Əməkdaşlıq təklifləri

  • Yaradılıb 16.09.2016 08:07
  • Yenilənib 16.09.2016 08:10
  • Nəşr edilib 16.09.2016 08:07

Bakı şəhərinin Pirallahı rayonunda Sənaye Parkı yaradılıb

 

Azərbaycan Respublikası Prezidentinin 15 sentyabr 2016-cı il tarixli Sərəncamı ilə qeyri-neft sənaye sahələrinin davamlı inkişafı, sənaye sahəsində sahibkarlıq fəaliyyətinin daha da genişləndirilməsi, qabaqcıl texnologiyalara əsaslanan rəqabətqabiliyyətli və innovativ sənaye sahələrinin yaradılması, o cümlədən əczaçılıq sənayesinin inkişafı və dəstəklənməsi, əczaçılıq məhsullarının idxalından asılılığın azaldılması, əhalinin dərman vasitələrinə tələbatının ödənilməsində yerli istehsalın təşviq edilməsi və istehsal sahəsində məşğulluğun artırılması məqsədi ilə Bakı şəhərinin Pirallahı rayonunun ərazisində Pirallahı Sənaye Parkı yaradılmışdır.
Pirallahı Sənaye Parkı sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün zəruri infrastrukturu və idarəetmə qurumları olan, müasir texnologiyaların tətbiqi yolu ilə sənaye, o cümlədən əczaçılıq sənayesi üzrə rəqabətqabiliyyətli məhsul istehsalı və xidmət göstərilməsi, habelə emal müəssisələrinin yaradılması üçün istifadə edilən, sahibkarların səmərəli fəaliyyətinə və inkişafına kömək edən ərazidir.
Sərəncama uyğun olaraq, İqtisadiyyat Nazirliyi tərəfindən Pirallahı Sənaye Parkının ərazisində xarici və daxili infrastrukturun (elektrik və istilik enerjisi, qaz, su, kanalizasiya, rabitə, nəqliyyat, yanğından mühafizə, istehsal təyinatlı, inzibati, sosial və digər infrastruktur obyektləri) yaradılması, sahibkarlıq fəaliyyətinin səmərəli həyata keçirilməsi üçün digər xidmətlərin göstərilməsi təmin olunacaq, habelə istehsal və emal olunan sənaye məhsulları üzrə prioritet istiqamətlər müəyyənləşdiriləcək.
Həmçinin Sərəncama əsasən, Pirallahı Sənaye Parkının fəaliyyətinin təşkili, idarə olunması və inkişafı ilə bağlı tədbirlər İqtisadiyyat Nazirliyinin tabeliyindəki "Sumqayıt Kimya Sənaye Parkı" MMC tərəfindən həyata keçirilir və Sənaye Parkının fəaliyyəti üçün Pirallahı rayonunun Səməd Vurğun küçəsində 30 hektar torpaq sahəsi Cəmiyyətin istifadəsinə verilir.
Azərbaycan Respublikasının Vergi Məcəlləsində və "Gömrük tarifi haqqında" Qanununda sənaye parklarının rezidentləri (sənaye parkların qeydiyyat şəhadətnaməsini almış və orada fəaliyyət göstərən sahibkarlar) üçün bir sıra güzəştlər nəzərdə tutulmuşdur. Belə ki, rezidentlər sənaye parklarında qeydiyyata alındıqları hesabat ilindən başlayaraq 7 il müddətinə müvafiq fəaliyyətə görə mənfəət/gəlir vergisindən, əmlak və torpaq vergisinindən, texnika, texnoloji avadanlıq və qurğuların idxalına görə ƏDV-dən və gömrük rüsumlarından azaddırlar.

← Geriyə