Korporativ idarəetmə

  • Yaradılıb 25.09.2012 05:52
  • Yenilənib 11.05.2017 13:46
  • Nəşr edilib 25.09.2012 05:52

Korporativ Etika Məcəlləsi

 

I.Giriş

Bizim məqsədimiz cəmiyyət və hər bir əməkdaş üçün fayda verən, gəlirlə fəaliyyət göstərən şirkət olmaqdır. Bununla bağlı, şirkətin fəaliyyəti aşağıdakı mənəvi dəyərlər üzərində qurulmuşdur:

─ Əməkdaşlarımızın, tərəf müqabillərimizin və bütövlükdə cəmiyyətin hüquq və qanuni mənafelərinə hörmət;

─ Ədalət, yəni hər bir əməkdaşın öz əməyinə mütənasib olaraq şirkətin gəlirindən istifadə etmə imkanının yaradılması;

─ Bərabərlik, hər kəs üçün bərabər əmək şəraiti, o cümlədən istirahət hüququ və ixtisasartırma hüququnun təminatı;

─ Şirkətin əməkdaşlarının şirkətin fəaliyyətindən irəli gələn mənfi fəsadlardan qorunması;

─ Şirkətin əməkdaşlarının peşəkarlıq, təcrübə və şirkətin inkişafında sərf etdikləri zəhmət meyarları əsasında irəli çəkilməsi.

Qeyd edilən mənəvi dəyərləri öz fəaliyyətində rəhbər tutaraq, şirkət özünün inkişafı və cəmiyyətə faydalı olması üçün zəruri olan korporativ mədəniyyətinin yaradılmasına səy göstərəcəkdir. Həmin dəyərlər şirkətin hər bir əməkdaşı üçün məcburidir. Bununla yanaşı şirkət öz tərəf müqabilləri ilə də əlaqələri bu dəyərlərə əsasən qurur.

Bu dəyərlərə əsaslanaraq şirkət onun fəaliyyətinin ayrı-ayrı tərəflərini tənzimləyən etik prinsipləri öz işində rəhbər tutur.

 

 

II.Etik prinsiplər

1) Şirkətin xarici əlaqələrini tənzimləyən etik prinsiplər.

a) Tərəf müqabillər, rəqiblər, istehlakçılar ilə münasibətlər.

Şirkət tərəf müqabillər, rəqiblər, istehlakçılar ilə münasibətlərini əməkdaşlıq, qarşılıqlı hörmət və üzərinə düşən öhdəliklərin vaxtında tam və lazımınca icra edilməsi əsasında qurur. Bu münasibətlərin formalaşdırılması zamanı aşağıdakı məqamlara xüsusi ilə diqqət yetirilir:

1) Şirkət həmişə öz öhdəliklərini vaxtında, tam və lazımi qaydada yerinə yetirir və eyni vəziyyəti öz tərəf müqabillərindən də tələb edir.

2) Şirkət öz fəaliyyəti ilə yanaşı, tərəf müqabillərinin də fəaliyyətinin inkişafında maraqlıdır.

3) Şirkət istehlakçılar ilə münasibətlərini qarşılıqlı razılıq və uzun müddətli əməkdaşlıq, ədalət və etimad əsasında qurur. Şirkət üçün əsas məram istehlakçının hüquq və qanuni mənafeləridir. Məhz bu baxımdan şirkət çalışır ki, istehsal etdiyi məhsulun (gördüyü işin, göstərdiyi xidmətin) yüksək keyfiyyətini, təhlükəsizlik tələblərinə uyğunluğunu təmin etsin.

4) Şirkət öz fəaliyyətinin təkmilləşdirilməsi üzərində mütəmadi olaraq işləyir. Bunun üçün monitorinq və sorğular keçirir. Şirkətin ünvanına daxil olan müraciətləri və şikayətləri diqqətlə araşdıraraq, özünün işgüzar nüfuzunun daima yüksək səviyyədə olması üçün zəruri tədbirlər görür.

