Sahibkarlığa dəstək

  • Yaradılıb 25.09.2012 07:56
  • Yenilənib 25.10.2016 10:04
  • Nəşr edilib 25.09.2012 07:56

Xüsusi İqtisadi Zonalar

 

Dünyanın aparıcı ölkələrində sahibkarlığın inkişafının müxtəlif iqtisadi modelləri tətbiq edilir. Belə modellərdən biri də xüsusi iqtisadi zonalardır (XİZ).
XİZ-lərin yaradılmasında məqsəd ölkə iqtisadiyyatının prioritet sahələrinin inkişafının sürətləndirilməsi, yerli və xarici investisiyaların cəlb edilməsinə daha əlverişli şəraitin yaradılması, yüksək texnoloji sahələrin inkişafının, rəqabətqabiliyyətli, səmərəli istehsal və xidmət sahələrinin təşkilinin dəstəklənməsidir.
Hazırda dünyanın 100-dən çox ölkəsində 1000-dən artıq XİZ fəaliyyət göstərir. Onların 500-ə yaxını Asiya və Sakit Okean regionunda, 200-dən çoxu Amerika qitəsi ölkələrində, 200-dən çoxu Yaxın Şərq və Afrika ölkələrində, 100-dən çoxu isə Avropada yerləşir.
Azərbaycanda da sahibkarlığın inkişafının yeni modellərinin - xüsusi iqtisadi zonaların, sənaye park və məhəllələrinin, biznes inkubatorların tətbiqi sahəsində müvafiq işlər aparılır. Yerli və xarici investisiyaların ölkə iqtisadiyyatının inkişafına cəlb edilməsi, investisiya mühitinin daha da yaxşılaşdırılıması, yeni rəqabətqabiliyyətli və səmərəli istehsal və xidmət sahələrinin təşkilinin dəstəklənməsi məqsədilə Azərbaycanda xüsusi iqtisadi zonaların yaradılması sahəsində mühüm işlər görülmüşdür. Belə ki, ən yaxşı beynəlxalq təcrübə öyrənilmiş, təhlillər aparılmış və onun ölkəmizdə tətbiqi üçün ilk olaraq normativ hüquqi bazanın formalaşdırılması istiqamətində zəruri tədbirlər həyata keçirilmişdir.
"Xüsusi iqtisadi zonalar haqqında" Azərbaycan Respublikasının 2009-cu il 14 aprel tarixli Qanunu qüvvəyə minmiş və bu qanunun tətbiqi ilə bağlı Azərbaycan Respublikasının Prezidenti tərəfindən müvafiq Fərman imzalanmışdır. Fərmanda ölkədə xüsusi iqtisadi zonaların yaradılması və fəaliyyəti ilə əlaqədar dövlət siyasətinin Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi tərəfindən həyata keçirilməsi müəyyən edilmişdir.
Bu istiqamətdə 2010-cu ildə də işlər davam etdirilmişdir. Belə ki, "Xüsusi iqtisadi zonanın rezidentlərinin fəaliyyəti haqqında hesabat-statistik məlumatların alınması, onların fəaliyyətinə monitorinqin həyata keçirilməsi Qaydası", "Operator tərəfindən xüsusi iqtisadi zonanın inkişafı və fəaliyyəti barədə onun administrasiyasına hesabatların, o cümlədən kənar audit hesabatlarının təqdim olunma Qaydası", "Xüsusi iqtisadi zonada fəaliyyət göstərmək üçün hüquqi və fiziki şəxslərlə operator arasında bağlanan niyyət sazişinin nümunəvi forması", "Xüsusi iqtisadi zonanın rezidenti ilə operatoru arasında bağlanan sazişin nümunəvi forması", "Xüsusi iqtisadi zonanın administrasiyası ilə operator arasında bağlanan xüsusi iqtisadi zonada dövlət mülkiyyətində olan torpaq sahəsinin icarə müqaviləsinin nümunəvi forması hazırlanmış və Ədliyyə Nazirliyi tərəfindən dövlət qeydiyyatına alınmışdır.
"Xüsusi iqtisadi zonanın rezidentlərinin fəaliyyəti haqqında hesabat-statistik məlumatların alınması, onların fəaliyyətinə monitorinqin həyata keçirilməsi Qaydası"na əsasən, XİZ-in rezidentləri və operatoru maliyyə ili başa çatdıqdan sonra növbəti ayın 20-dək fəaliyyətləri haqqında hesabat-statistik məlumatları XİZ-in administrasiyasına təqdim etməlidirlər.
