2011

  • Yaradılıb 24.09.2012 07:06
  • Yenilənib 15.10.2012 06:25
  • Nəşr edilib 24.09.2012 07:06

2011-ci ildə sosial sahələrin inkişafı

 

İlkin məlumatlara əsasən 2012-ci il yanvarın 1-i vəziyyətinə ölkə əhalisinin 123.9 min nəfər və ya 1.4 faiz artaraq 9235.0 min nəfər təşkil etmişdir.

 

2012-ci il yanvarın 1-i vəziyyətinə ilkin məlumatlara əsasən ölkədə iqtisadi fəal əhalinin sayı 4626.1 min nəfər olmuş, onlardan 4375.2 min nəfərini iqtisadiyyatın və sosial bölmənin müxtəlif sahələrində məşğul olan əhali təşkil etmişdir.

 
 

Müəssisə və təşkilatlarda muzdla çalışan işçilərin 20.9 faizi məhsul istehsalı sahələrində, onlardan 2.6 faizi mədənçıxarma sənayesində, 5.8 faizi emal sənayesində, 2.2 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sahəsində, 1.6 faizi su təchizatı, tullantıların təmizlənməsi və emalı sahəsində, 5.8 faizi tikintidə, 2.9 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahəsində məşğul olmuşlar. Xidmət sahəsində çalışanların 25.1 faizi təhsil, 19.8 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 10.0 faizi əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 4.7 faizi nəqliyyat və anbar təsərrüfatı, 4.1 faizi istirahət, əyləncə və incəsənət sahəsində fəaliyyət, 4.0 faizi dövlət idarəetməsi və müdafiə; sosial təminat, 3.3 faizi peşə, elmi və texniki fəaliyyət, 1.8 faizi informasiya və rabitə, 1.6 faizi maliyyə və sığorta fəaliyyəti, 1.7 faizi inzibati və yardımçı xidmətlərin göstərilməsi, 1.3 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1.0 faizi digər sahələrdə xidmətlərin göstərilməsi və 0.7 faizi daşınmaz əmlakla əlaqədar əməliyyatlar sahələrində cəmlənmişdir.

 

2012-ci il yanvarın 1-i vəziyyətinə məşğulluq xidməti orqanları tərəfindən ölkə üzrə rəsmi işsiz statusu verilmiş şəxslərin sayı 38.3 min nəfər olmuş, onların 43.0 faizini qadınlar təşkil etmişdir. Bir boş iş yerinə (vakansiyaya) tələbat işsiz statusuna malik olan 3 nəfər şəxsdən ibarət olmuşdur. İşsizliyə görə müavinətin orta məbləği 190.4 manat olmuşdur.

 

Ötən ildə ölkə əhalisinin gəlirləri əvvəlki illə müqayisədə 19.6 faiz artaraq 30.6 milyard manata çatmış, onun hər nəfərə düşən həcmi 18.1 faiz artaraq 3383.8 manat və ya ayda orta hesabla 282.0 manat təşkil etmişdir.

 

Gəlirlərin 63.3 faizi son istehlaka, 7.9 faizi vergilər, sosial sığorta və könüllü üzvlük haqlarının ödənilməsinə sərf edilmiş, 27.0 faizi isə əmanətlərin və kapitalın artırılmasına yönəldilmişdir. Əhalinin sərəncamında qalan gəlir 28.2 milyard manat təşkil etmiş və əvvəlki ildəkinə nisbətən 20.5 faiz artmışdır.

 

Ötən il ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq əmək haqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 8.3 faiz artaraq 356.6 manat təşkil etmişdir.

 
 

Ölkə vətəndaşlarının rifah halını yaxşılaşdırmaq, aztəminatlı əhalinin sosial müdafiəsini gücləndirmək məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərman və Sərəncamlarına əsasən ötən il pensiyaların və sosial müavinətlərin məbləği artırılmışdır.

 

İlkin məlumatlara əsasən, 2012-ci ilin əvvəlinə ölkədə pensiyaçıların sayı 1278 min nəfər olmuş və ölkə əhalisinin 14 faizini təşkil etmişdir. Təyin olunmuş aylıq pensiyaların orta məbləği 145 manata çatmış və orta əmək haqqının 40 faizini təşkil etmişdir.

 

Cari ilin əvvəlinə 306.8 min nəfər sosial müavinət, 125.5 min nəfər birdəfəlik müavinət, 34.3 min nəfər Azərbaycan Respublikası qarşısında xüsusi xidmətlərə görə təqaüd və 120.5 min ailənin 542 min üzvü ünvanlı dövlət sosial yardımı almışdır.

 

Ölkədə səhiyyə sisteminin təkmilləşdirilməsi istiqamətində geniş islahatlar aparılır. Regionlarda yeni, müasir xəstəxanalar, diaqnostika mərkəzləri, rayon xəstəxanaları və poliklinikalar tikilmiş, Uşaq Nevroloji Xəstəxanası, Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu əsaslı təmirdən sonra istifadəyə verilmişdir.

← Geriyə