Ümumi məlumat

  • Yaradılıb 25.09.2012 07:30
  • Yenilənib 11.05.2017 13:46
  • Nəşr edilib 25.09.2012 07:30

Azərbaycan Respublikasında sahibkarlığın inkişafı

dinamikası

 

 

Hazırda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkədə aparılan islahatlar daha geniş vüsət almış və sosial-iqtisadi inkişaf sahəsində keyfiyyətcə yeni - davamlı inkişaf mərhələsinə keçidin təməli qoyulmuşdur. Yeni mərhələnin əsas hədəfi, iqtisadi səmərəlilik, sosial ədalətlilik və ekoloji təhlükəsizlik prinsiplərini rəhbər tutmaqla, milli iqtisadiyyatın rəqabət qabiliyyətliliyinin yüksəldilməsi və dünya təsərrüfat sisteminə səmərəli inteqrasiyası əsasında uzunmüddətli perspektivdə ölkədə əldə olunmuş dinamik sosial-iqtisadi inkişafın davamlılığını təmin etməkdən ibarətdir.

Ölkədə sahibkarlığın inkişafı məqsədilə biznes mühitinin daim yaxşılaşdırılması, bu sahədə qanunvericilik bazasının təkmilləşdirilməsi, yerli və xarici investisiyaların, müasir texnologiyaların, idarəetmə təcrübəsinin cəlb edilməsi və bu yolla yüksək keyfiyyətli, rəqabətqabiliyyətli məhsulların istehsal edilməsi Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi iqtisadi inkişaf strategiyasının prioritetlərindəndir.

Bugün əsas hədəfimiz milli iqtisadiyyatın rəqabət qabiliyyətliliyinin yüksəldilməsi və dünya təsərrüfat sisteminə səmərəli inteqrasiyası, qeyri-neft sektorunun, sahibkarlığın inkişafının sürətləndirilməsi əsasında ölkədə əldə olunmuş dinamik inkişafın davamlılığını təmin etməkdir.

Sahibkarlığa dövlət himayəsinin sistemli şəkildə həyata keçirilməsi, sahibkarlara dövlət dəstəyi tədbirlərinin səmərəsinin yüksəldilməsi bu sahədə mühüm nailiyyətlərin əldə edilməsinə şərait yaratmışdır. Dövlət-sahibkar münasibətləri inkişaf etdirilmiş, sahibkarlığın dövlət tənzimlənməsi sisteminin təkmilləşdirilməsi istiqamətində əhəmiyyətli addımlar atılmışdır. Sahibkarların hüquqlarının müdafiəsinin işlək mexanizmləri yaradılmış, onların tətbiqi nəticəsində müdaxilə halları azalmışdır. Sahibkarlığın məsləhət, informasiya təminatının gücləndirilməsi və işgüzar əlaqələrinin inkişafı istiqamətində mütəmadi tədbirlər həyata keçirilməkdədir. Bununla yanaşı, sahibkarlığa dövlət maliyyə köməkliyi mexanizmi yaradılmış və bu mənbə hazırda kiçik və orta sahibkarların maliyyə vəsaitlərinə olan tələbatının ödənilməsinin real mənbəyi kimi çıxış edir.

Sahibkarlığın inkişafı sahəsində qəbul edilmiş normativ-hüquqi sənədlər, sahibkarlığa dövlət maliyyə mexanizminin daha da təkmilləşdirilməsi iş adamlarında özünəinam hissini artırmış, sahibkarlıq fəaliyyətinin genişləndirilməsinə, xüsusilə də regionlarda yeni sahibkarlıq subyektlərinin fəaliyyətə başlamasına təkan vermişdir. Artıq ölkədə fəaliyyət göstərən sahibkarlıq subyektləri sosial təşəbbüslərə daha fəal qoşulmaqdadırlar.

Dövlət başçısının 2004-cü il 11 fevral tarixli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramının (2004-2008-ci illər)" həyata keçirilməsi nəticəsində bölgələr potensial inkişaf etmiş, sahibkarlığın inkişafı sahəsində əhəmiyyətli tədbirlər həyata keçirilmiş, yeni istehsal və emal müəssisələri, iqtisadi və sosial infrastruktur yaradılmış, əhalinin həyat səviyyəsi daha da yaxşılaşdırılmışdır. Bu işlər "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı" çərçivəsində də davam etdirilir.

