Xəbərlər

  • Yaradılıb 07.03.2018 16:14
  • Yenilənib 07.03.2018 17:39
  • Nəşr edilib 07.03.2018 16:10

İmişli rayonunda iki yem emalı müəssisəsi istifadəyə verilib

 

İmişli rayonunun Nurulu və Şahverdili kəndlərində yem emalı müəssisələri fəaliyyətə başlayıb.
Bununla əlaqədar İqtisadiyyat Nazirliyinin təşkilatçılığı ilə keçirilmiş tədbirdə nazir müavini Sahib Məmmədov Azərbaycan Respublikası Prezidentinin rəhbərliyi ilə ölkədə qeyri-neft sektorunun inkişafı, iqtisadiyyatın şaxələndirilməsi, regionların tarazlı və davamlı inkişafı sahəsində həyata keçirilən tədbirlər və əldə olunan nəticələr barədə məlumat verib. Nazir müavini qeyd edib ki, regionlarda icma əsaslı biznesyönümlü layihələrin icrası, o cümlədən İmişli rayonunun Nurulu və Şahverdili kəndlərində yem emalı müəssisələrinin istifadəyə verilməsi bölgədə aqrar sektorun inkişafı və məşğulluğun artırılmasında əhəmiyyətlidir.
Diqqətə çatdırılıb ki, Azərbaycan Hökuməti və ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin birgə maliyyələşdirdiyi layihə çərçivəsində tikilən hər iki müəssisədə yem emalı üçün istehsal sahəsi və anbar inşa olunub, hər birinin gücü saatda 2 ton olan toxum təmizləyən, yem üyüdən və ot doğrayan avadanlıqlar quraşdırılıb, yeni iş yerləri açılıb.
İmişli Rayon İcra Hakimiyyəti başçısının müavini Valid Ağayev yem emalı müəssisələrinin istifadəyə verilməsinin Nurulu və Şahverdili kənd sakinlərinin heyvandarlıq və bitkiçilik sahəsində fəaliyyətinin genişlənməsinə və yemə olan tələbatın ödənilməsinə şərait yaradacağını diqqətə çatdırıb.
ABŞ-ın Azərbaycandakı Səfirliyinin nümayəndəsi Bricit Voker birgə layihə çərçivəsində görülən işlərdən danışıb, bu tədbirlərin regionların inkişafına töhfə olduğunu bildirib.
Kənd sakinləri göstərilən diqqət və qayğıya görə dövlət başçısına minnətdarlıqlarını bildiriblər.

← Geriyə