Sahibkarlığa dəstək

  • Yaradılıb 25.09.2012 07:57
  • Yenilənib 25.10.2016 10:02
  • Nəşr edilib 25.09.2012 07:57

Sənaye parkları

 

Müasir istehsal infrastrukturuna malik sənaye parkının yaradılması ölkədə sənaye sahələrinin inkişafının, ölkə iqtisadiyyatının tarazlı inkişafının təmin edilməsini, habelə istehsal sahələrinin və onun innovasiya istiqamətinin inkişafını nəzərdə tutan dövlət siyasətinin reallaşdırılmasına yönəldilmişdir. Sənaye parklarının yaradılması, həmçinin ölkənin qeyri neft sektorunun davamlı inkişafı, ölkə iqtisadiyyatının ixrac qabiliyyətinin, eləcə də rəqabətqabiliyyətli, idxalı əvəz edən məhsulların istehsalının artırılması, ətraf rayonlarda məşğulluğun təmini, investisiyaların və müasir texnologiyaların cəlb edilməsi kimi öncül vəzifələrin yerinə yetirilməsi baxımından xüsusilə əhəmiyyətlidir. Bu istiqamətdə işlər davam etdirilmiş, beynəlxalq təcrübə daim öyrənilmiş və müvafiq normativ-hüquqi sənədlər hazırlanmışdır.
Ölkədə sənaye parklarının yaradılması bir sıra dövlət proqramlarında, o cümlədən Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 26 dekabr 964 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında sənayenin inkişafına dair 2015-2020-ci illər üçün Dövlət Proqramı"nda nəzərdə tutulmuşdur.
Bununla bağlı, xarici ölkələrin bu sahədəki müsbət təcrübəsinin ölkəmizdə tətbiqi istiqamətində ardıcıl tədbirlər həyata keçirilmişdir. Həmçinin BMT-nin Sənaye İnkişafı Təşkilatının (UNİDO), Türkiyənin Türk Əməkdaşlıq və İnkişaf İdarəsinin (TİKA) ekspertlərinin tövsiyələri nəzərə alınmaqla bu sahədə müvafiq təkliflər hazırlanmış, bir sıra ardıcıl tədbirlər həyata keçirilmişdir.
Azərbaycan Respublikası Prezidentinin 24 aprel 2013-cü il tarixli 865 nömrəli Fərmanı ilə "Sənaye parkları haqqında Nümunəvi Əsasnamə" təsdiq edilmişdir. Qeyd olunan Fərmanla müəyyən edilmişdir ki, sənaye parkı - sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün zəruri infrastruktura və idarəetmə qurumlarına malik olan, müasir texnologiyaların tətbiqi yolu ilə rəqabət qabiliyyətli məhsul istehsalı və xidmət göstərilməsi məqsədləri üçün istifadə edilən, sahibkarların səmərəli fəaliyyətinə və inkişafına kömək edən ərazidir.
Sənaye parkının yaradılmasının məqsədləri aşağıdakılardır:
 innovativ və yüksək texnologiyalar əsasında rəqabət qabiliyyətli sənaye istehsalının inkişafı, xidmətlərin göstərilməsi üçün münbit şəraitin yaradılması və bu sahədə sahibkarlığın dəstəklənməsi;
 iqtisadiyyatın, o cümlədən qeyri-neft sektorunun davamlı inkişafının təmin edilməsi;
 ölkənin yerli və xarici investisiyalar üçün əlverişliliyinin artırılması;
 əmək qabiliyyətli əhalinin istehsal sahəsində məşğulluğunun artırılması.

