2014

  • Yaradılıb 23.04.2014 04:58
  • Yenilənib 30.01.2015 07:00
  • Nəşr edilib 23.04.2014 04:58

Kənd təsərrüfatı


2014-cü ildə kənd təsərrüfatının ümumi məhsulunun faktiki qiymətlərlə dəyəri 5225,8 milyon manat təşkil etmişdir. 2014-cü ildə əsas kapitala yönəldilmiş ümumi vəsaitin 1,7 faizi kənd təsərrüfatına sərf edilmişdir.
Bitkiçilik. 2014-cü ildə 955,1 min hektar payızlıq və yazlıq dənli və dənli paxlalı bitkilərin sahəsi (qarğıdalısız) biçilib döyülmüş və hər hektardan orta hesabla 22,8 sentner olmaqla 2179,7 min ton məhsul götürülmüşdür. Bundan başqa, hesabat dövründə 37,6 min hektar qarğıdalı sahəsindən qıçaları quru dənə çevirməklə 203,6 min ton məhsul toplanmış, hər hektardan orta hesabla 54,2 sentner qarğıdalı dəni götürülmüşdür. Qarğıdalı dəni nəzərə alınmaqla ölkə üzrə 992,7 min hektar dənli və dənli paxlalı bitki sahələrindən ilkin çəkidə 2383,3 min ton taxıl məhsulu toplanmışdır. Hektarın orta məhsuldarlığı 24,0 sentner olmuşdur.
Dənli və dənli paxlalıların tərkibində payızlıq və yazlıq buğda əsas yer tutur. İstehsal olunmuş taxıl məhsulunun 60,8 faizini (1449,1 min ton) buğda, 8,5 faizini (203,6 min ton) qarğıdalı təşkil etmişdir.
2014-cü ildə 41,0 min ton xam pambıq, 20,3 min ton dən üçün günəbaxan və 2,9 min ton tütün istehsal edilmişdir.
Ölkədə ötən il 5706 hektar sahədə emal üçün şəkər çuğundurunun əkini aparılmış, 5606 hektarın (98,2 faiz) çuğunduru qazılmış və həmin sahələrin hər hektarından 312 sentner olmaqla 175,1 min ton məhsul götürülmüşdür.
Hesabat ilində sahələrdən 819,3 min ton kartof, 1187,7 min ton tərəvəz, 440,9 min ton bostan məhsulları toplanmışdır. Keçən ilin müvafiq dövrünə nisbətən kartof istehsalı 17,5 faiz, tərəvəz istehsalı 3,9 faiz azalmış, bostan məhsullarının istehsalı isə 2,6 faiz artmışdır. Hektarın orta məhsuldarlığı kartof üzrə 133 sentner, tərəvəz üzrə 150 sentner və bostan məhsulları üzrə 157 sentner olmuşdur.
2014-cü ildə 849,9 min ton meyvə və giləmeyvə, 147,7 min ton üzüm və 474,2 ton yaşıl çay yarpağı məhsulu toplanmışdır.
Keçən il sahələrdə payız-tarla işləri başa çatdırılmışdır. Payızlıq əkinlər üçün qaldırılmış 1017,0 min hektar şumun 87,7 faizi əkin üçün istifadə edilmiş və 2015-ci ilin məhsulu ücün 892,3 min hektarda dən və yaşıl yem üçün payızlıq bitkilər səpilmişdir. Bunun 875,7 min hektarı və ya 98,1 faizi dən üçün nəzərdə tutulmuşdur. Dənlik taxılın 61,3 faizi və ya 537,2 min hektarı buğda, 38,6 faizi və ya 338,4 min hektarı arpa əkini sahəsidir. Əvvəlki ilin müvafiq dövrünə nisbətən arpanın əkin sahəsi 1,7 faiz artmışdır.
Heyvandarlıq. Son illərdə dövlətin dəstəyi ilə ölkəyə cins mal-qaranın gətirilməsi və təsərrüfatlarda süni mayalanmaya üstünlük verilməsi nəticəsində mal-qaranın baş sayının sabitləşdirilməsinə səbəb olmaqla yanaşı, məhsul istehsalına da öz müsbət təsirini göstərmişdir.
İlkin məlumatlara görə, 2015-ci il yanvarın 1-i vəziyyətinə ölkə üzrə 2706,9 min baş iribuynuzlu mal-qara, o cümlədən 1304,0 min baş inək və camış, 8681,5 min baş qoyun və keçi mövcud olmuşdur. Keçən ilin müvafiq dövrünə nisbətən iribuynuzlu mal-qaranın sayı 3,6 min baş (0,1 faiz), o cümlədən inək və camışların sayı 2,4 min baş (0,2 faiz), qoyun və keçilərin sayı 51,0 min baş (0,6 faiz) artmışdır. Qaramal naxırının 48,2 faizini inək və camışlar təşkil edir.
Belə ki, 2014-cü ildə diri çəkidə 505,5 min ton ət, 1855,8 min ton süd, 1562,7 milyon ədəd yumurta və 16,8 min ton yun istehsal edilmişdir. Ət istehsalı 2013-cü illə müqayisədə 8,3 min ton və ya 1,7 faiz, süd istehsalı 59,1 min ton və ya 3,3 faiz, yumurta istehsalı 161,3 milyon ədəd və ya 11,5 faiz, yun istehsalı isə 263 ton və ya 1,6 faiz artmışdır.
2014-cü il yanvarın 1-nə mövcud inək və camışların sayına hesablamaqla orta süd sağımı 1401 kiloqrama (2013-cü il 1363 kq) bərabər olmuşdur.
Ötən il quşçuluq fabriklərində diri çəkidə 85,3 min ton (keçən il 73,3 min ton) quş əti, 703,3 milyon ədəd (keçən il 561,0 milyon ədəd) yumurta istehsal olunmuşdur. Ümumilikdə fabriklər üzrə cəmi quşların sayı 41,1 faiz artaraq 11,6 milyonu keçmiş, hər toyuqdan orta hesabla 227 ədəd yumurta alınmışdır.
Meşə təsərrüfatı. 2014-cü ildə ölkənin meşəçilik təsərrüfatlarında istehsal edilmiş mal və xidmətlərin faktiki qiymətlərlə dəyəri 11,7 milyon manat olmuşdur.
Ötən il ölkədə 14 meşə yanğını qeydə alınmış və yanğın 58 hektar sahəni əhatə etmişdir.
Balıqçılıq təsərrüfatı. Balıqçılıq təsərrüfatları və fiziki şəxslər tərəfindən 2014-cü ildə 194,6 milyon manat dəyərində 50,1 min ton balıq ovlanmışdır.

 

← Geriyə