"Operator tərəfindən xüsusi iqtisadi zonanın inkişafı və fəaliyyəti barədə onun administrasiyasına hesabatların, o cümlədən kənar audit hesabatlarının təqdim olunma Qaydası"na görə, operator XİZ-in operatorunun illik balansını, maliyyə nəticələri və onların istifadəsinə dair hesabatları qanunvericilikdə nəzərdə tutulmuş müddətlərdə XİZ-in administrasiyasına təqdim etməlidir.
"Xüsusi iqtisadi zonada fəaliyyət göstərmək üçün hüquqi və fiziki şəxslərlə operator arasında bağlanan niyyət sazişinin nümunəvi forması" niyyət sazişinin əməkdaşlıq istiqamətləri və əməkdaşlıq formaları, "Xüsusi iqtisadi zonanın rezidenti ilə operatoru arasında bağlanan sazişin nümunəvi forması" isə sazişin qüvvəyə minməsi və müddətini, mübahisələrin həlli kimi məsələləri özündə əks etdirir.
"Xüsusi iqtisadi zonanın administrasiyası ilə operator arasında bağlanan xüsusi iqtisadi zonada dövlət mülkiyyətində olan torpaq sahəsinin icarə müqaviləsinin nümunəvi forması" və "Xüsusi iqtisadi zonanın administrasiyası ilə rezident arasında bağlanan xüsusi iqtisadi zonada dövlət mülkiyyətində olan torpaq sahəsinin icarə müqaviləsinin nümunəvi forması" icarə haqqı, icarəyə verən və icarəçinin hüquq və vəzifələri, tərəflərin məsuliyyəti kimi məsələləri tənzimləyir.
Bundan başqa, Nazirlər Kabinetinin 2010-cu il 25 yanvar tarixli Qərarı ilə "Xüsusi iqtisadi zonanın ərazisində ayrıca hüquqi şəxs yaratmadan filiallar, nümayəndəliklər vasitəsilə təsərrüfat fəaliyyəti ilə məşğul olan rezidentlərin fəaliyyəti barədə balansın tərtib edilmə Qaydası və forması" təsdiq edilmişdir.
Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 20 aprel tarixli Fərmanı ilə isə "Xüsusi iqtisadi zonanın operatorunun seçilməsi üzrə müsabiqənin keçirilməsi qaydaları" təsdiqlənmişdir.
Artıq Azərbaycanda xüsusi iqtisadi zonaların yaradılması ilə bağlı zəruri normativ-hüquqi baza formalaşdırılmışdır. Azərbaycanda XİZ-lərin təşkilini və fəaliyyətini tənzimləyən qanunvericilik bazası ölkəmizdə sahibkarlığa dövlət dəstəyinin yeni mexanizminin tətbiqinə hüquqi zəmin yaradır.
Eyni zamanda, qeyri-neft sektorunun inkişafı, iri istehsalat obyektlərinin fəaliyyəti üçün zəruri tranzit xidmətlərinin təşkil olunması və digər əlaqəli xidmətlərin inkişaf etdirilməsi, infrastruktur təminatının yaxşılaşdırılması, kiçik və orta sahibkarlıq subyektlərinin fəaliyyətinin dəstəklənməsi, yeni iş yerlərinin açılması baxımından Ələt qəsəbəsində liman tipli xüsusi iqtisadi zonanın yaradılması məqsədəuyğun hesab edilmişdir.
Bununla əlaqədar olaraq, xüsusi iqtisadi zonaların yaradılması üçün mövcud qanunvericilik bazasının təkmilləşdirilməsi, eləcə də beynəlxalq məsləhətçi şirkət cəlb etməklə bu istiqamətdə müvafiq tədbirlərin həyata keçirilməsi zəruri bilinmiş, Ələt qəsəbəsində liman tipli xüsusi iqtisadi zonanın yaradılması ilə bağlı tədbirlərin sistemli və ardıcıl şəkildə həyata keçirilməsi məqsədi ilə Azərbaycan Respublikasının Prezidenti tərəfindən "Bakı şəhəri Qaradağ rayonunun Ələt qəsəbəsində yeni Bakı Beynəlxalq Dəniz Ticarəti Limanının ərazisi daxil olmaqla azad ticarət zonası tipli xüsusi iqtisadi zonanın yaradılması ilə bağlı tədbirlər haqqında" 2016-cı il 17 mart tarixli 1912 nömrəli Sərəncam imzalanmışdır. İqtisadiyyat nazirinin 2016-cı il 24 may tarixli F-59 nömrəli əmri ilə yuxarıda qeyd olunan Sərəncamdan irəli gələn məsələlərin yerinə yetirilməsi ilə bağlı müvafiq işçi qrupu yaradılmışdır.
Sərəncamdan irəli gələn məsələlərin icrası məqsədilə bu istiqamətdə müvafiq işlərin görülməsi davam etdirilir.

← Geriyə