Sahibkarlığa dəstək

  • Yaradılıb 17.04.2015 11:43
  • Yenilənib 01.06.2018 12:11
  • Nəşr edilib 17.04.2015 11:43

Sənaye məhəllələri

 

Azərbaycan Respublikasının dövlət siyasəti iqtisadiyyatın hərtərəfli inkişafının təmin edilməsini, o cümlədən yüksək texnologiyalar əsasında sənayenin dinamik inkişafını və şaxələndirilməsini nəzərdə tutur. Uğurla həyata keçirilən bu siyasətin nəticəsi olaraq son illərdə Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafına dair dövlət proqramları çərçivəsində müxtəlif təyinatlı yüzlərlə sənaye müəssisəsi tikilib istifadəyə verilmiş, minlərlə yeni iş yeri yaradılmışdır. Ölkədə rəqabətədavamlı sənaye məhsulları istehsalını genişləndirmək məqsədilə hazırda sənaye parklarının yaradılması istiqamətində iş aparılır. Bu istiqamətdə qabaqcıl beynəlxalq təcrübə öyrənilmiş və onun ölkədə tətbiqi imkanları araşdırılmışdır.

Ölkədə sənaye məhəllələrinin yaradılması Azərbaycan Respublikası Prezidentinin “Sənaye məhəllələrinin yaradılması və fəaliyyətinin təşkili haqqında” 8 oktyabr 2014-cü il tarixli, 288 nömrəli Fərmanı ilə müəyyən edilmişdir. Sənaye məhəlləsinin yaradılmasında məqsəd sənaye və xidmət sahələrində fəaliyyət göstərən kiçik və orta sahibkarların inkişafı üçün əlverişli şəraitin təmin edilməsi və əhalinin istehsal və xidmət sahəsində məşğulluğunun artırılmasıdır.

Fərmanla müəyyən olunmuşdur ki, sənaye məhəlləsi sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün zəruri infrastruktura malik olan, kiçik və orta sahibkarlar tərəfindən məhsul istehsalı və xidmət göstərilməsi üçün istifadə edilən ərazidir. Sənaye məhəllələri istehsal prosesinin təşkilində infrastruktur xərclərinin azaldılması, kooperasiya əlaqələrinin gücləndirilməsi, kiçik və orta sahibkarlığın inkişaf etdirilməsi və sair məsələlərin həlli baxımından böyük əhəmiyyət kəsb edir.

Sənaye məhəllələrinin fəaliyyətinin təşkili və tənzimlənməsi dövlət başçısı tərəfindən “Azərbaycan İnvestisiya Şirkəti” Açıq Səhmdar Cəmiyyətinə həvalə edilmişdir. Bu istiqamətdə Azərbaycan İnvestisiya Şirkətinin başlıca vəzifələrindən biri sənaye məhəllələrində sənaye istehsalının və müvafiq xidmət sahələrinin təşkili üçün zəruri infrastrukturun və biznes şəraitinin yaradılması və sənaye məhəllələrinin sənayeləşmə siyasətinin əsas vasitələrindən birinə çevrilməsindən ibarətdir.

Sənaye məhəlləsi üçün nəzərdə tutulan dövlət mülkiyyətində olan torpaq sahəsi idarəedici təşkilatın daimi istifadəsinə verilir və yalnız sənaye məhəlləsinin fəaliyyəti məqsədi ilə istifadə edilir. Sənaye məhəlləsinin ərazisində torpaqlar sənaye məhəlləsinin iştirakçılarına sahibkarlıq fəaliyyətinin həyata keçirilməsinə dair imzalanmış müqavilənin müddətinə uyğun olaraq icarəyə verilir.

Sənaye məhəllələrinin yaradılması, idarə edilməsi və burada sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı məsələlərinin tənzimlənməsi məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2015-ci il tarixli, 186 nömrəli Qərarı ilə “Sənaye məhəllələri haqqında Nümunəvi Əsasnamə” təsdiq edilmişdir.

“Sənaye məhəllələri haqqında Nümunəvi Əsasnamə”yə uyğun olaraq, kiçik və orta sahibkarlığın dəstəklənməsi məqsədilə sənaye məhəllələrində aşağıdakı stimullaşdırıcı tədbirlər tətbiq olunur:

  • “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinin 5-ci hissəsinə və “İcarə haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinin 1-ci hissəsinin ikinci abzasına əsasən torpaq sahəsinin və tikililərin icarə haqqının aşağı həddə müəyyən edilməsi;
  • güzəştli kreditlərin verilməsi;
  • inzibati prosedurların sadələşdirilməsi;
  • sahibkarlıq fəaliyyətinin səmərəli həyata keçirilməsi üçün xidmətlərin təşkili.

