Çıxışlar və müsahibələr

  • Yaradılıb 20.05.2017 16:04
  • Yenilənib 20.05.2017 16:04
  • Nəşr edilib 15.04.2017 16:04

Sənaye parkları və sənaye zonaları haqqında

 

Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin ilin birinci rübünün yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında rayonlarda sənaye mərkəzlərinin yaradılmasının sürətləndirilməsinə dair tapşırıq verilib. İqtisadiyyat Nazirliyinin Sənaye şöbəsinin müdiri Murad Abdullayevin sözlərinə görə, ölkəmizdə reallaşdırılan sənayeləşmə siyasətinə uyğun olaraq, innovativ və yüksək texnologiyalar əsasında rəqabətqabiliyyətli sənayenin inkişafına yeni təkan vermək, qeyri-neft sektorunun davamlı inkişafını təmin etmək və əhalinin istehsal sahəsində məşğulluğunu artırmaq məqsədi ilə sənaye və texnologiyalar parkları və sənaye məhəllələri yaradılır. Hazırda uğurla həyata keçirilən "Azərbaycan Respublikasında sənayenin inkişafına dair 2015-2020-ci illər üçün Dövlət Proqramı"nın əsas istiqamətlərindən biri də sənaye və texnologiyalar parklarının fəaliyyətinin gücləndirilməsi, sənaye zonalarının yaradılmasıdır.
Hazırda ölkəmizdə Sumqayıt Kimya Sənaye, Balaxanı Sənaye və Qaradağ Sənaye parkları fəaliyyət göstərir, Mingəçevir və Pirallahı sənaye parklarının təşkili istiqamətində işlər aparılır.
Sumqayıt Kimya Sənaye Parkının ərazisində tikinti-quraşdırma işləri davam etdirilir. Sənaye Parkının istehsalat sahələrinin tikintisi üçün nəzərdə tutulan ərazinin təqribən 60 faizi artıq parkın rezidentlərinin istifadəsinə verilib. Mövcud layihələr üzrə rezidentlər tərəfindən sənaye parkına 1,2 milyard ABŞ dolları həcmində investisiyanın yatırılması və 2000-ə yaxın iş yerlərinin açılması nəzərdə tutulur. Sənaye Parkında istehsal olunacaq məhsullar daxili bazarın tələbatını ödəməklə yanaşı, "Made in Azerbaijan" brendi ilə xarici bazarlara da ixrac olunur. Artıq Sənaye Parkının rezidenti olan "Azertexnolayn" zavodu 2016-cı ildə 113 milyon manat dəyərində məhsul istehsal edib ki, bunun da 52%-ni ixrac edib. Sumqayıt Kimya Sənaye Parkında daha 5 müəssisə bu il, 2 müəssisə isə 2018-ci ildə fəaliyyətə başlayacaq.
7 hektar sahəni əhatə edən Balaxanı Sənaye Parkında 22 milyon manat investisiya ilə tullantıların təkrar emalı üzrə 5 müəssisənin fəaliyyətə başlaması və bu müəssisələrdə 400-ə yaxın yeni iş yerlərinin açılması nəzərdə tutulur. Təkrar istehsal sahəsinə maraq göstərən sahibkarlar üçün əlverişli şəraitin yaradıldığı Balaxanı Sənaye Parkının rezidentləri işlənmiş mühərrik yağlarının, pet butulkaların, karton məmulatlarının emalı, plastik məmulatlar və mebel istehsalı ilə məşğul olur.
İndiyədək Qaradağ Sənaye Parkına 470 milyon dollar investisiya qoyulub ki, bu, 2000 nəfərin daimi işlə təmin olunmasına imkan verir.
Mingəçevir Sənaye Parkında yüngül sənaye məhsulları, o cümlədən ayaqqabı, tibbi kosmetika, iplik, boyama, toxuma, tikiş və corab istehsalı üzrə 9 fabrikin yaradılması ilə 150-200 milyon dollar investisiya qoyuluşu və 5500-dən çox yeni iş yerinin açılması nəzərdə tutulur. Parkda yerləşən zavodlar üçün xammal bazası, o cümlədən pambıq mahlıcı yerli məhsullar hesabına təmin ediləcəkdir. Bütün bunlar ölkədə ilk dəfə olaraq yüngül sənaye sahəsində klaster yanaşmasının geniş tətbiqinə imkan verəcəkdir.
Azərbaycanda qeyri-neft sektorunun inkişaf etdirilməsi sahəsində həyata keçirilən tədbirlərdən biri də ölkəmiz üçün yeni sənaye sahəsi olan əczaçılıq məhsullarının istehsalı sənayesinin yaradılmasıdır. Bu məqsədlə xüsusi olaraq Pirallahı Sənaye Parkı yaradılıb. Sənaye Parkında dəyəri 74 milyon ABŞ dolları olan "Hayat Pharm" zavodunun təməli ötən il, dəyəri 20,6 mln. ABŞ dolları olan "Caspian Pharmed" zavodunun təməli isə bu il qoyulub. Növbəti zavodun tikintisi layihəsinə isə yaxın zamanlarda başlanılacaq. Bu müəssisələrdə 300-ə yaxın yeni iş yerlərinin açılması nəzərdə tutulur.
Hazırda İqtisadiyyat Nazirliyi tərəfindən ölkəmizin regionlarında yerli potensiala əsaslanan sənaye zonalarının yaradılması imkanları araşdırılır və bu işlər yaxın zamanda yekunlaşdırılacaq.
Regionlarda sahibkarlıq fəaliyyətinin genişləndirilməsi, yerli ehtiyatlardan səmərəli istifadə etməklə sənaye sahələrinin inkişaf etdirilməsi, istehsal prosesinin təşkilində infrastruktur xərclərinin azaldılması, sahibkarlar arasında kooperasiya əlaqələrinin gücləndirilməsi, məşğulluğun və məşğulluqda sənayenin xüsusi çəkisinin artırılması baxımından sənaye məhəllələrinin yaradılması böyük əhəmiyyət kəsb edir.
Neftçala Sənaye Zonasında polietilen boru və modul tipli məktəb binalarının istehsalı ilə məşğul olan 2 müəssisə artıq fəaliyyətə başlayıb, balıq yemi, karton stəkan və kənd təsərrüfatı təyinatlı qurğular istehsal edəcək 3 müəssisənin cari ilin ilk yarısında fəaliyyətə başlaması nəzərdə tutulur. Balıq konservi istehsal edən "Azprodukt" MMC-nin və avtomobil istehsal edən "Azeurocar"ın 2017-ci ilin sentyabr ayında, plastik tara istehsalı müəssisəsi "Metak"ın bu ilin iyulunda fəaliyyətə başlaması planlaşdırılır. Bu müəssisələr üzrə təqribən 45 milyon manatdan çox investisiya qoyulacaq, 500-dən çox yeni iş yerləri yaradılacaqdır.
Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 13 iyun tarixli Sərəncamına uyğun olaraq yaradılan Masallı Sənaye Zonası üçün müvafiq torpaq sahəsi ayrılıb, layihələndirmə işləri tamamlanıb. Sənaye zonası sahibkarlar tərəfindən böyük maraq göstərilir və artıq onlar tərəfindən dəyəri 33 milyon manatdan çox olan 33 layihə təqdim olunub.
Hazırda Hacıqabul və Ağdam rayonlarında sənaye məhəllələrinin yaradılması imkanları araşdırılır.

← Geriyə