma, yol-nəqliyyat və digər infrastruktur layihələri həyata keçirilib və bu istiqamətdə işlər davam etdirilir. Təkcə bu il 150 min hektardan çox torpağı əkin dövriyyəsinə cəlb etmək və burada yüksək məhsuldarlığa nail olmaq məqsədilə suvarma suyu və elektrik enerjisi ilə təminat layihələrinə 250 milyon manatdan çox dövlət vəsaiti yönəldilib.
Bununla yanaşı, qeyri-neft sənayesi və kənd təsərrüfatı, o cümlədən fındıqçılıq, üzümçülük və şərabçılıq, tütünçülük, pambıqçılıq, baramaçılıq, ipəkçilik sahələrində, turizm və tranzit potensialının genişləndirilməsi və digər sektorların inkişaf etdirilməsi üçün qanunvericiliyin təkmilləşdirilməsi, biznes və investisiya mühitinin davamlı olaraq yaxşılaşdırılması təmin edilir, müxtəlif dövlət dəstəyi mexanizmləri həyata keçirilir.
Bu baxımdan son illərdə sənaye parklarının və zonalarının, aqroparkların yaradılmasının, inzibati prosedurların sadələşdirilməsinin, dövlət xidmətlərinin göstərilməsində şəffaflığın təmin olunmasının, habelə "ASAN xidmət" mərkəzləri, Sahibkarlığa Kömək Milli Fondu, Aqrolizinq, AZPROMO, Azərbaycan İnvestisiya Şirkəti və digər təşkilatlar vasitəsilə sahibkarlığa verilən dəstəyi xüsusilə vurğulamaq lazımdır.
Bugünkü tədbirin keçirildiyi regional inkişaf mərkəzi, burada yaradılmış biznes inkubator, sərgi və təlim zalları da Sizin sahibkarlara göstərdiyiniz dəstəyin və diqqətin bariz nümunəsidir.
Görülən işlər nəticəsində yüksək texnologiyalara əsaslanan və rəqabətqabiliyyətli məhsul istehsal edən müəssisələr açılıb, yerli tələbatın ödənilməsi ilə bərabər, bir sıra istiqamətlər üzrə ixrac potensialı güclənməyə başlayıb. Məsələn, indiyədək təkcə Sahibkarlığa Kömək Milli Fondu tərəfindən verilmiş güzəştli kreditlər hesabına 51 logistik mərkəzin, 23 taxıl anbarının, 16 meyvə-tərəvəz emalı, 20 iri fermer, 23 müasir heyvandarlıq, 56 istixana, 16 üzümçülük, 23 bağçılıq və 39 quşçuluq təsərrüfatının, 10 süd emalı, digər istehsal müəssisələrinin yaradılması, son illərdə istixanaların ərazisinin dəfələrlə genişləndirilməsi aqrar sektorda ixracın artırılmasına böyük töhfə verir.
Sənaye parklarında və zonalarında müasir müəssisələrin fəaliyyətə başlaması, indiyədək verilmiş 130 investisiya təşviqi sənədi üzrə 1,2 milyard manatlıq investisiya qoyuluşunun nəzərdə tutulması, hazırda 24 rayon üzrə 142,5 min hektar ərazidə 32 aqroparkın, o cümlədən 12 heyvandarlıq kompleksinin, 20 iri bitkiçilik təsərrüfatının yaradılması və digər işlər yaxın illərdə qeyri-neft sektorunda istehsal və ixrac potensialını daha da artıracaq.
