Qan yaddaşımız

  • Yaradılıb 04.10.2012 13:25
  • Yenilənib 24.06.2015 12:18
  • Nəşr edilib 04.10.2012 13:25

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi

 

Ermənilərin Azərbaycan torpaqlarına, o cümlədən Dağlıq Qarabağa qarşı iddiaları onların "Böyük Ermənistan" yaratmağa yönəlmiş strateji planlarının tərkib hissəsdir. Ona görə də ermənilər, "ənənələrinə" sadiq qalaraq, həmişə əlverişli şərait yaranan kimi bu planın reallaşdırılması uğrunda mübarizəyə başlamışlar. SSRİ-də 1985-ci ildə ermənipərəst M.S.Qorbaçovun hakimiyyətə gəlməsilə erməni separatçıları növbəti dəfə yenidən fəallaşdılar.

Bu dəfə sovet rəhbərliyinin silahlı erməni separatçılarını-terrorçularını himayə və müdafiə etdikləri daha tez aşkara çıxdı. Dağlıq Qarabağ Muxtar Vilayəti ilə bağlı məxfi planı həyata keçirmək üçün M.S.Qorbaçov, ilk addım olaraq, onun qarşısında ən qüdrətli maneə olan Heydər Əliyevi Siyasi Bürodan uzaqlaşdırdı. Bundan az sonra, 1987-ci ilin noyabrında Qorbaçovun komandasına daxil olan erməni akademik A.Aqanbekyan Parisdə Dağlıq Qarabağ barədə sovet rəhbərliyinə təklif verdiyini, yenidənqurma və demokratiya şəraitində bu problemin həllini tapacağına ümüd etdiyini bildirdi. Əvvəllər gizli fəaliyyət göstərən erməni "Qarabağ Komitəsi", onun Dağlıq Qarabağ Muxtar Vilayətindəki separatçı-terrorçu təşkilatı "Krunk" (Durna) açıq işə keçdi, "Miatsum" (Birləşmə) hərəkatı formalaşdırıldı. Bu hərəkat Ermənistan, Dağlıq Qarabağ Muxtar Vilayəti, Moskva rəhbərliyi, SSRİ və dünya ermənilərinin potensialına arxalanırdı. Hadisələr 1988-ci ilin fevralından daha aqressiv məcraya yönəldi. Fevral günlərində İrəvanda və Stepanakertdə separatçılar və erməni millətçilərinin mitinqlər dalğası başladı. Fevralın 20-də Dağlıq Qarabağ Muxtar Vilayəti Sovetinin sessiyası vilayətin statusuna baxılması haqqında Azərbaycan SSR Ali Sovetinə müraciət etdi.

Bu fakt ermənilərin 1945-ci ilin noyabrı ilə müqayisədə taktikanı dəyişdirdiklərini göstərirdi. Onlar II Dünya müharibəsindən ötən dövr ərzində apardıqları intensiv təbliğat sayəsində və xarici ölkələrdəki güclü erməni diasporunun köməyi ilə dünya ictimaiyyətində Dağlıq Qarabağ barədə yanlış rəy yarada bilmişdilər. Ona görə bu dəfə iddialarını bağlı qapılar arxasından meydanlara çıxarmaq yolunu tutdular. Azərbaycanın o zamankı rəhbərliyi və geniş ictimaiyyəti isə erməni separatçılarının və onların müdafiəçilərinin yeni taktikası qarşısında hazırlıqsız idi. Fevralın 24-də Əsgəran rayonunda erməni separatçıları-terrorçuları tərəfindən iki azərbaycanlı gəncin qətlə yetirilməsi, 19 nəfərin yaralanması da ermənilərin planlarına qarşı düşünülmüş siyasi xətt hazırlanması ilə nəticələnmədi. Fevralın sonlarında artıq Azərbaycanın böyük sənaye şəhəri olan Sumqayıtda ermənil xüsusi xidmət orqanları və SSRİ Dövlət Təhlükəsizlik orqanlarının iştirakı ilə əvvəlcədən hazırlanmış qəsdlər törədildi. Çox keçmədən Sumqayıt hadisələrinin nə üçün törədildiyi aydın oldu. Əvvəlcədən planlaşdırıldığı kimi, bu hadisədən dərhal Ermənistanda yaşayan azərbaycanlılara qarşı və Dağlıq Qarabağ Muxtar Vilayətinin Azərbaycan SSR tərkibindən qoparılıb çıxarılması üçün istifadə edildi. "Martın 10-da İrəvandan cənubda azərbaycanlılara məxsus Mehmandar kəndinin 4 sakini qətlə yetirildi. Martın 25-də Ararat rayonunun azərbaycanlı kəndlərində 100-dən çox ev talan edilib yandırıldı, əhalisi qovuldu. Mayın ortalarında İrəvan yaxınlığındakı Azərbaycan kəndlərinə yenidən basqın edildi...." Tarixdə azərbaycanlılara qarşı dəfələrlə təkrar olunmuş erməni vəhşilikləri və soyqırımları yenidən tüğyan etməyə başladı.