Qanunvericiliyə uyğun olaraq, sənaye parklarında aşağıdakı stimullaşdırıcı tədbirlər tətbiq olunur:
- vergi və gömrük sahəsində stimullaşdırıcı tədbirlər (Azərbaycan Respublikasının Vergi Məcəlləsinə və "Gömrük tarifi haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, sənaye parklarının rezidentləri qeydiyyata alındıqları tarixdən 7 il müddətinə: əmlak vergisindən, torpaq vergisindən, mənfəət vergisindən, istehsal məqsədilə idxal etdikləri texnikanın, texnoloji avadanlıqların və qurğuların idxalı zamanı ƏDV-dən və gömrük rüsumlarından azad olunurlar);
- sənaye parkının infrastrukturla təmin edilməsi;
- torpaq sahəsinin icarə haqqının aşağı həddində müəyyən edilməsi;
- güzəştli kreditlərin verilməsi;
- inzibati prosedurların sadələşdirilməsi;
- sahibkarlıq fəaliyyətinin səmərəli həyata keçirilməsi üçün xidmətlərin təşkili;
- istilik və elektrik enerjisinin, suyun və qazın satışına, tullantı sularının axıdılmasına və məişət tullantılarının yığılmasına görə güzəştli tariflərin tətbiqi.
Eyni zamanda, ölkədə innovativ və yüksək texnologiyalar əsasında rəqabət qabiliyyətli sənaye istehsalının inkişafı üçün münbit şərait yaratmaq, bu sahədə sahibkarlığı dəstəkləmək, qeyri-neft sektorunun davamlı inkişafını təmin etmək və əhalinin istehsal sahəsində məşğulluğunu artırmaq məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 21 dekabr tarixli 548 nömrəli Fərmanı ilə Sumqayıt Kimya Sənaye Parkı yaradılmışdır. Sumqayıt Kimya Sənaye Parkının ərazisində neft-kimya və digər prioritet sənaye sahələri üzrə rəqabət qabiliyyətli məhsulların (işlərin, xidmətlərin) istehsalı və emalı müəssisələrinin yaradılması nəzərdə tutulmuşdur. Sumqayıt Kimya Sənaye Parkının ərazisi 295,62 hektar təşkil edir.
Sumqayıt Kimya Sənaye Parkının artıq 9 rezidenti var və bu rezidentlər tərəfindən sənaye parkına 1,1 milyard dollardan çox investisiyanın qoyulması, həmçinin 2200 iş yerinin yaradılması gözlənilir. Bunlar "Azertexnolayn" MMC, "SOCAR Polymer" MMC, "Azerbaijan Fibro Cement" MMC, "AzerFloat" QSC, "Baku Non Ferrous and Foundry Company" MMC, "SİKA" MMC, "MST Engineering" MMC, "Aqrokimya Azərbaycan" MMC və "Alco Lubricant Company" MMC-dir.
Parkın sənaye zonasında kimya sənayesi, tikinti sənayesi və digər sənaye sahələri üzrə müəssisələrin – parkın rezidentlərinin fəaliyyət göstərməsi üçün böyük imkanlar yaradılır. Burada inzibati bina, Sərgi-Konfrans Kompleksi, Peşə Təhsil Mərkəzi, laboratoriya binası, emalatxanalar, Uşaq Baxım Mərkəzi, açıq və qapalı idman meydançaları, Sağlamlıq Mərkəzi, Yataqxana Kompleksi, həmçinin rezidentlər və işçilərə xidmət edəcək digər obyektlər fəaliyyət göstərəcəkdir.
Hazırda parka yeni rezidentlərin cəlb edilməsi istiqamətində potensial investorlarla danışıqlar aparılır. Belə ki, əczaçılıq məhsulları, texniki qazların istehsalı, kimyəvi maddələrin istehsalı sahələri üzrə fəaliyyət göstərən şirkətlər parkda yer almaq marağında olduqlarını bildirmişlər. Ətraflı məlumatları Sumqayıt Kimya Sənaye Parkının internet səhifəsindən (www.scip.az) əldə etmək olar.
Bununla yanaşı, ölkədə sahibkarlığın dəstəklənməsi, müasir texnologiyalara əsaslanan sənaye müəssisələrinin təşkili və əhalinin istehsal sahəsində məşğulluğunun artırılması məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 28 dekabr tarixli 1947 nömrəli Sərəncamı ilə Bakı şəhərində Balaxanı Sənaye Parkı yaradılmışdır. Balaxanı Sənaye Parkının ərazisi 7 hektar təşkil edir. Balaxanı Sənaye Parkının ərazisində məişət tullantılarının emalı (təkrar emalı) və xidmət müəssisələri yaradılması nəzərdə tutulmuşdur. Balaxanı Sənaye Parkının idarəedici təşkilatı "Təmiz Şəhər" ASC-dir.
