2011

  • Yaradılıb 24.09.2012 07:00
  • Yenilənib 15.10.2012 06:24
  • Nəşr edilib 24.09.2012 07:00

2011-ci ildə qeyri-neft sənayesinin inkişafı haqqında

ARAYIŞ

 

Ölkənin qeyri-neft sahələrinin inkişafı 2011-ci ildə də davam etmiş, istehsal edilmiş 50.1 milyard manatlıq ÜDM-in 48.3 faizi və ya 24.2 milyard manatı qeyri-neft sektorunun payına düşmüşdür. 2011-ci ildə ölkə ÜDM-i 0.1 faiz artdığı halda qeyri-neft sektorunda əlavə dəyər istehsalı 9.4 faiz artmışdır.

Hesabat dövründə ölkənin qeyri-neft sənayesi 5.7 milyard manat təşkil etmiş və 2010-ci ilə nisbətən 11.1 faiz artmışdır. Qeyri-neft sənayesinin mədənçıxarma bölməsində 156.2 milyon manat, emal bölməsində 3803.8 milyon manat, elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı bölməsində 1553.4 milyon manat, su təchizatı, tullantıların təmizlənməsi və emalı bölməsində 188.4 milyon manatlıq məhsul istehsal olunmuşdur.

 

Mədənçıxarma bölməsində dəmir filizi hasilatı 3.7 dəfə, duz hasilatı 1.8 dəfə, tikinti qumu hasilatı 16.1 faiz, inşaat üçün əhəngdaşı hasilatı 0.2 faiz artmışdır.

 

Emal bölməsinin əksər sahələrində məhsul istehsalında artım baş vermişdir. Bu bölmədə ən yüksək xüsusi çəkiyə malik qida məhsullarının istehsalı sahəsində 2011-ci ildə 2.2 milyard manatlıq məhsul istehsal olunmuş və əvvəlki ilə nisbətən məhsul istehsalı 5.0 faiz artmışdır. Bununla yanaşı, emal bölməsinin aparıcı sahələrindən olan içki istehsalında məhsul istehsalı 8.4 faiz, tikinti materiallarının istehsalında 4.4 faiz, kimya sənayesində 27.1 faiz, metallurgiya sənayesində 1.9 dəfə, maşın və avadanlıqların istehsalında 25.4 faiz, maşın və avadanlıqların quraşdırılması və təmirində 1.8 dəfə artım müşahidə edilmişdir.

 

Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı əvvəlki ilə nisbətən 11.1 faiz, su təchizatı, tullantıların təmizlənməsi və emalı isə əvvəlki ilə nisbətən 12 faiz artmışdır.

 

Hesabat dövründə əsas qeyri-neft sənayesi məhsullarından quş əti də daxil olmaqla ət məhsulları istehsalı 4.6 faiz, kolbasa məmulatları istehsalı 12.3 faiz, pambıq lifi istehsalı 34.8 faiz, pambıq iplik istehsalı 25.8 faiz, sulfat turşusu istehsalı 1.6 dəfə, kaustik soda istehsalı 1.6 dəfə, polietilen istehsalı 1.4 dəfə, bərk polietilen borular, borucuqlar, şlanqlar, qollar istehsalı 1.9 dəfə, sement istehsalı 12.4 faiz, tikinti gipsi istehsalı 2.1 dəfə, tikinti əhəngi istehsalı 49 faiz, hörmə üçün hazır beton qarışığı istehsalı 25.7 faiz, poladtökmə 1.6 dəfə, qeyri-cins poladdan dəstələr şəklində katankalar (armatur) istehsalı 35.6 faiz, polad borular istehsalı 2.7 dəfə, alüminium qapı və pəncərə istehsalı 4.7 dəfə, televizor istehsalı 2.2 dəfə, məişət soyuducuları istehsalı 16.5 faiz, məişət kondisionerləri istehsalı 2.0 dəfə, minik avtomobilləri istehsalı 14.4 faiz, elektrik enerjisi istehsalı 8.4 faiz artmışdır.

 

2011-ci ildə ölkə üzrə əsas kapitala yönəldilmiş 12.8 milyard manat vəsaitin 76.8 faizi və ya 9.8 milyard manatı qeyri-neft sektoruna yönəldilmişdir.

 

Hesabat dövründə Tovuz rayonunda Süd emalı zavodu, Ağcabədi rayonunda Süd emalı zavodu və "Atena" süd məhsulları kombinatı, İmişli rayonunda Yem fabriki, Bitki yağları fabriki, Ağsu rayonunda Çörək zavodu, Şirə və Şərab emalı zavodu, Qəbələ rayonunda Limonad istehsalı zavodu, Şəki rayonunda Şərab zavodu, Oğuz rayonunda Qarğıdalı emalı zavodu və Qlükoza istehsalı müəssisəsi və digər müəssisələrin istifadəyə verilməsi ilə qeyri-neft sənayesinin ən aparıcı sahəsi olan qida məhsullarının istehsalının növbəti illərdə də davamlı inkişafına şərait yaratmışdır. Bunlarla yanaşı, Abşeron rayonunda açılmış AZMDF zavodu və Mebel fabriki, Astara rayonunda Qaz-kompressor stansiyası, Qobustan rayonunda Eksperimental poliqon və Tədris mərkəzi, Xaçmaz rayonunda yenidən qurulmuş Kondensator zavodu və eləcə də tikintisi davam edən çoxsaylı müəssisələr bütünlükdə qeyri-neft sənayesinin yüksək inkişafına imkan verəcək.

 

← Geriyə