Ümumi məlumat

  • Yaradılıb 04.12.2017 17:01
  • Yenilənib 04.12.2017 17:01
  • Nəşr edilib 04.12.2017 17:00

2015-ci ilin sonlarından etibarən ölkəmizdə sahibkarlığın inkişafı sahəsində aparılmış islahatlar

 

Sahibkarların hüquqlarının müdafiəsi

- “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Azərbaycan Respublikasının 20 oktyabr 2015-ci il tarixli Qanununa əsasən sahibkarlıq sahəsində aparılan yoxlamalar 2 (iki) il müddətinə dayandırılmışdır. Qanunun 2-ci maddəsinə əsasən bu müddətdə yalnız vergi yoxlamaları, insanların həyat və sağlamlığına, dövlətin təhlükəsizliyinə və iqtisadi maraqlarına mühüm təhlükə yaradan hallar üzrə yoxlamalar aparıla bilər. Qanunun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin 26 oktyabr 2015-ci il tarixli 660 nömrəli Fərmanı ilə həmin yoxlamalarla bağlı bir sıra məhdudiyyətlər müəyyən edilmişdir.

- Sahibkarların hüquqlarının müdafiəsinin daha da gücləndirilməsi ilə bağlı Azərbaycan Respublikası Prezidentinin 3 fevral 2016-cı il tarixli 761 nömrəli Fərmanına əsasən Azərbaycan Respublikasının Prezidenti yanında və 762 nömrəli Fərmanına əsasən mərkəzi və yerli icra hakimiyyəti orqanlarında Apellyasiya Şuraları yaradılmış, onların fəaliyyətini tənzimləyən əsasnamələr təsdiq edilmişdir. Mərkəzi və yerli icra hakimiyyəti orqanlarının Apellyasiya Şuraları sahibkarlar tərəfindən özlərinin sahibkarlıq fəaliyyəti ilə bağlı müvafiq icra hakimiyyəti orqanının qərarlarından (qərarların qəbul edilməsindən imtinadan) və ya sərəncamından, əmrindən, hərəkət və ya hərəkətsizliyindən verilmiş təkrar şikayətlərə baxan kollegial orqandır. Mərkəzi və yerli icra hakimiyyəti orqanlarının Apellyasiya Şuralarının qərarlarından, hərəkət və hərəkətsizliyindən verilmiş şikayətlərə isə Azərbaycan Respublikasının Prezidenti yanında yaradılmış Apellyasiya Şurasında baxılır.

- Azərbaycan Respublikası Prezidentinin 21 aprel 2016-cı il tarixli 1988 nömrəli Sərəncamı ilə ölkənin iqtisadiyyatında sahibkarların artan rolunu, məşğulluğun təmin olunmasında sahibkarlığın inkişafının müstəsna əhəmiyyətini nəzərə alaraq, cəmiyyətdə sahibkarlığa dəstək əhval-ruhiyyəsinin artırılmasına təkan vermək məqsədi ilə hər il aprelin 25-i Azərbaycan Respublikasında “Sahibkarlar Günü” kimi təsis edilmişdir.

“Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2017-ci il 31 oktyabr tarixli 845-VQD nömrəli Qanununun tətbiqi və “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Azərbaycan Respublikasının 2015-ci il 20 oktyabr tarixli 1410-IVQ nömrəli Qanununun tətbiqi və sahibkarlıq sahəsində aparılan yoxlamaların dövlət tənzimlənməsinə dair əlavə tədbirlər barədə” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 26 oktyabr tarixli 660 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 3 noyabr 2017-ci il tarixli Fərmanı ilə sahibkarlıq sahəsində aparılan yoxlamaların 2021-ci il yanvarın 1-dək dayandırılması nəzərdə tutulmuşdur.

 

Lisenziyalar və icazələr

- Azərbaycan Respublikası Prezidentinin “Sahibkarlıq fəaliyyətinin xüsusi razılıq (lisenziya) tələb olunan növlərinin sayının azaldılması, xüsusi razılıq (lisenziya) verilməsi prosedurlarının sadələşdirilməsi və şəffaflığının təmin edilməsi haqqında” 19 oktyabr 2015-ci il tarixli 650 nömrəli Fərmanına əsasən dövlət təhlükəsizliyi (həmçinin qiymətli kağızlar bazarı) ilə bağlı hallar istisna olmaqla İqtisadiyyat Nazirliyi tərəfindən lisenziyaların verilməsinin “ASAN xidmət” mərkəzlərində həyata keçirilməsinə 2015-ci ilin 2 noyabr tarixindən başlanmışdır.

- Azərbaycan Respublikası Prezidentinin “Lisenziyalaşdırma sahəsində bəzi tədbirlər haqqında” 21 dekabr 2016-cı il tarixli 713 nömrəli Fərmanına əsasən lisenziya tələb olunan fəaliyyət növlərinin sayı 59-dan 37-yə endirilmiş, qüvvədə olan müddətli lisenziyalar müddətsiz elan olunmuşdur. Həmçinin yeni verilən lisenziyalar müddətsiz verilir, lisenziyanın verilməsinə görə ödənilən dövlət rüsumunun məbləğləri təxminən 2 dəfə, regionlar üzrə 4 dəfə (regional televiziya və radio yayımı istisna olmaqla) azaldılmış, lisenziya verilməsi üçün tələb olunan prosedurlar isə sadələşdirilmişdir.

- Eyni zamanda 15 mart 2016-cı il tarixində lisenziya və icazə sisteminin tənzimlənməsinin hüquqi, iqtisadi və təşkilati əsaslarını müəyyən edən “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edilmiş və 2016-cı il iyunun 1-dən qüvvəyə minmişdir. Qanuna əsasən sahibkarlıq fəaliyyəti növlərinə verilən icazələrin dairəsi dəqiq müəyyən edilmiş, onların sayı təqribən 4 dəfə azaldılaraq 86-ya endirilmişdir. Bundan başqa Qanunda “Lisenziyalar və icazələr” portalının yaradılması, dövlət orqanları tərəfindən lisenziya və icazə məsələləri üzrə sahibkarlara qanunvericiliyin tətbiqi ilə bağlı məsləhətlərin verilməsi, “susmaqla razılıq” və “bir pəncərə” prinsiplərinin tətbiqi və sahibkarların işini yüngülləşdirən digər mütərəqqi mexanizmlər müəyyən edilmişdir.

Azərbaycan Respublikası Prezidentinin 21 yanvar 2017-ci il tarixli 1205 nömrəli Fərmanı ilə “Lisenziyalar və icazələr” portalı haqqında Əsasnamə” təsdiq edilmişdir və hazırda portalın yaradılması üzrə tamamlama işləri həyata keçirilir. Portalın fəaliyyətə başlaması nəticəsində sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün tələb olunan lisenziya və icazələrin verilməsi tamamilə elektron qaydada həyata keçiriləcək, dövlət orqanlarının informasiya sistemlərinin uzlaşdırılması və qarşılıqlı əlaqəsi təmin ediləcəkdir.

 

 

İnvestisiya təşviqi

- Azərbaycan Respublikası Prezidentinin 18 yanvar 2016-cı il tarixli 745 nömrəli Fərmanı ilə “İnvestisiya təşviqi sənədinin verilməsi Qaydası”, 20 aprel 2016-cı il tarixli 877 nömrəli Fərmanı ilə “İnvestisiya təşviqi sənədini almış hüquqi şəxslərə və fərdi sahibkarlara texnikanın, texnoloji avadanlıq və qurğuların idxalı üçün təsdiqedici sənədin verilməsi Qaydası” və 878 nömrəli Fərmanı ilə investisiyanın həyata keçirildiyi iqtisadi fəaliyyət sahələri, investisiya layihəsinin həcmi ilə bağlı minimal məbləğ və investisiya layihəsinin həyata keçiriləcəyi inzibati ərazi vahidləri təsdiq edilmişdir. İnvestisiya təşviqi sənədi Azərbaycan Respublikasının Vergi Məcəlləsində və “Gömrük tarifi haqqında” Qanununda nəzərdə tutulmuş güzəştləri əldə etməyə əsas verir.

