2014

  • Yaradılıb 02.03.2015 14:35
  • Yenilənib 02.03.2015 14:36
  • Nəşr edilib 02.03.2015 14:35

Sənaye

 

2014-cü ildə sənayedə istehsal olunmuş malların və göstərilmiş xidmətlərin həcmi (ümumi buraxılış) 31,9 milyard manat təşkil etmişdir. Özəl bölmədə istehsalın həcmi sənaye məhsulunun 79,5 faizini təşkil etmişdir. Ümumi istehsalın 92,4 faizi sənaye mallarının (əmtəələrin) istehsalı, 7,6 faizi isə sənaye xarakterli xidmətlərin göstərilməsi hesabına yaradılmışdır.
2014-cü ildə fəaliyyət göstərən sənaye müəssisələrinin sayı 2410 ədəd olmuşdur. Bu müəssisələrin 22,1 faizi dövlət, 77,9 faiz isə qeyri-dövlət müəsisələrinin payına düşür. Fəaliyyət göstərən müəssislərdən 1706 ədədi kiçik, 704 ədədi iri müəssisələrin payına düşür.
2014-cü ildə - "Sənaye ili"ndə ölkədə 20-dən çox orta və iri sənaye müəssisəsi açılmış, mövcud sənaye müəssisələrinin istehsal gücləri artırılmışdır. Bu müəssisələr arasında "Norm" sement zavodu, Gəncədə Alüminium yarımfabrikat istehsalı zavodları, Azərbaycan kağız və karton istehsalatı kombinatı, Sumqayıtda yağ fabriki, Sumqayıt mis emalı zavodu, Sumqayıt Tekstil Parkının yeni fabrikləri, "Arpaçay-1" və "Arpaçay-2" Su Elektrik stansiyaları, Suraxanı Günəş Elektrik Stansiyası, Qəbələdə "Gilan" qida şəhərciyi, Ağdaşda yem emalı və quru meyvə istehsalı müəssisələri, müxtəlif regionlarda istismara verilmiş kərpic, asvalt, metal konstruksiya zavodları, meyvə-tərəvəz emalı və s. müəssisələri qeyd etmək olar. Bundan başqa, hazırda dövlətin güzəştli kredit dəstəyi ilə özəl sektor tərəfindən 30-dan çox sənaye müəssisəsi qurulmaqda və genişləndirilməkdədir. Ümumilikdə 2014-cü ildə yeni açılmış sənaye müəssisələrinin sayı 228 ədəd olmuşdur.
Neft sənayesi (ümumi buraxılış) 24,7 milyard manat təşkil etmişdir ki, bu da öz növbəsində ötən illə müqayisədə 2,4% azalma deməkdir.
Qeyri-neft sənayesi (ümumi buraxılış) isə 7,2 milyard manat təşkil etmiş və ötən illə müqayisədə 6,9% artmışdır. Bu artım əsasən avtomobil və qoşquların istehsalı (58,2%), maşın və avadanlıqların quraşdırılması və təmiri (41,0%), kimya sənayesi (32,0%), tikinti materiallarının istehsalı (22,2%), elektrik avadanlıqlarının istehsalı (12,1%), metallurgiya sənayesi (11,0%), içki istehsalı (8,1%) sahələrində müşahidə olunmuşdur.
Sənaye məhsulunun 69,6% mədənçıxarma, 24,0% emal, 5,7% elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 0,7% isə su təchizatı, tullantıların təmizlənməsi və emalı bölmələrində istehsal olunmuşdur.