Ölkəmizdə sahibkarlığın inkişafına, biznes mühitinin yaxşılaşdırılmasına dövlət tərəfindən daima qayğı göstərilməkdədir. Azərbaycan Respublikası Prezidentinin "Sahibkarlıq fəaliyyəti subyektlərinin fəaliyyətinin "bir pəncərə" prinsipi üzrə təşkilinin təmin edilməsi tədbirləri haqqında" 2007-ci il 25 oktyabr tarixli, Sərəncamı ilə vahid dövlət qeydiyyatı orqanı Azərbaycan Respublikasının Vergilər Nazirliyi müəyyən edilmiş və 2008-ci il 1 yanvar tarixindən onun tətbiqinə başlanılmışdır.

Ölkədə əlverişli biznes mühitinin yaradılması istiqamətində beynəlxalq təcrübənin öyrənilməsi və onun tətbiqi sahəsində beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq edilməkdədir. Bunun nəticəsində sahibkarlıq subyektlərinin qeydiyyatında "bir pəncərə" sisteminin tətbiqi ilə bağlı Beynəlxalq Maliyyə Korporasiyası vasitəsilə dünya təcrübəsi öyrənilərək onun tətbiqinə başlanılmış və biznesə başlama müddəti 3 günədək azaldılmışdır.

Bununla yanaşı, Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 11 noyabr tarixli Fərmanına əsasən, Azərbaycan Respublikası dövlət sərhədinin buraxılış məntəqələrindən keçirilən malların və nəqliyyat vasitələrinin yoxlanılmasında "bir pəncərə" prinsipi üzrə vahid dövlət orqanının səlahiyyətləri Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə həvalə olunmuş və onun ölkəmizdə 2009-cu ildən tətbiqinə başlanmışdır.

Dünya Bankı və Beynəlxalq Maliyyə Korporasiyası tərəfindən hazırlanan "Doing Business 2009" hesabatında Azərbaycan dünyada ən islahatçı ölkə kimi qəbul olunmuşdur. "Doing Business 2010" və "Doing Business 2011" hesabatlarında ölkəmiz öz mövqelərini qoruyub saxlamışdır.

Nazirlər Kabinetinin 2009-cu il 28 sentyabr tarixli Qərarı ilə elektron vergi hesab-fakturalarının tətbiqi, uçotu və istifadə qaydaları təsdiq edilmişdir. Bununla da, vergilərin ödənişində müasir texnologiyaların tətbiqi ilə sərf olunan vaxtın minimuma endirilməsinə nail olunması mümkün olmuşdur.

Ötən illər ərzində sahibkarlıq fəaliyyətini tənzimləyən prosedur və qaydalar xeyli liberallaşdırılmış, sahibkarlığa dövlət maliyyə yardımı mexanizmi işə salınmış, ölkədə ixrac rüsumları ləğv edilmiş, idxalda rüsumların 15%-lik maksimal həddi müəyyənləşdirilmişdir.

Eyni zamanda, mənfəət vergisinin dərəcəsi 22%-dən 20%-ə, fiziki şəxslərin gəlir vergisi 35%-dən 20%-ə endirilmiş, sadələşdirilmiş verginin ildə bir dəfə ödənilməsi təmin edilmiş, elektron vergi hesab-fakturalarının tətbiqinə başlanılmış, kənd təsərrüfatı məhsullarının istehsalçıları 2014-cü ilədək torpaq vergisi istisna olmaqla bütün növ vergilərdən azad edilmiş, kənd təsərrüfatı məhsullarının istehsalçıları üçün yanacaq, motor yağların və mineral gübrələrinin dəyərinin 50%-nin dövlət tərəfindən ödənilməsi, "Aqrolizinq" ASC tərəfindən ölkəyə gətirilən texnikaların və texnoloji avadanlıqların lizinqə verilməsi, satışı zamanı dəyərinin ödənilmə müddətinin 5 ildən 10 ilə artırılması, buğda istehsalçılarına səpilən hər hektar sahəyə görə əlavə 40 manat yardımın verilməsi, I və II reproduksiyalı toxumlara və tinglərə görə dövlət büdcəsindən təsərrüfatlara subsidiyaların ödənilməsi təmin edilmiş, bəzi fəaliyyət növləri üzrə (baytarlıq) xüsusi razılıq (lisenziya) alınmasına görə dövlət rüsumunun məbləği aşağı salınmışdır.

