Sahibkarlığa dəstək

  • Yaradılıb 20.04.2015 11:51
  • Yenilənib 20.04.2015 11:51
  • Nəşr edilib 20.04.2015 11:51

Sahibkarların hüquqlarının müdafiəsi

 

Azərbaycan Respublikası Prezidentinin "Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə"nin təsdiq edilməsi barədə 2011-ci il 15 fevral tarixli Fərmanına əsasən 1 may 2011-ci il tarixindən müəyyən olunmuş qaydada reallaşdırılan hər bir dövlət nəzarət tədbirinin reyestrdə qeydiyyata alınması eyni vaxtda bir sahibkarlıq subyektində müxtəlif yoxlamaların aparılmasının qarşısının alınmasına, konkret məsələ üzrə aparılan araşdırmaların tezliyinə nəzarət etməyə, həmçinin sahibkarlıq subyektlərinin öncədən aparılacaq yoxlama və 5 iş günü müddətində reallaşdırmış nəzarət tədbirinin nəticələri haqqında məlumatlanmasına şərait yaradır. Digər tərəfdən isə hər 3 aydan bir sahibkarlıq sahəsində aparılan yoxlamalar barədə, reyestrdə qeydiyyata alınmış məlumatlar üzrə Azərbaycan Respublikasının Prezidentinə və Nazirlər Kabinetinə hesabatın təqdim olunması dövlət orqanlarının bu sahədəki fəaliyyətinə nəzarəti təmin edir.
Sahibkarlıq subyektlərində yoxlamaların uçotunun aparılmasının səmərəliliyini artırmaq məqsədilə Nazirlər Kabinetinin 13 dekabr 2002-ci il tarixli 196 nömrəli Qərarı ilə "Nəzarət Kitabçası" haqqında Əsasnamə" təsdiq edilmişdir. Sənədə əsasən sahibkarlıq subyektlərində yoxlamalar Nəzarət Kitabçasında qeydiyyat aparıldıqdan sonra başlaya bilər və yoxlamanın sonunda yoxlama ilə bağlı müvafiq məlumatlar tam şəkildə Kitabçaya yazılmalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 iyun 2011-ci il tarixli 97 nömrəli Qərarı ilə "Nəzarət kitabçası" haqqında Əsasnamə"yə edilmiş düzəlişlərə əsasən sahibkarlıq sahəsində aparılan hər bir yoxlama sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində (www.yoxlama.gov.az) qeydiyyata alındıqdan sonra həyata keçirilə bilər. Yoxlamanın keçirilməsi üçün yoxlayıcı orqanın vəzifəli şəxsi yoxlamanın qeydiyyata alınması barədə sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən çıxarışı sahibkarlıq fəaliyyəti subyektinə təqdim etməlidir. Həmçinin Nəzarət Kitabçalarında "Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində yoxlamanın kodu"nun qeyd edilməsi təsbit olunmuşdur.
Sahibkarlıq sahəsində hüquqi bazanın təkmilləşdirilməsi məqsədilə indiyədək bir çox qanunlar qəbul olunmuşdur. Sahibkarlığın inkişafına töhfə verən belə qanunlardan biri də 2013-cü ilin 2 iyul tarixində qəbul olunmuş "Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında" Azərbaycan Respublikasının Qanunudur.
Qanunda sahibkarlıq sahəsində aparılan yoxlamaların məqsəd və prinsipləri, təşkili və aparılması qaydaları, yoxlayıcı orqanların və vəzifəli şəxslərin hüquq və vəzifələri, sahibkarların hüquq və maraqlarının müdafiəsi ilə bağlı məsələlər öz əksini tapıb. Qanunun əsas məqsədi sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid qaydalarının müəyyən edilməsi və yoxlamaların aparılması zamanı sahibkarların fəaliyyətinə qanunsuz müdaxilələrin qarşısının alınmasıdır. Ölkə ərazisində aparılan bütün növ yoxlama tədbirləri (araşdırma, müayinə, monitorinq, müşahidə, nəzarət, reyd və s.) yalnız bu qanunda nəzərdə tutulmuş hallarda və qaydada, əvvəlcədən vahid məlumat reyestrində qeydiyyatdan keçirilməklə aparılmalıdır.
"Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında" Azərbaycan Respublikasının Qanununda yoxlamaların məqsəd və prinsipləri aydın şəkildə müəyyən olunmuşdur. Belə ki, yoxlamaların məqsədi sahibkarlıq fəaliyyətinə dair məcburi tələblərə riayət olunmasının təmin edilməsi, o cümlədən bu sahədə yoxlayıcı orqan tərəfindən sahibkarlara kömək göstərilməsi yolu ilə insanların həyat və ya sağlamlığının, ətraf mühitin və dövlətin əmlak maraqlarının təhlükəsizliyinin təmin edilməsidir. Qanun pozuntularının qarşısının alınmasının cəzalandırılmadan üstünlüyü, yoxlamanın qabaqlayıcı və profilaktik xarakter daşıması, eyni yoxlama predmetinin bir neçə yoxlayıcı orqan tərəfindən yoxlanılmaması Qanunun əsas prinsipləri sırasındadır.
