2015

  • Yaradılıb 27.04.2015 05:56
  • Yenilənib 01.03.2016 12:16
  • Nəşr edilib 27.04.2015 05:56

Aqrar sahə

 

2015-ci ilin yanvar-dekabr aylarında kənd təsərrüfatının ümumi məhsulunun faktiki qiymətlərlə dəyəri 5635,3 milyon manat təşkil etmişdir ki, onun da 2874,2 milyon manatı heyvandarlıq, 2761,1 milyon manatı isə bitkiçilik məhsulları olmuşdur. Keçən ilin müvafiq dövrü ilə müqayisədə kənd təsərrüfatının istehsal indeksi 6,6 faiz, o cümlədən heyvandarlıq məhsulları üzrə 2.5 faiz, bitkiçilik məhsulları üzrə isə 11,3 faiz artmışdır.
2015-ci ilin yanvar-dekabr aylarında əsas kapitala yönəldilmiş ümumi vəsaitin 2,4 faizi kənd təsərrüfatına sərf edilmişdir.
Bitkiçilik. İlkin məlumatlara görə, 2015-ci ildə 915,1 min hektar payızlıq və yazlıq dənli və dənli paxlalı bitkilərin sahəsi (qarğıdalısız) biçilmiş və hər hektardan orta hesabla 30,4 sentner olmaqla 2785,9 min ton məhsul götürülmüşdür. Bundan başqa, hesabat dövründə 35,9 min hektar qarğıdalı sahəsindən 213,1 min ton məhsul toplanmış, hər hektardan orta hesabla 59,2 sentner qarğıdalı dəni götürülmüşdür. Qarğıdalı dəni nəzərə alınmaqla ölkə üzrə 951,0 min hektar dənli və dənli paxlalı bitki sahələrindən ilkin çəkidə 2999,0 min ton taxıl məhsulu toplanmışdır. Hektarın orta məhsuldarlığı 31,5 sentner olmuşdur.
Dənli və dənli paxlalıların tərkibində payızlıq və yazlıq buğda əsas yer tutur. İstehsal olunmuş taxıl məhsulunun 56,3 faizini (1687,7 min ton) buğda, 7,1 faizini (213,1 min ton) qarğıdalı təşkil etmişdir.
Hesabat ilində sahələrdən 839,8 min ton kartof, 1273,3 min ton tərəvəz, 484,5 min ton bostan məhsulları toplanmışdır. 2014-cü ilə nisbətən kartof istehsalı 2,5 faiz, tərəvəz istehsalı 7,2 faiz və bostan məhsulları istehsalı 9,9 faiz artmışdır. Hektarın orta məhsuldarlığı kartof üzrə 3 sentner, tərəvəz üzrə 6 sentner, bostan məhsulları üzrə 17 sentner artaraq müvafiq olaraq 136, 158 və 174 sentner olmuşdur.
2015-ci ildə tütün istehsalında artım müşahidə olunmuşdur. Belə ki, əkin sahəsinin 22,8 faiz artması tütün yarpağı istehsalının artmasına səbəb olmuş və qurudulmuş çəkidə 3,5 min ton tütün yarpağı yığılmaqla, əvvəlki ilin səviyyəsini 21,3 faiz üstələmişdir.
2016-cı ilin yanvarın 1-i vəziyyətinə 18,9 min ton dən üçün günəbaxan istehsal edilmiş, tədarük müəssisələrinə isə 35,0 min ton pambıq yığılıb satılmışdır.
Ölkədə əvvəlki il 4922 hektar sahədə emal üçün şəkər çuğunduru əkini aparılmış, 4896 hektarın (99,5 faiz) çuğunduru qazılmış və həmin sahələrin hər hektarından 380 sentner olmaqla 186,1 min ton məhsul götürülmüşdür.
2015-ci ildə 886,3 min ton və yaxud 2014-cü ildəkindən 35,5 min ton çox (4,2 faiz) meyvə və giləmeyvə, 157,0 min ton və yaxud 9,3 min ton çox (6,3 faiz) üzüm və 578,9 ton və yaxud 104,6 ton çox (22,1 faiz) yaşıl çay yarpağı məhsulu toplanmışdır.
Ötən il sahələrdə payız-tarla işləri başa çatdırılmışdır. Payızlıq əkinlər üçün qaldırılmış 1044,6 min hektar şumun 90,4 faizi əkin üçün istifadə edilmiş və 2016-cı ilin məhsulu üçün 944,6 min hektarda dən və yaşıl yem üçün payızlıq bitkilər səpilmişdir. Bunun 927,4 min hektarı və ya 98,2 faizi dən üçün nəzərdə tutulmuşdur. Dənlik taxılın 62,9 faizi və ya 583,0 min hektarı buğda, 37,1 faizi və ya 344,4 min hektarı arpa əkini sahəsidir. Əvvəlki ilin müvafiq dövrünə nisbətən buğdanın əkin sahəsi 8,5 faiz, arpanın əkin sahəsi isə 1,8 faiz artmışdır.
Heyvandarlıq. 2015-ci ildə diri çəkidə 515,6 min ton ət, 1924,4 min ton süd, 1538,6 milyon ədəd yumurta və 17,0 min ton yun istehsal edilmişdir. Ət istehsalı 2014-cü illə müqayisədə 10,1 min ton və ya 2,0 faiz, süd istehsalı 68,6 min ton və ya 3,7 faiz, yun istehsalı 236 ton və ya 1,4 faiz artmışdır.
Ötən il quşçuluq fabriklərində diri çəkidə 77,1 min ton quş əti və 633,0 milyon ədəd yumurta istehsal olunmuşdur.
2016-cı il yanvar ayının 1-i vəziyyətinə müəssisə və təşkilatlarda muzdla çalışan işçilərin 3,0 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahəsində məşğul olmuşdur.

 

← Geriyə