 

Qrafik 1. Sənayedə ümumi buraxılışın istehsalı (2014-cü il)

senaye-2014-1

Mədənçıxarma sənayesi. Mədənçıxarma bölməsində istehsalın həcmi 22,2 milyard manat olmuşdur. Mədənçıxarma sənayesi ümumi məhsul buraxılışının 69,6 faizini təşkil edir. 2014-cü ildə mədənçıxarma sənayesi üzrə fəaliyyət göstərən sənaye müəssisələrinin sayı 318 ədəd olmuşdur. Bu müəssisələrin 7,2 faizi dövlət, 92,8 faiz isə qeyri-dövlət müəsisələrinin payına düşür. Fəaliyyət göstərən müəssislərdən 255 ədədi kiçik, 63 ədədi iri müəssisələrdir. Sahənin əsas məhsulu olan xam neft hasilatı 42,0 milyon ton, təbii qaz hasilatı isə 29,4 milyard kub-metr təşkil etmişdir. 2013-cü illə müqayisədə neft hasilatı 3,2 faiz azalmış, qaz hasilatı isə 0,7 faiz artmışdır. 2014-cü ildə bu sahə üzrə yeni açılmış sənaye müəssisələrin sayı 28 ədəd olmuşdur. Mədənçıxarma sənayesi müəssisələrinin anbarlarında 45,3 milyon manatlıq və ya ölkə sənayesi üzrə olan hazır məhsul ehtiyatının 17,5 faizi qədər hazır məhsul olmuşdur.
Emal sənayesi. Emal bölməsinin müəssisələri və fərdi sahibkarları tərəfindən 2014-cü ildə 7,6 milyard manat dəyərində və ya ötən ilə nisbətən 2,2% çox məhsul istehsal olunmuş və sənaye xarakterli xidmətlər göstərilmişdir. Qeyri-neft emal sənayesi isə ötən ilə nisbətən 8,2% artmışdır. Emal sənayesi ümumi məhsul buraxılışının 24 faizini təşkil edir. Emal sənayesi üzrə fəaliyyət göstərən sənaye müəssisələrinin sayı 1653 ədəd olmuşdur. Bu müəssisələrin 8,4 faizi dövlət, 91,6 faiz isə qeyri-dövlət müəsisələrinin payına düşür. Fəaliyyət göstərən müəssislərdən 1277 ədədi kiçik, 376 ədədi iri müəssisələrdir. 2014-cü ildə bu sahə üzrə yeni açılmış sənaye müəssisələrin sayı 179 ədəd olmuşdur. Emal sənayesi müəssisələrinin anbarlarında 214,2 milyon manatlıq və ya ölkə sənayesi üzrə olan hazır məhsul ehtiyatının 82,5 faizi qədər hazır məhsul olmuşdur.
Neft məhsullarının istehsalı. 2014-cü ildə emal sənayesində məhsul istehsalının strukturunda ən yüksək xüsusi çəkiyə malik alt sahə neft məhsullarının istehsalının (34,2%) payına düşmüşdür. Neft məhsullarının istehsalı ilə məşğul olan müəssisələr tərəfindən 2613,6 milyon manatlıq məhsul istehsal edilmişdir. Hesabat ilində neft məhsullarının istehsalında 6,1 faiz azalma müşahidə olunmuşdur. Bu sahə üzrə əsas məhsul istehsalı 1,2 milyon ton avtomobil benzini, 219,7 min ton neft-kimya sənayesində istifadə üçün benzin, 696,6 min ton ağ neft, 2,9 milyon ton dizel yanacağı olunmuş, 53,3 min ton sürtkü yağları, 241,9 min ton neft bitumu istehsal olunmuşdur. 2015-ci il yanvarın 1-nə neft məhsulları istehsal edən müəssisələrinin anbarlarında 36,6 milyon manatlıq və ya ölkə sənayesi üzrə olan hazır məhsul ehtiyatının 14,1 faizi qədər hazır məhsul olmuşdur.
Qida, içki və tütün məmulatların istehsalı. Qida, içki və tütün məmulatların istehsalı xüsusi əhəmiyyət kəsb edən sahələrdəndir. Qida, içki və tütün məmulatların istehsalı ilə məşğul olan müəssisələr tərəfindən 2747,0 milyon manatlıq məhsul istehsal edilmişdir. Emal sənayesində məhsul istehsalının strukturunda qida, içki və tütün məmulatların istehsal payı 35,9% olmuşdur. Əksər qida məhsullarının istehsalında artım müşahidə olunmuş, onlardan marqarin istehsalı 19,5 faiz artaraq 29,3 min ton, cem və marmeladlar 9,3 faiz artaraq 11,7 min ton, kərə yağı 7,7 faiz artaraq 23,7 min ton, kolbasa məmulatlarının istehsalı 2,6 faiz artaraq 1,8 min ton, qaymaq və xama istehsalı 2,0 faiz artaraq 4,7 min ton, ət (quş əti daxil olmaqla) 1,5 faiz artaraq 278,1 min ton, pendir və kəsmik istehsalı 1,5 faiz artaraq 48,1 min ton, üzlü süd 1,1 faiz artaraq 839,1 min ton olmuşdur. 2015-ci il yanvarın 1-nə qida, içki və tütün məmulatlarını istehsal edən müəssisələrin anbarlarında 33,3 milyon manatlıq və ya ölkə sənayesi üzrə olan hazır məhsul ehtiyatının 12,8 faizi qədər hazır məhsul olmuşdur.

