Biznesin təşkili

  • Yaradılıb 25.09.2012 10:03
  • Yenilənib 11.05.2017 13:47
  • Nəşr edilib 25.09.2012 10:03

  Azərbaycan Respublikası Sahibkarlığa Kömək Milli Fondunun vəsaitlərinin istifadəsi


QAYDALARI



I. Ümumi müddəalar

1.1. Bu Qaydalar Azərbaycan Respublikası Sahibkarlığa Kömək Milli Fondunun (bundan sonra - Fond) vəsaitlərinin istifadəsi mexanizmini və şərtlərini müəyyən edir.
1.2. Fondun vəsaitləri Azərbaycan Respublikasının sosial-iqtisadi inkişafının prioritet istiqamətləri üzrə sahibkarlıq subyektlərinin investisiya layihələrinin maliyyələşdirilməsinə yönəldilir.
1.3. Fondun vəsaitlərinin sahibkarlıq subyektlərinə çatdırılması müvəkkil banklar və bank olmayan kredit təşkilatları (bundan sonra - müvəkkil kredit təşkilatları) vasitəsilə onların öz adından və öz riskləri hesabına həyata keçirilir. Müvəkkil kredit təşkilatları ilə Fond arasında vəsaitlərin istifadə şərtlərini nəzərdə tutan müqavilə imzalanır. Fond müvəkkil kredit təşkilatı ilə sahibkarlıq subyektləri arasında bağlanacaq müqavilədə məcburi şərtlərin olmasını tələb edə bilər.
1.4. Fondun Müşahidə Şurası tərəfindən müəyyən olunmuş meyarlara uyğun olaraq Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən lisenziya verilmiş bütün banklar və bank olmayan kredit təşkilatları müvəkkil kredit təşkilatı kimi güzəştli kreditlərin verilməsində iştirak edə bilər.
1.5. Vəsaitlərin müvəkkil kredit təşkilatları arasında səmərəli bölgüsünü təmin etmək məqsədilə hər il fevral ayının 1-dək Azərbaycan Respublikasının Mərkəzi Bankı müvəkkil kredit təşkilatlarının maliyyə-statistik göstəriciləri barədə Fondun Müşahidə Şurasına müvafiq məlumat təqdim edir.
1.6. İl ərzində Azərbaycan Respublikasının Mərkəzi Bankı Fondun vəsaitlərinin yerləşdirilməsinə cəlb edilmiş müvəkkil kredit təşkilatlarının maliyyə-statistik göstəricilərində baş verən ciddi dəyişikliklər barədə məlumatı mütəmadi olaraq Fondun Müşahidə Şurasına təqdim edir.
1.7. Qaytarılan güzəştli kredit vəsaitləri, habelə digər daxilolmalar Fondun hesabında saxlanılır və yenidən bu Qaydaların 1.2-ci bəndində nəzərdə tutulmuş məqsədlərə istifadə olunur. Verilmiş güzəştli kreditlər üzrə Fondun hesabına ödənilmiş faizlər, cərimələr və komisyon haqları xüsusi vəsaitlər formasında toplanır və həmin vəsaitlərin 10 faizi həcmində Fondun maddi-texniki bazasının və işçilərin sosial müdafiəsinin gücləndirilməsinə yönəldilə bilər.


II. Fondun vəsaitinin istifadəsi istiqamətləri

2.1. Fondun vəsaitləri ölkənin sosial-iqtisadi inkişafı istiqamətləri çərçivəsində Fondun Müşahidə Şurası tərəfindən müəyyən edilmiş sahələrdə investisiya layihələrinin maliyyələşdirilməsinə yönəldilir.
2.2. Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarında, dövlət proqramlarında iqtisadiyyatın bu və ya digər sahəsinin inkişafı ilə bağlı nəzərdə tutulan konkret layihələrin Fondun vəsaiti hesabına həyata keçirilməsi məqsədilə Fondun Müşahidə Şurasının müəyyən etdiyi forma və qaydada sahibkarlıq subyektləri arasında müsabiqə keçirilə bilər.


