Xəbərlər

  • Yaradılıb 01.06.2018 17:37
  • Yenilənib 01.06.2018 17:37
  • Nəşr edilib 31.05.2018 17:35

II Respublika İnnovasiya Müsabiqəsi barədə maarifləndirmə tədbirləri keçirilir

 

İqtisadiyyat Nazirliyi və Birləşmiş Millətlər Təşkilatının Azərbaycandakı Nümayəndəliyi ilə birgə elan edilmiş İkinci Respublika İnnovasiya Müsabiqəsi barədə məlumatlılığın artırılması məqsədilə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası və Bakı Dövlət Universitetində gənc tədqiqatçılar, müəllim və tələbələrin iştirakı ilə maarifləndirmə tədbirləri keçirilib.

Dövlət İdarəçilik Akademiyasında keçirilən tədbirdə akademiyanın birinci prorektoru, professor Əlikram Abdullayev, Bakı Dövlət Universitetində keçirilən tədbirdə universitetin Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Daşqın Qəmbərov tələbələrin potensial bilik və bacarıqlarının reallaşdırılması sahəsində görülən işlərdən, bu istiqamətdə aparılan tədqiqat işlərinin həyata keçirilməsində innovativ ideyaların  əhəmiyyətindən və son illərdə iqtisadiyyatın müxtəlif sahələrində ölkəmizin əldə etdiyi uğurlardan danışıblar.

İqtisadiyyat Nazirliyinin Dayanıqlı inkişaf şöbəsinin müdiri Hüseyn Hüseynov iqtisadiyyatın davamlı inkişafının təmin edilməsi, rəqabət qabiliyyətliliyin və ixrac potensialının artırılması, həmçinin ətraf mühitin mühafizəsinin gücləndirilməsi baxımından innovasiyaların önəmini qeyd edib, müsabiqə qaydalarını gənc tədqiqatçıların diqqətinə çatdırıb.

Tədbirlərdə həmçinin, İnnovasiya Müsabiqəsinin təşkili və layihələrin qiymətləndirilməsi məqsədilə ilə yaradılmış Qiymətləndirmə Komissiyasının üzvləri, Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin nümayəndələri tərəfindən İkinci İnnovasiya Müsabiqəsi çərçivəsində təqdim olunacaq innovativ layihələrin qəbulu, qiymətləndirilməsi sahəsində müasir platformalardan istifadənin əhəmiyyəti vurğulanıb, gənc tədqiqatçıların qabaqcıl ideyalarının dəstəklənməsi istiqamətində həyata keçirilən tədbirlər diqqətə çatdırılıb.

Tədbirlərdə İkinci Respublika İnnovasiya Müsabiqəsinin məqsədi və şərtləri barədə təqdimatlar dinlənilib.

Sonda tələbə və gənc tədqiqatçıların təklifləri dinlənilib, sualları cavablandırılıb.

 

← Geriyə