İqtisadi təşkilatlarla əməkdaşlıq

  • Yaradılıb 01.10.2012 11:14
  • Yenilənib 07.11.2017 10:52
  • Nəşr edilib 01.10.2012 11:14

İqtisadi Əməkdaşlıq Təşkilatı

 

Təşkilat haqqında ümumi məlumat. İqtisadi Əməkdaşlıq Təşkilatı, beynəlxalq təşkilat kimi 1985-ci ildə Türkiyə, İran və Pakistan arasında iqtisadi, texniki və mədəni əməkdaşlığı möhkəmləndirmək üçün yaradılmışdır. 1992-ci ildə daha 7 dövlət təşkilatın üzvü olmuşdur.

Üzv ölkələr. Azərbaycan, Əfqanıstan, İran, Qazaxıstan, Qırğızıstan, Pakistan, Tacikistan, Türkiyə, Türkmənistan, Özbəkistan.

Məqsədi. Təşkilatın əsas məqsədləri davamlı iqtisadi artıma nail olunması, üzv dövlətlərin davamlı iqtisadi inkişafının təmin edilməsi, ticarətin liberallaşdırılması və region daxili ticarətin təşviqi, üzv dövlətlərin iqtisadiyyatının dünya iqtisadiyyatına tədricən inteqrasiyası, nəqliyyat və kommunikasiya sisteminin inkişaf etdirilməsi, iqtisadiyyatın liberallaşdırılması, İƏT regionunun maddi sərvətlərinin səmərəli istifadəsindən ibarətdir.

Azərbaycan ilə əməkdaşlıq. Azərbaycan İƏT daxilində iqtisadiyyatın liberallaşdırılması proseslərində fəal iştirak edir. Belə ki, üzv dövlətlər arasında iqtisadi əməkdaşlığın gücləndirilməsi və regiondaxili ticarətin artırılması məqsədilə Azərbaycan 10 müxtəlif saziş, o cümlədən "İƏT üzv dövlətləri arasında Ticarət Əməkdaşlığına dair Çərçivə Saziş", "İƏT regionunda Tranzit Nəqliyyatı haqqında Saziş", "İƏT regionunda investisiyaların təşviqi və qorunması haqqında Saziş" imzalanmışdır.

Hal-hazırda İqtisadi Əməkdaşlıq Təşkilatında Baş Katib vəzifəsini Halil İbrahim Akça həyata keçirir.

2013-cü ilin 26 noyabr tarixində İran İslam Respublikasının Tehran şəhərində Nazirlər Şurasının 21-ci iclası keçirilmişdir. İclasda İƏT-in Bakıda Tədqqiat Mərkəzinin yaradılması haqqında yekun qərar qəbul edilmiş və Mərkəzin Əsasnaməsi təsdiq olunmuşdur. Hazırda Tədqiqat Mərkəzinin fəaliyyətə başlaması ilə bağlı dövlətdaxili prosedurlar həyata keçirilir.

2014-cü ilin oktyabrın 1-də İƏT üzv ölkələrin İqtisadi Beyin Mərkəzlərinin 2-ci Bakı Forumu və "Enerji, Regional İnteqrasiya və Sosial-İqtisadi İnkişaf" mövzusunda 2-ci Beynəlxalq Konfrans baş tutmuşdur.

26-27 noyabr 2015-ci il tarixində İqtisadi Əməkdaşlıq Təşkilatının Baş Katibi Halil İbrahim Akçanın rəhbərlik etdiyi nümayəndə heyətinin Bakıya səfəri olmuşdur.

5-8 dekabr 2016-cı il tarixlərində İran İslam Respublikasının Tehran şəhərində keçirilmiş İqtisadi Əməkdaşlıq Təşkilatının Regional Planlaşdırma Şurasının 27-ci iclasında İqtisadiyyat Nazirliyinin nümayəndə heyəti iştirak etmişdir.

1 mart 2017-ci il tarixində Pakistan İslam Respublikasının İslamabad şəhərində İƏT-in 13-cü Zirvə görüşü keçirilmişdir. Zirvə görüşündə Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında nümayəndə heyətinin tərkibində iqtisadiyyat naziri Şahin Mustafayev iştirak etmişdir.

ECOBANK. İƏT-in Ticarət və İnkişaf Bankı 2008-ci ildə fəaliyyətə başlamışdır və onun əsas məqsədi İƏT ölkələrinin daxili regional ticarətini genişləndirmək və iqtisadi inkişafını sürətləndirmək üçün maliyyə vəsaitlərinin təşkil və təmin olunmasıdır. Bankın əsas prioritetləri infrastruktur, istehsal, daşımalar, telekommunikasiya və energetika sahələrində layihələrdir. 2012-ci il 28 sentyabr tarixində Bankın Nizamnaməsi Azərbaycan Respublikası tərəfindən imzalanmış, 15 fevral 2013-cü il tarixində Milli Məclis tərəfindən ratifikasiya olunmuşdur.

← Geriyə