III. Müvəkkil kredit təşkilatlarına kreditlərin verilməsi

3.1. Hər bir müvəkkil kredit təşkilatı üçün ilin əvvəlində onların məcmu kapitalına münasibətdə Fondun Müşahidə Şurası tərəfindən fərdi limit müəyyən edilir. Ayrılmış limit istifadə edildikdən sonra müvəkkil kredit təşkilatlarının müraciəti əsasında Fondun Müşahidə Şurasının qərarı ilə qaytarılan kredit vəsaitləri, habelə digər daxilolmalar hesabına onlara sahibkarlıq subyektlərinin investisiya layihələrinin maliyyələşdirilməsi məqsədilə əlavə limit müəyyən edilə bilər.
3.2. Müvəkkil bankların Fonddan cəlb etdikləri vəsaitlərin ümumi məbləğinin qalığı onların məcmu kapitallarının, bank olmayan kredit təşkilatlarının isə - onların nizamnamə kapitallarının 100 faizinədək ola bilər.
3.3. Müvəkkil kredit təşkilatlarının müraciəti əsasında ilin əvvəlində limit üzrə müəyyən edilmiş vəsait maliyyə ilinin başa çatmasına 3 (üç) ay qalanadək, müvəkkil kredit təşkilatlarının müraciəti əsasında sonradan açılmış limitlər isə ilin sonuna 1 (bir) ay qalanadək tam istifadə olunmazsa, vəsaitin istifadə olunmayan hissəsinə limit müəyyən edilən tarixdən etibarən hər təqvim günü üçün 0,02 faiz komisyon haqqı ödənilir və istifadə olunmamış vəsait Fondun Müşahidə Şurasının qərarı ilə digər müvəkkil kredit təşkilatlarına ayrılır.
3.4. Müvəkkil kredit təşkilatları istifadə etdikləri vəsaitlər üzrə əsas borc və hesablanmış faizləri hər ay üzrə növbəti ayın 3 (üç) bank günündən gec olmayaraq Fonda ödəməlidirlər.
3.5. Müvəkkil kredit təşkilatlarının Fond qarşısında öhdəliyi, onların sahibkarlıq subyektlərinə olan münasibətlərindən asılı deyildir. Sahibkarlıq subyektləri tərəfindən güzəştli kreditlər, faizlər və digər öhdəliklər üzrə ödənişlərin həyata keçirilməsindən asılı olmayaraq, müvəkkil kredit təşkilatları Fond qarşısında öz öhdəliklərini müqavilə şərtlərinə uyğun olaraq yerinə yetirməlidirlər. Müvəkkil kredit təşkilatları Fond qarşısında öhdəliklərinin gecikdirildiyi hər gün üçün köçürülməyən vəsaitin 0,1 faizi həcmində cərimə ödəməlidirlər. Müvəkkil kredit təşkilatları 1 (bir) ay ərzində öhdəliklərini icra etmədikdə, Fond vəsaitlərinin qaytarılması üçün qanunvericiliyə uyğun tədbirlər görür.
3.6. Müvəkkil kredit təşkilatları tərəfindən sahibkarlıq subyektlərindən qanunvericiliklə və Fondun Müşahidə Şurası tərəfindən müəyyən olunmuş şərtlərdən başqa digər şərtlərin (əlavə faizlərin ödənilməsi və s.) tələb olunması barədə şikayətlərə Fondun Müşahidə Şurası tərəfindən baxılır və belə faktlar təsdiq olunduğu təqdirdə Fondun Müşahidə Şurası həmin müvəkkil kredit təşkilatının fərdi limitinin sıfır dərəcəsində müəyyən edilməsi barədə qərar qəbul edir.