- Azərbaycan Respublikasının Vergi Məcəlləsində 19 yanvar 2016-cı il tarixində edilmiş dəyişikliklərə əsasən, investisiya təşviqi sənədini almış hüquqi şəxslər və fərdi sahibkarlar müvafiq olaraq mənfəət və gəlirin 50 faizinin vergisini, müvafiq əmlakına görə əmlak vergisini və mülkiyyətində və ya istifadəsində olan müvafiq torpaqlara görə torpaq vergisini, həmçinin idxal etdikləri texnika, texnoloji avadanlıq və qurğular üzrə idxalda əlavə dəyər vergisini ödəməkdən 7 il müddətinə azad edilmişdir.

- “Gömrük tarifi haqqında” Azərbaycan Respublikasının Qanununda 19 yanvar 2016-cı il tarixində edilmiş dəyişikliklərə əsasən investisiya təşviqi sənədini almış hüquqi şəxslər və fərdi sahibkarlar tərəfindən idxal edilən texnika, texnoloji avadanlıq və qurğuların idxalı 7 il müddətinə gömrük rüsumlarından azad edilmişdir. Habelə sözügedən dəyişikliklərə əsasən sənaye, yaxud texnologiyalar parklarının istehsal sahələrinin, infrastrukturunun tikintisi, elmi-tədqiqat və təcrübə-konstruktor işlərinin görülməsi və istehsal məqsədi ilə texnika, texnoloji avadanlıq və qurğuların idxalı rezidentlərə münasibətdə 7 il müddətinə, idarəedici təşkilata və ya operatora münasibətdə isə müddətsiz olaraq gömrük rüsumlarından azad edilmişdir.

 

İxracın təşviqi və dəstəklənməsi

- “Qeyri-neft məhsullarının ixracının stimullaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 18 yanvar 2016-cı il tarixli 1713 nömrəli Sərəncamında kənd təsərrüfatı və emalı məhsullarına ixracla bağlı geri ödəmə dəstəklərinin verilməsi, xarici ölkələrə ixrac missiyalarının təşkil edilməsi, xarici bazarların araşdırılması və marketinq fəaliyyəti, “Made in Azerbaijan” brendinin xarici bazarlarda təşviqi, yerli şirkətlərin ixracla bağlı xarici ölkələrdə sertifikat və patentlər alması, ixracla əlaqəli tədqiqat-inkişaf proqram və layihələrinə çəkilən xərclərin dövlət büdcəsi hesabına ödənilən hissəsi və ödənilmə mexanizmlərinin yaradılması və ixrac yönümlü istehsala verilən kreditlərə əlavə güzəştlərin tətbiqi nəzərdə tutulmuşdur.

- Bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin 5 oktyabr 2016-cı il tarixli 1063 nömrəli Fərmanı ilə “Xarici ölkələrə ixrac missiyalarının təşkilinə, xarici bazarların araşdırılması və marketinq fəaliyyətinə, “Made in Azerbaijan” brendinin xarici bazarlarda təşviqinə, yerli şirkətlərin ixracla bağlı xarici ölkələrdə sertifikat və patent almasına, ixracla əlaqəli tədqiqat-inkişaf proqram və layihələrinə çəkilən xərclərin dövlət büdcəsi hesabına ödənilən hissəsinin müəyyənləşdirilməsi və ödənilmə mexanizminin tənzimlənməsi Qaydası” təsdiq edilmişdir.

   Qaydalara əsasən:

-  ixrac missiyaları təqvim ili ərzində 10-dan çox olmamaqla İqtisadiyyat Nazirliyi tərəfindən müəyyən edilir. Hər ixrac missiyasının müddəti 4 gündən, iştirakçılarının sayı isə 20 nəfərdən artıq ola bilməz;

-  Bazar araşdırması ixracatçıların sifarişi və müsabiqə əsasında həyata keçirilir və ona ödənilən dəstək məbləği 20 000 manatdan artıq ola bilməz;

-  “Made in Azerbaijan” brendinin xarici bazarlarda təşviqi və marketinq fəaliyyətinin dəstəklənməsi, beynəlxalq sərgi və yarmarkalarda vahid ölkə stendi (ildə 5-dən çox olmamaqla) ilə və fərdi qaydada iştirak, dövlətə məxsus olan hüquqi şəxslər vasitəsilə, xarici ölkələrdəki mağazalarda, ictimai yerlərində və KİV-lərdə təbliğ vasitəsilə həyata keçirilir;

-  Beynəlxalq sərgi və ya yarmarkada fərdi qaydada iştirak edən ixracatçılara ödənilən dəstək məbləği çəkilən xərclərin 30 faizini (5 min manatdan artıq olmamaqla) təşkil edir;

-  Xarici ölkələrdə məhsulun sertifikatlaşdırılması, patent və əmtəə nişanlarının qeydiyyatı xərclərinin 50 faizini (5 min manatdan artıq olmamaqla) təşkil edir;

-  Hər bir tədqiqat-inkişaf proqramına görə ödənilən dəstək məbləği isə layihə üzrə xərclərin 50 faizini (100 000 manatdan artıq olmamaqla) təşkil edir və belə proqramların sayı il ərzində 10-dan artıq ola bilməz;

-  Beynəlxalq sərgi və yarmarkalarda fərdi qaydada iştirak, habelə sertifikat və patent alınması ilə bağlı dəstək məbləği ixracatçıların ərizəsinə əsasən İqtisadiyyat Nazirliyi tərəfindən ödənilir. Ərizəyə 30 iş günü müddətində baxılır və müsbət qərar qəbul edildikdən 20 iş günü müddətində dəstək məbləği sahibkarın bank hesabına köçürülür.

“Qeyri-neft ixracının təşviqi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 1 mart 2016-cı il tarixli 811 nömrəli Fərmanında qeyri neft məhsullarının ixracı ilə məşğul olan şəxslərə ixrac gömrük bəyannaməsində nəzərdə tutulan dəyərin 3 (üç) faiz baza olmaqla (məhsulların növündən asılı olaraq ixrac təşviqinin baza məbləğinə əmsallar tətbiq edilməklə) ixrac təşviqinin ödənilməsi nəzərdə tutulmuşdur. Bununla əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin 6 oktyabr 2016-cı il tarixli 401 nömrəli Qərarı ilə "Qeyri-neft məhsullarının ixracı ilə məşğul olan şəxslərə ixrac təşviqinin ödənilməsi Qaydası", "İxrac təşviqi şamil olunacaq qeyri-neft məhsullarının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası üzrə Siyahısı" və "Məhsulların növündən asılı olaraq ixrac təşviqinin baza məbləğinə tətbiq olunacaq Əmsallar" təsdiq edilmişdir. Həmin siyahıya əsasən qurudulmuş meyvələr (1.5), konservləşdirilmiş meyvə və tərəvəzlər (1.5-2.0), onların şirələri (2,0), alkoqolsuz içkilər (1.5), təbii üzüm şərabları (2.0), təbii dəridən geyim əşyaları, ayaqqabı və digər məmulatlar (2.0), əllə toxunmuş xalçalar (2.0), ipək  parçalar (1.5), pambıq ipliyindən geyim əşyaları, ləvazimatları və digər hazır toxuculuq məmulatları (2.0) və s. məhsullar müvafiq əmsallar üzrə ixrac təşviqi şamil olunan mallara aid edilmişdir.