Ölkəmizdə dünya praktikasına uyğun olaraq, kənd təsərrüfatı istehsalçılarının əmlakının təbii fəlakətlərdən sığortasında dövlətin iştirakını təmin etməklə, aqrar sahədə sığortanın inkişafını stimullaşdırmaq və sığortalılara sığorta hadisələrindən dəyən zərərin ödənilməsinə verilən zəmanətin iqtisadi əsaslarını gücləndirmək məqsədi ilə "Kənd təsərrüfatında sığortanın stimullaşdırılması haqqında" Azərbaycan Respublikasının Qanunu 18 iyun 2002-ci il tarixində qəbul olunmuşdur. Qanun Azərbaycan Respublikasında mülkiyyət formasından asılı olmayaraq kənd təsərrüfatı məhsulları istehsalçılarının əmlakının sığortasının stimullaşdırılmasının hüquqi və iqtisadi əsaslarını müəyyən edir, sığortanın iştirakçıları arasında münasibətləri tənzimləyir. Qanunun 3-cü maddəsinə əsasən, kənd təsərrüfatı bitkilərinin məhsulları, kənd təsərrüfatı heyvanları, ev quşları, dovşanlar, xəzdərili vəhşi heyvanlar, arı ailələri, habelə kənd təsərrüfatı təyinatlı binalar, tikililər, qurğular, avadanlıqlar, maşınlar, nəqliyyat vasitələri və digərləri ilə bağlı əmlak mənafeləri (azqiymətli və tezköhnələn əşyalar və təbii biçənəklərin məhsulları istisna olmaqla) sığorta obyekti kimi müəyyən olunmuşdur. Kənd təsərrüfatında əmlakın sığortası könüllü formada həyata keçirilir. Sığortanın şərtləri və aparılması qaydaları qanunvericiliyə uyğun olaraq sığortaçı ilə sığortalı arasında bağlanan sığorta müqaviləsində müəyyən edilir. Kənd təsərrüfatında əmlakın sığortası üzrə sığorta tarifləri sığorta hadisələri nəzərə alınmaqla sığortaçı tərəfindən müəyyən edilir və müqavilə üzrə hesablanmış sığorta haqqı müqavilə bağlandığı tarixdən bir ay müddətində ödənilməlidir. Həmin qanundan irəli gələn vəzifələrin icrası ilə əlaqədar "Kənd təsərrüfatında sığortanın stimullaşdırılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 5 oktyabr tarixli Fərmanı, "Kənd təsərrüfatında sığortanın stimullaşdırılmasına maliyyə yardımının ayrılması və ödənilməsi qaydaları haqqında Əsasnamə"nin təsdiq edilməsi haqqında" Nazirlər Kabinetinin 2004-cü il 4 mart tarixli və "Sığortalanmasına maliyyə yardımı göstərilən kənd təsərrüfatı əmlakının və sığorta hadisələrinin növlərinin və sığorta haqqının büdcə vəsaiti hesabına ödənilən hissəsinin müəyyən edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 4 mart tarixli qərarları qəbul olunmuşdur. Göstərilən normativ hüquqi aktlarla kənd təsərrüfatında sığortanın stimullaşdırılmasına maliyyə yardımının ayrılması və ödənilməsi qaydaları təsdiq olunmuş və buğda, arpa, qarğıdalı, dən üçün günəbaxan, kartof, şəkər çuğunduru, tərəvəz (göyərti istisna olmaqla) meyvə, sitrus və üzüm bağlarının məhsulları sahələri (məhsul) - yanğın, dolu, sel, daşqın, şaxta vurması sığortalanmasına dövlət tərəfindən maliyyə yardımı göstərilən kənd təsərrüfatı əmlakının və sığorta hadisələrinin növləri kimi və müqavilə üzrə hesablanmış sığorta haqqının dövlət büdcəsinin vəsaiti hesabına ödənilən hissəsi sığorta haqqının 50 faizi həcmində müəyyən edilmişdir. Kənd təsərrüfatında sığortanın stimullaşdırılmasına maliyyə yardımının verilməsi halları da dəqiq olaraq göstərilmişdir.