IV. Kreditlərin sahibkarlıq subyektlərinə ayrılması və onların istifadə edilməsi

4.1. Müvəkkil kredit təşkilatları bu Qaydalara uyğun olaraq Fondun vəsaitlərini öz adlarından və öz riskləri hesabına yerləşdirirlər.
4.2. Fondun vəsaiti hesabına güzəştli kredit almaq üçün sahibkarlıq subyektləri ilkin olaraq müvəkkil kredit təşkilatlarına müraciət edirlər. Müvəkkil kredit təşkilatları müraciətləri qeydiyyata alır və sahibkara müraciətin qeydiyyata alınmasını təsdiq edən müvafiq sənəd təqdim edir. Müvəkkil kredit təşkilatları 10 (on) bank günündən gec olmayaraq öz biznes maraqları və Fondun müəyyən etdiyi investisiya layihələrinin tərtib olunmasına dair minimal tələblər və qiymətləndirmə meyarlarına əsaslanaraq investisiya layihələrini təhlil edir və müsbət qiymətləndirdiyi layihələrə dair Fondun müəyyən etdiyi məlumatları və sənədləri Fonda təqdim edir. Fond investisiya layihəsinin tam və hərtərəfli ekspertizası üçün əlavə məlumatlar və sənədlər tələb edə bilər. İnvestisiya layihəsi mənfi qiymətləndirilən sahibkarlıq subyektlərinə isə müvəkkil kredit təşkilatları tərəfindən 3 (üç) bank günü müddətində əsaslandırılmış imtina məktubu verilir.
4.3. Fond 10 (on) bank günü müddətində Fondun vəsaitləri hesabına maliyyələşdirilmək üçün təqdim olunmuş layihələri ekspertizadan keçirir və kiçik həcmli kreditlər istisna olmaqla müvəkkil kredit təşkilatlarının təqdim etdiyi investisiya layihələrinin bilavasitə yerində ilkin monitorinqini həyata keçirir.
4.4. Ekspertizanın nəticəsindən asılı olaraq Fond müraciətlərin təmin olunması və ya onlardan imtina edilməsi barədə müvəkkil kredit təşkilatlarına rəsmi məlumat verir.
4.5. Sahibkarlıq subyektləri ilə kredit müqaviləsi bağlandıqdan sonra müvəkkil kredit təşkilatları tərəfindən kredit vəsaitinin ayrılması barədə Fonda sifariş göndərilir. Fond 3 (üç) bank günü ərzində vəsaitlərin müvəkkil kredit təşkilatlarına ayrılmasını təmin edir. Ayrılmış vəsait müvəkkil kredit təşkilatının müxbir hesabına daxil olduqdan sonra kredit təşkilatı 2 (iki) bank günü ərzində vəsaiti sahibkarlıq subyektinin hesabına köçürür və bu barədə Fonda və sahibkarlıq subyektinə məlumat verir.
4.6. Fondun güzəştli kreditlərindən istifadə etmək üçün investisiya layihəsi təqdim etmiş bütün sahibkarlıq subyektləri haqqında müvəkkil kredit təşkilatları tərəfindən hər rüb bitdikdən sonra növbəti ayın ilk 5 (beş) bank günündən gec olmayaraq Fonda məlumat verilməlidir. Təqdim olunacaq məlumatın forması Fond tərəfindən müəyyənləşdirilir. Zəruri hallarda Fond bu məlumatları müəyyən edilmiş müddətdən əvvəl tələb edə bilər.


V. Kreditlərin hədləri

5.1. Sahibkarlıq subyektlərinə Fondun vəsaitlərindən aşağıdakı hədlərdə güzəştli kredit vəsaiti verilə bilər:
5.1.1. 5 000 manatdan 50 000 manatadək - kiçik həcmli kreditlər;
5.1.2. 50 001 manatdan 500 000 manatadək - orta həcmli kreditlər;
5.1.3. 500 001 manatdan 10 000 000 manatadək - böyük həcmli kreditlər.
5.2. Hər bir sahibkarlıq subyektinin Fondun vəsaitləri hesabına aldığı güzəştli kreditin (o cümlədən bir investisiya layihəsi üzrə) maksimum həddi 10.000.000 manatdan artıq ola bilməz.