Xarici ölkələrdə dövlətimizin və yerli ixracatçıların iqtisadi-ticarət maraqlarının daha dolğun qorunması və təmsil edilməsi, yerli məhsulların xarici ölkələrin bazarlarına çıxışının genişləndirilməsi və çevikliyin artırılması məqsədi ilə “Azərbaycan Respublikasının xarici ölkələrdə fəaliyyət göstərən səfirlik və konsulluqlarında ticarət nümayəndələrinin təyin edilməsi haqqında” Azərbaycan Respublikasının Prezidenti tərəfindən 26 yanvar 2017-ci il tarixli 1217 nömrəli Fərman imzalanmışdır. Artıq Rusiya Federasiyasında, Çində, Birləşmiş ərəb Əmirliklərində ölkəmizin ticarət nümayəndələri təyin olunmuşdur.

Azərbaycan Respublikası Prezidentinin müvafiq tapşırığına əsasən “Made in Azerbaijan” brendinin xarici ölkələrdə tanıdılması, həmçinin Azərbaycanda istehsal edilən məhsulların ixracının təşviqi və genişləndirilməsi, yerli məhsulların satışı sahəsində fəaliyyətin bilavasitə həmin ölkələrdə təşkili və əlaqələndirilməsi məqsədilə Belarus Respublikasının Minsk şəhərində Azərbaycan Ticarət Evi yaradılmış, hər iki ölkənin dövlət və hökumət nümayəndələrinin, iş adamlarının iştirakı ilə cari ilin 26 may tarixində rəsmi açılışı olmuşdur. Hazırda Ukraynada növbəti Azərbaycan Ticarət Evinin yaradılması üzrə müvafiq tədbirlər həyata keçirilir. Bundan əlavə Rusiya Federasiyasının Moskva şəhərində Ümumrusiya Sərgi Mərkəzinin ərazisində Azərbaycan Respublikası Sərgi-Ticarət Mərkəzinin təşkili ilə bağlı müvafiq işlər davam etdirilir. 

 

Yerli istehsalın dəstəklənməsi

- “Antidempinq, kompensasiya və mühafizə tədbirləri haqqında” Azərbaycan Respublikasının Qanunu 31 may 2016-cı il tarixində qəbul edilmiş və 13 oktyabr 2016-cı il tarixində qüvvəyə minmişdir. Həmin Qanun Azərbaycan Respublikasında iqtisadi maraqların müdafiəsi məqsədi ilə yerli istehsal sahəsinə zərər vuran və ya zərər vurma təhlükəsi yaradan dempinqli, subsidiyalaşdırılmış və ya artmış idxala qarşı antidempinq, kompensasiya və mühafizə tədbirlərinin tətbiqi qaydalarını tənzimləyir.

- Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 23 sentyabr tarixli 367 nömrəli Qərarı ilə “Azərbaycan Respublikasında ixrac-idxal əməliyyatları üzrə gömrük rüsumlarının dərəcələri haqqında” 2001-ci il 12 aprel tarixli 80 nömrəli Qərarda iki il müddətində qüvvədə olacaq dəyişikliklər edilmişdir. Həmin dəyişikliklərə əsasən 24 oktyabr 2016-cı il tarixindən 1 kq quş ətinə 1, 1000 ədəd yumurtaya 100, 1 kq soğana 0.2, 1 kq pomidora, xiyara və üzümə 0.4, 1 kq fındığa 1.5, 1 kq almaya, armuda və təzə xurmaya 0.3, meyvə və tərəvəz şirələrinə 15% (1 lt 0.7 ABŞ dollarından az olmamaqla), 1 kq gips, sement və sement klinkerinə 0.7, 1 kq bentonitə 0.3, 1 kq kərpicə 0.4 (və ya 1000 ədədinə 15.0), 1 m2 alçipana 0.4, 1 m2 kafelə və metlaxa isə 2.0 ABŞ dolları məbləğində idxal rüsumu tətbiq edilir.

- Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 5 oktyabr tarixli 379, 2017-ci ilin 10 yanvar tarixli 2 və 28 mart tarixli 113 nömrəli qərarları ilə 2001-ci il 12 aprel tarixli 80 nömrəli Qərarda dəyişiklik edilmiş, müvafiq olaraq iribuynuzlu mal-qaranın (camış daxil olmaqla), atlar fəsiləsi heyvanlarının, qoyun və quzuların dəriləri, o cümlədən onların aşılanmış və emal edilməmiş dəriləri, həmçinin saflaşdırılmış misdən hazırlanan bir sıra (məftil hazırlanması və prokat üçün biçmələr, çubuqlar, profillər və s.) məhsullar və emal edilməmiş, qabığı soyulmuş və ya soyulmamış, üst oduncağı yonulmuş və ya yonulmamış, habelə qaba yonulmuş bir sıra oduncaq məmulatları ixrac gömrük rüsumuna cəlb olunan mallar siyahısına aid edilmişdir.

 

Kənd təsərrüfatı

- Azərbaycan Respublikası Prezidentinin 15 və 22 sentyabr, 5 oktyabr 2016-cı il tarixli Sərəncamlarına və 5 aprel 2017-ci il tarixli Fərmanına əsasən ölkədə kənd təsərrüfatının ənənəvi sahələrindən olan ipəkçiliyin, pambıqçılığın və tütünçülüyün inkişafına dövlət dəstəyinin gücləndirilməsi, bu sahələrin potensial imkanlarından səmərəli istifadə edilməsi, həmin məhsulların istehsalına əhalinin marağının artırılması və sosial rifahının daha da yaxşılaşdırılması məqsədi ilə barama (hər kiloqramına görə 5,0 manat (Nazirlər Kabinetinin 10 mart 2017-ci il tarixli 85 nömrəli qərarına əsasən), pambıq (hər kiloqrama görə 0,1 manat) və tütün (quru tütünün 1, yaş tütünün isə 10 kiloqramına görə 0,05 manat), habelə şəkər çuğunduru (hər tona görə 4,0 manat) istehsalçılarına subsidiya verilməsi müəyyən edilmişdir.

- Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3 noyabr 2016-cı il tarixli 439 nömrəli Qərarı ilə “Pambıq və tütün istehsalçılarına dövlət büdcəsinin vəsaiti hesabına subsidiyanın verilməsi Qaydası” təsdiq edilmişdir.

- Azərbaycan Respublikası Prezidentinin 16 noyabr 2016-cı il tarixli 2442 nömrəli Sərəncamına əsasən, ölkədə kənd təsərrüfatının ənənəvi sahələrindən olan ipəkçiliyin və fındıqçılığın inkişafının sürətləndirilməsi, bu sahələrin potensial imkanlarından səmərəli istifadə edilməsi və məhsul istehsalına əhalinin marağının artırılması məqsədi ilə tədarük olunan barama toxumlarının, tut (çəkil) tinglərinin və fındıq pöhrələrinin Kənd Təsərrüfatı Nazirliyi tərəfindən şəhər və rayonların tələbatı nəzərə alınmaqla məhsul istehsalçılarına əvəzi ödənilmədən paylanılması nəzərdə tutulmuşdur.

- “Azərbaycan Respublikasında kənd təsərrüfatının inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 11 aprel 2017-ci il tarixli 2806 nömrəli Sərəncamında kənd təsərrüfatı sahəsi üzrə maliyyələşdirmə mexanizmlərinin təkmilləşdirilməsi (maliyyə resurslarına tələbatı üzrə hədəflərin müəyyənləşdirilməsi, kredit zəmanət fondunun yaradılması imkanlarına baxılması, innovativ və girovsuz kreditlərin tətbiqi, həmçinin risklərin idarə olunması üzrə mexanizmlərin hazırlanması, girov bazasının genişləndirilməsi, istehsalçıların maliyyə savadlılığının artırılması, kreditləşmənin stimullaşdırılması), aqrar sığortanın inkişaf etdirilməsi (qanunvericiliyin təkmilləşdirilməsi, sığorta fondunun yaradılması imkanlarının dəyərləndirilməsi, Sığorta Hadisələri Reyestrinin hazırlanması, karantin rejiminin tətbiqi ilə bağlı istehsalçılara dəymiş maddi zərərin ödənilməsi mexanizminin yaradılması, istehsalçıların sığorta savadlılığının artırılması) və aqrar sahəyə investisiya qoyuluşlarının təşviqi (aqrar investisiya ehtiyaclarının qiymətləndirilməsi, investisiya layihələrinin hazırlanması və investisiya mühitinin yaxşılaşdırılması) məqsədilə tədbirlərin həyata keçirilməsi nəzərdə tutulmuşdur.