Bununla yanaşı, son illərdə Sahibkarlığa Kömək Milli Fondunun vəsaitlərindən istifadə etmə qaydalarında müsbət dəyişikliklər edilmişdir. Belə ki, Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərmanı ilə "Azərbaycan Respublikasının Sahibkarlığa Kömək Milli Fondu haqqında Əsasnamə" və "Azərbaycan Respublikası Sahibkarlığa Kömək Milli Fondunun vəsaitlərinin istifadəsi Qaydaları" təsdiq edilmişdir. Bu qaydalara əsasən, sahibkarlara verilən güzəştli kreditlərin məbləği artırılmış, faiz dərəcələri 7-dən 6-ya endirilmiş və müraciətlərə baxılma müddətləri 25 gün müəyyən edilmişdir. Eyni zamanda, sahibkarlıq subyektlərinə verilən kreditlərin ümumi həcmi artmışdır. Bununla iş adamlarının kreditlərə çıxış imkanları daha da artmışdır.

Bazar münasibətlərinin tələblərinə uyğun olaraq ölkə iqtisadiyyatında kiçik sahibkarlığın inkişafı prosesi davam etmişdir. İqtisadi fəaliyyət növləri üzrə kiçik sahibkarlıq subyektlərinin müəyyənləşdirilməsi meyarlarının yeni hədləri Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq Qərarı ilə təsdiq edilmişdir.

Sahibkarlara, xüsusilə də kənd təsərrüfatı məhsulları istehsalçılarına ticarətin müasir metod və texnologiyalarından istifadəsində dəstək olacaq "elektron ticarət" veb-portalının və ölkənin elektron iqtisadi xəritəsinin yaradılması işləri həyata keçirilmişdir.

 

Həyata keçirilmiş məqsədyönlü tədbirlər nəticəsində ölkə iqtisadiyyatında və onun əsasını təşkil edən sahibkarlığın inkişafı sahəsində müşahidə edilən pozitiv meyllər özünü göstərməkdə davam edir. 2012-ci ilin birinci yarımilində ötən ilin müvafiq dövrü ilə müqayisədə ÜDM-nin real artım tempi 1,5% təşkil etmiş və cari qiymətlərlə 25,9 milyard manata çatmışdır (cədvəl 1).

 

Cədvəl 1. ÜDM-in artım dinamikası

 

İllər

 

 

 

Göstəricilər

2006

2007

2008

2009

2010

2011

2012 I yarımil

Ümumi Daxili Məhsulun həcmi, milyon manatla

18746,2

28360,5

38005,7

34578,7

41574,7

50069,1

25861,3

Artım, %-lə

34,5

25

10,8

9,3

5,0

0,1

1,5

 

Ölkədə biznes mühitinin yaxşılaşdırılması, dövlət mülkiyyətinin özəlləşdirilməsi, torpaq islahatlarının həyata keçirilməsi və sahibkarlığın inkişafı sahəsində dövlət tərəfindən həyata keçirilən geniş həcmli tədbirlər nəticəsində Ümumi Daxili Məhsulun həcmində özəl sektorun payı 82,5% təşkil etmişdir (qrafik 1).

 

Cədvəl 2. ÜDM-də özəl sektorun xüsusi çəkisi (%-lə)

 

 

İllər

 

Göstəricilər

2007

2008

2009

2010

2011

ÜDM-də özəl sektorun payı

84,0

84,5

81,2

81,7

82,5

Sənaye

90,3

89,9

85,9

87,4

88,4

Tikinti

77,3

87,0

76,1

72,0

71,5

Kənd təsərrüfatı

99,4

99,0

99,2

99,7

99,3

Ticarət və xidmətlər

99,0

99,1

99,0

99,2

99,4

Nəqliyyat

76,8

82,0

75,4

75,3

75,5

Rabitə

80,3

72,9

80,4

78,6

75,3

Sosial və sair xidmətlər

40,3

31,7

48,8

47,0

49,0


 

 

Qrafik 1. ÜDM-də özəl sektorun payı, %-lə.

