2013

  • Yaradılıb 06.05.2013 10:08
  • Yenilənib 08.02.2014 07:50
  • Nəşr edilib 06.05.2013 10:08

2013-ci ildə sənayenin əsas göstəriciləri
(kiçik sahibkarlıq subyektləri istisna olmaqla)


2013-ci ilin yanvar-dekabr aylarında ölkədə sənaye müəssisələri tərəfindən 31367.1 milyon manatlıq məhsul istehsal olunmuşdur. Qeyd olunan dövrdə kiçik sahibkarlıq subyektləri istisna olmaqla, istehsal olunan sənaye məhsulu sənayenin ümumi istehsalının 93.1%-ni əhatə etmiş və əvvəlki ilin müvafiq dövrünə nisbətən 1.8% artmışdır.
Sənaye məhsulunun 79.4%-i və ya 24900.9 milyon manatı mədənçıxarma, 14.4%-i və ya 4509.2 milyon manatı emal, 5.6%-i və ya 1757.5 milyon manatı elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 0.6%-i və ya 199.6 milyon manatı su təchizatı, tullantıların təmizlənməsi və emalı sahələrində istehsal edilmişdir. Sənayenin ümumi istehsalında qeyri-neft məhsullarının xüsusi çəkisi 14.2% olmaqla dəyər ifadəsində 4462.7 mln. manat təşkil etmişdir.


Qrafik 1.Sənaye sahələrinin sənayedə xüsusi çəkisi (%-lə)

senaye-2013-1

Hesabat dövrünün sonuna istehsalçı müəssisələrin anbarında 262.1 milyon manatlıq hazır sənaye məhsulu qalığı qalmışdır. Hazır məhsul qalığının 73.4%-i və ya 192.3 milyon manatı emal sənayesində fəaliyyət göstərən istehsalçı müəssisələrin payına düşmüşdür. Hazır məhsul qalığının 93.3%-ni və ya 244.5 milyon manatını istehsalçı müəssisələrin özünün istehsalı olan hazır məhsullar təşkil etmişdir.
Sənaye məhsulunun 94.0%-i və ya 29468.8 milyon manatı Bakı şəhərində, 6.0%-i və ya 1898.3 milyon manatı isə digər iqtisadi rayonlarda istehsal olunmuşdur. Bakı istisna olmaqla, regionlar üzrə istehsal olunmuş sənaye məhsulunun 41.8%-i Aran iqtisadi rayonunun, 25.7%-i isə Abşeron iqtisadi rayonunun, 14.6%-i Gəncə-Qazax iqtisadi rayonunun, 6.9%-i Naxçıvan iqtisadi rayonunun, 11.0%-i isə digər iqtisadi rayonların payına düşmüşdür.


Qrafik 2. Sənaye məhsulunun Bakı şəhəri və iqtisadi rayonlar üzrə bölgüsü, faizlə

