2010

  • Yaradılıb 24.09.2012 07:42
  • Yenilənib 15.10.2012 06:51
  • Nəşr edilib 24.09.2012 07:42

Qeyri-neft sektoru

 

Aparılan məqsədyönlü və ardıcıl iqtisadi siyasət nəticəsində, son illər ölkənin inkişafı davamlı xarakter almışdır. Belə ki, 2010-cu ildə qeyri-neft sektorunda 7,9%-lik artım qeydə alınmış, o cümlədən 2009-cu illə müqayisədə informasiya və rabitə sahəsi 29.7%, nəqliyyat və anbar təsərrüfatı 4,3%, tikinti isə 20,3% artmışdır. Ötən il qeyri-neft sənayesi üzrə 6,2% artım qeydə alınmışdır.

2005-2010-cu illərin nəticələrinin təhlili göstərir ki, bu dövrdə, ümumi iqtisadi inkişafla yanaşı, qeyri-neft sektorunda da davamlı inkişaf qeydə alınmış və qeyri-neft ÜDM-i nisbətən sabit artım tempinə malik olmuşdur. Aşağıdakı qrafikdə 2005-2010-cu illər ərzində ÜDM-nin və qeyri-neft ÜDM-nin real artım templəri öz əksini tapmışdır.

 

Qrafik 1. ÜDM istehsalının dinamikası, %

2010-cu ildə ölkədə iqtisadiyyatın və sosial sahələrin inkişafına bütün maliyyə mənbələri hesabına 2009-cu illə müqayisədə 21,2% çox, (9715,2 mln. manat) əsas kapitala investisiya yönəldilmişdir. Bu vəsaitin 75,2%-ni daxili investisiyalar, 24,8%-ni isə xarici investisiyalar təşkil etmişdir. Əsas kapitala yönəldilmiş ümumi investisiyaların 69,7%-i qeyri-neft bölməsinin, o cümlədən, 12,2%-i qeyri-neft sənayesinin, 30,3%-i isə neft bölməsinin inkişafında istifadə edilmişdir.

2005-2010-cu illərin nəticələrinin təhlili göstərir ki, son illərdə iqtisadiyyata yönəldilən investisiyaların strukturunda qeyri-neft sektoruna yönəldilən investisiyaların xüsusi çəkisində nəzərəçarpacaq artım müşahidə olunur.

 

Qrafik 2. Ölkə iqtisadiyyatına yönəldilən investisiyaların dinamikası, milyon manatla

2010-cu ildə təsərrüfat subyektləri tərəfindən ölkə sənayesində istehsal olunmuş mal və xidmətlərin həcmi əvvəlki illə müqayisədə 2,6% artaraq 27,4 mlrd. manat təşkil etmişdir.

Sənaye məhsulu istehsalı neft sektorunda 1,7%, qeyri-neft sektorunda isə 6,6% artmışdır.

Ötən il qeyri-neft sektorunda yaradılmış əlavə dəyərin 9,1% qeyri-neft sənayesinin payına düşmüşdür. Belə ki, 2010-cu ildə qeyri-neft sənayesi üzrə 6,2% real artım qeydə alınmış və 1687,5 mln. manatlıq əlavə dəyər yaradılmışdır.

Sənaye məhsulunun 75,8% mədənçıxarma bölməsində, 19,1% emal bölməsində, 4,5% elektrik enerjisi, qaz, buxar və kondisiyalaşdırılmış hava ilə təchizat bölməsində, 0,6% su təchizatı, çirkli suların və tullantıların təmizlənməsi bölməsində istehsal olunmuşdur.

2010-cu il ərzində mədənçıxarma bölməsində 50,8 mln. ton neft, 16,7 mlrd. kub metr əmtəəlik qaz hasil olunmuşdur.