 

Aqrar sektor, sənaye, ticarət, mehmanxana və iaşə xidməti, tikinti, nəqliyyat, rabitə kimi istehsal və xidmət sahələrində qeyri-dövlət bölməsinin payı 70-99% arasında dəyişir. Hazırda məşğulluğun 73,9%-i və ümumvergi daxilolmalarının 72,9%-i özəl sektor tərəfindən təmin edilir.

2012-ci ilin I yarımilində özəl bölmədə istehsalın həcmi sənaye məhsulunun 81,9 %-ni təşkil etmiş, ümumi istehsalın 92,6%-i sənaye mallarının (əmtəələrin), 7,4%-i isə sənaye xarakterli xidmətlərin istehsalı hesabına yaradılmışdır. Qısa müddətdə əldə edilmiş bu uğur, islahatların aparıcı xəttini təşkil edən sahibkarlığın inkişafı, biznes mühitinin yaxşılaşdırılması üzrə həyata keçirilən ardıcıl və sistemli tədbirlərin nəticəsində mümkün olmuşdur.

 

Müəssisələrin inkişafı dinamikası.

2012-ci il yanvar-iyun ayları ərzində hüquqi şəxslərin sayı 1,9 % artmış və onların sayı (ləğv edilmişlər nəzərə alınmaqla) ümumilikdə 77037 vahid olmuşdur (cədvəl 3). 2012-ci ilin birinci yarısında 2585 yeni sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi şəxs qeydiyyata alınmışdır. Yeni fəaliyyətə başlamış sahibkarlıq subyektləri iqtisadiyyatın bütün sahələrini əhatə edir.

 

Cədvəl 3. Hüquqi şəxslərin sayı

 

İllər

2005

2006

2007

2008

2009

2010

2011

2012

I yarımil

Hüquqi şəxslərin sayı

70287

74534

79147

85618

89939

93416

75632

77037

 

Ölkə ərazisində 2012-ci ilin birinci yarısında yeni yaradılmış müəssisələrin 62,2 faizi Bakıda, 11,9 %-i Aran, 6,9 %-i Abşeron, 5.3 %-i Gəncə-Qazax, 4,8 %i Lənkəran iqtisadi rayonlarında, qalanları isə digər iqtisadi rayonlarda fəaliyyətə başlamışdır (cədvəl 4).

Müəssisələrin 27,2 %-i ticarət və nəqliyyat vasitələrinin təmiri, 12 %-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 11,3 %-i tikinti, 6,6 %-i emal sənayesi, 5,7 %-i peşə, elmi və texniki fəaliyyət və qalanları isə iqtisadiyyatın digər sahələrində fəaliyyət göstərmişdir (Qrafik 3).

 

Qrafik 3. Müəssisələrin sahələr üzrə bölgüsü, %-lə.

 

 

2012-ci ilin yanvar-iyun ayları ərzində qeydiyyata alınmış 2585 hüquqi şəxslərin 116-sı dövlət mülkiyyətinə, 1-i bələdiyyə mülkiyyətinə, 2468-i xüsusi mülkiyyətə (onların 240-ı tam xarici investisiyalı, 57-si isə birgə müəssisələrə aiddir.) mənsub olmuşdur (cədvəl 5.).

 

Cədvəl 5. Mülkiyyət növləri üzrə yeni yaradılmış müəssisələrin sayı (2012-ci ilin I yarısı)

 

 

Mülkiyyət növləri

Dövlət

Bələdiy-yə

Xüsusi

Xarici

Birgə müəssislər

Sayı

116

1

2171

240

57

%-lə

4,5

0,04

84,0

9,3

2,2

 

 

2012-ci ilin 1 iyul tarixinə qədər qeydiyyata alınmış 77037 hüquqi şəxsin 9148-ı (11,9%) dövlət mülkiyyətinə, 1756-si (2,3%) bələdiyyə mülkiyyətinə, 60589-u (78,6%) xüsusi mülkiyyətə, 4157-sı (5,4%) tam xarici investisiyalı, 1387-si (1,8%) isə birgə müəssisələrə mənsub olmuşdur (cədvəl 6.).

