Biznesin təşkili

  • Yaradılıb 25.09.2012 09:54
  • Yenilənib 15.10.2012 11:13
  • Nəşr edilib 25.09.2012 09:54

Hüquqi şəxslərin qeydiyyatı

 

Hüquqi şəxslərin qeydiyyatının daha da təkmilləşdirilməsi nəticəsində onların elektron qeydiyyatının həyata keçirilməsinə başlanılmışdır. "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikası qanununa müvafiq olaraq Azərbaycan Respublikasında hüquqi şəxslərin elektron dövlət qeydiyyatı rüsumsuz aparılır, nizamnamə kapitalının əvvəlcədən ödənilməsi və e-qeydiyyat zamanı ərizənin notarial qaydada təsdiqlənməsi artıq tələb olunmur. Hüquqi şəxslərin elektron dövlət qeydiyyatı adi (yəni 3 gündən gec olmayaraq) və ya sürətli elektron dövlət qeydiyyatı (hüquqi ünvanı yeganə təsisçi kimi çıxış edən fiziki şəxsin yaşayış yeri üzrə qeydiyyat ünvanı ilə eyni olan yerli investisiyalı cəmiyyətin real vaxt rejimində aparılan elektron dövlət qeydiyyatı) qaydasında həyata keçirilir. Elektron dövlət qeydiyyatının həyata keçirilməsi üçün Vergilər Nazirliyinin "İnternet vergi idarəsi"ndə yerləşdirilmiş elektron ərizə forması doldurularaq gücləndirilmiş elektron imza (imza sahibinin nəzarəti altında olan elektron imza vasitələri ilə yaradılan və yalnız imza sahibinə məxsus olmaqla onu identikləşdirən, əlaqəli olduğu məlumat bildirişinin bütövlüyünü, dəyişməzliyini, təhrif olunmadığını və saxtalaşdırılmadığını müəyyən etməyə imkan verən elektron imza) ilə təsdiq edilməlidir. Bununla yanaşı, qeydiyyat zamanı Vergilər Nazirliyinə yanlış məlumatların verilməsinin qarşısını almaq məqsədi ilə İnzibati Xətalar Məcəlləsinə əsasən belə hallara yol vermiş fiziki şəxslərin 700 manat, hüquqi şəxslərin isə 4000 manat cərimə olunması nəzərdə tutulur.

Yeni qeydiyyat sistemində hüquqi şəxslərin (daxili investisiyalı kommersiya) qeydiyyatı üçün lazım olan sənədlər aşağıdakılardır:

Hüquqi şəxslərin dövlət qeydiyyatına alınması üçün qeydiyyatı aparan müvafiq vergi orqanına forması və doldurulma qaydası Azərbaycan Respublikasının Vergilər Nazirliyi tərəfindən müəyyən edilən "Kommersiya hüquqi şəxsin dövlət qeydiyyatı haqqında ərizə"si ilə müraciət edilməlidir. Ərizə təsisçi (bir neçə təsisçi olduqda isə bütün təsisçilər) və ya onun (onların) müvafiq qaydada vəkil etdiyi şəxs tərəfindən imzalanır və notariat qaydasında təsdiqlənir.

 

Ərizəyə aşağıdakılar əlavə edilir:

- hüquqi şəxs statusu almaq istəyən qurumun təsisçisi (təsisçiləri) və ya onun (onların) səlahiyyətli nümayəndəsi tərəfindən təsdiq edilmiş nizamnaməsi 2 nüsxədə;

- hüquqi şəxs statusu almaq istəyən qurumun yaradılması və nizamnaməsinin təsdiq edilməsi haqqında təsisçi (təsisçilər) tərəfindən imzalanmış qərar;

-"Kommersiya hüquqi şəxsin dövlət qeydiyyatı haqqında ərizə"nin təsisçilər barədə əlavəsi. Qurumun təsisçiləri həm hüquqi şəxs, həm də fiziki şəxs olduqda ayrı-ayrılıqda hər iki əlavə forması doldurulur. Təsisçi fiziki şəxsə aid əlavə formasında göstərilən pasport rekvizitləri Daxili İşlər Nazirliyinin pasport qeydiyyatı məlumatlarında təsdiqini tapmadıqda, müvafiq təsisçilərin səxsiyyət vəsiqəsinin surətlərinin ərizəyə əlavə edilməsi tələb oluna bilər;

- dövlət qeydiyyatı ərizəsi vergi orqanına təqdim edilən tarixə cəmiyyətin müşahidə şurası seçilmişdirsə onun üzvləri barədə məlumatlar "Kommersiya hüquqi şəxsin dövlət qeydiyyatı haqqında ərizə"sinin müvafiq əlavəsi ilə təqdim olunur. Əlavədə göstərilən pasport rekvizitləri Daxili İşlər Nazirliyinin pasport qeydiyyatı məlumatlarında təsdiqini tapmadıqda, müşahidə şurasının müvafiq üzvlərinin şəxsiyyətini təsdiq edən sənədin surətlərinin ərizəyə əlavə edilməsi tələb oluna bilər;

- təsisçilər tərəfindən icraedici və sərəncamverici səlahiyyətlərə malik olan qanuni təmsilçinin və ya rəhbərin təyin edilməsi barədə qərarın surəti. Qanuni təmsilçinin və ya rəhbərin ərizədə göstərilmiş pasport rekvizitləri Daxili İşlər Nazirliyinin pasport qeydiyyatı məlumatlarında təsdiqini tapmadıqda, onun şəxsiyyət vəsiqəsinin surətinin ərizəyə əlavə edilməsi tələb oluna bilər;

- hüquqi şəxs statusu almaq istəyən qurumun hüquqi ünvanını təsdiq edən sənəd;

- məhdud məsuliyyətli cəmiyyət və ya səhmdar cəmiyyəti, bank və ya sığorta təşkilatı yaradıldıqda nizamnamə kapitalının ödənilməsini təsdiq edən sənəd (bank qəbzi, daşınmaz əmlakın ipotekası və sair) - cəmiyyətin nizamnaməsində nizamnamə kapitalının müəyyən müddətə (3 aydan çox olmayan) ödənilməsi nəzərdə tutulmayıbsa;

- hüquqi şəxs statusu almaq istəyən qurum xüsusi vergi rejimi ilə fəaliyyət göstərəcəksə, bu barədə məlumat "Kommersiya hüquqi şəxsin dövlət qeydiyyatı haqqında ərizə"sinin müvafiq əlavəsi ilə təqdim olunur;

- ərizə təsisçinin (təsisçilərin) müvafiq qaydada vəkil etdiyi şəxs tərəfindən imzalandıqda vəkalətnamə ərizə ilə birlikdə təqdim olunur.

Banklar və sığorta şirkətləri, ali və orta təhsil müəssisələri yaradıldıqda, həmçinin müvafiq fəaliyyətin keçirilməsi üçün aidiyyəti orqanın ilkin razılığı barədə sənəd tələb olunur.
Qanunvericiliklə nəzərdə tutulmayan digər sənədlərin tələb edilməsinə yol verilmir.

← Geriyə