Çıxışlar və müsahibələr

  • Yaradılıb 27.09.2016 08:10
  • Yenilənib 27.09.2016 09:23
  • Nəşr edilib 27.09.2016 08:10

Xarici sərmayədarlar Azərbaycanın sənaye parklarına böyük maraq göstərirlər

 

Azərbaycan Respublikasının Prezidenti bu yaxınlarda Pirallahı Sənaye Parkının yaradılması ilə bağlı sərəncam imzalayıb. Əsasən əczaçılıq sahəsində ixtisaslaşacaq Pirallahı Sənaye Parkı ölkəmizdə yaradılan sayca 5-ci sənaye parkıdır. Ümumiyyətlə, son zamanlar sənaye və yüksək texnologiyalar parklarının, eləcə də sənaye məhəllələrinin yaradılması sahəsində işlər intensivləşib. Pirallahı Sənaye Parkı və ölkəmizdə yaradılan digər sənaye parkları və məhəllələri barədə suallarımızı İqtisadiyyat Nazirliyinin Sənaye şöbəsinin müdiri Səməd Bəşirli cavablandırır.


- Səməd müəllim, əhalinin yerli dərman vasitələri ilə təmin olunması ölkə üçün strateji məsələ olmaqla yanaşı, həm də əczaçılıq sənayesinin inkişafı və bu sahədə idxaldan asılılığın azaldılması baxımından vacibdir. Dövlət başçısının sərəncamı ilə Pirallahıda yaradılan sənaye parkının bu tapşırığın icrasında rolunu necə görürsünüz?


- Qeyri-neft sektorunun inkişafı, xüsusilə də qabaqcıl texnologiyalara əsaslanan rəqabətqabiliyyətli və innovativ sənaye sahələrinin yaradılması ölkə iqtisadiyyatının prioritet istiqamətlərindəndir. Azərbaycan Respublikası Prezidentinin 14 sentyabr 2016-cı il tarixli sərəncamı ilə yaradılan Pirallahı Sənaye Parkı da məhz innovativ sənayenin inkişaf etdirilməsi sahəsində həyata keçirilən tədbirlərin davamı olmaqla, ölkədə əczaçılıq sənayesinin inkişafı, bu sahədə idxaldan asılılığın azaldılması, əhalinin dərman vasitələrinə tələbatının ödənilməsi və məşğulluğun artırılması məqsədi daşıyır.
30 hektar ərazidə yaradılacaq sənaye parkında sahibkarlar üçün zəruri infrastruktur (elektrik və istilik enerjisi, qaz, su, kanalizasiya, rabitə, nəqliyyat, yanğından mühafizə, istehsal təyinatlı, inzibati, sosial və digər infrastruktur obyektləri) yaradılacaq və digər xidmətlər göstəriləcək. Pirallahı Sənaye Parkının fəaliyyətinin təşkili, ərazinin istifadəyə yararlı vəziyyətə gətirilməsi, eləcə də xarici və daxili infrastrukturun yaradılması üçün ilkin olaraq 4 milyon manat vəsait ayrılıb.
Artıq Pirallahı Sənaye Parkında fəaliyyət göstərəcək əczaçılıq şirkətləri ilə ilkin razılıqlar əldə edilib. Belə ki, Pirallahı Sənaye Parkına Rusiyanın "R-Farm" şirkəti ilə birgə təsis edilmiş "Həyat Farm" MMC tərəfindən ümumilikdə 74 milyon ABŞ dolları, İran İslam Respublikasının "TPICO" şirkəti ilə birgə təsis ediləcək müəssisə tərəfindən isə ilkin mərhələdə 15 milyon ABŞ dolları həcmində investisiya qoyuluşu nəzərdə tutulur. Pirallahı Sənaye Parkında "Həyat Farm" MMC tərəfindən 300 adda, digər birgə müəssisə tərəfindən isə birinci mərhələdə 85 adda əczaçılıq məhsulunun istehsalı nəzərdə tutulur. Azərbaycanda istehsal ediləcək əczaçılıq məhsullarının yerli bazarla yanaşı, bir sıra xarici ölkələrə satışının təşkili də planlaşdırılır. Bununla belə, ölkəmizdə əczaçılıq sənayesinə maraq göstərən bir sıra Avropa ölkələrinin, Türkiyə və Yaponiyanın aparıcı şirkətləri ilə danışıqlar aparılır.