Eyni zamanda, istehsalın dəstəklənməsi və ixrac potensialının genişləndirilməsi məqsədilə özünütəminetmə səviyyəsi və yerli istehsal potensialı yüksək olan 84 məhsul üzrə idxala ikiillik spesifik rüsumlar tətbiq edilib. Bu qərar özünütəminetmə səviyyəsi yüksək olan məhsullar üzrə yerli istehsala böyük dəstəkdir. Belə ki, cari ilin ilk rübündə ümumi idxal 17 faiz, qeyri-neft idxalı isə 20 faiz azalıb. Spesifik rüsumlar tətbiq edilən məhsullardan sement və klinker idxalı 92 faiz, kafel-metlax idxalı 55 faiz, alçipan idxalı 49 faiz, fındıq idxalı 58 faiz, pomidor idxalı 49 faiz, armud idxalı 37 faiz, alma idxalı 33 faiz azalıb, ərzaqlıq yumurta və soğan idxalı isə demək olar ki, dayanıb. Ölkəmizdə məhsullar üzrə təminetmə səviyyəsi artdıqca, təhlillər aparıldıqdan sonra əlavə məhsullar da siyahıya daxil ediləcək.
Möhtərəm cənab Prezident, ötən il ixracın təşviq edilməsi sahəsində imzaladığınız fərman və sərəncamlar Azərbaycanın həm iqtisadi inkişafında, həm də xarici iqtisadi əlaqələrinin genişləndirilməsində yeni mərhələnin başlanğıcını qoyub. İxracın genişləndirilməsi, rəqabətqabiliyyətli məhsulların ənənəvi və yeni bazarlara çıxışının artırılması ilə bağlı imzalanmış sənədlərə uyğun olaraq, "İxrac təşviqinin ödənilməsi qaydası", "İxrac təşviqi şamil olunacaq məhsulların siyahısı" və "İxrac təşviqi üzrə tətbiq olunacaq əmsallar" təsdiq olunub. İxrac təşviqi şamil olunan malların siyahısına bal, xurma, nar, qovurulmuş fındıq kimi kənd təsərrüfatı məhsulları, qurudulmuş meyvələr, konservləşdirilmiş meyvə-tərəvəz, mürəbbə və cemlər, turşular, spirtli içkilər və şərab, mineral sular və şirələr, unlu qənnadı məmulatları, habelə dəri məmulatları, ipək parçalar və xalçalar kimi digər məhsullar daxil edilib. Həmin məhsulların növündən asılı olaraq, sahibkarlara ixrac etdikləri qeyri-neft məhsullarının gömrük dəyərinin 3 faizdən 6 faizədək büdcə vəsaitləri hesabına təşviq verilir.
Tətbiq edilməyə başlandığı qısa müddət ərzində sahibkarlar tərəfindən mexanizmə böyük maraq göstərilib. Cari ilin birinci rübündə İqtisadiyyat Nazirliyinə bu istiqamətdə 84 müraciət daxil olub və Rusiya, ABŞ, Çin, Belarus və digər ölkələrə ixrac olunmuş kənd təsərrüfatı və sənaye məhsulları üzrə 520 min manatdan çox ixrac təşviqi ödənilib. Tərəfimizdən ixrac dinamikası və sahibkarların müraciətləri təhlil olunur və ixrac potensialı yüksək olan digər məhsullar da siyahıya daxil ediləcək.
"Xarici ölkələrə ixrac missiyalarının təşkilinə, xarici bazarların araşdırılması və marketinq fəaliyyətinə, "Made in Azerbaijan" brendinin təşviqinə, yerli şirkətlərin xaricdə sertifikat və patent almasına, ixracla əlaqəli tədqiqat-inkişaf proqramlarına çəkilən xərclərin dövlət büdcəsi hesabına ödənilməsi Qaydaları" təsdiq olunduğu tarixdən etibarən, yəni ötən 5 ay ərzində Çinə, Birləşmiş Ərəb Əmirliklərinə, Almaniyaya, Əfqanıstana, Pakistana, Qətərə 7 ixrac missiyası həyata keçirilib. Çin Xalq Respublikasına səfər çərçivəsində beynəlxalq şərabçılıq sərgisində yerli şərab məhsullarımızdan biri qızıl medala layiq görülüb və 500 min şüşə şərabın Çinə ixracına dair imzalanmış müqavilənin icrasına başlanılıb. Dubaya ixrac missiyası çərçivəsində nar şirəsi, alma və balın ixracına dair razılaşmalar əldə edilib.
