2013

  • Yaradılıb 13.05.2013 07:34
  • Yenilənib 05.02.2014 12:19
  • Nəşr edilib 13.05.2013 07:34

Kənd təsərrüfatı


2013-cü ilin yanvar-dekabr aylarında kənd təsərrüfatının ümumi məhsulunun faktiki qiymətlərlə dəyəri 5244.6 milyon manat təşkil etmiş və keçən ilin eyni dövrünə nisbətən 4.9 faiz, o cümlədən bitkiçilik məhsulları üzrə 4.2 faiz, heyvandarlıq məhsulları üzrə 5.5 faiz artmışdır.
Yanvar-dekabr aylarında əsas kapitala yönəldilmiş ümumi vəsaitin 573.4 milyon manatı və ya 3.2 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılığa sərf edilmişdir.
12 ay ərzində 1073.7 min hektar payızlıq və yazlıq dənli və dənli paxlalı bitkilərin sahəsi biçilmiş və 2961.9 min ton məhsul götürülmüşdür. Hektarın orta hesabla məhsuldarlığı 27.6 sentner olmuşdur. 2012-ci ilin müvafiq dövrü ilə müqayisədə taxıl istehsalı 5.7 faiz və ya 159.7 min ton artmışdır.
Dənli və dənli paxlalıların tərkibində payızlıq və yazlıq buğda əsas yer tutur. Belə ki, istehsal olunmuş taxıl məhsulunun 64.1 faizini və ya 1898.1 min tonunu buğda təşkil etmişdir.
Yanvar-dekabr aylarında sahələrdən 992.7 min ton kartof, 1232.8 min ton tərəvəz bitkiləri, 429.7 min ton ərzaq üçün bostan məhsulları, 852.9 min ton meyvə və giləmeyvə, 154.1 min ton üzüm, 3.5 min ton tütün, 181.4 min ton şəkər çuğunduru və 0.567 ton yaşıl çay yarpağı toplanmışdır. Keçən ilin müvafiq dövrünə nisbətən kartof istehsalı 2.5 faiz, tərəvəz istehsalı 1.4 faiz, bostan məhsulları istehsalı 0.4 faiz, meyvə və giləmeyvə istehsalı 5.3 faiz, üzüm istehsalı 2.1 faiz, şəkər çuğunduru 3.2 faiz çox toplanmışdır.
2013-cü ilin yanvar-dekabr aylarında 44.8 min ton xam pambıq və 3.5 min ton tütün yarpağı yığılmışdır.
Təsərrüfatlarda 2014-cü ilin məhsulu üçün təmiz herik şumu da daxil olmaqla cari ilin payızlıq əkinləri üçün 1088.2 min hektar şumlanmışdır. 2014-cü ilin məhsulu üçün 995.5 min hektarda dən və yaşıl yem üçün payızlıq bitkilər səpilmişdir, bunun da 979.1 min hektarı və ya 98.4 faizi dən üçün tutulmuşdur. Dənlik taxılın 66.0 faizi və ya 646.3 min hektarı buğda əkini sahəsidir.
Kənd təsərrüfatının əsas sahəsi olan heyvandarlıq sahəsində mal-qaranın baş sayı və heyvandarlıq məhsulları istehsalı dinamik olaraq artır. Son illər sürünün cins tərkibinin yaxşılaşdırılması istiqamətində görülmüş müəyyən işlər mal-qaranın baş sayının və heyvandarlıq məhsullarının artmasına öz müsbət təsirini göstərmişdir.
2014-cü ilin 1 oktyabr tarixinə ölkə üzrə 2728.7 min baş iri buynuzlu mal-qara, o cümlədən 1311.7 min baş inək və camış, 8770.9 min baş qoyun və keçi mövcud olmuşdur. 2012-ci ilin müvafiq dövrü ilə müqayisədə iri buynuzlu mal-qaranın sayı 29.3 min baş (1.1 faiz), o cümlədən inək və camışların sayı 17.0 min baş (1.3 faiz), qoyun və keçilərin sayı isə 83.2 min baş (1.0 faiz) artmışdır.
2013-cü il ərzində ölkədə diri çəkidə 514.4 min ton ət, 1820.5 min ton süd, 1401.5 milyon ədəd yumurta və 16.8 min ton yun istehsal edilmişdir. Ötən ilin müvafiq dövrü ilə müqayisədə ət istehsalı 4.2 faiz və ya 21.0 min ton, süd istehsalı 5.9 faiz və ya 0.9 min ton, yumurta istehsalı 14.2 faiz və ya 174.8 milyon ədəd və yun istehsalı 1.9 faiz və ya 0.3 min ton artmışdır. Ölkə iqtisadiyyatının qeyri-neft sektorunun əsas sahələrindən olan kənd təsərrüfatında məhsul istehsalının stimullaşdırılması, rəqabət qabiliyyətinin artırılması, əhalinin ərzaq məhsullarına olan tələbatının yerli istehsal hesabına ödənilməsi və ixracın genişləndirilməsi məqsədilə subsidiyaların verilməsi, vergi güzəştlərinin tətbiqi, lizinq xidmətlərinin genişləndirilməsi kimi kompleks dövlət dəstəyi tədbirlərinin həyata keçirilməsi aqrar sektorun inkişafına müsbət təsir göstərmiş, eləcə də ölkə əhalisinin ərzaq təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 25 avqust tarixli 3004 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı" çərçivəsində həyata keçirilmiş məqsədyönlü tədbirlər nəticəsində son illər yerli istehsal hesabına əsas növ ərzaq məhsulları ilə özünütəminetmə səviyyəsi xeyli yüksəlmiş və hətta bir sıra məhsullar üzrə tam təminata keçilmişdir. Əvvəllər xarici ölkələrdən idxal olunan malların bir qismi artıq Azərbaycanda istehsal olunmağa başlamışdır. Qida məhsullarından bitki yağları, şəkər, ət və ət məhsulları, süd məhsulları, bostan məhsulları, meyvə və tərəvəz konservləri, meyvə şirələri və s. daxili bazarımızı zənginləşdirmiş, əsas qida məhsullarına idxaldan asılılığımızı xeyli azaltmışdır.
Sahibkarlara göstərilən hərtərəfli dövlət dəstəyinin (güzəştli kreditlərin verilməsi, emal müəssisələri və məhsul saxlama anbarlarının şəbəkələrinin genişləndirilməsi, kənd təsərrüfatı texnika ilə təminatının yaxşılaşdırılması, cins mal-qaranın lizinqə verilməsi və s.) kənd təsərrüfatı məhsullarının istehsalının artırılmasına öz müsbət təsirini göstərmişdir.

 

← Geriyə