VI. Kreditlərin müddəti və faizləri

6.1. Fondun güzəştli kreditlərinin müddətləri aşağıdakı kimi müəyyən edilir:
6.1.1. kiçik həcmli kreditlər üçün - 3 (üç) ilədək;
6.1.2. orta həcmli kreditlər üçün - 5 (beş) ilədək;
6.1.3. böyük həcmli kreditlər üçün - 10 (on) ilədək.
6.2. Fondun kreditlərinin illik faiz dərəcələri aşağıdakı kimi müəyyən edilir:
6.2.1. kütləvi informasiya vasitələrinin inkişafı layihələrinin maliyyələşdirilməsi üçün - 0,5 faiz;
6.2.2. digər layihələrin maliyyələşdirilməsi üçün - 1 faiz.
6.3. Müvəkkil kredit təşkilatlarının Fondun kreditlərinə tətbiq etdiyi illik faiz dərəcəsinin ən yüksək həddi bu Qaydaların 6.2-ci bəndində nəzərdə tutulmuş faizlər də daxil olmaqla, cəmi kredit məbləğinin 6 faizindən (kütləvi informasiya vasitələrinin inkişafı üzrə layihələrin maliyyələşdirilməsi üzrə kredit məbləğinin 4 faizindən) artıq olmamalıdır.
6.4. Fond tərəfindən büdcə vəsaitləri istisna olmaqla, digər mənbələrdən cəlb olunan vəsaitlərə həmin mənbələr ilə bağlanılan müqavilələrdə nəzərdə tutulmuş faizlər nəzərə alınmaqla bu Qaydaların 6.2.2-ci və 6.3-cü bəndləri tətbiq edilir.


VII. Güzəşt müddəti

7.1. Kreditlərdən istifadə üzrə güzəşt müddəti, kredit verilmiş hər bir sahibkarlıq subyekti üçün fəaliyyətin xarakterindən asılı olaraq nağd pulun hərəkəti barədə məlumat əsasında müəyyən edilir və kreditin istifadə müddətinin ilk 1/2 dövrünü əhatə edə bilər. Güzəşt müddətində sahibkarlıq subyektləri yalnız faiz borclarını ödəyir, əsas borc üzrə isə hər hansı ödəniş həyata keçirmirlər. Müvəkkil kredit təşkilatları sahibkarlıq subyektləri üçün müəyyən etdikləri güzəşt müddəti barədə Fonda məlumat verməlidir.

VIII. Vəsaitlərin sahibkarlıq subyektləri tərəfindən geri qaytarılması

8.1. Sahibkarlıq subyektləri aldıqları güzəştli kreditlər üzrə faiz borclarını hər ayın son iş gününədək ödəməlidirlər. Əsas borc isə güzəşt müddəti bitdikdən sonra qalan müddət ərzində növbəti aydan başlayaraq hər ayın son iş gününədək annuitet qaydada hesablanıb ödənilir.
Sahibkarlıq subyektlərinin vaxtından əvvəl ödədikləri faizlər və ya əsas borc müvəkkil kredit təşkilatı tərəfindən 3 (üç) bank günündən gec olmayaraq Fondun xəzinə hesabına köçürülməlidir. Müvəkkil kredit təşkilatları tərəfindən həmin vəsaitin Fondun xəzinə hesabına köçürülməsi gecikdirildikdə, onlar bu Qaydaların 3.5-ci bəndinə uyğun olaraq cərimə ödəməlidirlər. Gecikdirmə 30 (otuz) bank günündən çox olarsa, Fondun Müşahidə Şurası müvəkkil kredit təşkilatına yeni vəsaitlərin ayrılmasını dayandıra və ya müvəkkil kredit təşkilatı kimi onun xidmətindən imtina edə bilər.
8.2. Fond, sahibkarlıq subyektləri tərəfindən əsas borc və faizlərin müvəkkil kredit təşkilatına ödənilməsi müddəti ilə müvəkkil kredit təşkilatları tərəfindən Fonda köçürülməsinin üzləşməsini apara və ya bunun üçün Azərbaycan Respublikasının Mərkəzi Bankına müraciət edə bilər. Belə müraciət daxil olduğu təqdirdə Azərbaycan Respublikasının Mərkəzi Bankı öz səlahiyyətləri daxilində müvəkkil kredit təşkilatında inspeksiya aparan zaman bu məsələni də araşdırır və Fonda məlumat verir.
8.3. Vəsaitlərin sahibkarlıq subyektləri tərəfindən geri qaytarılmaması və ya gecikdirilməsi müvəkkil kredit təşkilatını Fond qarşısındakı öhdəliklərdən azad etmir.