- Pirallahı Sənaye Parkının rezidentləri hansı güzəştlərdən yararlana biləcək?

 

- Pirallahı Sənaye Parkının rezidentləri də ölkəmizdə fəaliyyət göstərən digər sənaye parklarının rezidentləri kimi bir çox güzəştlərdən yararlanacaq. Belə ki, Pirallahı Sənaye Parkının gələcək rezidentləri Vergi Məcəlləsinə və "Gömrük tarifi haqqında" qanuna uyğun olaraq, qeydiyyata alındıqları tarixdən 7 il müddətinə əmlak, torpaq, mənfəət vergisindən, istehsal üçün idxal etdikləri texnika və avadanlıqlara görə ƏDV və gömrük rüsumlarından azad olunurlar.
Ölkəmizdə fəaliyyət göstərən bütün sənaye parklarında və məhəllələrində infrastrukturun yaradılması dövlət vəsaiti hesabına maliyyələşdirilir ki, bununla da rezidentlər bu sahədə xərclərə qənaət etmiş olurlar. Pirallahı Sənaye Parkında da zəruri infrastruktur dövlət tərəfindən yaradılacaq, burada fəaliyyət göstərəcək rezidentlər üçün bir sıra xidmətlər göstəriləcəkdir.


- Digər sənaye parklarında görülən işlər barədə də məlumat verməyinizi xahiş edirik.


- Qeyri-neft sənayesinin davamlı inkişafında, regionlarda sahibkarlıq fəaliyyətinin genişləndirilməsində, xüsusilə kiçik və orta sahibkarlığın inkişafında, məşğulluqda sənayenin xüsusi çəkisinin artırılmasında sənaye parkları xüsusi rol oynayır. Artıq Sumqayıt Kimya Sənaye Parkı, Balaxanı Sənaye Parkı və Qaradağ Sənaye Parkı fəaliyyət göstərir, Mingəçevir və Pirallahı sənaye parkının təşkili istiqamətində tədbirlər davam etdirilir.
Sumqayıt Kimya Sənaye Parkının 9 rezidenti var. Artıq sənaye parkında xarici elektrik verilişi və yeraltı kommunikasiya xətlərinin tikinti-quraşdırma işləri başa çatıb. Hazırda Sənaye Parkının daxili avtomobil yollarının, Peşə Tədris Mərkəzinin, ərazidaxili elektrik xətlərinin, 110/35/6.3 kV-luq yarımstansiyanın tikinti-quraşdırma işləri davam etdirilir. Yarımstansiyanın tikintisi bu ilin noyabrında tamamlanacaq. Ümumilikdə, Sumqayıt Kimya Sənaye Parkının rezidentləri tərəfindən parka 1,1 mlrd. ABŞ dolları həcmində investisiyanın cəlb olunması nəzərdə tutulur. İnfrastruktur işləri ilə yanaşı, sənaye parkına yeni rezidentlərin cəlb edilməsi və parkın təbliği istiqamətində işlər davam etdirilir.
7 hektar sahəni əhatə edən Balaxanı Sənaye Parkında artıq torpaqlama və hasarlama işləri, xarici su və qaz xətlərinin çəkilişi başa çatdırılıb. Parkın xarici elektrik təchizat işləri isə tamamlanmaq üzrədir və istehsalat sexlərinin, eləcə də daxili infrastruktur obyektlərinin tikintisi işləri aparılır. Təkrar istehsal sahəsinə maraq göstərən sahibkarlar üçün əlverişli şəraitin yaradıldığı Balaxanı Sənaye Parkının 5 rezidenti var. Rezidentlər tərəfindən sənaye parkına 23 milyon manatdan çox investisiyanın yatırılması nəzərdə tutulur ki, bu, 300-ə yaxın iş yerinin yaradılmasına imkan verəcək.
Qaradağ Sənaye Parkına 470 milyon dollar investisiya qoyulub ki, bu, 2000 nəfərin daimi işlə təmin olunmasına imkan verir.
Hazırda Mingəçevir Sənaye Parkının təşkili istiqamətində işlər davam etdirilir. Artıq Sənaye Parkının ərazisindəki yararsız qurğu və tikililər sökülüb, tikintiyə hazırlıq işləri başa çatdırılıb. Dünən dövlət başçısının iştirakı ilə Mingəçevir Sənaye Parkının təməli qoyulub. Sənaye Parkında parça, geyim istehsalı və yüngül sənayenin digər sahələri üzrə 9 zavod yaradılacaq. İlkin hesablamalara əsasən, sənaye parkına 150-200 mln. dollar həcmində investisiya qoyulacaq və 5-6 min yeni iş yeri açılacaq.
Bununla yanaşı, ölkəmizin logistika və nəqliyyat mərkəzi kimi mövqeyinin gücləndirilməsi üçün Qaradağ rayonunun Ələt qəsəbəsində yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanının ərazisi daxil olmaqla azad ticarət zonası tipli xüsusi iqtisadi zona yaradılır. Bu yaxınlarda Ələt Azad Ticarət Zonasına məsləhət xidmətinin göstərilməsinə dair Birləşmiş Ərəb Əmirliklərinin şirkəti ilə müqavilə imzalanıb.
Hazırda yerli potensial nəzərə alınmaqla digər regionlarda da sənaye parkları və məhəllələrinin yaradılması istiqamətində tədbirlər həyata keçirilir.


