2016

  • Yaradılıb 27.10.2016 12:56
  • Yenilənib 27.10.2016 12:58
  • Nəşr edilib 27.10.2016 12:56

Yanvar-sentyabr aylarında qeyri-neft sektorunun inkişafı

 

2016-ci ilin yanvar-sentyabr ayları ərzində iqtisadiyyatın qeyri-neft sektorunda 28.5 milyard manatlıq əlavə dəyər yaradılmış və ümumilikdə onun 57.3%-i sosial və digər xidmətlər, ticarət; nəqliyyat vasitələrinin təmiri və tikinti sahələrinin payına düşmüşdür (Qrafik 1).


qn-2016-1

Qeyri-neft sektorunda yaradılan əlavə dəyərin ÜDM-də xüsusi çəkisi 65.7% təşkil etmişdir. Qeyri-neft sektorunun alt sahələri üzrə ÜDM-ə ən çox müsbət töhfə verən sahə ticarət və nəqliyyat vasitələrinin təmiri sahəsi (0.2 faiz bəndi) və kənd, meşə və balıqçılıq təsərrüfatları (0.2 faiz bəndi) olmuşdur.
Qeyri-neft sektorunun əksər sahələrində, o cümlədən kənd, meşə və balıqçılıq təsərrüfatları (2.4%), ticarət; nəqliyyat vasitələrinin təmiri sahəsində (2.3%), turistlərin yerləşdirilməsi və ictimai iaşə (1.8%), informasiya və rabitə (5.5%) sahələrində əlavə dəyər istehsalının artım tempi əvvəlki ilin müvafiq dövrünə nisbətən yüksək olmuşdur. Qeyri-neft ÜDM-nə ən böyük müsbət töhfəni ticarət və nəqliyyat vasitələrinin təmiri sahəsi (0.4 faiz bəndi) vermişdir.
2016-ci ilin yanvar-sentyabr ayları ərzində qeyri-neft sənayesində yaradılan əlavə dəyərin həcmi əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 0.3% artaraq 2194.3 milyon manata çatmışdır. Hesabat dövründə yaradılmış ÜDM-də qeyri-neft sənayesinin xüsusi çəkisi 5.1% , sənayedə yaradılan əlavə dəyərdə qeyri-neft sənayesinin payı 13.4% təşkil etmişdir. Yanvar-sentyabr ayları ərzində qeyri-neft sektorunda yaradılmış əlavə dəyərdə qeyri-neft sənayesinin xüsusi çəkisi 7.7% təşkil etmişdir.
Qeyri-neft sənayesində yaradılan əlavə dəyərin strukturunda mədənçıxarma sənayesinin xüsusi çəkisi 2.0%, emal sənayesinin xüsusi çəkisi 61.6%, elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatının xüsusi çəkisi 33.0%, su təchizatı, tullantıların təmizlənməsinin xüsusi çəkisi isə 3.4% təşkil etmişdir (Qrafik 2).
Hesablamalara görə, müqayisə olunan dövrdə qeyri-neft sənayesində yaradılan əlavə dəyərin strukturunda emal sənayesinin xüsusi çəkisi isə 5.5 faiz bəndi artmışdır.


Qrafik 2. Qeyri-neft sənayesində yaradılmış əlavə dəyərin strukturu

qn-2016-2

2016-ci ilin yanvar-sentyabr aylarında qeyri-neft sənayesində 6075.4 milyon manatlıq məhsul istehsal edilmiş və əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 3.6% artmışdır. Qeyri-neft sənayesində yaradılmış əlavə dəyərin xüsusi çəkisi 36.1% təşkil etmişdir. Qeyd olunan dövrdə qeyri-neft sənayesində istehsal edilən məhsulun ölkə üzrə bütün sənaye məhsullarında xüsusi çəkisi 26.4%-ni təşkil etmiş, qeyri-neft sənayesi sənayenin artımına 1.0 faiz bəndi müsbət töhfə vermişdir.
Qeyri-neft sənayesinin mədənçıxarma bölməsində 131.7 milyon manat, emal sənayesində 4525.2 milyon manat, elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sahəsində 1224.6 milyon manat, su təchizatı, tullantıların təmizlənməsi sahəsində 193.9 milyon manat məhsul istehsal edilmişdir (Qrafik 3).