 

Ərzaq və qida təhlükəsizliyi

- Azərbaycan Respublikası Prezidentinin 11 aprel 2016-cı il tarixli 859 nömrəli Fərmanı ilə “Dövlət müəssisə və təşkilatları (idarələri) tərəfindən ərzaq məhsullarının mərkəzləşdirilmiş qaydada dövlət büdcəsinin vəsaitləri hesabına satın alınması Qaydası” təsdiq edilmişdir.

- Azərbaycan Respublikası Prezidentinin 11 aprel 2016-cı il tarixli 1944 nömrəli Sərəncamı ilə kənd təsərrüfatı məhsullarının istehsalını və emalını stimullaşdırmaq, kənd təsərrüfatı məhsulları istehsalçılarının inkişafını təmin etmək, ərzaq məhsullarının keyfiyyətini daha da artırmaq, dövlət vəsaitlərindən səmərəli istifadəni təmin etmək, regionlarda kənd təsərrüfatı ilə məşğul olan əhalinin sosial rifahının yaxşılaşdırılmasına zəmin yaratmaq, dövlət sifarişi ilə ərzaq məhsullarının satın alınmasının mərkəzləşdirilmiş qaydada həyata keçirilməsini təmin etmək məqsədi ilə “Ərzaq məhsullarının tədarükü və təchizatı” ASC yaradılmışdır.

- Ölkədə qida təhlükəsizliyinə nəzarət sistemini təkmilləşdirmək, bu sahədə şəffaflığı daha da artırmaq, pərakəndəliyi və təkrarlanmaları aradan qaldırmaq məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli 1235 nömrəli Fərmanı ilə Qida Təhlükəsizliyi Agentliyi yaradılmış, qida təhlükəsizliyi sahəsində qanunvericiliyin və standartların təkmilləşdirilməsi, dövlət proqramının hazırlanması, Kodeks Alimentarius və digər beynəlxalq standartların istehsalçılar tərəfindən tətbiqinin təşviqi nəzərdə tutulmuşdur.

 

Dövlət satınalmaları

- “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununda 19 yanvar 2016-cı il tarixində edilmiş dəyişikliyə əsasən satınalan təşkilatlar müəyyən edilmiş keyfiyyət tələblərinə cavab verən yerli mallar (işlər və xidmətlər) üzrə tender təkliflərinin xeyrinə, xaricdən idxal olunan eyni malların təklif edilən qiymətinin 20 faizinə qədər həcmdə güzəştli düzəliş tətbiq etməlidir.

- Azərbaycan Respublikası Prezidentinin 15 sentyabr 2016-cı il tarixli 1046 nömrəli Fərmanına əsasən, icra hakimiyyəti orqanlarının və dövlət büdcəsindən maliyyələşən təşkilatların fəaliyyətində səmərəliliyi artırmaq, ölkədə sahibkarlıq fəaliyyətini genişləndirmək, habelə biznes və investisiya mühitinin əlverişliliyini və rəqabət qabiliyyətini daha da artırmaq məqsədi ilə icra hakimiyyəti orqanları və dövlət büdcəsindən maliyyələşən təşkilatlar tərəfindən 2018-ci il 1 yanvar tarixinədək idxal mallarının (işlərinin, xidmətlərinin) satın alınması dayandırılmışdır.

 

Gömrük

- “Gömrük sistemində islahatların davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 4 mart 2016-cı il tarixli 1853 nömrəli Sərəncamına əsasən, elektron gömrük xidmətlərinin daha da genişləndirilməsi, gömrük rəsmiləşdirilməsi zamanı tələb olunan sənədlərin və prosedurların sayının minimuma endirilməsi, gömrük orqanlarına əvvəlcədən elektron formada qısa idxal bəyannaməsini təqdim etmək yolu ilə malların və nəqliyyat vasitələrinin gömrük sərhədindən keçirilməsi üçün “Yaşıl dəhliz” və beynəlxalq təcrübədə mövcud olan digər buraxılış sisteminin yaradılması və s. kompleks məsələlərin həlli ilə bağlı tapşırıqlar müəyyənləşdirilmişdir.

- 2016-cı il aprel ayının 4-dən etibarən gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin gömrük orqanlarına bəyan edilməsi ilə bağlı prosedurların daha da sadələşdirilməsi, gömrük xidmətlərinin göstərilməsində şəffaflığın təmin edilməsi, sahibkarlar üçün əlverişli biznes mühitinin yaradılması və xarici ticarət əməliyyatlarının daha da stimullaşdırılması məqsədilə elektron bəyanetmə sistemi tətbiq edilməyə başlanmışdır.

- Azərbaycan Respublikası Prezidentinin 21 may 2016-cı il tarixli 920 nömrəli Fərmanı ilə gömrük sərhəd buraxılış məntəqələrindən keçirilən malların və nəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsinin sadələşdirilməsi ilə bağlı münasibətləri tənzimləyən “Malların və nəqliyyat vasitələrinin gömrük sərhədindən keçirilməsi üçün “Yaşıl dəhliz” və digər buraxılış sistemlərindən istifadə Qaydaları” təsdiq edilmişdir. Qaydalarda risk qiymətləndirilməsinin və idxalatçıların risk qrupları üzrə bölgüsünün aparılması, habelə buraxılış sistemlərinin və gömrük nəzarəti tədbirlərinin tətbiqi ilə bağlı bütün proseslərin məmur-sahibkar təması olmadan elektron sistem vasitəsilə həyata keçirilməsi nəzərdə tutulmuşdur.

- Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10 aprel 2017-ci il tarixli 134 nömrəli Qərarı ilə 22 iyul 2014-cü il tarixli 263 nömrəli Qərarla təsdiq olunmuş “Gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin bəyan edilməsi Qaydaları”na dəyişikliklər edilmiş, gömrük rəsmiləşdirilməsi zamanı tələb olunan bir sıra sənədlərin Azərbaycan Respublikasının gömrük orqanlarına təqdim edilmə tələbi aradan qaldırılmışdır. Dəyişikliklərə əsasən gömrük ödənişlərinin edilməsini təsdiqləyən sənəd tələb olunmur, gömrük bəyannaməsi ilə birlikdə gömrük borcuna görə təminatın verilməsini təsdiq edən sənəd isə bütün hallarda yox, bu borc bəyannamə təsdiq edilənədək və ya təsdiqi ilə eyni vaxtda ödənilmədikdə tələb olunur. Həmçinin idxal zamanı məcburi sertifikatlaşdırılmalı olan mallar üçün uyğunluq sertifikatı, ixrac zamanı isə bitki və bitkiçilik məhsulları üçün fitosanitar sertifikatı və Avropa İttifaqı üzrə yeyinti məhsulları üçün keyfiyyət sertifikatı tələb olunmur. Həmçinin ixrac zamanı mənşə sertifikatı tələb olunmur, idxalda isə imtiyaz verilmiş ölkələrdən olan, idxalı xüsusi tənzimlənən (kvota və s.) mallar və beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş hallarda tələb olunur.