5) Şirkət ədalətli rəqabət aparır, öz rəqiblərinin işgüzar nüfuzuna xələl gətirən, onların əleyhinə qanuna zidd və etikaya uyğun olmayan hərəkət etməkdən çəkinir.

6) Şirkət öz fəaliyyətini hesabatlıq və şəffaflıq əsasında qurur.

b) Cəmiyyət ilə münasibətlər.

Cəmiyyətin müxtəlif zümrələri ilə qarşılıqlı əməkdaşlığın formalaşması, sosial layihələrin həyata keçirilməsi və bu layihələrdə iştirak şirkətin sosial siyasətinin əsasını təşkil edir. Bununla bağlı:

1) Şirkət həm ölkə üzrə, həm də fəaliyyət göstərdiyi ərazi üzrə əhalinin rifahının yaxşılaşdırılması, ətraf mühitin mühafizəsi və s. sosial baxımdan əhəmiyyət kəsb edən layihələri dəstəkləyir, bu layihələrdə iştirak edir və onların təşviqi və icrası ilə bağlı zəruri tədbirlər görür.

2) Şirkət yeni iş yerlərinin yaradılması, işsizliyin və yoxsulluğun azaldılması istiqamətində müvafiq ixtisaslar üzrə kadrların seçilməsi ilə bağlı ali məktəblərlə əməkdaşlıq edir. Öz kadr potensialını formalaşdırmaq üçün seçiləcək kadrlara ali məktəbdəki təhsil dövründə yardım göstərir.

3) Şirkət sosial layihələrin maliyyələşdirilməsi zamanı şəffaflıq və hesabatlıq prinsiplərindən istifadə edir. Layihələr üzrə namizədlərin seçilməsinin dəqiq və birmənalı meyarlarını müəyyən edir.

c) Dövlət orqanları ilə münasibətlər.

Şirkət dövlət orqanları və onların vəzifəli şəxsləri ilə mənafelərin toqquşmasını istisna edən konstruktiv münasibətlərin qurulması istiqamətində səy göstərir. Bunun üçün şirkət:

1. Dövlət orqanları və onların vəzifəli şəxsləri tərəfindən qanunsuz və əsassız qərarların qəbul edilməsinə sövq edən hərəkətlərdən çəkinir.

2. Qanunvericilik ilə müəyyən edilmiş tələblərə riayət edir.

3. Qanunvericilik ilə müəyyən edilmiş qaydada, müddətdə və məbləğdə vergi və digər icbari ödənişlər ödəyir.

4. Dövlət əleyhinə olan tədbirlərdə iştirak etmir.

5. Şirkətin əməkdaşlarının siyasi fəaliyyət ilə qeyri-iş vaxtı və iş yerindən kənarda onların öz vəsaitləri hesabına məşğul olmasını təmin edir.

6. Dövlət orqanları və onların vəzifəli şəxslərinin qanuni göstərişlərinə riayət edir, bununla bağlı tələb olunan məlumatları və sənədləri onlara təqdim edir.

7. Təqdim etdiyi hesabatlarda dəqiq, obyektiv və hərtərəfli məlumatların əks etdirilməsini və bu hesabatların vaxtında təqdim edilməsini təmin edir.

ç) Hədiyyələr.

Şirkət tərəfindən hədiyyələr şirkətin vəsaiti hesabına, bu barədə müvafiq hesabatlarda əks etdirməklə və açıqlamaqla verilir. Şirkət və onun əməkdaşları tərəfindən şirkətin tərəf müqabilləri, rəqibləri və digər şəxslərin verdiyi hədiyyələr aşağıdakı şərtlərlə qəbul edilir:

1. Bu hədiyyələrin qəbul edilməsi işgüzar adətlərə uyğundur və heç bir qanunvericilik müddəalarının və ya etik qaydaların pozulmasına gətirib çıxarmır.

2. Hədiyyələr cüzi dəyərə malikdir.

3. Hədiyyənin bağışlanması rüşvət kimi qiymətləndirilmir.

4. Hədiyyələrin alınması faktı şirkət və ya hədiyyə almış əməkdaşı üçün öhdəlik yaratmır.

Şirkət öz fəaliyyətini rüşvət və korrupsiya hallarından azad formada həyata keçirməlidir.

