Xəbərlər

  • Yaradılıb 28.02.2018 15:25
  • Yenilənib 28.02.2018 15:25
  • Nəşr edilib 28.02.2018 14:05

İsmayıllıda turizmin inkişafı təşviq olunur

 

İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu sahibkarların maarifləndirilməsi, sahibkarlığın inkişafına maliyyə dəstəyinin göstərilməsi tədbirlərini davam etdirir.

Bu istiqamətdə növbəti işgüzar forum fevralın 28-də İsmayıllı rayonunun Qalınçaq kəndində təşkil olunub.

İşgüzar forum çərçivəsində rayonun iqtisadi potensialının reallaşdırılması istiqamətində sahibkarlarla müzakirələr aparılıb, İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu tərəfindən İsmayıllı rayonunun iqtisadi potensialına uyğun olaraq, cins heyvandarlıq, tərəvəzçilik, arıçılıq və intensiv bağçılıq təsərrüfatlarının, pendir istehsalı müəssisəsinin və otelin yaradılması, startap və kənd turizmi üzrə nümunəvi investisiya layihələri və metodiki materiallar sahibkarlara təqdim olunub.

Forumda İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktorunun müavini Arif Vəliməmmədov Fondun fəaliyyəti və bu ilin ötən dövründə verilmiş güzəştli kreditlər hesabına həyata keçirilən layihələr barədə məlumat verib. Bildirilib ki, 2018-ci ilin ötən dövrü ərzində sahibkarlıq subyektlərinin ümumi dəyəri 152,5 milyon manat olan investisiya layihəsinin maliyyələşdirilməsinə 19,2 milyon manat güzəştli kredit verilib. Qeyd edilib ki, bugünkü tədbirdə verilən kreditlər də daxil olmaqla indiyədək İsmayıllı rayonunda 500-dək investisiya layihəsinin maliyyələşdirilməsinə 22,8 milyon manat güzəştli kredit ayrılıb. Vurğulanıb ki, əlverişli təbii coğrafi şəraitə, zəngin təbiətə malik olan ölkəmizdə turizmin inkişafı üçün böyük imkanlar mövcuddur. Bununla bağlı “Azərbaycan Respublikasında ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi” təsdiq edilib və konkret hədəflər müəyyən olunub. Belə sahələrdən biri də müalicə turizmidir ki, hazırda  İsmayıllı rayonunda 114 otaqlı beynəlxalq tələblərə uyğun müalicə-sağlamlıq kompleksi yaradılır.

Bildirilib ki, turizmin inkişafı ilə əlaqədar indiyədək ümumilikdə 190-a yaxın sahibkara 41,4 milyon manat güzəştli kredit verilib. Bu layihələrin reallaşdırıması 4500-dək yeni iş yerinin açılmasına imkan yaradır.

Forum çərçivəsində müvəkkil kredit təşkilatları vasitəsilə İsmayıllı və ətraf rayonlarda fəaliyyət göstərən sahibkarlıq subyeklərinə 220 min manat güzəştli kredit verilib. Güzəştli kreditlər heyvandarlıq, taxılçılıq, bağçılıq və s. sahələrin inkişafına yönəldiləcək.

Tədbir çərçivəsində dövlətin güzəştli krediti ayrılmış müalicə-sağlamlıq kompleksində, 300 başlıq cins heyvandarlıq təsərrüfatında aparılan işlərə və 602 hektar ərazidə aqroparka baxış keçirilib.

← Geriyə