 

 

Cədvəl 6. Mülkiyyət növləri üzrə müəssisələrin sayı (2012-ci ilin 1 iyul tarixinə)

 

Mülkiyyət növləri

Dövlət

Bələdiy-yə

Xüsusi

Xarici

Birgə müəssislər

Sayı

9148

1756

60589

4157

1387

%-lə

11,9

2,3

78,6

5,4

1,8


 

2012-ci ildə ölkənin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 5,9 milyard manat vəsait yönəldilmiş, onun 57,1 %-i və ya 3,4 milyard manatı tikinti-quraşdırma işlərinə sərf edilmişdir. Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə əsas kapitala yönəldilmiş vəsait 29,6 artmışdır. Dövlət mülkiyyətli müəssisə və təşkilatlar əsas kapitala 3476,3 milyon manat, qeyri-dövlət müəssisələri isə 2448,6 milyon manat vəsait sərf etmişdir. Əsas kapitala yönəldilmiş vəsaitin 77,9 %-ni daxili, 22,1 %-ni isə xarici mənbələrdən yönəldilmiş investisiyalar təşkil etmişdir.

Xarici ölkələr və beynəlxalq təşkilatlar tərəfindən 2012-ci ilin birinci yarımili ərzində əsas kapitala yönəldilmiş xarici investisiyanın 47,12%-i Böyük Britaniya, 17,2%-i ABŞ, 11,4%-i Yaponiya, 6,3%-i Norveç, 5,0%-i Türkiyə, 3,8%-i Çexiya, 2,2%-i Fransa, 0,2 %-i Səuduyyə Ərəbistanı və 0,3%-i Koreya investorlarına məxsusdur (qrafik 4).

 

 

Qrafik 4. Əsas kapitala yönəldilmiş vəsaitin xarici ölkələr üzrə strukturu.

 

 

Kiçik müəssisələrin inkişaf dinamikası.

 

Bazar münasibətlərinin tələblərinə uyğun olaraq ölkə iqtisadiyyatında kiçik sahibkarlığın inkişafı prosesi davam etmişdir. Ölkədə fəaliyyət göstərən kiçik müəssisələrin sayı və strukturu "Kiçik sahibkarlığa dövlət köməyi haqqında" Azərbaycan Respublikası Qanunu və "İqtisadi fəaliyyət növləri üzrə kiçik sahibkarlıq subyektlərinin müəyyənləşdirilməsi meyarlarının hədlərinin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ilə müəyyənləşdirilmiş işçilərin sayı və illik dövriyyə meyarına görə müəyyən edilir. 2012-ci il 1 iyul tarixinə ölkədə fəaliyyət göstərən müəssisələrin 61248 vahidi kiçik müəssisələr (ləğv edilmiş müəssisələr nəzərə alınmaqla) olmuşdur (cədvəl 8).

 

Cədvəl 8. Kiçik müəssisələrin dinamikası

 

İllər

2006

2007

2008

2009

2010

2011

2012 I yarımil

Kiçik müəssisələrin sayı

55503

59553

65986

73776

77225

60223

61248


 

 

Göründüyü kimi, 2012-ci ilin I yarımilində ölkədə fəaliyyət göstərən hüquqi şəxslərin 79,5 %-ni kiçik müəssisələr təşkil etmişdir. Onların əsas hissəsi ticarət (32,9%), kənd təsərrüfatı (14,6%) və tikinti (13,2%) sahələrində fəaliyyət göstərmişdir.

Kiçik müəssisələrin iqtisadi rayonlar üzrə bölgüsünə görə onların 55,1%-i Bakıda, 14,1%-i Aran, 6,6%-i Abşeron, 6,2%-i Gəncə-Qazax, 5,3%-i Lənkəran, qalanları isə digər iqtisadi rayonlarda fəaliyyət göstərir.

 

Fiziki şəxslərin inkişaf dinamikası.