Separatçı-terrorçu erməni vəhşiliklərinin baş alıb getdiyi bu dövrdə Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi və Sovet hökumətinin vəziyyətin real qiymətləndirilməsində maraqlı olmaması da aydın şəkildə üzə çıxdı. "1988-1995-ci illərdə Azərbaycan SSR-in Dağlıq Qarabağ Muxtar Vilayətinin sosial-iqtisadi inkişafını sürətləndirmək tədbirləri haqqında" 1988-ci il 24 mart tarixli qərar bilərəkdən məsələnin separatçılıq aktı olmasını ört-basdır etməyə yönəlmişdi. Belə bir dəstək erməni separatçılarını daha da ruhlandırdı və onların təcavüzkarlığını daha da artırdı. Moskva qarşısında mütilik nümayiş etdirən Ə.Vəzirov başda olmaqla Azərbaycan rəhbərliyi öz xalqına xəyanət, təcavüzkara isə güzəşt mövqeyi tuturdu. Nəhayət, Moskva Dağlıq Qarabağ Muxtar Vilayətini Azərbaycan SSR-in tərkibindən çıxartmaq istiqamətində daha bir addım atdı: SSRİ Ali Soveti Rəyasət Heyəti 1989-cu il yanvarın 12-də "Azərbaycan SSR-in Dağlıq Qarabağ Muxtar Vilayətində xüsusi idarəçilik formasının tətbiqi haqqında" qərar qəbul etdi. Məqsəd aydın idi: Dağlıq Qarabağ Muxtar Vilayətində yaradılmış Xüsusi İdarə Komitəsi Muxtar Vilayətin Azərbaycandan alınıb Ermənistana verilməsini təmin etməli idi. Lakin bunu başa düşən Azərbaycan xalqının demokratik mübarizəsi nəticəsində noyabrın 28-də Xüsusi İdarə Komitəsi ləğv edildi. Ancaq bunun əvəzində yeni bir qurum - Təşkilat Komitəsi yaradıldı. Ermənistan SSR bu vəziyyətdən istifadə edərək dekabrın 1-də Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi haqqında antikonstitusion qərar qəbul etdi. Bu Ermənistan tərəfindən Azərbaycan SSR-in ərazi bütövlüyünə qarşı açıq hüquqi müdaxilə aktı idi. Moskva, gözlənildiyi kimi, bu kobud müdaxilə faktına da göz yumdu. Bununla vəziyyət daha da kəskinləşdi. Bu dəfə Qorbaçov başda olmaqla SSRİ rəhbərliyi Azərbaycana qarşı daha dəhşətli bir cinayətə əl atdı. Əsas hədəf kimi Bakı seçildi. Sovet dövləti öz vətəndaşları qarşısındakı konstitusiya öhdəliyini pozaraq ən müasir texnika və silahlarla silahlanmış iri qoşun kontingenti yeritməklə 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakıda qanlı qırğın törətdi. Bakı qırğınında canlı qüvvə kimi erməni əsgər və zabitlərindən də geniş istifadə olundu. Lakin 20 Yanvar qırğını Azərbaycan xalqının iradəsini qıra bilmədi, əksinə respublikanın istiqlaliyyəti və ərazi bütövlüyü uğrunda mübarizəni daha da gücləndirdi. 20 Yanvar qırğınının səhəri günü Moskvadakı Azərbaycan nümayəndəliyinə gəlib sovet rəhbərliyinin cinayət əməllərini qətiyyətlə ifşa edən Heydər Əliyev Azərbaycan xalqının bu ədalətli mübarizəsinin - Qurtuluş savaşının önünə keçdi. 1991-ci il avqustun 30-da Azərbaycan SSR Ali Soveti dövlət müstəqilliyinin bərpa edilməsi haqqında bəyanat qəbul etdi, oktyabrın 18-də isə dövlət müstəqilliyi haqqında Konstitusiya aktı qəbul olundu. Dağlıq Qarabağın erməni separatçıları da yaranmış vəziyyətdən istifadə edərək siyasi təşkilatlanmanı davam etdirirdilər. Onlar 1991-ci ilin sentyabrında "Dağlıq Qarabağ Respublikası" adlanan oyuncaq qurumun yaradıldığını elan etmişdilər. Azərbaycan Respublikası həmin qurumu tanımaqdan imtina etmiş, noyabr ayının 26-da isə Dağlıq Qarabağ Muxtar Vilayətinin statusu ləğv olunmuşdu.

