Biznesin təşkili

  • Yaradılıb 31.05.2017 12:22
  • Yenilənib 01.02.2018 15:59
  • Nəşr edilib 31.05.2017 12:22

Lisenziyaların verilməsi barədə

 

 Lisenziya – Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinə uyğun olaraq sahibkarlıq fəaliyyəti növünün həyata keçirilməsi üçün ərizəçiyə verilən rəsmi sənəddir.

Dövlət təhlükəsizliyindən irəli gələn hallarla əlaqədar fəaliyyət növləri istisna olmaqla, 24 sahibkarlıq fəaliyyəti növünə lisenziyalar İqtisadiyyat Nazirliyi tərəfindən "ASAN xidmət" mərkəzlərində verilir, dayandırılır, bərpa və ya ləğv edilir.

Lisenziyanın alınması üçün ərizəçi fəaliyyət göstərəcəyi ərazi üzrə müvafiq "ASAN xidmət" mərkəzi vasitəsilə İqtisadiyyat Nazirliyinə ərizə ilə müraciət edir.

Ərizəyə ərizəçi hüquqi şəxs, xarici hüquqi şəxsin filialı, nümayəndəliyi olduqda, hüquqi şəxslərin dövlət reyestrindən çıxarışın surəti, ərizəçi fərdi sahibkar olduqda isə şəxsiyyət vəsiqəsinin surəti, ərizəçinin vergi ödəyicisi kimi uçota alınması haqqında şəhadətnamənin surəti, ərizədə qeyd olunan obyektlərdən hər biri üzərində ərizəçinin mülkiyyət, istifadə və ya icarə hüququnu təsdiq edən sənədin surəti, lisenziya şərtlərinin yerinə yetirilməsini təsdiq edən sənədlər əlavə edilir. Eyni zamanda fəaliyyət növünün xüsusiyyətindən asılı olaraq, Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilən şərtlərin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi əlavə şərtlərin yerinə yetirildiyini təsdiq edən sənədlər tələb olunur.

Lisenziyanın verilməsi üçün dövlət rüsumunun ödənilməsinin xüsusiyyətləri və məbləğləri "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikası Qanununun 23-cü maddəsi və Azərbaycan Respublikası Prezidentinin 21 dekabr 2015-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş 2 nömrəli Əlavədə müəyyən olunmuşdur.

Lisenziyanın əlavəsi lisenziyada göstərilən fəaliyyət növü ərazi baxımından ayrı-ayrı obyektlərdə həyata keçirildiyi halda və özəl tibb fəaliyyəti, tikintisinə icazə tələb olunan bina və qurğuların mühəndis-axtarış işləri, tikintisinə icazə tələb olunan bina və qurğuların tikinti-quraşdırma işləri, tikintisinə icazə tələb olunan və barəsində məlumatlandırma icraatı tətbiq olunan bina və qurğuların layihələndirilməsi fəaliyyət növləri ilə əlaqədar lisenziya alınması üçün müraciət edildikdə verilir.

Lisenziya lisenziyanın sahibi olan hüquqi şəxs yenidən təşkil edildikdə, lisenziyanın sahibi olan hüquqi şəxsin, xarici hüquqi şəxsin filialının, nümayəndəliyinin adı və ya hüquqi ünvanı dəyişdikdə, lisenziyanın sahibi olan fərdi sahibkarın soyadı, adı, atasının adı və ya fəaliyyət ünvanı dəyişdikdə, lisenziya sahibinin ümumi lisenziyada göstərilən fəaliyyət növünün bir və ya bir neçə alt növünü həyata keçirmək hüququna xitam verildikdə yenidən rəsmiləşdirilir.
Lisenziyanın sahibi və ya onun hüquqi varisi lisenziyanın rəsmiləşdirilməsi üçün əsasların yarandığı gündən 5 iş günündən gec olmayaraq lisenziyanın yenidən rəsmiləşdirilməsi üçün lisenziya verən orqana ərizə ilə müraciət etməlidir. Həmin ərizəyə yenidən rəsmiləşdirilməli olan lisenziya, hüquqi şəxslərin dövlət reyestrindən çıxarışın, fərdi sahibkarın şəxsiyyət vəsiqəsinin və vergi uçotuna alınması haqqında şəhadətnamənin surətləri əlavə olunur.
Lisenziya itirildikdə və ya zədələndikdə lisenziyanın sahibi lisenziyanın dublikatının verilməsi üçün lisenziya verən orqana ərizə ilə müraciət edir. Lisenziyanın dublikatının verildiyi müddətdə lisenziyanın sahibi öz fəaliyyətini lisenziya verən orqana təqdim etdiyi ərizənin qeydiyyat tarixi və nömrəsi haqqında arayış əsasında həyata keçirir. Lisenziyanın və icazənin dublikatı itirilmiş və ya zədələnmiş lisenziya və icazə ilə eyni hüquqi qüvvəyə malikdir.
Lisenziya lisenziya sahibi tərəfindən müvafiq ərizə təqdim edildikdə, lisenziyanın sahibi lisenziya şərtlərinin pozulması hallarının aradan qaldırılmasına dair lisenziya verən orqanın, həmçinin müvafiq nəzarət orqanının göstərişlərini yerinə yetirmədikdə və Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş digər hallarda dayandırılır.

Lisenziya şərtlərinin pozulması hallarında lisenziyanın sahibi lisenziyanın dayandırıldığı müddət bitənədək lisenziyanın dayandırılmasına səbəb olan halları aradan qaldırmalı və nəticəsi barədə 3 iş günü müddətində lisenziya verən orqana yazılı məlumat verməlidir. Lisenziya həmin halların aradan qaldırılması barədə lisenziya sahibinin təqdim etdiyi yazılı məlumata əsasən lisenziya və icazə verən orqanın inzibati aktı ilə bərpa olunur.
Lisenziya sahibi tərəfindən müvafiq ərizə təqdim edildikdə, lisenziyanın sahibi olan hüquqi şəxs, xarici hüquqi şəxsin filialı, nümayəndəliyi ləğv edildikdə, lisenziyanın sahibi olan fiziki şəxsin fərdi sahibkar kimi fəaliyyətinə xitam verildikdə, məhkəmənin müvafiq qərarı olduqda, lisenziyanın verilməsi üçün təqdim edilmiş sənədlərdə sonralar düzgün olmayan məlumatlar aşkar edildikdə, lisenziyanın sahibi lisenziyanın dayandırıldığı müddət bitənədək lisenziyanın dayandırılmasına səbəb olan halların aradan qaldırılması ilə bağlı lisenziya verən orqana yazılı məlumat verilmədikdə lisenziyada göstərilmiş fəaliyyət növü lisenziya tələb olunan fəaliyyət növlərinin siyahısından çıxarıldıqda və Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş digər hallarda lisenziya ləğv olunur.

Əlavə suallarınız olduğu təqdirdə "ASAN xidmət" mərkəzlərinə müraciət edə və ya İqtisadiyyat Nazirliyinin Çağrı Mərkəzi ilə canlı əlaqə saxlaya bilərsiniz.

 

← Geriyə