IX. Layihənin monitorinqi

9.1. Müvəkkil kredit təşkilatları Fond tərəfindən müəyyən edilmiş qaydalara uyğun olaraq ildə iki dəfədən az olmayaraq Fondun vəsaitlərinin hər bir sahibkarlıq subyekti tərəfindən investisiya layihəsi üzrə istifadə edilməsinin monitorinqini aparır və bu barədə Fonda hesabat verirlər. Hesabatın strukturu və forması Fond tərəfindən müəyyən edilir. Müvəkkil kredit təşkilatı tərəfindən aparılan monitorinq zamanı güzəştli kredit vəsaitinin təyinatı üzrə istifadə edilməməsi halları aşkar edildikdə, müvəkkil kredit təşkilatı güzəştli kreditin və hesablanmış faiz borcunun vaxtından əvvəl ödənilməsini sahibkarlıq subyektindən tələb etməlidir. Sahibkarlıq subyektinin öz öhdəliyini yerinə yetirib-yetirməməsindən asılı olmayaraq, müvəkkil kredit təşkilatı 10 (on) bank günü ərzində məhz bu layihə üzrə əsas kredit və faiz borcunu bütövlükdə Fondun hesabına köçürməlidir.
9.2. Vəsaitlərin təyinatı üzrə istifadəsinə nəzarət etmək məqsədilə Fond maliyyələşdirdiyi sahibkarlıq subyektlərində müstəqil monitorinqlər apara bilər. Fond tərəfindən aparılan monitorinq zamanı güzəştli kredit vəsaitinin təyinatı üzrə istifadə edilməməsi halları aşkar edildikdə Fondun yazılı tələbinə əsasən həmin sahibkarlıq subyektinə verilmiş güzəştli kredit və faiz borcu müvəkkil kredit təşkilatı tərəfindən sahibkarlıq subyektinin onun qarşısında öhdəliklərini icra edib-etməməsindən asılı olmayaraq 10 (on) bank günü ərzində bütövlükdə Fondun hesabına köçürülür. Fondun tələbindən sonra müvəkkil kredit təşkilatları tərəfindən vəsaitin köçürülməsi gecikdirildikdə, onlar bu Qaydaların 3.5-ci bəndinə uyğun olaraq cərimə ödəyirlər. Tələb edilən vəsaitin köçürülməsi 30 (otuz) təqvim gününü keçdiyi təqdirdə Fond gecikdirilən məbləğin qaytarılması üçün qanunvericiliyə uyğun tədbirlər görür.
9.3. Fond tərəfindən müəyyən edilmiş monitorinqin keçirilmə qaydalarının müvəkkil kredit təşkilatları tərəfindən 3 (üç) dəfə və daha çox pozulması halları aşkar edildikdə, həmin müvəkkil kredit təşkilatları üçün Fond tərəfindən müəyyən edilmiş əsas və əlavə limitlər ləğv edilə və ya o, müvəkkil kredit təşkilatları sırasından çıxarıla bilər.



 

← Geriyə