 

Vergi

- Azərbaycan Respublikası Prezidentinin 4 avqust 2016-cı il tarixli 2257 nömrəli Sərəncamı ilə vergi ödəyiciləri ilə vergi orqanları arasında qarşılıqlı etimadın və şəffaflığın daha da artırılması, sahibkarlara əlverişli şəraitin yaradılması və ölkə iqtisadiyyatının davamlı inkişaf tempinə uyğun olaraq real vergi potensialının müəyyən edilməsi üçün vergi sistemində islahatların davam etdirilməsi və vergi inzibatçılığının daha da təkmilləşdirilməsi məqsədi ilə “2016-cı ildə vergi sahəsində aparılacaq islahatların istiqamətləri” təsdiq edilmişdir.

- Vergidən yayınma hallarının azaldılması, vergi uçotunun sadələşdirilməsi və vergi inzibatçılığının təkmilləşdirilməsi məqsədilə Azərbaycan Respublikasının Vergi Məcəlləsinə 16 dekabr 2016-cı il tarixində bir çox dəyişiklik edilmişdir. Belə ki, Vergi Məcəlləsinə 115 yeni maddə əlavə olunmuş, 83 maddəyə dəyişiklik edilmiş, 3 maddə isə ləğv olunmuşdur. Dəyişikliklərə əsasən, buğdanın idxalı və satışı, buğda ununun və çörəyin istehsalı və satışı, həmçinin quş ətinin satışı 2017-ci ilin yanvarın 1-dən 3 il müddətinə ƏDV-dən azad edilmişdir. Torpaq sahələrinin təqdim edilməsi və bəzi fəaliyyət növləri (məişət cihazlarının təmiri, nəqqaşlıq və s.) sadələşdirilmiş vergiyə cəlb olunmuşdur. Həmçinin Məcəlləyə vergi öhdəliyinin əvvəlcədən müəyyən olunması və könüllü vergi açıqlaması anlayışları əlavə edilmişdir.

- “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının 23 dekabr 2016-cı il tarixli Qanunu qəbul edilmişdir. Qanuna əsasən ƏDV ödəyiciləri və sadələşdirilmiş vergi ödəyicisi olmayan ticarət və (və ya) ictimai iaşə fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən təqvim ayı ərzində ümumi məbləği 30,000 manatdan, digər vergi ödəyiciləri tərəfindən isə təqvim ayı ərzində ümumi məbləği 15,000 manatdan artıq olan hesablaşmalar üzrə ödənişlər yalnız nağdsız qaydada həyata keçirilməlidir.

- Sahibkarlığın inkişafının stimullaşdırılması, əlverişli biznes mühitinin formalaşdırılması və vergi yükünün optimallaşdırılması məqsədilə “Vergi ödəyicilərinin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının 30 dekabr 2016-cı il tarixli Qanunu qəbul edilmişdir. Qanuna əsasən vergilərin ödənilməməsinə görə hesablanmış faizlər və maliyyə sanksiyaları üzrə 1 yanvar 2017-ci il tarixinə vergi orqanlarındakı şəxsi hesab vərəqələrində mövcud borclar Vergilər Nazirliyi tərəfindən silinir. Maliyyə sanksiyaları üzrə yaranmış vergi borclarının 2017-ci ilin yanvar ayı ərzində 30 faizi ödənildikdə qalan 70, yanvar-fevral ayları ərzində 50 faizi ödənildikdə qalan 50, yanvar-mart ayları ərzində 70 faizi ödənildikdə isə ödənilməmiş 30 faizi Vergilər Nazirliyi tərəfindən silinir.

- Azərbaycan Respublikası Prezidentinin 19 aprel 2017-ci il tarixli 1341 nömrəli Fərmanı ilə “İctimai iaşə fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması Qaydası” və “Pərakəndə ticarət fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması Qaydası” təsdiq edilmişdir.

 

Turizm

- Azərbaycan Respublikasına gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün viza verilməsi prosedurunun sadələşdirilməsi, müasir informasiya texnologiyalarının tətbiqi ilə operativliyi və şəffaflığı təmin edən elektron viza sisteminin yaradılması məqsədi ilə Azərbaycan Respublikasının Prezidenti tərəfindən “Elektron vizaların verilməsi prosedurunun sadələşdirilməsi və “ASAN Viza” sisteminin yaradılması haqqında” 1 iyun 2016-cı il tarixli 923 nömrəli Fərman imzalanmış və 20 oktyabr 2016-cı il tarixli 1082 nömrəli Fərmanla “ASAN Viza” sistemi haqqında Əsasnamə” təsdiq edilmişdir.

- 2016-cı ilin 14 iyun tarixində Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində və 29 noyabr tarixində “Turizm haqqında” Qanununda edilmiş dəyişikliklərə əsasən “ASAN Viza” sisteminin tətbiqinə başlanmış, ölkəyə gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin həmin sistem vasitəsilə ölkədə qalma müddəti 30 günədək olmaqla elektron viza almaq imkanı yaradılmışdır.

- Azərbaycan Respublikasının Prezidentinin 1 sentyabr 2016-cı il tarixli 2295 nömrəli Sərəncamında ticarət festivallarında (“shopping festival”) pərakəndə satış zamanı müvafiq güzəşt və təşviqlərin, o cümlədən vergi güzəştlərinin, həmçinin turizm və rekreasiya zonalarında vergi və gömrük güzəştlərinin və imtiyazlarının verilməsi ilə bağlı təkliflərin hazırlanması, Turizm Reyestrinin və informasiya saytının yaradılması, turizm sahəsində yerli sahibkarlar tərəfindən təqdim olunan investisiya layihələrinin Sahibkarlığa Kömək Milli Fondunun vəsaiti hesabına maliyyələşdirilməsi üçün fəaliyyət planının təsdiq olunması və s. tədbirlər nəzərdə tutulmuşdur.

- Azərbaycan Respublikası Prezidentinin 11 aprel 2017-ci il tarixli 1335 nömrəli Sərəncamı ilə “Ticarət festivalları dövründə fiziki şəxslər tərəfindən Azərbaycan Respublikasının ərazisində alınmış istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan mallara görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Qaydası” təsdiq edilmişdir.

- Azərbaycan Respublikası Prezidentinin 1 sentyabr 2016-cı il tarixli 2296 nömrəli Sərəncamı ilə ölkədə turizmin inkişaf etdirilməsi və bu sahədə müasir informasiya-kommunikasiya texnologiyalarından istifadə imkanlarının genişləndirilməsi məqsədilə 800 min, o cümlədən Turizm Reyestrinin yaradılmasına 400 min, Bakı şəhərində ticarət festivalının (“shopping festival”) keçirilməsinə 400 min manat vəsait ayrılmışdır.

- Azərbaycan Respublikası Prezidentinin 27 dekabr 2016-cı il tarixli 1179 nömrəli Fərmanı ilə Turizm Şurası, həmçinin Mədəniyyət və Turizm Nazirliyinin yanında ölkənin turizm potensialının daha da artırılmasını və beynəlxalq səviyyədə tanıdılmasını təmin edən “Milli Turizm Təbliğat Bürosu” publik hüquqi şəxs yaradılmışdır.

- Azərbaycan Respublikası Prezidentinin 1 sentyabr 2016-cı il tarixli 2297 nömrəli Sərəncamı ilə hər il sentyabrın 27-si “Turizm işçiləri günü” peşə bayramı kimi təsis edilmişdir.

- Azərbaycan Respublikası Prezidentinin 30 mart 2017-ci il tarixli 2784 nömrəli Sərəncamı ilə Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsindən turizm məqsədləri üçün daha səmərəli istifadəni təmin etmək məqsədilə “Azərbaycan Respublikasında çimərlik turizminin inkişafına dair 2017-2020-ci illər üçün Tədbirlər Planı” təsdiq edilmişdir.