2) Şirkətdə daxili münasibətlərini tənzimləyən prinsiplər.

a) Şirkət ilə əməkdaşların, habelə əməkdaşların öz aralarındakı münasibətlər.

Daxili münasibətlər şirkətlə əməkdaşlar arasında münasibətləri, əməkdaşlara dair tələbləri ehtiva edir. Şirkətin uğurlu fəaliyyəti onun əməkdaşlarının peşəkarlığı, səriştəliyi və əməyə vicdanlı münasibətindən asılıdır. Hər bir əməkdaş ümumi nəticə üçün çalışır. Şirkətlə onun əməkdaşları arasında faydalı fəaliyyətin təmin edilməsi, şirkət tərəfindən əməkdaşların qanuni və hüquqi mənafelərinin qorunması, habelə əməkdaşların ümumi nəticə üçün işləməsini təşviq etmək məqsədilə şirkətdə aşağıdakı standartlara riayət olunması məqsədəuyğundur:

1. Əməkdaşların hüquqlarına, şərəf və ləyaqətlərinə hörmət göstərilməsi, onlara etimadla yanaşma və hər biri üçün bərabər imkanların yaradılması, işçilərə qarşı heç bir ayrı seçkiliyin tətbiq edilməməsi.

2. Şirkətin öz əməkdaşları qarşısında götürdüyü öhdəliklərin, əməkdaşların isə şirkət və bir-birinin qarşısında götürdükləri öhdəliklərin yerinə yetirməsi.

3. Şirkətdə məcburi və uşaq əməyindən istifadə edilməməsi.

4. Şirkət tərəfindən əməkdaşların təşəbbüskarlığının təşviqi. Eyni zamanda, şirkətin hər bir əməkdaşının təşəbbüskarlıq göstərdikdə məsuliyyətə və şirkətin mənafeyinə əsaslanması.

5. Şirkətlə əməkdaşlar arasında, habelə əməkdaşların öz aralarında münasibətlərin şəffaf olması və qarşılıqlı hörmətə əsaslanması.

6. Şirkət əməkdaşlarının ixtisasının artırılması və yeni ixtisasa yiyələnməsi istiqamətində zəruri tədbirlərin görülməsi.

b) Şirkətin maddi-texniki bazasından istifadə etmə.

Şirkət öz maddi-texniki bazasını işçilərinin istifadəsinə verməlidir. Maddi-texniki baza şirkət qarşısında duran məqsədlərə çatmaq üçün səmərəli istifadə olunmalıdır. Bununla əlaqədar, əməkdaşlar şirkətin əmlakına və vəsaitlərinə qayğı ilə yanaşmalı, onlardan səmərəli istifadə etməli, şirkətin əmlakı və vəsaitlərindən, habelə onun maliyyə-təsərrüfat fəaliyyəti ilə bağlı apardıqları əməliyyatlardan şəxsi mənafeləri üçün istifadə etməməlidirlər. Əməkdaşlar öz vaxtından və həmkarlarının vaxtından səmərəli istifadə etməli, əldə etdikləri məlumatları aidiyyəti üzrə təqdim etməli, şirkətin əmlakı və vəsaitlərindən qənaətlə istifadə etməli və şirkətlə bağlı məlumatlardan istifadə zamanı məxfilik rejiminə riayət etməlidirlər.

c) Effektivlik və gəlirlilik.

Şirkətin fəaliyyətinin əsasını, onun qarşısında duran məqsədlərə nail olmağının əsas şərtini bütün əməkdaşların effektiv fəaliyyəti təşkil edir. Bunun üçün:

1. Hər bir əməkdaş öz əmək vəzifələrini, ona verilən tapşırıqları səylə və vaxtında yerinə yetirməli.

2. Hər bir əməkdaş onun işinin nəticəsi ilə şirkətin məqsədlərinə nail olmaq arasında əlaqəni aydın başa düşməli.

3. Hər bir əməkdaş ətrafda baş verən və şirkətin fəaliyyətinə təsir göstərə biləcək dəyişikliklərə adekvat olaraq öz işini təşkil etməli.