Cari ilin yanvarında 18 şirkətin iştirakı ilə Almaniyaya təşkil edilən ixrac missiyası çərçivəsində bu ölkəyə çay və narın ixracı ilə bağlı ilkin razılaşma əldə edilib, nar şirəsinin İsveçə ixracı ilə bağlı isə müqavilə imzalanıb. Pakistan və Əfqanıstana həyata keçirilən ixrac missiyaları çərçivəsində quru süd və süd məhsulları, nar şirəsi, qənnadı məhsulları, mebel, boru, metal konstruksiyaları və digər tikinti materiallarının ixracı üzrə, Qətərə ixrac missiyası çərçivəsində isə ət, nar şirəsi və Naftalan neftindən istehsal edilən kosmetoloji və tibbi məhsulların ixracı ilə bağlı ilkin razılaşmalar əldə edilib. Həmçinin "Gulfood" beynəlxalq ərzaq, "Prowein" şərab sərgilərində sahibkarlarımız vahid ölkə stendləri ilə iştirak edib, çeşidli məhsulların ixracı ilə bağlı ilkin razılaşmalar bağlayıb və sifarişlər qəbul olunub.
Cənab Prezident, ixracın təşviqi tədbirləri ilə bərabər, bu sahədə inzibati prosedurların sadələşdirilməsi və şəffaflığın artırılması təmin olunur, xarici ölkələrdə ixracatçılarımıza dəstək ola biləcək təşkilati tədbirlər görülür. Belə ki, elektron gömrük bəyannaməsinin tətbiqinə başlanılıb, ixrac üçün tələb olunan sənədlərin sayı azaldılıb, qeyri-neft məhsulları üzrə malların mənşə ölkəsinin müəyyən edilməsi üçün ekspertiza xidmətləri tarifləri orta hesabla 30 faiz, mənşə sertifikatının verilmə müddəti üç gündən bir günə endirilib.
İxrac bazarlarında ölkəmizin və ixracatçıların iqtisadi-ticarət maraqlarının daha dolğun qorunması və təmsil edilməsi məqsədilə ticarət nümayəndələrinin təyin edilməsi ilə bağlı müvafiq Fərmanınızın icrasına başlanılıb, ölkəmizin ilk ticarət nümayəndəsi qeyri-neft məhsulları üzrə əsas ticarət tərəfdaşımız olan Rusiya Federasiyasına təyin olunub.
Belarusda yaradılmış Azərbaycan Ticarət Evinin bu yaxınlarda açılışı gözlənilir. Eyni zamanda, Ukraynada bununla bağlı işlər aparılmaqla yanaşı, məhsullarımızın ixrac potensialı olan digər ölkələrdə də ticarət evlərinin yaradılması nəzərdən keçirilir.
Tapşırığınıza əsasən Qazaxıstanın Aktau şəhərində müasir logistika mərkəzi yaradılıb. Qazaxıstan Prezidenti Nursultan Nazarbayev bu yaxınlarda mərkəzə baxış keçirərkən onun fəaliyyətini yüksək qiymətləndirib və burada xüsusi gömrük rejiminin tətbiq edilməsi barədə aidiyyəti orqanlara tapşırıq verib.
Eyni zamanda, ixracın təşviqi tədbirləri çərçivəsində AZPROMO tərəfindən cari ilin üç ayında 50-dən çox tədbir keçirilib, 30-dan çox şirkətə ixrac üzrə fərdi xidmət göstərilib, ixrac portalları istifadəyə verilib, "GO EXPORT" layihəsi üzrə 5 proqram təşkil edilib və regionlarda təlimlər keçirilib. İqtisadiyyat Nazirliyinin dəstəyi ilə "İxracatçılar Klubu", habelə Arıçılar, Qablaşdırma, Tikinti Materialları İstehsalçıları, Şərab, Nar, Fındıq, Meyvə-Tərəvəz İstehsalçıları və İxracatçıları Assosiasiyaları yaradılıb.