 

Qrafik 2. Qida məhsullarının istehsalının dinamikası
(əvvəlki ilin müvafiq dövrünə nisbətən artan yekunla, faizlə)

senaye-2014-2

Toxuculuq, geyim, dəri, dəridən məmulatlar və ayaqqabı istehsalı. Toxuculuq, geyim, dəri, dəridən məmulatlar və ayaqqabı istehsalı ilə məşğul olan müəssisələr tərəfindən 97,5 milyon manatlıq məhsul istehsal edilmişdir. Emal sənayesində məhsul istehsalının strukturunda bu sahələrin payı 1,2 faiz olmuşdur. Əvvəlki illə müqayisədə məhsul istehsalı toxuculuq sənayesi üzrə 1,9 faiz, geyim istehsalı 59,9 faiz artmış, dəri və dəri məmulatlarından ayaqqabıların istehsalı 41 faiz azalmışdır. Əvvəlki ilə nisbətən hazır pambıq parçalar 59,8% artaraq 836 min kv.m, pambıq yataq ağları 49,9% artaraq 404,6 min ədəd, pambıq lifi 40,5 faiz artaraq 13,0 min ton, dəri istehsalı 39,2% artaraq 1205,2 min kv.m olmuşdur.
2015-ci il yanvarın 1-nə toxuculuq, geyim, dəri, dəridən məmulatlar və ayaqqabı istehsalı ilə məşğul olan müəssisələrin anbarlarında 27,3 milyon manatlıq və ya ölkə sənayesi üzrə olan hazır məhsul ehtiyatının 10,5 faizi qədər hazır məhsul qalığı olmuşdur.
Kimya sənayesi, əczaçılıq məhsullarının, rezin və plastmas məmulatlarının istehsalı. Kimya sənayesi, əczaçılıq məhsullarının, rezin və plastmas məmulatlarının istehsalı müəssisələri tərəfindən 325,2 milyon manatlıq məhsul istehsal edilmişdir. Emal sənayesində məhsul istehsalının strukturunda bu sahələrin payı 4,2% olmuşdur. Əvvəlki ilə nisbətən rezin lövhələr, təbəqələr və zolaqlar 2,2 dəfə artaraq 33,6 ton, plastik yemək və mətbəx qabları 45,8 % artaraq 292,1 ton, propilen 38,3% artaraq 56,5 min ton, polietilen 32,6% artaraq 101,0 min ton, liflə armaturlaşdırılmış sair bərk plastik borular, borucuqlar, qollar, şlanqlar 12,0% artaraq 1040,6 ton olmuşdur.
2015-ci il yanvarın 1-nə kimya sənayesi, əczaçılıq məhsullarının, rezin və plastmas məmulatlarının istehsalı ilə məşğul olan müəssisələrin anbarlarında 12,7 milyon manatlıq və ya ölkə sənayesi üzrə olan hazır məhsul ehtiyatının 4,9 faizi qədər hazır məhsul qalığı olmuşdur.
Tikinti materialları sənayesi. Tikinti materialları sənayesi müəssisələri tərəfindən 458,3 milyon manatlıq məhsul istehsal edilmişdir. Emal sənayesində məhsul istehsalının strukturunda bu sahənin payı 6,0% olmuşdur. Ötən illə müqayisədə bu sahə üzrə məhsul istehsalı 22,2% artmışdır. Əvvəlki ilə nisbətən əsas məhsul istehsalı üzrə sement istehsalı 40,5% artaraq 2979,0 min ton, betondan yığma tikinti konstruksiyaların istehsalı 23,9% artaraq 34,2 min kub m, hörmə üçün hazır beton qarışığın istehsalı 21,7% artaraq 1675,6 min ton, asfalt istehsalı 2,9% artaraq 402,4 min ton olmuşdur.
2015-ci il yanvarın 1-nə müəssisələrin anbarlarında 23,1 milyon manatlıq və ya ölkə sənayesi üzrə olan hazır məhsul ehtiyatının 8,9 faizi qədər hazır məhsul ehtiyatı olmuşdur.