4. Hər bir əməkdaş öz işini daim təkmilləşdirməli, vaxt itkisinə və artıq məsrəflərə yol verməməli.

5. Şirkət müvafiq istiqamətdə təlabatı tam təmin edən məhsullar (işlər və xidmətlər) istehsal etməli və öz maddi-texniki bazasını təkmilləşdirməlidir.

d) Mənafelərin toqquşması.

Hər bir əməkdaş şirkətin mənafeyi naminə fəaliyyət göstərməli və mənafelərin toqquşmasından çəkinməlidir. Bunun üçün:

1. Şirkətin rəhbəri və əməkdaşları öz xidməti vəzifələrini yerinə yetirərkən mənafelərin toqquşmasından azad olmalıdırlar.

2. Şirkətin əməkdaşları şirkətin tərəf müqabilləri ilə münasibətləri müstəsna olaraq şirkətin iştirakçılarının (səhmdarların) maraqları üzərində qurmalı.

3. Şirkətin heç bir əməkdaşı şirkətin tərəf müqabilləri olan şəxslərlə işgüzar münasibətlər qurmamalı.

4. Şirkətin əməkdaşları mənafelərin toqquşması halları barədə dərhal şirkətə məlumat verməli.

5. Mənafelərin toqquşmasından qaçılmaz olduqda əməkdaş bu barədə şirkət rəhbərinə məlumat verməklə müvafiq məsələ ilə bağlı qərarın qəbul edilməsində və digər tədbirlərdə iştirak etməməli.

6. Şirkətin fəaliyyəti ilə bağlı obyektiv və düzgün qərarların qəbul edilməsinə mane olan hərəkətlərdən çəkinməlidir.

e) Sağlamlığın qorunması, sənaye təhlükəsizliyi və ətraf mühitin mühafizəsi.

İnsanın həyatı və sağlamlığı iqtisadi nəticələrdən üstündür. Bu istiqamətdə:

1. Şirkət öz əməkdaşlarının və onların ailə üzvlərinin sağlamlığının mühafizəsinə yönəldilmiş hərəkətləri təşviq edir.

2. Qəzaların azaldılması, həyat və sağlamlığa zərər vuran halların qarşısının alınmasına yönəlmiş tədbirlər keçirir.

3. Mütəmadi olaraq sağlamlığın qorunması, sənaye təhlükəsizliyi və ətraf mühitin mühafizəsinə yönəldilmiş tədbirlər keçirir.

4. Əməyin və ekologiyanın mühafizəsi sistemini təkmilləşdirir.

5. İnsan və ətraf mühit üçün zərərsiz texnologiyalar tətbiq edir.

6. Şirkət əməkdaşlarını şirkətin fəaliyyəti ilə bağlı risklər, onların və digər şəxslərin həyat və sağlamlığına təsir edən amillər barədə məlumatlandırır.

 

III. Məcəllənin icrası.

Bu Məcəllə Şirkətin hər bir əməkdaşına şamil edilir. İşə qəbul olunan hər bir əməkdaş bu Məcəllə ilə tanış edilir və onun müddəalarının gündəlik həyatda tətbiq edilməsi məqsədilə təlimatlandırılır. Bu məqsədlə şirkətdə korporativ etika üzrə təlimat kursu işlənib hazırlanır.

Əgər əməkdaş öz hərəkətlərinin, həmkarlarının hərəkətlərinin bu Məcəllənin müddəalarına uyğun olmadığı barədə qərara gəldikdə o, özünün bilavasitə tabe olduğu şəxslərə bu barədə məlumat verir. Məlumat məxfi saxlanılır. Rəhbər şəxs məlumat barədə qərar qəbul edir və ya bu barədə şirkətin aidiyyəti qurumlarına qərar qəbul etmək üçün müraciət edir. Qəbul edilmiş qərar haqqında əməkdaşa məlumat verilir.

 

← Geriyə