senaye-2013-2

2013-cü ilin yanvar-noyabr ayları ərzində sənaye müəssisələrində çalışanların orta siyahı sayı əvvəlki ilin müvafiq dövrünə nisbətən 5.0% artaraq 163.2 min nəfərə çatmışdır. Sənayenin alt sahələri üzrə çalışanların sayında ən çox artım emal sənayesində (8.9%) müşahidə edilmişdir. Qeyd olunan dövrdə sənayedə çalışanların 47.9%-i və ya 78.1 min nəfəri emal sənayesində, 21.5%-i və ya 35.1 min nəfəri mədənçıxarma sənayesində, 17.7%-i və ya 28.9 min nəfəri elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 12.9%-i və ya 21.1 min nəfəri su təchizatı, tullantıların təmizlənməsi və emalı sahələrinin payına düşmüşdür.
2013-cü ilin yanvar-noyabr ayları ərzində sənayedə çalışan işçilərin orta aylıq əmək haqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 8.0% artaraq 679.1 manata çatmışdır.
Mədənçıxarma sənayesi. Hesabat dövründə mədənçıxarma sənayesində 24900.9 milyon manatlıq və ya əvvəlki ilin müvafiq dövrünə nisbətən müqayisəli qiymətlərlə 0.7% çox məhsul istehsal olunmuşdur. Məhsul istehsalının artmasına əvvəlki ilin müvafiq dövrünə nisbətən xam neft və təbii qaz hasilatının və mədənçıxarma sənayesi sahələrinə göstərilən xidmətlərin genişlənməsi öz təsirini göstərmişdir. 2013-cü ilin yanvar-noyabr ayları ərzində mədənçıxarma sənayesində orta aylıq əmək haqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 8.5% artaraq 1566.8 manata yüksəlmişdir.
Emal sənayesi. Emal sənayesində 2013-ci ilin yanvar-dekabr aylarında 4509.2 mln manatlıq və ya əvvəlki ilin müvafiq dövrünə nisbətən müqayisəli qiymətlərlə 5.8% çox məhsul istehsal olunmuşdur. Emal sənayesində qeyri-neft məhsullarının xüsusi çəkisi 53.7% və ya 2419.3 milyon manat olmuşdur.
Hesabat dövrü ərzində emal sənayesində məhsul istehsalının strukturunda yüksək xüsusi çəkiyə malik alt sahələr neft məhsullarının istehsalı (46.4%), qida məhsullarının istehsalı (9.9%), tikinti məmulatlarının istehsalı (7.0%), metallurgiya sənayesi (6.7%), maşın və avadanlıqların istehsalı (5.5%), kimya sənayesi (4.4%) sahələri olmuşdur.
Hesabat dövründə emal sənayesinin alt bölmələri üzrə əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə sair nəqliyyat vasitələrinin istehsalında 2.3 dəfə, poliqrafiya məhsullarının istehsalında 43.4%, maşın və avadanlıqların quraşdırılması və təmiri sahəsində 31.3%, dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalında 30.9%, avtomobil və qoşquların istehsalında 28.9%, maşın və avadanlıqların istehsalında 25.1%, tikinti məmulatlarının istehsalında 21.0%, kimya sənayesində 19.5%, elektrik avadanlıqlarının istehsalında 14.6%, içki istehsalında 13.6%, əczaçılıq məhsullarının istehsalında 12.8%, sair sənaye məhsullarının istehsalında 11.6% və s. sahələrdə artım qeydə alınmışdır.
2013-cü ilin yanvar-noyabr ayları ərzində orta aylıq əmək haqqı emal sənayesində 8.8% artaraq 454.3 manata yüksəlmişdir.
Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı. 2013-cü ilin yanvar-dekabr ayları ərzində elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sahəsində məhsul buraxılışı 1757.5 milyon manat təşkil etmiş və əvvəlki ilin müvafiq dövrünə nisbətən 3.2% artmışdır. Yanvar-noyabr ayları ərzində sahədə çalışanların orta siyahı sayı əvvəlki ilin müvafiq dövrünə nisbətən 2.3% artaraq 28.9 min nəfərə çatmışdır. Yanvar-noyabr ayları ərzində sahədə orta aylıq nominal əmək haqqı 5.6% artmış və 465.7 manata yüksəlmişdir. 2013-cü il ərzində bu sahədə 21.6 milyard kVt-saat elektrik enerjisi istehsal edilmişdir ki, bunun da 95.2%-i əmtəəlik olmuşdur.
Su təchizatı, tullantıların təmizlənməsi və emalı. 2013-cü ilin yanvar-dekabr ayları ərzində su təchizatı, tullantıların təmizlənməsi və emalı sahəsində məhsul buraxılışı əvvəlki ilin müvafiq dövrünə nisbətən 11.6% artaraq 199.6 milyon manata çatmışdır. Yanvar-noyabr ayları ərzində bu sahədə çalışanların orta siyahı sayı 21.1 min nəfər olmuşdur. Qeyd edilən dövrdə bu sahədə orta aylıq nominal əmək haqqı 16.8% artmış və 328.4 manata yüksəlmişdir. 2013-cü il ərzində bu sahədə 610.0 milyon kub metr suyun yığılması, təmizlənməsi və paylanması həyata keçirilmişdir ki, bunun da 38.1%-i əmtəəlik olmuşdur.

 

 

← Geriyə