Balaxanı Sənaye Parkında isə hazırda 5 rezident qeydiyyatdan keçmişdir. Bunlar "Ekokat" MMC, "Az.Ekol" MMC, "Ecotire" MMC, Fiziki şəxs - Eminov Etibar Həsən oğlu ("Çapar Poliqraf" MMC) və "Metak" MMC-dir. Rezidentlər tərəfindən sənaye parkına 23 milyon manatdan çox investisiyanın qoyulması, həmçinin 210 nəfərin daimi iş yeri ilə təmin olunması nəzərdə tutulur. Bu parkın yaradılmasında başlıca hədəf təkrar istehsal sahəsində maraqlı olan potensial sahibkarlar və investorlar üçün əlverişli şəraitin yaradılmasıdır. Ətraflı məlumatları Balaxanı Sənaye Parkının internet səhifəsindən (www.bsp.az) əldə etmək olar.
Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 3 iyun tarixli 1255 nömrəli Sərəncamına əsasən ölkədə qeyri-neft sektorunun davamlı inkişafının təmin edilməsi, sahibkarlığın dəstəklənməsi, müasir texnologiyalara əsaslanan rəqabətqabiliyyətli sənaye istehsalının təşkili və əhalinin istehsal sahəsində məşğulluğunun artırılması məqsədi ilə Bakı şəhərinin Qaradağ rayonu ərazisində Qaradağ Sənaye Parkı yaradılmışdır. Qaradağ Sənaye Parkının isə bir rezidenti var, bu da "Bakı Gəmiqayırma Zavodu" MMC-dir. Sənaye parkına 470 milyon dollara yaxın investisiya qoyulmuş, 2000-dən çox daimi iş yeri açılmışdır.
Həmçinin, Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 26 fevral tarixli 1077 nömrəli Sərəncamı ilə Mingəçevir Sənaye Parkı yaradılmışdır. Mingəçevir Sənaye Parkı sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün zəruri infrastrukturu və idarəetmə qurumları olan, müasir texnologiyaların tətbiqi yolu ilə rəqabətqabiliyyətli məhsul istehsalı və xidmətlər göstərilməsi məqsədləri üçün istifadə edilən, sahibkarların səmərəli fəaliyyətinə və inkişafına kömək edən ərazidir. Mingəçevir Sənaye Parkının idarəedici təşkilatı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən "Sumqayıt Kimya Sənaye Parkı" MMC-dir. Azərbaycan Respublikası Prezidentinin iştirakı ilə 2016-cı il 21 sentyabr tarixində Mingəçevir Sənaye Parkının təməlqoyma mərasimi keçirilmişdir.
Ölkəmizdə əczaçılıq sənayesinin inkişaf etdirilməsi məqsədi ilə İqtisadiyyat Nazirliyinin təklifləri və təqdim etdiyi layihə əsasında Azərbaycan Respublikasının Prezidenti tərəfindən "Pirallahı Sənaye Parkının yaradılması haqqında" 2016-cı il 14 sentyabr tarixli 2336 nömrəli Sərəncam imzalanmışdır. 30 hektar ərazidə yaradılacaq sənaye parkında sahibkarlar üçün zəruri infrastruktur (elektrik və istilik enerjisi, qaz, su, kanalizasiya, rabitə, nəqliyyat, yanğından mühafizə, istehsal təyinatlı, inzibati, sosial və digər infrastruktur obyektləri) yaradılacaq və digər xidmətlər göstəriləcək. Pirallahı Sənaye Parkının fəaliyyətinin təşkili, ərazinin istifadəyə yararlı vəziyyətə gətirilməsi, eləcə də xarici və daxili infrastrukturun yaradılması üçün ilkin olaraq 4 milyon manat vəsait ayrılmışdır.
Pirallahı Sənaye Parkında fəaliyyət göstərəcək əczaçılıq şirkətləri ilə ilkin razılıqlar əldə edilmişdir. Belə ki, Pirallahı Sənaye Parkına Rusiyanın "R-Farm" şirkəti tərəfindən ümumilikdə 50 milyon avro, İran İslam Respublikasının "Darou Paksh" şirkəti tərəfindən isə ilkin mərhələdə 15 milyon ABŞ dolları həcmində investisiya qoyuluşu nəzərdə tutulur. Pirallahı Sənaye Parkında "Darou Paksh" şirkəti tərəfindən 85 adda, Azərbaycan və Rusiyanın "R-Farm" şirkəti tərəfindən birgə təsis olunmuş "Həyat Farm" MMC tərəfindən isə 300 adda əczaçılıq məhsullarının istehsalı nəzərdə tutulur. Azərbaycanda istehsal ediləcək əczaçılıq məhsullarının yerli bazarla yanaşı, bir sıra xarici ölkələrə satışının təşkili də planlaşdırılır. Bununla belə, ölkəmizdə əczaçılıq sənayesinə maraq göstərən bir sıra Avropa ölkələrinin, Türkiyə və Yaponiyanın aparıcı şirkətləri ilə danışıqlar aparılır.

← Geriyə