1991-ci ilin sonlarında SSRİ-nin dağılması ilə keçmiş sovet məkanında yeni geosiyasi şərait yarandı. Ermənistan, faktiki olaraq, Azərbaycana qarşı açıq və ədalətsiz müharibəyə başladı. Ermənistanın hərbi birləşmələri Azərbaycanın sərhədlərini pozub Qarabağa daxil oldular və Dağlıq Qarabağın erməni separatçıları-terrorçuları ilə birləşərək Azərbaycan torpaqlarının işğalına başladılar.

1992-ci ilin fevral ayında Xocalı şəhərində azərbaycanlı əhaliyə qarşı misli görünməmiş qırğın törədilmişdir. Xocalı soyqırımı kimi tanınmış bu qanlı faciə minlərlə azərbaycanlının məhv edilməsi yaxud əsir düşməsi ilə nəticələnmiş, şəhər yerlə-yeksan edilmişdir. 1992-ci ilin fevral ayının 25-dən 26-na keçən gecə erməni silahlı qüvvələri keçmiş SSRİ-nin 366 saylı motoatıcı alayının köməyi ilə Xocalını ələ keçirdilər. Nəticədə 613 nəfər, o cümlədən 106 qadın, 63 uşaq və 70 qoca öldürülmüşdür. 1 275 nəfər girov götürülmüş, 150 nəfərin taleyi isə bu günədək naməlum olaraq qalmaqdadır. Yuxarıda qeyd olunmuş faktlar təsdiq edir ki, 25-26 fevral 1992-ci il tarixində Xocalı şəhəri sakinlərinin, o cümlədən uşaqların, yaşlıların və qadınların qəsdən qırğını onların yalnız azərbaycanlı olmaları səbəbindən kütləvi məhvi məqsədini daşıyırdı. İnsanların ürəyinə qorxu salaraq və dəhşətli qırğın qarşısında vahimə və qorxu yaradaraq, Xocalı şəhəri Azərbaycan ərazilərinin sonrakı işğalı və etnik təmizləməsi üçün mərhələ kimi seçilmişdi.

1992-1994-cü illər arasında Azərbaycan Respublikasının əraziləri aşağıda göstərildiyi kimi işğal edilmişdir: 1992-ci ilin may ayı Şuşa rayonu 1992-ci ilin may ayı Laçın rayonu 1993-cü ilin aprel ayı Kəlbəcər rayonu 1993-cü ilin iyul ayı Ağdam rayonu 1993-cü ilin avqust ayı Füzuli rayonu 1993-cü ilin avqust ayı Cəbrayıl rayonu 1993-cü ilin avqust ayı Qubadlı rayonu 1993-cü ilin oktyabr ayı Zəngilan rayonu 30 aprel 1993-cü il tarixində BMT Təhlükəsizlik Şurası Azərbaycanın Kəlbəcər rayonundan və digər işğal olunmuş ərazilərindən bütün işğalçı qüvvələrin dərhal çıxarılmasını tələb edən 822 saylı qətnamə qəbul etdi. 29 iyul 1993-cü il tarixində BMT Təhlükəsizlik Şurası Azərbaycanın Ağdam rayonu və digər işğal olunmuş ərazilərindən işğalçı qüvvələrin tam, dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən 853 saylı qətnamə qəbul etdi. 14 oktyabr 1993-cü il tarixində BMT Təhlükəsizlik Şurası ATƏM-in Minsk qrupunun nizama salmaya dair vaxt cədvəlinə uyğun olaraq, dərhal qarşılıqlı və zəruri addımlar atılmasını, o cümlədən ən son işğal edilmiş ərazilərdən çəkilməyi tələb edən 874 saylı qətnamə qəbul etdi. 11 noyabr 1993-cü il tarixində BMT Təhlükəsizlik Şurası 884 saylı qətnamə qəbul etdi. Qətnamə Zəngilan rayonu və Horadiz qəsəbəsinin işğalını, mülki əhaliyə qarşı hücumu və Azərbaycan Respublikası ərazilərinin bombalanmasını pisləmiş, Zəngilan rayonu və Horadiz qəsəbəsindən işğalçı qüvvələrin birtərəfli qaydada çıxarılmasını və Azərbaycan Respublikasının ən son işğal olunmuş digər ərazilərindən işğalçı qüvvələrin çıxarılmasını tələb edir.