 

Ötən illər ərzində fiziki şəxslərin sayı dinamik şəkildə artmaqda davam etmişdir. 2012-ci ilin birinci yarısında 29327 vahid yeni hüquqi şəxs yaratmadan fərdi sahibkarlıq formasında fəaliyyət göstərən fiziki şəxs qeydiyyata alınmış və onların sayı 7,4% artaraq 394283 vahidə (fəaliyyətini dayandırmış fiziki şəxslər nəzərə alınmaqla) çatmışdır (cədvəl 9).

 

 

Cədvəl 9. Fiziki şəxslərin artım dinamikası

 

İllər

2005

 

2006

 

2007

2008

2009

2010

2011

2012 I yarısı

Fiziki şəxslərin sayı

209170

243473

259808

275006

272597

306933

364581

394283


 

Fərdi sahibkarların əsas hissəsi ticarət, nəqliyyat, xidmət və kənd təsərrüfatı sahələrində fəaliyyət göstərmişdir.

Hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin əsas hissəsi Bakıda (36,7%), Aran (18,2%), Gəncə-Qazax (11,3%), Abşeron (7,4%), Lənkəran (7,0%) və Şəki-Zaqatala (5.8%) iqtisadi rayonlarında qeydiyyata alınmışdır.

Beləliklə, ölkənin regionlarında fəaliyyət göstərən fiziki şəxslərin sayı 65,3% təşkil etmişdir.

Ölkədə sahibkarlıq subyektlərinin bölgüsünə gəldikdə, onların 16,4%-ni hüquqi şəxslər, 83,6%-ni isə fiziki şəxslər təşkil etdiyi məlum olur (qrafik 7).

 

 

Qrafik 7. Sahibkarlıq subyektlərinin bölgüsü

 

2012-ci ilin I yarımili ərzində regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı çərçivəsində bir sıra yeni tikili və obyektlər işə salınmış, yeni iş yerləri açılmışdır. Bakı şəhərində beşulduzlu "Qafqaz Baku City Hotel and Rezidences" otel kompleksi, "JW Marriott Absheron" otel kompleksi, "Xəzri" istirahət və sağlamlıq mərkəzi, Sumqayıt şəhərində "Azgüntex" zavodu, Sumqayıt texnologiyalar Parkında ağır maşınqayırma və dəqiq emal mərkəzləri zavodları, "Naxçıvan Sement" MMC-nin sement istehsalı zavodu, Masallı rayonunda "Masera" MMC-nin soyuducu anbar və istixana kompleksləri, Qazax rayonunda "Azərsun-Holdinq" MMC-nin Konserv zavodu, "Ağstafa Aqroservis" MMC, Tovuz rayonunda "Ayan Palace" oteli və digər müəssisələr istifadəyə verilmişdir.

2012-ci ilin yanvar-iyun ayları ərzində ölkənin dövlət və qeyri-dövlət təşkilatları və ayrı-ayrı fiziki şəxsləri 135 xarici dövlətlə 17,17 milyard ABŞ dolları məbləğində ticarət əməliyyatları aparmışlar. Xarici ticarət dövriyyəsinin 12,71 milyard ABŞ dollarını Azərbaycandan ixrac olunmuş mallar, 4,46 milyard ABŞ dollarını ölkəmizə idxal edilmiş məhsullar təşkil etmiş, 8,25 milyard ABŞ dollarlıq müsbət xarici ticarət saldosu yaranmışdır.

2012-ci ilin I yarımili ərzində ixrac əməliyyatlarında dövlət sektorunun payı 12059,88 mln. ABŞ dollar (94,8%), özəl sektorun payı 577,89 mln. ABŞ dolları (4,55%), fiziki şəxslərin payı 73,73 mln. ABŞ dolları (0,65%) təşkil etmişdir.

İdxal əməliyyatlarında isə, qeyd olunan dövr ərzində dövlət sektorunun payı 901,62 mln. ABŞ dollar (20,22%), özəl sektorun payı 3330,08 mln. ABŞ dolları (74,67%), fiziki şəxslərin payı 227,94 mln. ABŞ dolları (5,11%) olmuşdur.

 


 

← Geriyə