Möhtərəm cənab Prezident, qeyri-neft məhsulları ixracının təşviqi istiqamətində həyata keçirilən tədbirlər sahibkarların öz məhsullarını ixrac etməyə marağını artırıb, bu isə cari ilin ixrac göstəricilərində də öz əksini tapıb. Belə ki, bu ilin ilk rübündə əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə qeyri-neft məhsullarının ixracı 8,6 faiz (üzən platformanı istisna etsək 32,5 faiz), o cümlədən, kənd təsərrüfatı və emalı məhsullarının ixracı 44 faiz, sənaye məhsullarının ixracı isə həmin platformanı istisna etsək 25 faiz artıb.
Bu dövr ərzində tərəvəz ixracı 45 faiz, meyvə ixracı 20 faiz, pambıq ixracı 3,6 dəfə, süd məhsulları ixracı 3,6 dəfə, spirtli və spirtsiz içki ixracı 2,3 dəfə, emal olunmuş meyvə-tərəvəz məhsulları ixracı isə 39 faiz artıb. Sənaye sahəsində isə kimya sənayesi məhsulları 85 faiz, toxuculuq məmulatları 65 faiz, alüminium və ondan məmulatlar 43 faiz, plastiklər 33 faiz, avadanlıqlar, mexaniki qurğular və hissələri 2,1 dəfə çoxalıb.
Qeyri-neft ixracının 45 faizi MDB dövlətləri və Gürcüstanın, 26 faizi Türkiyənin, 12 faizi Avropa İttifaqı ölkələrinin, 4 faizi Çinin, 13 faizi isə digər ölkələrin payına düşüb.
Bununla belə etiraf etmək lazımdır ki, müsbət meyillərə baxmayaraq, iqtisadi potensialımız nəzərə alındıqda qeyri-neft ixracının həcmi arzu olunan səviyyədə deyil. Buna görə Azərbaycanın müqayisəli üstünlüyə malik olduğu bir neçə hədəf mal qrupları üzrə istehsalın və ixracın artırılması istiqamətində işlər intensiv şəkildə davam etdirilir.
Təhlillər göstərir ki, bəzi kimya məhsulları, qara metal və alüminium, elektrik avadanlıqları, mebel, şərab, şirələr, meyvə-tərəvəz, pambıq, tütün, fındıq, barama, xalça və bir sıra digər məhsullar üzrə ixracın genişləndirilməsi üçün xüsusilə böyük imkanlar mövcuddur. Bu baxımdan ixracyönümlü müəssisələrin yaradılmasının dəstəklənməsi, prioritet ixrac bazarlarında ticarət evlərinin açılması və ticarət nümayəndələrinin təyin olunması, ixrac prosedurlarının daha da sadələşdirilməsi, Azərbaycanda istehsal olunan məhsullara verilən sertifikatların xarici ölkələrdə tanınması, ixrac məhsullarında keyfiyyət, qablaşdırma və etiketlənmə sahəsində beynəlxalq standartların tətbiqi, ixrac üzrə mütəxəssislərin hazırlanması tədbirləri bundan sonra da davam etdiriləcək.
Bununla yanaşı, cənab Prezident, tapşırığınıza uyğun olaraq, xarici kütləvi informasiya vasitələrində Azərbaycan məhsullarının reklam kampaniyası aparılacaq.
Sahibkarlarımız da öz müəssisələrini müasir tələblərə uyğun qurmalı, ixrac bazarlarında rəqabətqabiliyyətli məhsullar istehsal etməli, xarici bazarlarda mövcud olan geniş imkanlardan faydalanmaq məqsədilə peşəkarlıqlarını artırmalı, ixrac menecerləri cəlb etməlidirlər.
Möhtərəm cənab Prezident.
Sizi əmin etmək istərdim ki, ixracın təşviqi istiqamətində imzalanmış fərman və sərəncamlardan irəli gələn vəzifələrin, tərəfinizdən verilən bütün tapşırıqların tam, yüksək səviyyədə və vaxtında icra olunması üçün bütün imkanlarımızı səfərbər edəcəyik.
Diqqətinizə görə təşəkkür edirəm.

← Geriyə