Yoxlayıcı orqanlar tərəfindən bir-birinin səlahiyyətlərini təkrarlayan yoxlamaların aparılmasının qarşısının alınması məqsədilə Qanunda yoxlayıcı orqanların siyahısının müəyyənləşdirilməsi və təsdiq edilməsi nəzərdə tutulur.
Qanunda ilk dəfə olaraq yoxlayıcı orqanın sahibkarlara məsləhət xidmətləri göstərməsi, yoxlamaların risk qiymətləndirilməsi prinsipi əsasında təyin edilməsi, yoxlamaların elektron uçotu və yoxlamalar həyata keçirilərkən yoxlama suallarının siyahısının tətbiqi nəzərdə tutulur. Belə ki, Qanunda sahibkarların risk qrupları üzrə bölgüsü (yüksək, orta və aşağı riskli) öz əksini tapıb ki, sahibkarlıq subyektlərində yoxlamalar məhz həmin bölgüyə uyğun olaraq həyata keçirilir. Yüksək risk qrupuna aid sahibkarlara münasibətdə yoxlamalar ildə bir dəfədən çox olmayaraq, orta risk qrupuna aid olanlarda iki ildə bir dəfədən çox olmayaraq, aşağı risk qrupuna aid sahibkarlıq subyektlərində isə üç ildə bir dəfədən çox olmayaraq aparılır. Qanuna əsasən, hər bir yoxlayıcı orqan tərəfindən internet saytında yoxlama zamanı cavab verilməli olan sualların siyahısı dərc edilməlidir. Bu isə sahibkarın əvvəlcədən ondan nələr tələb olunduğunu bilməsinə imkan verəcək. Qanunda, həmçinin, sahibkarlar üçün onları maraqlandıran suallara cavab almaq imkanı nəzərdə tutulur. Belə ki, yeni qanuna əsasən, hər bir yoxlayıcı orqanda "qaynar telefon xətti" müəyyən edilməlidir. Digər tərəfdən, "Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında" Qanun sahibkarların yoxlayıcı orqanların mütəxəssislərini öz obyektlərinə dəvət etməsinə imkan yaradır. Qanunda bu maddənin öz əksini tapması bir növ sahibkara yardım xarakteri daşıyır və sahibkarı gələcək qanun pozuntularından sığortalayır.
Qanunda yoxlamaların plan üzrə və plandankənar formaları nəzərdə tutulur. Qeyd edək ki, qanunda plandankənar yoxlamaların əsasları konkretləşdirilib və bu, yoxlamaların sayının azaldılmasına xidmət edir. Plan üzrə yoxlamanın müddəti iri sahibkarlara münasibətdə 10 iş günündən, orta və kiçik sahibkarlara münasibətdə isə 5 iş günündən artıq olmamaqla aparılır. Plandankənar yoxlama isə müvafiq olaraq iri sahibkarlara münasibətdə 5 iş günündən, orta və kiçik sahibkarlara münasibətdə isə 3 iş günündən artıq olmamalıdır. Bu da sahibkarların yoxlamalara sərf etdikləri vaxtın minimuma endirilməsinə yönəlib. Plandankənar yoxlamalar yoxlayıcı orqanın istəyi ilə yox, məhz konkret qanunun tələb etdiyi hallarda keçirilə bilər.
Həmçinin Qanunda yoxlayıcı orqanların fəaliyyətində şəffaflığın və hesabatlılığın daha da artırılması məqsədi ilə yoxlayıcıların fəaliyyətinin qiymətləndirilməsi və yoxlayıcı orqanın müvafiq məlumatlar göstərilməklə ildə bir dəfə hesabatın verməsi müəyyən edilmişdir.
Azərbaycan Respublikası Prezidentinin "Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında" Qanunun qüvvəyə minməsi ilə bağlı 28 avqust 2013-cü il tarixli Fərmanı ilə Qanunun səmərəli və işlək tətbiqi mexanizminin formalaşdırılması məqsədilə müvafiq normativ-hüquqi sənədlər hazırlanaraq təsdiq edilmişdir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2014-cü il tarixli 142 nömrəli qərarı ilə "Məhsul nümunələrinin götürülməsi ilə bağlı yoxlayıcı orqanın çəkdiyi xərclərin sahibkar tərəfindən əvəzinin ödənilməsi Qaydaları və müddətləri" və 12 may 2014-cü il tarixli 143 nömrəli qərarı ilə "Yoxlama suallarının siyahısının forması və tətbiqi Qaydası" təsdiq edilmişdir.
Sahibkarların hüquqlarının dövlət tərəfindən qorunmasının digər bir aspekti sahibkarlarla dövlət arasında operativ əlaqə mexanizminin qurulmasıdır. Bu sahədə sahibkarlar İqtisadiyyat və Sənaye Nazirliyinin www.economy.gov.az internet səhifəsindən, www.icazeler.gov.az icazələrin elektron informasiya portalından istifadə etməklə sahibkarlıq fəaliyyəti üçün zəruri olan biliklərlə yanaşı, Azərbaycanda biznes sahəsində mövcud qanunvericilik aktları barədə ətraflı məlumat əldə edə bilərlər.
Bundan başqa, sahibkarlar onları maraqlandıran suallarla İqtisadiyyat və Sənaye Nazirliyinin 195-2 Telefon Məlumat Mərkəzinə müraciət edə bilərlər.

← Geriyə