Ölkədə ilk sənaye məhəlləsi olan Neftçala Sənaye Məhəlləsi Azərbaycan Respublikası Prezidentinin 2 fevral 2015-ci il tarixli, 1011 nömrəli Sərəncamı ilə yaradılmışdır. Hazırda Neftçala Sənaye Məhəlləsində 9 iştirakçı qeydiyyatdan keçmişdir. Təklif olunan layihələrin icrası məqsədilə 45 milyon manatdan çox investisiya qoulmuşdur. Hazırda 225 nəfər işçinin çalışdığı Sənaye Məhəlləsində rezidentlər tam gücü ilə fəaliyyətə başladıqdan sonra 500-dək işçi çalışacaqdır.

Avtomobil və ehtiyat hissələrinin istehsalı layihəsi ilə bağlı olaraq, “Azevrocar” MMC, “Azərbaycan İnvestisiya Şirkəti” ASC və İranın “Khodro” şirkəti arasında minik avtomobillərinin və ehtiyat hissələrinin birgə istehsalının həyata keçirilməsinə dair 21 aprel 2016-cı il tarixində Anlaşma Memorandumu imzalanmışdır. Layihənin icrası nəticəsində istehsal olunacaq “Runna”, “Samand”, “Soren”, “SAİPA X200 (TIBA)”, “Tondar SR (Renault)”, “Peugeot”, “Dena” modellərində minik avtomobillərinin ölkə daxilində satılması, həmçinin ixrac olunması nəzərdə tutulur.

Eyni zamanda Azərbaycan Respublikası Prezidentinin 13 iyun 2016-cı il tarixli, 2115 nömrəli Sərəncamı ilə Masallı Sənaye Məhəlləsi yaradılmışdır. Müvafiq Sərəncamla verilmiş tapşırıqların icrasına başlanılaraq Sənaye Məhəlləsinin tikinti işləri tam başa çatdırılmışdır.

Masallı Sənaye Məhəlləsinə sahibkarlar böyük maraq göstərirlər və onlar tərəfindən icra olunması üçün ümumi dəyəri 33 milyon manatdan çox olan 33 layihə təklifi (600-a yaxın iş yeri) “Azərbaycan İnvestisiya Şirkəti” ASC-yə təqdim olunmuşdur.

İlk olaraq Sənaye Məhəlləsində ümumi dəyəri 7,1 mln. manat olan 9 layihənin icrasına başlanılacaqdır. 229 iş yerinin yaradılacağı bu layihələrdən 4-ü mebel istehsalı, digərləri plastik məmulatlar, metal məmulatlar, tikinti materialları, kabel istehsalı və dulusçuluq məmulatları istehsalı sahələrini əhatə edir.

Ölkəmizdə sənaye məhəllələrinin yaradılması, sahibkarlıq mühitinin inkişaf etdirilməsi, kiçik və orta sahibkarlıq subyektləri üçün əlverişli investisiya mühitinin yaradılması, qeyri-neft sektorunun inkişafı və iqtisadiyyatın modernləşdirilməsi qarşıda duran prioritet vəzifələrdəndir.

Azərbaycan Respublikası Prezidentinin 25 iyul 2017-ci il tarixli, 3127 nömrəli Sərəncamı ilə yaradılmış Hacıqabul Sənaye Məhəlləsi yaradılmışdır. Sənaye Məhəlləsində ümumi dəyəri 44 mln. manat olan 7 layihənin icrası nəticəsində 870-dən çox yeni iş yeri yaradılacaqdır.

Azərbaycan Respublikası Prezidentinin 27 noyabr 2017-ci il tarixli, 3407 nömrəli Sərəncamı ilə yaradılmış Sabirabad Sənaye Məhəlləsinin təşkili istiqamətində işlər aparılır. Belə ki hazırda Sənaye Məhəlləsinin tikintisi məqsədilə müvafiq layihə - smeta sənədlərinin hazırlanması başa çatdırılmaq üzrədir.

 

← Geriyə