Emal bölməsinin məhsullarından qida məhsulları istehsalı 2,4%, içki istehsalı 11,8%, mebeldən başqa ağacın emalı və ağacdan məmulatlar istehsalı 7,5%, kağız və karton istehsalı 25,5%, poliqrafiya fəaliyyəti və yazılmış məlumatların daşıyıcılara köçürülməsi 10%, neft məhsulları istehsalı 8,8%, kimya sənayesi məhsulları istehsalı 16,2%, metallurgiya sənayesi məhsulları istehsalı 44,6%, elektrik avadanlıqları istehsalı 82,8%, maşın və avadanlıqlar istehsalı 1,9 dəfə, avtomobil, qoşqu və yarımqoşqular istehsalı 48,4 dəfə artmışdır.

İl ərzində ölkənin elektrik stansiyalarında 17,6 mlrd. kv.saat elektrik enerjisi istehsal olunmuşdur.

Ötən il kənd təsərrüfatının ümumi məhsulunun faktiki qiymətlərlə dəyəri 3877,7 mln. manat olmuş və 2009-cu il nisbətən 2,2% azalmış, o cümlədən bitkiçilik məhsulları üzrə 8,9% azalmış, heyvandarlıq məhsulları üzrə isə 6,1% artmışdır. Taxıl və kartof istisna olmaqla qalan bitkiçilik məhsullarının və heyvandarlıq məhsullarının istehsalı 2009-cu illə müqayisədə artmışdır.

 

 

Kənd, meşə və balıqçılıq təsərrüfatlarının ümumi məhsulu

mln.manat

Məhsulun adı

2010-cu il

yanvar-dekabr

2009-cu il

yanvar-dekabr

Kənd, meşə və balıqçılıq təsərrüfatları üzrə - cəmi

3879,9

3807,3

o cümlədən:

 

 

kənd təsərrüfatı

3877,7

3805,1

meşə təsərrüfatı

2,04

1,94

balıqçılıq təsərrüfatı

0,2

0.2

ovçuluq təsərrüfatı

0,003

0,005

 

2010-cu ildə əsas kapitala yönəldilmiş bütün vəsaitin 4,6%-i (441,9 mln. manat) kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahəsinin inkişafına sərf edilmişdir.

2010-cu ildə 966,7 min hektar taxıl sahəsindən (qarğıdalı da daxil edilməklə) 2000,9 min ton dənli və dənli paxlalı məhsulu toplanmışdır. Dənli və dənli paxlalı bitkilərin istehsalında 1308,9 min tonunu (65,4%) payızlıq və yazlıq buğda, 136,1 min tonunu (6,8%) qarğıdalı təşkil etmişdir. Dən üçün payızlıq dənlilərin əkin sahəsinin 660,5 min hektarını (72,2%) buğda, 254,7 min hektarını (27%) arpa əkini təşkil edir. 2009-cu ilin müvafiq dövrü ilə müqayisədə buğdanın əkin sahəsi 0,2%, arpanın əkin sahəsi 2,2% artmışdır.

Ötən il ərzində əkin sahələrindən 953,7 min ton kartof, 1181,1 min ton tərəvəz, 433,5 min ton bostan, 256,6 min ton şəkər çuğunduru, 37,3 min ton pambıq, 3,2 min ton tütün, 729,3 min ton meyvə və giləmeyvə, 129,5 min ton üzüm və 544,9 ton yaşıl çay yarpağı yığılmışdır.

Heyvandarlıq sahəsində mal-qaranın baş sayı və heyvandarlıq məhsulları istehsalı dinamik olaraq artır.

Hesabat dövründə ölkə üzrə 2637,4 min baş qaramal, o cümlədən 1272,8 min baş inək və camış, 8463,1 min baş qoyun və keçi mövcud olmuşdur. 2009-cu ilə nisbətən qaramalın baş sayı 26,6 min baş, inək və camışların baş sayı 9,3 min baş, qoyun və keçilərin baş sayı 53,2 min baş artmışdır.

Ötən il ölkədə diri çəkidə 440 min ton ət, 1529,2 min ton süd, 15,6 min ton yun və 1178,6 mln. ədəd yumurta istehsal edilmişdir.

← Geriyə