Metallurgiya sənayesi və hazır metal məmulatlarının istehsalı. Metallurgiya sənayesi və hazır metal məmulatlarının istehsalı müəssisələrində 413,1 milyon manatlıq məhsul istehsal olunmuş və xidmətlər göstərilmişdir. Emal sənayesində məhsul istehsalının strukturunda bu sahənin payı 5,4% olmuşdur. Əvvəlki illə müqayisədə məhsul istehsalı metallurgiya sənayesi üzrə 11,0 faiz, hazır metal məmulatlarının istehsalı sənayesi üzrə 6,2 faiz artmışdır. Əvvəlki ilə nisbətən əsas məhsul istehsalı üzrə metallardan qapı pəncərə istehsalı 4,3 dəfə artaraq 8515 ədəd, polad tökmə istehsalı 39,0 faiz artaraq 326,8 min ton, armatur istehsalı 2,9 faiz artaraq 248,7 min ton olmuşdur.
2015-ci il yanvarın 1-nə müəssisələrin anbarlarında 28,4 milyon manatlıq və ya ölkə sənayesi üzrə olan hazır məhsul ehtiyatının 10,9 faizi qədər hazır məhsul ehtiyatı olmuşdur.
Kompyuter, elektron və elektrik avadanlıqlarının istehsalı. Kompyuter, elektron və elektrik avadanlıqlarının istehsalı müəssisələrində 225,9 milyon manatlıq məhsul istehsal olunmuşdur. Emal sənayesində məhsul istehsalının strukturunda bu sahənin payı 2,9% olmuşdur. Əvvəlki illə müqayisədə məhsul istehsalı kompyuter və digər elektron avadanlıqların istehsalı sənayesi üzrə 25,8 faiz azalmış, elektron avadanlıqlarının istehsalı sənayesi üzrə 12,1 faiz artmışdır. Əvvəlki ilə nisbətən əsas məhsul istehsalı üzrə idarəetmə və tənzimləmə elektrik və paylaşdırma qurğuları üçün 1000V-dan çox olmayan gərginlik üçün sair əsasların istehsalı 2,9 dəfə artaq 7877 ədəd, güc transformatorların istehsalı 31,2 faiz artaraq 227 ədəd, meteorologiya məqsədləri üçün sair elektron cihazların istehsalı 14,5 faiz artaraq 68,5 min ədəd, qəbuledici qurğuları olmayan radio və televiziya verlişləri aparatlarının istehsalı 35,3 faiz artaraq 9108 ədəd olmuşdur.
2015-ci il yanvarın 1-nə müəssisələrin anbarlarında19,1 milyon manatlıq və ya ölkə sənayesi üzrə olan hazır məhsul ehtiyatının 7,4 faizi qədər hazır məhsul ehtiyatı olmuşdur.
Maşın və avadanlıqların, nəqliyyat vasitələri, avtomobil və qoşquların istehsalı istehsalı. Maşın və avadanlıqların, nəqliyyat vasitələri, avtomobil və qoşquların istehsalı müəssisələrində 401,7 milyon manatlıq məhsul istehsal edilmişdir. Emal sənayesində məhsul istehsalının strukturunda bu sahələrin payı 5,3% olmuşdur. Əvvəlki illə müqayisədə maşın və avadanlıqların istehsalı sənayesi 10,2 faiz azalmış, sair nəqliyyat vasitələrinin istehsalı sənayesi 3,4 dəfə, avtomobil və qoşquların istehsalı sənayesi isə 58,2 faiz artmışdır. Əvvəlki ilə nisbətən əsas məhsul istehsalı üzrə minik avtomobillərin istehsalı 4,4 dəfə artaraq 1861 ədəd, traktorların istehsalı 71,2 % artaraq 1265 ədəd, fəvvarə armaturun istehsalı 42,4% artaraq 147,8 ton, kotanların istehsalı 33,4% artaraq 942 ədəd, dondurulmuş ərzaq məhsullarının saxlanması üçün soyuducu vitrinlər və piştaxtaların istehsalı 27,2% artaraq 552 ədəd, yük avtomobillərin istehsalı 15,4% artaraq 284 ədəd, olmuşdur.
2015-ci il yanvarın 1-nə müəssisələrin anbarlarında 26,5 milyon manatlıq və ya ölkə sənayesi üzrə olan hazır məhsul ehtiyatının 10,2 faizi qədər hazır məhsul ehtiyatı olmuşdur.