 

ERMƏNİSTAN RESPUBLİKASININ HƏRBİ TƏCAVÜZÜNÜN NƏTİCƏLƏRİ

Cəbhə xəttinin uzunluğu — 246 km

Dağlıq Qarabağ (1989)

O cümlədən: Şuşa rayonu

Ərazi — 4 388 kv.km
Əhali — 189 085
Ermənilər — 145 450 (76.9 %)
Azərbaycanlılar — 40 688 (21.5 %)
Sair — 2 947 (1.6 %)
Sərhədin uzunluğu — 485 km

Ərazi — 312 kv.km
Əhali — 20 579
Azərbaycanlılar — 19 036 (92.5%)
Ermənilər — 1 377 (6.7%)
İşğal olunmuşdur — 1992-ci il, 8 may

 

 

DAĞLIQ QARABAĞIN ƏTRAFINDAKI RAYONLAR

Rayonlar

İşğal olunmuşdur

Əhalisi- 2015

Laçın rayonu

1992-ci il, 18 may

74 100

Kəlbəcər rayonu

1993-cü il, 2 aprel

88 300

Ağdam rayonu

1993-cü il, 23 iyul

191 700

Füzuli rayonu

1993-cü il, 23 avqust

125 400

Cəbrayıl rayonu

1993-cü il, 23 avqust

76 600

Qubadlı rayonu

1993-cü il, 31 avqust

38 900

Zəngilan rayonu

1993-cü il, 29 oktyabr

42 700

 

 

TƏCAVÜZÜN QURBANLARI

Həlak olmuşdur - 20 000

Əlil olmuşdur - 50 000

İtkin düşmüşdür (2015) - 4 011

Qeyd: Münaqişə müddətində 6000-dən çox Azərbaycan vətəndaşı itkin düşmüş, əsir-girov götürülmüşdür.

 

DAĞINTILAR VƏ ZİYANLAR (1988-1993-cü illər)

Yaşayış məntəqələri

900

Evlər

150 000

İctimai binalar

7 000

Məktəblər

693

Uşaq bağçaları

855

Tibb müəssisələri

695

Kitabxanalar

927

Məbədlər

44

Məscidlər

9

Tarixi abidələr, saraylar və muzeylər

473

Muzey eksponatları

40 000

Sənaye və kənd təsərrüfatı müəssisələri

6 000

Avtomobil yolları

2 670

Körpülər

160

Su kommunikasiyaları

2 300 km

Qaz kommunikasiyaları

2 000 km

Elektrik xətləri

15 000 km

Meşələr

280 000 ha

Kənd təsərrüfatı üçün yararlı torpaqlar

1 000 000 ha

İrriqasiya sistemləri

1 200 km

 

QAÇQIN, MƏCBURİ KÖÇKÜN VƏ SIĞINACAQ AXTARAN ŞƏXSLƏR (2015)

Ermənistandan qaçqınlar

350 000

Azərbaycanın işğal olunmuş ərazilərindən məcburi köçkünlər

789 000

Orta Asiyadan qaçqınlar (Axısxa türkləri)

60 000

Digər ölkələrdən olan qaçqın və sığınacaq axtaran şəxslər
(2003-cü ilə qədər onların sayı 11 000 nəfər olmuşdur)

1 500

Cəmi:

1 200 500

 

İşğal edilmiş ərazilərdə olan Ermənistan hərbi qüvvələri (2015)

Tank — 350

Artilleriya — 425

ACV — 398

Şəxsi heyət — 45 000 nəfər

 

İşğal edilmiş ərazilərə qanunsuz köçürülən əhali (2015)

Dağlıq Qarabağ

8 500

Laçın

13 000

Kəlbəcər

700

Zəngilan

520

Cəbrayıl

280

Cəmi:

23 000 nəfər

 

Qeyd:

1.Qaçqın və məcburi köçkünlər müvəqqəti olaraq 62 şəhər və rayon ərazisində əsasən 1 600-dən çox obyektdə məskunlaşmışdır.

2.Ermənistanla və işğal olunmuş ərazilərlə həmsərhəd yaşayış məntəqələrindən olan məcburi köçkünlərin sayı (2015) -110 612 nəfərdir.

← Geriyə