 

Qrafik 3. Qeyri-neft sənayesinin ümumi buraxılışının strukturu

qn-2016-3

2016-ci ilin yanvar-sentyabr ayları ərzində məhsul istehsalı qeyri-neft emal sənayesinin əksər bölmələrində, o cümlədən qida məhsulları istehsalında (4.3%), maşın və avadanlıqların quraşdırılması və təmiri sahəsində (53.6%), elektrik avadanlıqları istehsalında (2.6 dəfə), hazır metal məmulatlarının istehsalında (18.5%), kompüter və digər elektron məhsulların istehsalında (14.9%), avtomobil, qoşqu və yarımqoşquların istehsalı (14.0%), toxuculuq sənayesində (2.7 dəfə), geyim istehsalında (34.6%), mebel istehsalında (16.3%), ağac emalı və ağacdan məmulatların istehsalında (32.2%) və s. sahələrdə artmışdır.
2016-ci ilin yanvar-sentyabr ayları ərzində iqtisadiyyatda əsas kapitala qoyulmuş cəmi investisiyaların 36.6%-i və ya 3753.8 milyon manatı qeyri-neft sektoruna yönləndirilmişdir. Əsas kapitala qoyulmuş investisiyaların 3.6%-i, qeyri-neft sektoruna yönləndirilən investisiyaların isə 10.0%-i və ya 374.7 milyon manatı qeyri-neft sənayesi bölməsinin inkişafında istifadə edilmişdir (Qrafik 4).


Qrafik 4. Əsas kapitala yönləndirilmiş investisiyaların strukturu

qn-2016-4

2016-cı ilin yanvar-sentyabr aylarında Bakı şəhərində iri qabaritli transformatorlar və yeni Ağdağ gips zavodları, Bakı Metropoliteninin yeni - bənövşəyi xəttinin "Avtovağzal" və "Memar Əcəmi-2" stansiyaları, Gəncə şəhərində "Nizami" elektrik yarımstansiyası, Xaçmaz rayonunda Yalama Aqroparkı, İsmayıllı rayonunda "İSMA BİKES" velosiped istehsalı zavodu, "İsmayıllı-2" Su Elektrik Stansiyası, Qəbələ rayonunda "Qafqaz Tufandağ Mountain Resort" oteli, Tovuz rayonunda Tovuzçay su anbarı və s. obyektlər istifadəyə verilmişdir.
Cari il sentyabrın 1-i vəziyyətinə ölkə üzrə muzdla işləyənlərin 97.7%-i və ya 1485.6 min nəfər qeyri-neft sektorunda çalışmışdır. Qeyri-neft sektoru üzrə muzdla çalışan işçilərin 3.1%-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahələrində, 6.8%-i tikintidə, 2.0 %-i su təchizatı, tullantıların təmizlənməsi və emalı, 1.8%-i elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 18.8 %-i ticarət; nəqliyyat vasitələrinin təmiri, 4.6 %-i nəqliyyat və anbar təsərrüfatı, 1.6 %-i informasiya və rabitə, 1.5%-i turistlərin yerləşdirilməsi və ictimai iaşə, 59.8%-i digər sahələrdə məşğul olmuşdur.
Cari ilin yanvar-avqust aylarında qeyri-neft sektorunda orta aylıq nominal əmək haqqı 437.5 manat təşkil etmişdir. Tikinti, informasiya və rabitə, eləcə də maliyyə və sığorta fəaliyyəti, peşə, elmi və texniki fəaliyyət sahələrində orta aylıq nominal əmək haqqı ölkə üzrə orta göstəricidən (488.7 manat) yüksək olmuşdur.

 

 

← Geriyə