İqtisadi təşkilatlarla əməkdaşlıq

  • Yaradılıb 12.05.2017 09:21
  • Yenilənib 07.11.2017 10:54
  • Nəşr edilib 12.05.2017 09:21

Müstəqil Dövlətlər Birliyi


Təşkilat haqqında ümumi məlumat. Müstəqil Dövlətlər Birliyi Belarus SSR, Rusiya SFSR və Ukrayna SSR rəhbərləri tərəfindən 1991-ci il 8 dekabr tarixində "Müstəqil Dövlətlər Birliyinin yaradılması haqqında Saziş"in imzalanması vasitəsilə təsis edilmişdir. Preambula və 14 maddədən ibarət sənəd SSRİ-nin beynəlxalq hüquq və geosiyasi reallığın subyekti kimi ləğv olunmasını bəyan edirdi. Lakin millətlərin tarixi birliyini, onların arasında əlaqələri, ikitərəfli sazişləri nəzərə alaraq tərəflər Müstəqil Dövlətlər Birliyinin yaradılması haqqında razılığa gəlmişlər. 1991-ci il 21 dekabr tarixində Azərbaycan, Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Moldova, Rusiya, Tacikistan, Türkmənistan, Özbəkistan və Ukraynanın rəhbərləri Alma-Ata Bəyannaməsini imzalamışdır. Bəyannamə SSRİ-nin ləğv olunaraq, MDB-nin yaradılmasını qeyd edir, həmçinin MDB-nin məqsəd və prinsiplərini özündə əks etdirirdi. Təşkilati mərhələ 1993-cü ilin 22 yanvar tarixində Minsk şəhərində təşkilatın başlıca sənədi olan Müstəqil Dövlətlər Birliyinin Əsasnaməsinin qəbul edilməsi ilə başa çatmışdır.

Üzv ölkələr. Azərbaycan, Özbəkistan, Türkmənistan, Tacikistan, Rusiya, Moldova, Qırğızıstan, Qazaxıstan, Belorus, Ermənistan, Ukrayna.

Məqsədi. Keçmiş SSRİ ölkələri arasında dövlətlərarası münasibətlərin qorunub saxlanılması məqsədilə yaradılmış bu təşkilat çərçivəsində əməkdaşlıq daha çox üzv dövlətlər arasında iqtisadi inteqrasiyanın istiqamətlərinin müəyyənləşdirilməsinə yönəlmişdir.

Azərbaycan ilə əməkdaşlıq. Azərbaycan Respublikası tərəfindən bütün MDB ölkələri (Ermənistandan başqa) ilə azad ticarət rejimi yaradılmış, sərbəst sərmayə üçün hüquqi baza tərtib olunmuşdur. Azərbaycan MDB-nin 2020-ci ilə qədər dövr üçün İqtisadi inkişaf strategiyasının həyata keçirilməsində iştirak edir, Tədbirlər Planına uyğun olaraq hər ilin yekunu barədə müvafiq hesabat MDB-nin İcraiyyə Komitəsinə təqdim edilir. Ölkənin ticarət siyasəti barədə icmallar mütəmadi olaraq hazırlanır, son icmal 2017-ci ildə hazırlanaraq MDB-nin rəsmi internet səhifəsində yerləşdirilmişdir. 

← Geriyə