Korporativ idarəetmə

  • Yaradılıb 25.09.2012 05:49
  • Yenilənib 25.09.2012 06:05
  • Nəşr edilib 25.09.2012 05:49

Korporativ idarəetmə Məcəlləsi: dünya təcrübəsi və Azərbaycan

 

90-cı illərin əvvəllərindən başlayaraq dünya ölkələrində investisiya resurslarına tələb və onun əldə olunması üçün rəqabətin kəskin artımı baş vermiş, bununla da yeni maliyyə mənbələrinin axtarılmasına zərurət yaramışdır. Bununla belə, keçid iqtisadiyyatı ölkələrində yaranmış ciddi böhran, Qərb ölkələrində baş vermiş korporativ qalmaqallar investorları öz maliyyə vəsaitlərinin yerləşdirilməsinə daha ciddi diqqət yetirmələrinə sövq etmiş, eyni zamanda investisiya mühitinin qiymətləndirilməsinə daha fərqli yanaşma zəruriyyətə çevrilmişdir. Belə bir şəraitdə şirkətlərin korporativ idarəetmə standartlarının qiymətləndirilməsi ön plana çəkilmişdir.

Korporativ idarəetmənin ümumi üslub və prinsiplərinin formalaşmasında təkcə hökumət orqanları deyil, həmçinin qeyri-hökumət (ictimai, sahibkarlıq və s.) təşkilat və qrupları da iştirak edirlər. Əgər dövlət orqanlarının fəaliyyəti ilk öncə şirkətin fəaliyyəti haqqında məlumatların açıqlanması üzrə müəyyən standartların məcburiliyinin möhkəmləndirilməsi, səhmdarların hüquqlarının müdafiəsi, onlara bərabər münasibətin təmin edilməsi və digər maraqlı tərəflərin mənafelərinin nəzərə alınması məqsədilə qanunvericiliyin təkmilləşdirilməsinə yönəlmişdirsə, işgüzar dairələrin və digər qeyri-hökumət strukturların fəaliyyəti isə işgüzar cəmiyyətin əksəriyyəti tərəfindən könüllü şəkildə qəbul edilə biləcək, eyni zamanda milli xüsusiyyətləri nəzərə almaq şərtilə beynəlxalq prinsiplərə uyğun korporativ idarəetmə qayda və prosedurlarının yaradılmasına istiqamətlənmişdir.

Bu cür iş prinsipinin nəticəsi olaraq müxtəlif ölkələrdə korporativ idarəetmə məcəllələri tərtib olunmağa başlanmışdır. Bunların arasında 1991-ci ildə Böyük Britaniyada Maliyyə İnformasiyaları üzrə Şura, London Fond Birjası və mühasibat işçilərinin professional ittifaqından ibarət Komitə tərəfindən hazırlanmış "Kedberi Məcəlləsi", 1998-ci ildə dünyanın ən iri pensiya fondu olan Kaliforniya İstefada Olan Mülki İşçilərin Pensiya Fondu tərəfindən hazırlanmış "ABŞ-da korporativ idarəetmənin əsas prinsipləri və istiqamətləri", 1999-cu ildə Maliyyə bazarları üzrə Komitə tərəfindən hazırlanmış "Yunanıstanda korporativ idarəetmə prinsipləri", 2000-ci ilin yanvarında korporativ idarəetmə üzrə alman işçi qrupu tərəfindən hazırlanmış "Almaniya korporativ idarəetmə sistemi üçün ən yaxşı təcrübə" Məcəlləsinin adlarını çəkmək olar.

Korporativ idarəetmə məcəlləsi ¾ korporativ münasibətləri tənzimləmək məqsədilə əsasən könüllü şəkildə qəbul olunan standart və daxili normalar külliyyatıdır.

Azərbaycan Respublikasında fəaliyyət göstərən dövlət və özəl müəssisələrin idarəetmə sisteminin təkmilləşdirilməsində müasir beynəlxalq standartların tətbiqi məqsədi ilə Azərbaycanın Korporativ idarəetmə məcəlləsinin hazırlanmasına ehtiyacı görülmüş və bunun üçün İqtisadi İnkişaf Nazirliyinin nəzdində dövlət orqanları, şirkətlər və Beynəlxalq Maliyyə Korporasiyasının nümayəndələrindən ibarət müvafiq İşçi Qrupu yaradılmışdır.

Azərbaycanın Korporativ idarəetmə Məcəlləsi Azərbaycan Respublikasının qanunvericiliyi, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının 1999-cu ildə ilk dəfə qəbul etdiyi və 2004-cü ildə yenidən baxılaraq daha da təkmilləşdirilən Korporativ İdarəetmə Prinsipləri və bu sahədə mövcud olan beynəlxalq standartlara əsaslanaraq hazırlanmaqdadır.

İlkin olaraq Məcəlləyə riayət etmək könüllü şəkildə olacaqdır. Dünya təcrübəsində sonradan "riayət et və ya izah et" prinsipinin tətbiqi məsləhət görülür. Bu prinsipin mahiyyəti ondan ibarətdir ki, şirkətlər Məcəlləyə riayət etməlidirlər, əks təqdirdə isə səbəbini izah etməli və açıqlamalıdırlar.

Hazırkı mərhələdə Məcəllə layihəsinin 5 fəsli üzərində iş aparılır:

1. Müşahidə Şurası

2. İdarə Heyəti

3. Maliyyə hesabatı, şəffaflıq və açıqlama

4. Payçıların hüquqları və onlara münasibət

5. Payçıların korporativ idarəetmədə rolu

Hazırda dünya miqyasında korporativ idarəetmə sahəsində gedən sürətli inkişaf və islahatları nəzərə alaraq, gələcəkdə Məcəlləni strukturunda dəyişikliklər ola biləcəyini də qeyd etmək lazımdır.

Bununla yanaşı, Dövlət Müəssisələrinin Korporativ İdarəetməsinə dair İƏİT-in Təlimatları istinad təlimatı kimi götürülərək dövlət müəssisələrində korporativ idarəetmə prinsiplərinin tətbiqinə dair müddəalar da Məcəllədə öz əksini tapacaqdır.

İqtisadi İnkişaf Nazirliyi Azərbaycanda investisiya mühitinin cəlbediciliyini daha da artırmaq üçün yerli özəl və dövlət müəssisələrində qabaqcıl korporativ idarəetmə prinsiplərinin tətbiqinin ən yaxşı şəkildə həyata keçirilməsi istiqamətində fəaliyyətini davam etdirir.

← Geriyə