- Ölkəyə turist axınının sürətləndirilməsi məqsədi ilə Azərbaycan Respublikasının Prezidenti tərəfindən “Azərbaycan Respublikasına turist axınının sürətləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” 20 fevral 2017-ci il tarixli 2677 nömrəli Sərəncam imzalanmış, aidiyyəti qurumlara bir sıra tapşırıqlar müəyyən olunmuşdur.

 

Strateji yol xəritələri

- Azərbaycan Respublikası Prezidentinin 6 dekabr 2016-cı il tarixli 1138 nömrəli Fərmanına əsasən milli iqtisadiyyat və iqtisadiyyatın 11 sektoru üzrə 12 strateji yol xəritəsi təsdiq olunmuşdur. Həmin sektorlara neft və qaz sənayesi, kənd təsərrüfatı, kiçik və orta sahibkarlıq, ağır sənaye və maşınqayırma, ixtisaslaşmış turizm, logistika və ticarət, mənzil təminatı, peşə təhsili və təlimi, maliyyə xidmətləri, telekommunikasiya və informasiya texnologiyaları və kommunal xidmətlər aiddir.

- Həmin sənədlərdən biri olan “Azərbaycan Respublikasında kiçik və orta sahibkarlıq səviyyəsində istehlak mallarının istehsalına dair Strateji Yol Xəritəsi”ndə ölkədə kiçik və orta sahibkarlığın (KOS) vəziyyəti təhlil edilir, xüsusilə bu sahədə görülmüş işlər, həyata keçirilmiş islahatlar, mövcud statistika barədə ətraflı məlumat verilir. Həmin yol xəritəsində 2020-ci ilədək strateji, 2025-ci ilədək olan dövr üçün uzunmüddətli və 2025-ci ildən sonrakı dövr üçün hədəf baxış əhatə edilir. Yol xəritəsində adıçəkilən baxışlarda nəzərdə tutulan məqsədlərə nail olmaq üçün 5 strateji hədəf müəyyən edilmişdir. Bu strateji hədəflərə KOS fəaliyyəti üçün biznes mühitinin və tənzimləyici bazanın yaxşılaşdırılması, KOS subyektlərinin maliyyə resurslarına sərfəli və səmərəli çıxışının təmin edilməsi, onların beynəlmiləlləşdirilməsi və xarici bazarlara çıxış imkanlarının artırılması və s. aiddir. Hər bir hədəf üçün prioritetlər, onların əsaslandırılması, həmçinin həyata keçirilməsini təmin etmək məqsədilə görüləcək tədbirlər ehtiva olunmuşdur. Strateji hədəflərə nail olunmasını təmin edəcək tədbirlər planı da təsdiq edilmişdir.

 

Maliyyə vəsaitlərinə çıxış imkanları

- Fiziki və hüquqi şəxslərə öz maliyyə öhdəliklərinin icrası barədə uzunmüddətli məlumat bazasının formalaşdırılması yolu ilə maliyyə xidmətlərinə çıxış imkanlarının yaxşılaşdırılması, borc münasibətlərində maliyyə intizamının möhkəmləndirilməsi və ölkədə maliyyə sisteminin sabitliyinin təmin edilməsinə dəstək verilməsi məqsədilə “Kredit büroları haqqında” Azərbaycan Respublikasının 28 oktyabr 2016-cı il tarixli Qanunu qəbul edilmişdir. Qanuna əsasən kredit bürosu dövlət qeydiyyatına alınmış və Qanunda nəzərdə tutulmuş fəaliyyəti həyata keçirən kommersiya hüquqi şəxsdir. Qanunda kredit tarixçələri, onların formalaşdırılması və istifadəsi ilə bağlı tələblər, subyektlərinin hüquqları, kredit bürolarının yaradılması, yenidən təşkili, ləğvi, fəaliyyəti və tənzimlənməsi sahəsində müddəalar nəzərdə tutulur. Artıq ölkəmizdə ilk kredit bürosu yaradılmışdır.

- Öhdəliklərin icrasının təmin edilməsi ilə bağlı daşınar əmlakın yüklülüyünün hüquqi rejimini, daşınar əmlaka dair yüklülük sahiblərinin hüquqlarının həyata keçirilməsi qaydalarını, daşınar əmlaka tutma yönəldilməsi, daşınar əmlakın yüklülüyünün dövlət reyestrinin aparılması və ondan istifadə ilə bağlı məsələləri tənzimləyən “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının 2017-ci il 2 may tarixli Qanunu qəbul edilmiş və həmin Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin 24 may 2017-ci il tarixli 1420 nömrəli Fərmanı imzalanmışdır.

-Azərbaycan Respublikası Prezidentinin 15 sentyabr 2017-ci il tarixli 1599 nömrəli Fərmanı ilə sahibkarların maliyyə vəsaitlərinə çıxış imkanlarını artırmaq və bununla sahibkarlıq fəaliyyətini stimullaşdırmaq, maliyyə sahəsində risklərin bölüşdürülməsinə əsaslanan kreditləşdirmə sistemi formalaşdırmaq məqsədilə “Azərbaycan Respublikasının Kredit Zəmanət Fondu” ASC yaradılmışdır. Fərmana əsasən Fond sahibkarların müvəkkil banklardan manatla aldıqları kreditlərə təminat verən və Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi hallarda və qaydada həmin kreditlərə hesablanmış faizlərin bir hissəsinə subsidiya verən hüquqi şəxsdir.

                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                   

Yeni yaradılan portallar

- Azərbaycan Respublikası Prezidentinin 21 yanvar 2017-ci il tarixli 1205 nömrəli Fərmanı ilə “Lisenziyalar və icazələr” portalı haqqında Əsasnamə” təsdiq edilmişdir və hazırda portalın yaradılması üzrə tamamlama işləri həyata keçirilir. Portalın fəaliyyətə başlaması nəticəsində sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün tələb olunan lisenziya və icazələrin verilməsi tamamilə elektron qaydada həyata keçiriləcək, dövlət orqanlarının informasiya sistemlərinin uzlaşdırılması və qarşılıqlı əlaqəsi təmin ediləcəkdir.

- Azərbaycan Respublikasında istehsal və təklif edilən məhsul və xidmətlərin rəsmi İxrac Portalı (www.export.az) istifadəyə verilmişdir. 3 dildə fəaliyyət göstərən Portalda asan axtarış və qeydiyyat sistemi mövcuddur, həmçinin Portalda ixrac məhsulları və şirkətlər, ixraca verilən sertifikatlar, hədəf bazarlar və s. məlumatları əldə etmək mümkün olacaq.

- Azərbaycan Respublikası Prezidentinin 21 sentyabr 2016-cı il tarixli 2349 nömrəli Sərəncamına əsasən sahibkarlıq sahəsində son illərdə nail olunmuş sürətli inkişafın davamlılığını təmin etmək, yerli malların ənənəvi və yeni bazarlara çıxarılması üçün müəssisələr haqqında məlumatlılıq səviyyəsini artırmaq məqsədi ilə Azərbaycan Respublikasında istehsal olunan mallar və həmin malların istehsalçıları barədə məlumatları əks etdirən, ən azı üç dildə (Azərbaycan, ingilis və rus dillərində) fəaliyyət göstərən İnternet portalı (www.azexport.az) yaradılmış,12 sentyabr 2017-ci il tarixli 1598 nömrəli Fərmanı ilə “www.azexport.az” internet portalı haqqında Əsasnamə” təsdiq edilmiş və Portal istifadəyə verilmişdir. Portalda asan axtarış və qeydiyyat sistemi mövcuddur, həmçinin Portalda ixrac məhsulları və şirkətlər, ixraca verilən sertifikatlar, hədəf bazarlar və s. məlumatları əldə etmək mümkün olacaq.