Elektrik enerjisi sənayesi. Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı bölməsinin müəssisələri tərəfindən 1830,0 milyon manat həcmində məhsul istehsal olunmuş və xidmətlər göstərilmişdir. Ötən illə müqayisədə 6,0% artım əldə olunmuşdur. Bu ümumi məhsul buraxılışının 5,7 faizini təşkil edir.
2014-cü ildə elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı bölməsi üzrə fəaliyyət göstərən sənaye müəssisələrinin sayı 220 ədəd olmuşdur. Bu müəssisələrin 92,7 faizi dövlət, 7,3 faiz isə qeyri-dövlət müəsisələrinin payına düşür. Fəaliyyət göstərən müəssislərdən 68 ədədi kiçik, 152 ədədi iri müəssisələrdir. 2014-cü ildə bu sahə üzrə yeni açılmış müəssisələrin sayı 7 ədəd olmuşdur.
2014-cü ildə 21,9 milyard kVt-saat elektrik enerjisi (əmtəəlik) istehsal olunmuşdur. Ötən illə müqayisədə 6,3 faiz çox elektrik enerjisi istehsal olunmuşdur. Elektrik enerjisinin 5,6 faizi su elektrik stansiyalarının, 94,4 faizi isə istilik elektrik stansiyalarının payına düşmüşdür.
Su təchizatı, tullantiların təmizlənməsi və emalı. Su təchizatı, tullantıların təmizlənməsi və emalı bölməsinin müəssisələri tərəfindən ötən illə müqayisədə məhsul və xidmətlərin istehsalı 7,0% artaraq 231,8 milyon manat təşkil etmişdir. Bu ümumi məhsul buraxılışının 0,7 faizini təşkil edir.
2014-cü ildə su təchizatı, tullantıların təmizlənməsi və emalı bölməsi üzrə fəaliyyət göstərən sənaye müəssisələrinin sayı 219 ədəd olmuşdur. Bu müəssisələrin 76,3 faizi dövlət, 23,7 faiz isə qeyri-dövlət müəssisələrinin payına düşür. Fəaliyyət göstərən müəssislərdən 106 ədədi kiçik, 113 ədədi iri müəssisələrdir. 2014-cü ildə bu sahə üzrə yeni açılmış müəssisələrin sayı 14 ədəd olmuşdur.

 

← Geriyə