- Ölkə regionlarında sənaye məhəllələri də yaradılır. Belə məhəllələr qeyri-neft sektorunun və sənayenin inkişafına, əhalinin yeni iş yerləri ilə təmin olunmasına necə təsir göstərəcək?


- Regionlarda sahibkarlıq fəaliyyətinin genişləndirilməsi, yerli ehtiyatlardan səmərəli istifadə etməklə sənaye sahələrinin inkişaf etdirilməsi, istehsal prosesinin təşkilində infrastruktur xərclərinin azaldılması, sahibkarlar arasında kooperasiya əlaqələrinin gücləndirilməsi, məşğulluğun və məşğulluqda sənayenin xüsusi çəkisinin artırılması baxımından sənaye məhəllələrinin yaradılması böyük əhəmiyyət kəsb edir.
Azərbaycanda ilk sənaye məhəlləsi olan Neftçala Sənaye Məhəlləsinin tikintisi artıq başa çatıb. Hazırda sənaye məhəlləsinin istehsal sahələrində avadanlıqların yerləşdirilməsi və digər hazırlıq işləri aparılır. Neftçala Sənaye Məhəlləsinin 6 rezidenti tərəfindən sənaye məhəlləsinə 40 milyon manatdan çox investisiyanın yatırılması və 500-dən çox iş yerinin yaradılması planlaşdırılır.
Hazırda Masallı Sənaye Məhəlləsinin təşkili istiqamətində tədbirlər davam etdirilir. Sahibkarlar Masallı Sənaye Məhəlləsinə böyük maraq göstərirlər. Sahibkarlar tərəfindən sənaye məhəlləsinə ümumi dəyəri 30 milyon manatdan çox olan 33 layihə təklifi təqdim olunub. Bu layihələr əsasən, mebel istehsalı, avtomobil təmiri, alüminium və plastik qapı-pəncərə istehsalı, müxtəlif növ tikinti materiallarının istehsalı sahələrini əhatə edir.
Lakin bu da son deyil. Hazırda ölkənin digər bölgələrində də sənaye parkları və məhəllərinin yaradılması imkanlarının öyrənilməsi davam edir.

http://az.trend.az/business/economy/2662982.html

http://www.trend.az/azerbaijan/business/2662908.html

 

← Geriyə