- Qeyri-neft sektorunun yüksək inkişaf tempini qoruyub saxlamaqla onun ixrac imkanlarını genişləndirmək və rəqabət qabiliyyətini daha da artırmaq, elektron ticarətin hüquqi və infrastruktur bazasını beynəlxalq tələblərə uyğunlaşdırmaq, regional əhəmiyyətli rəqəmsal ticarət qovşağı kimi ölkənin aparıcı mövqeyini bu əsasda daha da gücləndirmək məqsədilə “Rəqəmsal Ticarət Qovşağı kimi Azərbaycan Respublikasının mövqeyinin gücləndirilməsi və xarici ticarət əməliyyatlarının genişləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikasının Prezidenti tərəfindən 22 fevral 2017-ci il tarixli 1255 nömrəli Fərman imzalanmışdır.

 

 

Komissiya və şuralar

- Azərbaycan Respublikası Prezidentinin 13 iyul 2016-cı il tarixli 2199 nömrəli Sərəncamı ilə ölkənin biznes və investisiya mühitinin əlverişliliyini, yerli və xarici investorlar üçün cəlbediciliyini daha da artırmaq, sahibkarlıq sahəsində son illərdə nail olunmuş sürətli inkişafın davamlığını təmin etmək və rəqabət qabiliyyətini möhkəmləndirmək, beynəlxalq reytinqlərdə Azərbaycanın mövqeyini daha da yaxşılaşdırmaq məqsədi ilə Azərbaycan Respublikası Baş nazirinin birinci müavininin sədrliyi ilə Komissiya yaradılmışdır.

- Azərbaycan Respublikası Prezidentinin 15 iyul 2016-cı il 995 nömrəli Fərmanı ilə makroiqtisadi və maliyyə sabitliyinin təmin edilməsi məqsədilə Azərbaycan Respublikası Baş nazirinin sədrliyi ilə Maliyyə Sabitliyi Şurası yaradılmışdır.

- Azərbaycan Respublikası Prezidentinin 6 oktyabr 2016-cı il tarixli 1066 nömrəli Fərmanı ilə “Dünyamızın transformasiyası: 2030-cu ilədək dayanıqlı inkişaf sahəsində Gündəlik”dən irəli gələn öhdəliklərlə bağlı dövlət orqanlarının üzərinə düşən vəzifələrin icrasının əlaqələndirilməsi məqsədi ilə Azərbaycan Respublikası Baş nazirinin müavini Əli Əhmədovun sədrliyi ilə Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurası yaradılmışdır. Həmin Şuranın Katibliyi funksiyasının icrası İqtisadiyyat Nazirliyinə həvalə edilmişdir.

- Azərbaycan Respublikası Prezidentinin 17 mart 2017-ci il tarixli 2760 nömrəli Sərəncamı ilə işçilərin sosial müdafiəsinin daha da gücləndirilməsi, işəgötürən - işçi münasibətlərinin rəsmiləşdirilməsi, əməyin ödənişinin təşkilinə nəzarət mexanizmlərinin təkmilləşdirilməsi, habelə əmək münasibətləri iştirakçılarının digər əmək hüquqlarının və təminatlarının effektiv müdafiəsinin təmin edilməsi və bu sahədə dövlət orqanları arasında koordinasiya olunmuş siyasətin həyata keçirilməsi məqsədilə Azərbaycan Respublikası Baş nazirinin müavini Əli Əhmədovun sədrliyi ilə Əmək Münasibətlərinin Tənzimlənməsi və Koordinasiyası Komissiyası yaradılmışdır.

- Azərbaycan Respublikası Prezidentinin 31 may 2017-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası Milli Məclisinin sədr müavininin rəhbərliyi ilə azad iqtisadi zonaların yaradılmasının sürətləndirilməsi məqsədi ilə İşçi qrup yaradılmışdır.

Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin rəhbərliyi hər 4 quruma üzv kimi müəyyən edilmişdir.

 

Beynəlxalq hesabatlar

Sahibkarlıq fəaliyyətinin dövlət tənzimlənməsinin təkmilləşdirilməsi və əlverişli biznes mühitin formalaşdırılması istiqamətində aparılan islahatların nəticəsi olaraq beynəlxalq səviyyədə ölkələrin biznes mühitini qiymətləndirən və hər il Dünya Bankı tərəfindən dövrü olaraq dərc edilən ən mühüm hesabatlardan biri olan “Doing Business 2017” hesabatında Azərbaycan 8 pillə irəliləyərək 57-ci mövqeyə yüksəlmiş, ötən il ərzində davam etdirilən uğurlu islahatların nəticəsi olaraq, 6 göstərici üzrə mövqeyini yaxşılaşdırmışdır.
Belə ki, oktyabrın 31-də açıqlanmış "Doing Business 2018" hesabatında Azərbaycan "Kiçik investorların maraqlarının qorunması" göstəricisi üzrə 22 pillə irəliləyərək 10-cu pilləyə, "Əmlakın qeydiyyatı" göstəricisi üzrə 1 pillə irəliləyərək 21-ci pilləyə, "Vergilərin ödənişi" göstəricisi üzrə 5 pillə irəliləyərək 35-ci pilləyə, "Müqavilələrin icrasının təmin edilməsi" göstəricisi üzrə 6 pillə irəliləyərək 38-ci pilləyə, "Müəssisənin bağlanması" göstəricisi üzrə 39 pillə irəliləyərək 47-ci pilləyə, "Elektrik təchizatı şəbəkələrinə qoşulma" göstəricisi üzrə 3 pillə irəliləyərək 102-ci pilləyə yüksəlmişdir.
Hesabatda bir sıra göstəricilər üzrə biznes mühitinin yaxşılaşdırılması sahəsində qanunvericiliyin təkmilləşdirilməsi sahəsində ölkəmizdə aparılan islahatlar xüsusi qeyd edilmişdir. Belə ki, Azərbaycan "Doing Business 2018" hesabatında Avropa və Mərkəzi Asiyada 4 və daha çox islahat aparan 3 ölkədən biri kimi qiymətləndirilmişdir.
Belə ki, "Kiçik investorların maraqlarının qorunması" göstəricisi üzrə 25 aprel 2017-ci il tarixində Azərbaycan Respublikasının Mülki Məcəlləsinə edilmiş dəyişikliklər, "Kreditin əldə edilməsi" göstəricisi üzrə "Kredit büroları haqqında" Azərbaycan Respublikasının 28 oktyabr 2016-cı il tarixli Qanununun qəbul edilməsi, "Müqavilələrin bağlanması" göstəricisi üzrə məhkəmə ödənişlərinin "Hökumət Ödəniş Portalı" vasitəsilə elektron qaydada həyata keçirilməsinin tətbiqi, "Müflisləşmənin həlli" göstəricisi üzrə "Müflisləşmə və iflas haqqında" Azərbaycan Respublikasının Qanununa edilmiş 25 aprel 2017-ci il tarixli dəyişikliklər "Doing Business 2018" hesabatında Azərbaycanın həyata keçirdiyi islahatlar kimi xüsusi qeyd olunmuşdur.

Hesabatda Azərbaycan "Kiçik investorların maraqlarının qorunması" (10), "Biznesə başlama" (18), "Əmlakın qeydiyyatı" (21), "Vergilərin ödənilməsi" (35), "Müqavilələrin icrasının təmin edilməsi" (38), "Müəssisənin bağlanması" (47) göstəriciləri üzrə reytinqdə ilk 50 ölkənin sırasına daxil edilmişdir.-Həmçinin Dünya İqtisadi Forumu tərəfindən 1979-cu ildən bəri hər il nəşr olunan və bu gün dünyada milli rəqabətqabiliyyətlilik üzrə ən geniş qiymətləndirmə hesab olunan “Qlobal Rəqabətlilik Hesabatı”nda ölkəmizin mövqeyi ötən ilə nisbətən 2 pillə yaxşılaşaraq 37-ci yerdən 35-ci yerə yüksəlmiş və MDB məkanında liderlik mövqeyini qoruyub saxlamışdır.

- Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 13 iyul tarixli 2199 nömrəli Sərəncamı ilə ölkənin biznes və investisiya mühitinin əlverişliliyini, yerli və xarici investorlar üçün cəlbediciliyini daha da artırmaq, sahibkarlıq sahəsində son illərdə nail olunmuş sürətli inkişafın davamlığını təmin etmək və rəqabət qabiliyyətini möhkəmləndirmək, beynəlxalq reytinqlərdə Azərbaycanın mövqeyini daha da yaxşılaşdırmaq məqsədi ilə Komissiya, onun Katibliyi, habelə müxtəlif sahələr üzrə işçi qruplar yaradılmışdır. 

Bundan əlavə Azərbaycan Respublikası Prezidentinin 2 iyun 2017-ci il tarixli 2947 nömrəli Sərəncamı ilə “Azərbaycan Respublikasında biznes mühitinin əlverişliliyinin artırılması və beynəlxalq reytinqlərdə ölkəmizin mövqeyinin daha da yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 13 iyul tarixli 2199 nömrəli Sərəncamının həyata keçirilməsinə dair Tədbirlər Planı” təsdiq edilmişdir.

 

Tranzit yükdaşımalar

- “Azərbaycan Respublikasının Tranzit Yükdaşımalar üzrə Koordinasiya Şurasının yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 21 oktyabr 2015-ci il tarixli 655 nömrəli Fərmanına əsasən Tranzit Yükdaşımalar üzrə Koordinasiya Şurası yaradılmış, Şuranın Əsasnaməsi və tərkibi təsdiq edilmişdir. Azərbaycan Respublikasının ərazisindən dəmir yolları, dəniz nəqliyyatı, dəniz limanları və dəniz terminalları vasitəsilə tranzit yüklərin daşınmasında "bir pəncərə" prinsipinin tətbiq olunması nəzərdə tutulmuş və həmin prinsipin tətbiqi üzrə vahid dövlət orqanının səlahiyyətlərinin həyata keçirilməsi Şuraya həvalə edilmişdir.

- Azərbaycan Respublikasının 30 sentyabr 2016-cı il tarixli 318-VQD nömrəli Qanunu ilə Vergi Məcəlləsinin 165.1.4-cü maddəsində edilmiş dəyişikliyə əsasən tranzit yük daşınması ilə bilavasitə bağlı yük aşırılma xidməti sıfır (0) dərəcəsi ilə ƏDV tutulan iş və xidmətlərə aid edilmişdir.

 

Digər tədbirlər

- Azərbaycan Respublikasının sosial-iqtisadi inkişafında vətəndaşların fəal iştirakını təmin etmək, ailə əməyinə əsaslanan təsərrüfatların fəaliyyətini dəstəkləmək, kiçik və orta sahibkarlığın inkişafını stimullaşdırmaq, əhalinin məşğulluğunun artırılması sahəsində əlavə imkanlar yaratmaq məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin 23 sentyabr 2016-cı il tarixli 1047 nömrəli Fərmanına əsasən “ABAD” (Ailə Biznesinə Asan Dəstək) mərkəzlərinin yaradılması nəzərdə tutulmuşdur. Fərmana əsasən həmin mərkəzlər vasitəsilə ailə təsərrüfatlarının, kiçik və orta sahibkarların müasir avadanlıqlardan istifadə etməsinə şərait yaradılacaq, onlara biznes planların hazırlanması, marketinq, brendinq, dizayn, maliyyə-mühasibat, hüquqi yardım və məlumatlandırma xidmətləri göstəriləcək, istehsal olunan məhsulların daşınması və satışının, həmçinin sertifikatlaşdırmanın sadələşdirilmiş qaydada “bir pəncərə” prinsipi əsasında təşkili həyata keçiriləcəkdir.

- Azərbaycan Respublikası Prezidentinin 4 aprel 2017-ci il tarixli 1313 nömrəli Fərmanı ilə “Sahibkarların tələb olunan gücü 150 kVt-a qədər (150 kVt da daxil olmaqla mövcud 0,4 kV-luq şəbəkədən) olan mövcud və ya inşa ediləcək tikinti obyektlərinin elektrik enerjisi (gücü) alması üçün texniki şərtlərin, layihə-smeta sənədlərinin hazırlanması və verilməsi, habelə enerji təchizatı şəbəkəsinə qoşulması Qaydası” təsdiq edilmişdir. Qaydalara əsasən müraciətlər yalnız “ASAN Kommunal” (onlar yaradılanadək isə “ASAN Xidmət”) mərkəzləri vasitəsilə edilir, qoşulma proseduru üç mərhələdən (Texniki şərtlərin və layihə-smeta sənədlərinin alınması üçün müraciət edilməsi və həmin sənədlərin hazırlanaraq verilməsi, Layihə-smeta sənədlərinin dəyərinin ödənilməsi, tikinti-quraşdırma işlərinin aparılması və şəbəkəyə fiziki qoşulma, Tikinti obyektinə elektrik enerjisinin verilməsi) və maksimum 24 gündən ibarətdir. Həmçinin texniki şərtlərin və layihə-smeta sənədlərinin verilməsi, habelə şəbəkəyə qoşulmanı həyata keçirmək məqsədilə “ASAN Kommunal” (onlar yaradılanadək isə “ASAN Xidmət”) mərkəzlərində aidiyyəti qurumların nümayəndələrindən ibarət Texniki Şuraların yaradılması nəzərdə tutulur.

- Bir sıra tikinti və infrastruktur obyektlərinin “Tik-idarə et-təhvil ver” (TİT) modelinə uyğun maliyyələşmə əsasında tikintisinə (inşasına, cari və əsaslı təmirinə, yenidən qurulmasına, bərpasına), idarə edilməsinə və təhvil verilməsinə investisiyanın cəlb olunması məqsədilə “Tikinti və infrastruktur obyektləri ilə əlaqədar investisiya layihələrinin xüsusi maliyyələşmə əsasında həyata keçirilməsi haqqında” Azərbaycan Respublikasının 15 mart 2016-cı il tarixli Qanunu qəbul edilmişdir. Qanuna əsasən “TİT” modelinə uyğun həyata keçirilən fəaliyyət dövlət rüsumlarından və yığımlardan azaddır, bağlanan müqavilələrin müddəti 49 ildən artıq ola bilməz. Müddət başa çatdıqdan sonra obyektlər bütün borc və öhdəliklərdən azad, təyinatı üzrə istifadəyə yararlı vəziyyətdə və əvəzsiz olaraq səlahiyyətli orqanın (İqtisadiyyat Nazirliyinin) idarəçiliyinə verilir. Həmçinin bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin 7 dekabr 2016-cı il tarixli 1149 nömrəli Fərmanı ilə “Tikinti və infrastruktur obyektləri ilə əlaqədar investisiya layihələrinin investorlar tərəfindən “Tik-idarə et-təhvil ver” modeli çərçivəsində həyata keçirilməsinin şərtləri, tikinti və infrastruktur obyektlərinin növlərinə uyğun olaraq investorlar qarşısında qoyulan tələblər, bağlanılan müqavilələrin xüsusiyyətləri və şərtləri, investisiya qoyuluşu nəticəsində əldə olunacaq mal və xidmətlərin dəyərinin müəyyənləşdirilməsi Qaydası” təsdiq edilmişdir.

- “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununda 5 aprel 2016-cı il tarixli Qanunla edilmiş dəyişikliklərə əsasən, daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınması və dövlət reyestrindən çıxarışın verilmə müddəti 20 gündən 10 iş gününə endirilmişdir.

 

← Geriyə