Korporativ idarəetmə

  • Yaradılıb 25.09.2012 05:48
  • Yenilənib 24.11.2012 08:44
  • Nəşr edilib 25.09.2012 05:48

Korporativ idarəetmə nədir?

 

Korporativ idarəetmə - şirkətin rəhbərliyi, müşahidə şurası, səhmdarları və digər maraqlı şəxslər arasında qarşılıqlı münasibətlər kompleksidir. Korporativ idarəetmə sistemi şirkətin idarə edilməsi və ona nəzarət üçün nəzərdə tutulmuş struktur və proseslərdən ibarət olub, əsas məqsədi şirkətlərdə ədaləti, şəffaflığı və qarşılıqlı cavabdehliyi təşviq etməklə davamlı inkişafa nail olmaqdır.

Effektiv korporativ idarəetmə sistemi daha yaxşı nəzarət və strateji planlaşdırma, əməliyyat risklərinin və məhkəmə çəkişmələrinin azalması deməkdir. Bu sistemin tətbiqi şirkətlərdə şəffaflığı təmin etməklə şirkətlərin beynəlxalq nüfuzunu artırır, investisiyaların cəlb olunmasını asanlaşdırır, cəlb olunan kapital üzrə xərcləri azaldır.

Bununla belə, korporativ idarəetmə sadəcə prosedur və qaydalardan ibarət deyil. Bu, idarəetməyə fərqli baxışdır: "öz maraqlarını digərlərinin maraqlarında görmək bacarığıdır".

Son illər dünya iqtisadiyyatında korporativ idarəetmənin əhəmiyyəti davamlı olaraq artır. Xüsusilə, inkişaf etmiş qərb ölkələrində baş vermiş irimiqyaslı böhran şirkətləri bu sahəyə diqqət ayırmağa sövq etmişdir.

Əvvəllər investorlar şirkətlərin rəqabətqabiliyyətliyini, maliyyə vəziyyətini daha çox diqqət mərkəzində saxlayırdılarsa, hazırda korporativ idarəetmə indeksi daha aktual məsələyə çevrilmişdir və ona görə də investisiya cəlb etməyə çalışan şirkətlər ilk öncə korporativ idarəetmə sistemlərini təkmilləşdirməyə çalışmalıdırlar.

Dünya iqtisadiyyatına sürətlə inteqrasiya edən ölkələrdə yerli şirkətlərin beynəlxalq miqyasda rəqabətqabiliyyətliyini artırmaq, idxalatçı ölkədən ixracatçı ölkəyə çevrilmək, ölkənin investisiya cəlbediciliyini artırmaq istiqamətində aparılan dövlət siyasətini daha səmərəli təşkil etmək məqsədilə korporativ idarəetmə institutları yaradılır.

İqtisadi İnkişaf Nazirliyi ölkədə fəaliyyət göstərən təsərrüfat subyektləri üçün müasir korporativ idarəetmə sistemi modelinin hazırlanması və tətbiqi ilə bağlı aidiyyatı dövlət orqanları ilə birlikdə müvafiq tədbirlər görür və dövlət aktivlərinin səmərəli idarə edilməsi və korporativ idarəetmə sahəsində dövlət siyasətinin formalaşması və həyata keçirilməsinə dair təkliflər hazırlayır, korporativ idarəetmə sahəsində normativ-hüquqi bazanın hazırlanmasında iştirak edir.

Nazirliyin bu sahədə əsas vəzifələrindən biri də inkişaf etmiş ölkələrin qabaqcıl təcrübəsini öyrənməklə müasir korporativ idarəetmə sistemlərinin hazırlanması və tətbiqi, beynəlxalq əməkdaşlığın qurulması istiqamətində müvafiq tədbirləri həyata keçirməkdir.

 

← Geriyə